16.06.2011

Əzizgirami sözlər

                                          Professional Oxucu Liqası təqdim edir:
         
 Təpə nahiyəsindən beyin silkələnməsi ilə nəticələnən ağır formada kəllə-beyin xəsarəti yetirmək üçün ən əlverişli vasitə…


 Sən heç Baksovetin qabağında var səsinlə qışqıra bilərsən ki, “ay camaat, Bakıda sevgi yoxdur! Bu şəhərin hətta seksual azlıqları da bir-birini əslində sevmir?!” (Həmid Herisçi).

 Torpağı, yurdu, el-obası əldən gedir, qalıb döyüşmür, qaçır, amma birisi ona “qaçqın” deyəndə əsəbiləşib baltaya əl atır (Hafiz Mirzə).

 Açığı, bəzən adama elə gəlir ki, ya biz kar və koruq, ya da bizi adam yerinə qoymurlar (Sərdar Əlibəyli).
                 

 Sarsaq dahi yaxşıdır, yoxsa dahi sarsaq? (Hüsamə Sərxan sualı).

 Müsəlmanın gələcəyə baxdığı yoxdur, o həp keçmişə… keçmişə doğru gillənir (Fatimə Mernisi).

 Sizə inkişaf maraqlıdı, yoxsa adət-ənənələr? Qoysanız inkişaf da milli adət-ənənəmizə çevrilsin! (Rafiq Tağı).

 Aşıq, sənlikmi bu riyazi düstur? (Həmid Herisçi).

 Ölkənin problemi prezident seçkiləri deyil, ən böyük problem vətəndaş qıtlığıdır (Mirmahmud Mirəlioğlu).

  Deyirlər insan yaranıb meymundan,
  Yenə meymuna dönmək nə yaman!..
                                                     (Hüseyn Cavid).

 Başqa çıxış yolumuz yoxdur: ya adam olub başqa inkişaf etmiş xalqların nümayəndələri kimi yaşamalıyıq, ya da boynumuza almalıyıq ki, Azərbaycanlı quldur (Pərvanə Persiani).

 Elə ağsaqqal var ki, mən ona ağçaqqal deyirəm (Vaqif Səmədoğlu).

 Xristianlarla bizim aramızda dərin bir teoloji ixtilaf var. Onlar etiqadın mənbəyini sevgidə, biz isə qorxuda görürük. Sevgidə yaradıcı başlanğıc var, qorxuda isə itaət və tabeçilik. Sevgidə başa düşmək və bağışlamaq meyli var, qorxuda isə cəzalandırmaq və öldürmək meyli (Hüseynbala Səlimov).

 Yanvar hadisələrində həlak olanlar əsl vətənpərvər idilər, amma aldandılar. Gurultulu sözlərə, vədlərə aldandılar (Eks prezident).

 Amma uşaq vaxtı əkdiyim o ağaclar illər keçəndən sonra Hacıbala Abutalıbov tərəfindən qırıldı (Araz Əlizadə).

 Göydələnlərdən yıxılıb ölənlər də şəhiddirlər. Sabah o göydələnlərdə rahat və asudə yaşayanlar binanın tikintisi zamanı əcəl-mayallaq olanları heç vaxt xatırlamayacaqlar amma… (Kənan Hacı).

 Gəncliyə nəyisə irad tutmaq heç də ağıllılıq əlaməti deyil… (Rüstəm Behrudi).

 Sən heç Baksovetin qabağında var səsinlə qışqıra bilərsən ki, “ay camaat, Bakıda sevgi yoxdur! Bu şəhərin hətta seksual azlıqları da bir-birini əslində sevmir?! (Həmid Herisçi).

 Tutalım yetmiş illik sovetlərin ateist cahilliyindən qurtulduq, bütün şirkləri anladıq və (guya) inkar elədik, yaxşı, bəs onda, dostlar, pul büt deyilmi? (Pərviz Yusif).

 Yalnız Azərbaycan dili ilə dünya filosofu olmaq olmaz (Ağalar Məmmədov).

 Nitsşe yazırdı ki, buddizmi düyü, alman fəlsəfəsini pivə doğurdu. Bu mənada islam ilə ərəb xurması və azərbaycanlı ilə bozbaş arasında da mistik əlaqə olmamış deyil (“Alma).

 Bizlə Allah arasında kosmik peyk də var (Orxan Fikrətoğlu).

