17.06.2011

ZƏRƏRLI VƏRDIŞLƏR İRSƏN ÖTÜRÜLƏ BİLİR?


Sağlamlığımıza hansı amil daha çox təsir edir – irsiyyət yoxsa ətraf mühit? Bu sual tibb dünyasını onillərdir ki, məşğul edir. Yaxın zamanlarda isə alimlər bir sıra sensasion nəticələrə gəlib çıxıblar.

Belə ki, İspaniyanın Milli onkologiya mərkəzinin mütəxəssisləri tərəfindən 3-74 yaş arasında 40 cüt eyni yumurta əkizinin genlərini tədqiq edilmişdir. Məlum olduğu üzrə bu cür əkizlərin genetik kodu eyni olur, odur ki, əgər səhhətin “irsiliyi” nəzəriyyəsi doğru olarsa, demək, əkizlər bu və ya digər xəstəliklərə, o cümlədən tütünçəkmə və ya alkoholizm kimi zərərli vərdişlərə də eyni dərəcədə meyllilik göstərməlidirlər.

Buna rəğmən tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, əkizlərin yaşayış şəraitləri fərqli olduqca onların səhhətlərinin durumu arasında fərqlər də daha çox nəzərə çarpır. Bu fərqlər hətta, adəti üzrə, irsiyyət amilləri ilə müəyyən olunan xəstəlikləri belə ehtiva edir. Belə ki, 28 yaşdan sonra cütlüklərin 60%-nin genlərində quruluş (struktur) “fərqləri” aşkarlanmışdır. Məxsusən əgər eyni yumurta əkizləri artıq uşaq yaşlarından bir-birindən ayırılmış və fərqli məkanlarda yaşamışlarsa, onların genlərində dəyişikliklər daha qabarıq təzahür etmişdir.

Tədqiqatın rəhbəri Mario Fraqa qeyd edir ki, ətraf mühit (ekologiya) irsiyyətə təsir etməyə qadirdir, belə ki, o hüceyrələrdə DNT və onunla əlaqəli zülallara (histonlara) təsir göstərə biləcək kimyəvi reaksiyalara təkan verə bilir. Bu isə öz növbəsində fenotipə - sağlamlığımıza cavabdeh olan irsi əlamətlər yığımına öz təsirini qoyur.

Lakin bu da hələ hamısı deyil. Darmut tibb kollecinin mütəxəssisləri valideynlərin həyat tərzinin uşaqlara təsir gücünü müəyyənləşdirmək məqsədilə maraqlı bir təcrübə qoymuşlar. Bu cür təcrübələr əvvəllər də həyata keçirilirdi, lakin onlarda, bir qayda olaraq, yeniyetmələr iştirak edirdilər. Bu tədqiqatda isə iştirakçı qismində 2-6 yaşında uşaqlara müraciət olunmuşdu, çünki bu yaşlarda hələ hər hansı zərərli vərdiş formalaşmağa macal tapmır.

Alimlər uşaqlara “dükan-dükan” oyununda oynamağı təklif edərək, onların hansı növ əmtəələr (mallar) seçəcəklərini izləmişlər. Müəyyən olunmuşdur ki, valideynləri siqaret çəkən uşaqlar digərləri ilə müqayisədə 4 dəfə daha çox siqaret almağa üstünlük vermiş, valideyləri alkohollu içkilərdən istifadə edən uşaqlar isə başqalarına nisbətdə 3 dəfə daha çox spirtli içkilər “almışlar”. Bununla yanaşı, əgər uşaqlar, heç olmasa, bircə dəfə 13 yaşdan aşağı kəslərə baxılması qadağan olunmuş filmləri izləmişlərsə, bu cür filmləri izləməyən yaşıdlarına nisbətdə 5 dəfə artıq alkohollu mallara əl uzatmışlar.

“Uşaqların siqaret çəkməyi öz valideynlərindən öyrənmələri faktı artıq çoxdan bəllidir və əgər siz özünüz siqaret çəkirsinizsə, övladınızın gələcəkdə siqaret çəkəcəyi ehtimalı 2-4 dəfə artıq olur”, - deyə Böyük Britaniyanın “Action on Smoking and Health” təcrübəli səhiyyə təşkilatının üzvü Amanda Senford bildirmişdir.

Oxşar nəticələrə Vaşinqton universitetinin mütəxəssisləri də gəlmişdir. Onların gəldikləəri nəticələrə görə əgər valideynlərdən heç olmasa, biri tütün, içki və ya marixuanadan istifadə edirsə, uşaqlarda həmin maddələrə qarşı meyllilik yaranacaq. Məsxusən siqaret çəkən valideynin övladında bu vərdişə aludə olma riski digər uşaqlara nisbətən 2 dəfə artıqdır.