 Gəlin Amerikayla dost olmaq üçün özümüzə bir qıvrımbaş, qarayanız lider seçək (Yafəs Türksəs).

 Heç bir ölkədə kənar güclərin istədiklərini edə biləsi üçün bizdəki qədər münbit şərait yoxdu (Sərdar Əlibəyli).

 Biliksiz və səysiz azadlıq tam sayılmaz. Belə azadlıq şikəst azadlıqdır. (Əhməd bəy Ağaoğlu).

 Və hətta Dədə Qorudda da var ki, Qazan xan ildə bir dəfə evindən çıxırdı və onun tabeliyində olan bəylər onun evinə basqın edirdilər (?). Bu tarixin bir məqamında cəmiyyəti nizamlayırdı (?). (Rafiq Turabxanoğlu müsahibəsindən).

 Torpağı, yurdu, el-obası əldən gedir, qalıb döyüşmür, qaçır, amma birisi ona “qaçqın” deyəndə əsəbiləşib baltaya əl atır (Hafiz Mirzə).

 Məntiqin zəif olduğu yerlərdə, məsəlçün Azərbaycanda, absurd janrı özünün ən çiçəklənən dövrünü yaşamaqdadır (“Gecə kanalı”).

 Nə qədər ki danabaşlıq var, nə Mirzə Ələkbər Sabir öləcək, nə Mirzə Cəlil; ac həriflər də daima böyürlərində. Kişilər sappasağdırlar. Elə gün, elə saat yoxdur ki, bizi deyib gəlməsinlər. Çünki nigarandırlar (Aydın Talıbzadə).

  Sən yaxşı dayısan, Amerika dayı.
  İsraili şallaq kimi yelləmə
  Bir ucu qayıdıb gözünə dəyər.
  Biirsənmi sənin qadanı alım
  Şallağın səsinə şərq oyanar…
  BMT-nə qurban olaq,
  ATƏT-nə quzu kəsək.
                             (Qəşəm Nəcəfzadə).

 40 il NATO əsarətində yaşamaqdansa, bircə gün azad yaşamaq yaxşıdır (Müammər Qəzzafi).

 İnsanların Allah əvəzinə tapındıqları kult və “dəyər”lər, məsələn, qızıl real hakimiyyəti olan qüvvədir (Heydər Camal, “Yaşasın ulduzsuz səma!”)

 Postmodernizm mənəvi dəyərlərin tapdalanmasıdırsa, onda Bakı Dövlət Universitetinin hüquq fakultəsi “regionun ən postmodern məkanı” haqqına sahib çıxmalıdır (bizimki.org).

 ANS-in “Elgizin cümə axşamları” adlı verilişinə bircə dəfə baxmaq lazımdır ki, bu millətə nifrət edəsən (Fizuz Haşımov).

 560 səhifəlik bu nəşriyyat məhsulu ilə tanışlıq müzakirəsiz-filansız ilk növbədə belə dəyərləndirilə bilər: təpə nahiyəsindən beyin silkələnməsi ilə nəticələnən ağır formada kəllə-beyin xəsarəti yetirmək üçün ən əlverişli vasitə. Yox, abır-həya ilə yanaşasan, gərək belə deyəsən: Çox maraqlıdır, görəsən, Yunus Oğuzun bizə yazığı gəlməyib, gəlməyib, bəs özünə niyə zülm edib? (Aydın Canıyev Yunus Oğuzun Nadir şah kitabı haqqında).

 2008-ci ilin sentyabr ayında bir nəfər ədəbiyyatşünas mətbuatdakı çıxışında “Yalan dünya” adında 22 misradan ibarət bir şeir yazaraq 18 dəfə dünyanı yalan kimi qələmə vermişdir. Əgər tənqidçilər, ədəbiyyatşünaslar, şairlər həqiqi olan dünyanı yalan kimi dərk edirlərsə, bəs onda yalana nə ad verə bilərlər? Soruşuram, gənc nəsli nə üçün aldadırsınız? (Elxan Quliyev).

 1961-ci ildə Aşıq Bəstinin şeirlərini toplamaq üçün at belində Kəlbəcəri kənd-kənd gəzerdim... (“Tərəqqi” medalı ilə təltif olunmuş S.P.Pirsultanlı öz fəaliyyəti barədə).

 …Niyə sevmədilər bu toplunu bilmədik ki?.. (Tofiq Abdin redaksiya üzvü olduğu Qobustan jurnalı barədə).

 Əjdər mənim hiss etdiyim dərəcədə şeir yazmır, bir ana kimi ağrı çəkir və şeiri doğur (?). Doğmaq da elə işdir ki, onun ən dəyərlisi övladdır, o da 5-6-nı aşandan sonra şitləşir. Gərək az ola… (Rafael Hüseynov).

 Mən şair deyiləm, atam-qardaşım (Məmməd İsmayıl).

 Çuğulçuluq olan yerdə azadlıq olmaz, azadlıq olan yerdə də ondan-bundan çuğulçuluq etmək (Əhməd bəy Ağaoğlu).

 Yağı yağ, ayranı da ayranlıq olur nehrələrin… (Abbasağa Azərtürk).

 Yeni qurulan oyunda hadisənin əsl mahiyyətinə deyil, onun oxşarına istinad edilir, bu iş təkrarlandıqca nəyin yalan, nəyin doğru olmasının sərhəddi itir, meydana övliya libasında baş kəsənlər gəlir (Cavanşir Yusifli).

-Getdiyiniz elə bir ölkə olubmu Azərbaycanı tanımayıblar?
-Çox yerdə olub. Amerikada, Fransada və başqa yerlərdə də olub ki Azərbaycanı tanımayıblar. 10 gün bundan öncə Böyük Britaniya kral sarayı- Bukengem sarayında idik. Kraliça sarayda yox idi. Bizi kral sülaləsinin qohumları qəbul etdi. Hersoq Gert Qlostr xanımı ilə bizə yaxınlaşdı və hansı ölkədən gəldiyimizi soruşdu. Dedilər Azərbaycandandılar. Qlostr qayıtdı ki, “nə yaxşı Azərbaycandan gəlmisiniz, mən sizin paytaxtı da tanıyıram, Alma-Atadır”. (Çingiz Abdullayevlə müsahibə).

 Azərbaycan hökuməti 1994-cü ildə “Əsrin kontraktı” imzalananda xalqa vəd verirdi ki, neft gəlirləri gələndən sonra hamının vəziyyəti yaxşılaşacaq. Hamı Məmmədhəsən əminin gözlədiyi neft pulları? 94-cü ildə həmin Məmmədhəsən əmiyə söz verdilər ki, sənin güzəranın o qədər yaxşılaşacaq ki, bir inəyini iki edəcəksən. Qardaş, neft pulları gələndən sonra Məmmədhəsən əmi o biri inəyini də satmaq zorunda qaldı (Mirvari Qəhrəmanlı).

 Hörmətli hökumətimizin davamlı iqtisadi inkişaf siyəsəti nəticəsində camaat elə bir həyat sürür ki, daha təcili yardıma-zada ehtiyac qalmır (Bəxtiyar Hidayət).

 Bura Azərbaycandır, burada hər güman gerçək olur, çünki bu ölkənin təkəri də rüşvətlə fırlanır (Mahal İsmayıloğlu).

 Bizdə Göy gölü alırlar, Nargin adasını alırlar, rayonları alırlar. Qarabağı yox! (İbrahim Quliyev).

 Postmodernizmin ən yaxşı cəhəti insanlara əyri xətlərə paralel getməyi öyrətməsidir. Çünki əyri xətt düz xətti hər əyiləndə kəsə bilir. Müasir insan düzə qarşı düz olmalı, əyriyə isə paralel getməyi öyrənməlidir! Yoxsa adamın başına nələr gələcəyini Allah saxlasın (Yafəs Türksəs).

 Azərbaycanda analoqu olmayan inkişaf, əslində stəkanda fırtına törətməyə bənzəyir. Amma bu gün unutmamalıyıq ki, Azərbaycanda stəkan özü də fırtınaya düşüb (Eldəniz Quliyev).

 Əvvəl ar idi, indi kar olduq (Vitoş).

 Avropalılar olmasaydı, biz hələ də elə bilirdik ki Yer kürəsi yekə bir öküzün buynuzları üstündə bərqərardır (Rafiq Tağı).

 Azərbaycanda Ailə Sevinci də var, Bəxt də, Ümid də- hamısı da loto şəklində… (Salam Sarvan).

 Təsadüfi deyil ki, istibdadın istifadə etdiyi ən təsirli vasitə çuğulçuluqdur. İstibdadın ilkin istəyi odur ki, vətəndaşlar arasında tərəddüd və şübhə toxumları səpsin, onların bir-birinə inam və arxayınçılığına yol verməsin. Bu səbəbdən istibdad quruluşları çuğullamalara böyük önəm verir, gizli xəbərçiliyi ən qüdrətli vasitə sayır (Əhməd bəy Ağaoğlu).

 Dövrün öz yorğanı var, sən də o yorğana bürün (Abbasağa Azərtürk).

 Vəzifələrdən tutmuş hər şeyə qədər pulla satılır. Nazir, nazir müavini olmaq üçün… hər vəzifənin öz qiyməti var. Belə olmaz ki… Normal dövlətlərdə buna vəhşilik kimi baxırlar (İranın Azərbaycandakı keçmiş səfiri Ə. Süleymani).

 Məni rüşvətə görə mühakimə edənlərə
 Rüşvət təklif olundu
 Və götürdülər…
                         (Faiq Balabəyli).

 Korrupsiya faktları ilə bağlı 30-a yaxın yazı yazmışm. Axırı nə oldu?! Universitetin rektorunun tutulmasını gözlədiyim halda, ona Əməkdar Elm Xadimi adını verdilər (Professor Məsud Məmmədov).

 …Bizim redaktorlar hamısı feodal təfəkkürlüdür, onlar millət deyəndə ancaq öz yerlilərini nəzərdə tuturlar (Rasim Qaraca).

 Oğlan doğan ananın südünün xüsusi çəkisi, qız doğan ananın xüsusi çəkisindən ağır olur (Əkrəm Şamxalov).

 Noxudu bozbaşa salanda aşpazı qoyub axund ilə məsləhət eləyirik (Mirzə Cəlil).

 Mən sənsiz yapamıyorum… (Bir türk şarkısından).

 Cavan qızlar bura ərə gəlirlər və görürlər ki, burada həyat dizilərdəki kimi rəngarəng deyil. Hamının bahalı maşını yoxdur. Əksinə, səhər tezdən şəhərin bu başından o biri başına işə iki saata ancaq gedib çıxa bilirsən. Ayın axırında da çox aşağı maaş alırlar. Türkiyədə həyat televiziyadakı kimi deyil. İstanbulun təqribən 16 milyon əhalisi var. Amma əhalinin heç bir faizi televiziyada göründüyü kimi yaşamır (İ.Nəbioğlu, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu).

    Palçıq üstə çıxdı, dağ altda qaldı,
    Şikəst üstə çıxdı, sağ altda qaldı,
    Zəmanə nehrəsi tərs çalxalandı,
    Ayran üstə çıxdı, yağ altda qaldı.
                                                       (Asif Ata).

 Çuğulçuluq çiçəkləndiyi yerdə kimsə kimsəyə inanmaz. Hər kəs hər kəsdən hürkər. Doğruçuluq və açıqlıq aradan qalxar. Yalan və ikiüzlülük onların yerinə keçər. Birlikdə iş görmək mümkün olmaz. Bu hala düşən cəmiyyətlər sapı çürüyüb sökülmüş parçaya bənzəyir, hər cür müqavimət qabiliyyətini itirir və nə zorakılığa qarşı dayanır, nə də elm, sənət, ticarət və s. sahələrdə birgə irəliləyə bilər (Əhməd bəy Ağaoğlu).

 Amma vallah, Molla Nəsrəddin yalan danışa bilməz: biz deyirik ki, belə milləti biz canü dildən istəyə bilmərik, bəlkə içində bir-iki yaxşısı tapıla (Mirzə Cəlil).

 Qızıl heykəllər, adətən, insanlarını ac və kölə vəziyyətində saxlayan şərq ölkələrində olur (Rafiq Tağı).

          Beş manata Leylilər harda gəldi hellənir,
          Bu Məcnun köpəyoğlu cipdə gəzib şellənir.
                                                   (Eyvaz Kamranoğlu).

 Hicab və sair baş örtüyü şəxsin ağıldan imtina etməsini nümayiş etdirir (Əkrəm Şamxalov).
 Məhkəmə sistemindən tutmuş bütün instansiyalara qədər məmurların, pulluların hüquqları müdafiə olunur. İnsanların hüququ qorunmur. Şər xeyrə qələbə çalır. Bütün bunların hamısı insanların ömrünü qısaldır (İranın Azərbaycandakı keçmiş səfiri Ə. Süleymani).

    Bütün pasportlar rüşvətlə verilir
    Bütün məmurlar rüşvət alıb-verməyi bacaranlardı
            (Yafəs Türksəs, “Romantikadan reallığa”).

 Bizim ədəbi ruhumuz ölkəmizin dağları altında unudulmuş yoxsul bir kəndə bənzəyir (Əziz Səlami).

 Ədəbiyyat qurumları ədəbiyyatın məhvinə təhrik edilib, tarixi qurumlar tarixin məhvinə təhrik edilib, riyaziyyat qurumları riyaziyyatın məhvinə təhrik edilib, dini qurumlar dinin məhvinə təhrik edilib və s. (Əkrəm Şamxalov).

 Açığı, bəzən adama elə gəlir ki, ya biz kar və koruq, ya da bizi adam yerinə qoymurlar (Sərdar Əlibəyli).

 Bu ölkə mənə qarnındakı cocuğu yumruqlayan zalım ananı xatırladır (Aqşin Yenisey).

 Zamanın nəbzini tut, incə siyasətlə yapış (Abbasağa Azərtürk).

 Unudulub ki ən böyük proletariat mənən ac olan insanlardır (İsa Hüseynov).

 Eyni vaxtda AYB-də, həm də ədəbiyyatda olmaq qeyri-mümkündür (Elnur Astanbəyli).

 Cavan nəsil nə onları qəbul edir, nə də oxuyurlar, çünki o yazıçıların təsir gücü tükənib, kombayn qala-qala kotanla yer şumlamaq yaramaz. Sentimental, patriotik, nakam məhəbbət mövzusunda əsərlərin vaxtı çoxdan keçib (Mirmehdi Ağaoğlu).

 Kitab dediyin şey cibə sığmalıdır, ya da cib dediyin şey kitaba uyğun olmalıdır (Rəcəb Şükrü Güngör).

 Namaz ədaları ekologiyaya, dəyər və irsimizə qarşı zərərli və qəddar münasibətimizi nümayiş etdirir (Əkrəm Şamxalov).

 Monopolistlər bütün gəlirləri öz əllərində cəmlədikləri üçün onu da xərcləyib özlərinə tərəfdaş yığırlar. Seçkilərdə də bütün imkanlardan istifadə edrlər. Bu ədalətsizlik Azərbaycanda var. Əgər bütün gəlirlər hamının çəkdiyi zəhmət müqabilində paylansa, qanunlar işləsə, rüşvət, korrupsiya olmasa təbii müxalifət yaranar və o da hakimiyyətə zaman-zaman tələb irəli sürə bilər (İranın Azərbaycandakı keçmiş səfiri Ə. Süleymani).

 Fəlsəfəmizin dilini azərbaycanlaşdırdıqca, təfəkkürümüz mövhumatdan xilas olacaq. “Ana dilimizdə elm və fəlsəfə” bizim üçün hər halda dairənin kvadratlanması qədər qeyri-mümkün olmamalıdır. Vaxtilə ali üləmalarımızın (xalq dilindən uzaqlaşaraq) getdiyi yolu, indi müasir qələm əhlimiz (xalq dilinə yaxınlaşaraq) geri qayıtmalıdır (Ağalar Məmmədov).

 Xabgahım hərirü dibadır
 Mənzilim bəzmi-şahü paşadır.-
 (Bu misralar I sinif şagirdlərimizi üçün informatika dərsliyindəndir- yaşasın kürdüstan!).

 Kaş dədə-babalarımız bizdən əvvəl dəyişməyə başlayaydılar. İndi onları nə qədər hörmət və minnətdarlıqla yad edərdik! Nə yazıqlar ki, bu artıq mümkün deyil. Onların fəaliyyətsizliyini, süstlüyünü xatırlayıb gör nə qədər acı çəkəcəyik! (Əhməd bəy Ağaoğlu).

 Kənd mühiti şöhrətə pərdə çəkir (Bilal Alarlı).

      Bu vətən ancaq
      öləndə adamın dadına çatır,
      o da ki, torpaq şəklində…
                         (İbrahim Fərhadoğlu).

 Müsəlman intelligenti ki əlli yaşına çatdı,- dəxi onu heç bir vəch ilə molladan ayırmaq olmaz (Mirzə Cəlil).

 Şərif Ağayarın Təzək hekayəsi belə getsə bestellerə çevriləcək (Yafəs Türksəs).

 İncəsənət Universitetində nağaraçalanlar dərs deyir (Orxan Fikrətoğlu).

 Aydın Talıbzadə kimi savadlı olmaqdansa yaxşı bir Qazel şoferi olmaq deyilmi? (Qan Turalı).

 Mən həmişə lopabığ adamın ağlına şübhə eləmişəm (Rafiq Tağı).

 Ziyalı hər yerdə ziyalıdır. Lakin region ziyalısı üçün yaşamaq da, mübarizə aparmaq da, elə ziyalı olaraq qalmaq da daha çətindir (Əli Kərimli).

 Deyirəm ki, hökumət olanda nə olar. O da səhv edə bilər. Oğul odu ki, hökuməin səhvini düzəltsin (Cənub xəbərləri qəzetinin baş redaktoru Zahir Əmənov).

 Təklif edirəm: Gerbimizə sabun şəkli çəkilsin və sabun Ginnesin rekordlar kitabına salınsın. Ən çətin işləri düzüb-qoşan əşya kimi (Bilal Alarlı).

 Sovet dövlətinin ruhu yuxuma girir, deyir, köhnə dost, vəziyyətin necədir, deyirəm pis deyil. Elə isə niyə qürbətdəsən? Cavab verməyə çətinlik çəkdiyimi görüb, hələ bundan da pis günə düşəcəksən»,- deyir. Kimsəsizin biriydin, qolundan tutub böyütdüm, kənddən şəhərə- Bakıya gətirdim, oxutdum, sonra bir az da böyüyəsən deyə mərkəzimə- Moskvaya ali ədəbiyyat kurslarında oxumağa çağırdım, sənə arzuladığın vəzifələri verdim. Bütün bunların əvəzində sən nə etdin? Mən yalan deyirəmsə, sən düzünü de. Mənə dua etmək əvəzinə gizli-aşkar əleyhimə getdin, qazancın nə oldu, yıxıldım, altımda qaldın. Amma məni sevənlər, məni gizli-aşkar dəstəkləyənlər yenə də iş başındadır, yaxşı, yaxşı, utanıb başını aşağı salma, əgər mənə inanmırsansa, başını qaldırıb yuxarı bax… Yuxudan hövlnak ayılır və sovet hökümətinin ruhuna dua edirəm (Məmməd İsmayıl).

 Telekanallardan birində meyxana yarışması gedirdi, indikilər deyildi, bundan qabaqkılar idi. Mənim seçicim olan şəxs gəlib müraciət etdi ki, kömək edin, çoxlu səs göndərmək istəyirik, bunu siz təşkil edin. Soruşdum ki, nə kömək edə bilərəm. Dedilər ki, maddi cəhətdən problem yoxdu, ancaq SMS-ləri sürətlə göndərmək istəyirik. Mənə onu da dedilər ki, təxminən 200 min manata yaxın dəyərdə SMS göndərəcəyik. Həmin vaxt meyxana yarışmasında udulacaq avtomabilin qiyməti uzaqbaşı 50-60 min manat idi. Mən bundan dəhşətə gəldim. Gedin pulunuzu verib həmin oğlana maşın alın da, daha 50-60 min manata yüz minlər niyə xərcləyirsiniz? Maşını alın, sonra da gedin pul xərcləyin ona klip çəkdirin, raskrutka edin. Bəlkə o qədər pul xərclədiniz heç udmadı. (Millət vəkili Gülər Əhmədova).

-Xalq arasında musiqiçi kimi tanınan İman Abdulla musiqidən nədən uzaq düşdü?
-Mənim musiqi dünyamnan ayrılmağım qan-qadalı günlərə etirazım idi. 1988-ci ldən erməni daşnaq çürük-stun quldur partiyasının ölkəmizdə törətdiyi vəhşi hadisələr məni-məndən ayırdı. Zərif musqi hissləri o gündən şirin pərdələrdə yox, qəmli duyğularda, misralarda özünə yer aldı. İndi mən o dalğın düşüncələrin ev sahibiyəm.
 (Yazıçı İman Adullanın Sözün işığına verdiyi müsahibədən).

Комментариев нет:

Отправить комментарий