İçkiyə meylliliyin nəsildən-nəslə ötürülməsini tədqiq edən Virciniyanın Kommonvels Universitetinin mütəxəssisləri bu qanunauyğunluğun səbəbini aşkar etmişlər. Onlara görə alkohola meylli insanların övladlarında analoji meylliliyin əmələ gəlməsi riskinin daha artıq olmasına səbəb odur ki, içkiyə aludə adamlar onu sosioloji və psixoloji problemlər müqabilində məmnunluq bəxş edən amil kimi qarşılayırlar və bu şəkil qavrama irsən, genlər vasitəsilə onların övladlarına ötürülür.

Beləliklə, sağlam və ya qeyri-sağlam həyat tərzi bir tərəfdən, şübhəsiz ki, irsiyyətdə baş verən dəyişikliklərin nəticəsində formalaşır, lakin digər tərəfdən bu dəyişikliklərin özləri də ətraf mühit amilərinin təsiri nəticəsində meydana gələ bilər.

İrsiyyət – çox mürəkkəb məsələdir. Və hər şeydən öncə yadda saxlamaq lazımdır ki, uşaqlar həmişə, hətta sırf şüuraltı səviyyədə belə öz valideynlərini yamsılamağa çalışırlar və əgər sizin şəxsi həyat tərzinizi sağlam adlandırmaq çətindirsə, o zaman siz övladınızı heç bir qadağa ilə “öz” zərərli vərdişlərinizdən yayındıra bilməyəcəksiniz!

Siqaretə meyllilik bəzən DNT-də elə dəyişikliklərə gətirib çıxarır ki, bu hətta sonradan dünyaya gələcək övladlarda belə öz təsirini biruzə verir. Bu, müxtəlif ölkələrin mütəxəssislərinin gəldikləri elmi qənaətdir.

Misal olaraq: Boston Universitetinin mütəxəssisləri 75 adamın bronxlarından hüceyrə nümunələri götürərək, onları tədqiq etmişlər. Bu zaman həmin 75 nəfərdən 34-ü fəal siqaret çəkən olmuş, 23 nəfəri heç vaxt siqaretdən istifadə etməmiş, qalan 18 nəfəri isə daimi siqaret çəkmə nəticəsində xroniki bronxitə tutulduqdan sonra siqareti atan adamlar olmuşlar. Nəticədə, siqaretdən istifadə edənlərin (hətta neçə il öncə atanların belə) hüceyrələrində sağlam adamların hüceyrələrində müşahidə edilməyən müxtəlif irsi dəyişikliklərin baş verməsi aşkarlanmışdır.

“Mahiyyətcə, biz elə (əvvəl də) əmin idik ki, siqaretdən istifadə edənlərdə xərçəngin inkişafında bu və ya digər şəkildə genlər iştirak edir”, - deyə tədqiqatın rəhbəri Avraaam Spir bəyan edir. – Bununla belə ilk dəfədir ki, bu fərziyyənin eksperimental təsdiqləri əldə olunub. Bundan başqa biz hansı səbəbdən hətta bir neçə il öncə siqareti atmış adamda bədxassəli şişlərin əmələ gəlməsini aydınlaşdırmışıq: genomdakı (genom – insandakı bütün genlərinin toplumu - müəl.)) zədələr hətta bu zədəni yaradan faktorlar aradan qalxdıqdan sonra belə təzahür edir...”

Öz növbəsində Danimarka və Yaponiya alimləri belə bir iddia irəli sürürlər ki, son illərdə dünyada qız övladlarının oğlanlardan daha çox dünyaya gəlməsinin səbəbi məhz bir çox valideynlərin övlad dünyaya gəlməzdən öncə siqaretdən imtina etməməsindədir.

Tibb mütəxəssisləri təqribən 12 min yeni doğulmuş körpənin valideynləri arasında sorğu aparmışlar. Sorğuda iştirak edənlər 3 qrupa bölünüb. Birinci qrupa ümumiyyətlə siqaret çəkməyənlər, ikinci qrupa gündə 20 siqaret çəkənlər, üçüncü qrupa isə gün ərzində 20-dən çox siqaret çəkən valideynlər daxil edilmişdir.

Alınan nəticələr əsasında Kopenhagenin Universitet klinikasının professoru Anne Bıskov bu qənaətə gəlmişdir ki, siqaretin tərkibindəki maddələr Y xromosomlarına məhvedici təsir göstərir, bir halda ki, X xromosomları nikotinə qarşı daha az həssaslıq təzahür etdirir. Xatırladaq ki, Y xromosomu dünyaya oğlan uşaqlarının, X xromosomları isə qız uşaqlarının gəlməsinə görə cavabdehdir. Nəticədə, siqaret çəkmək vərdişinə aludə olmuş insanlar iradəvi surətdə özlərini nəsil davamçısına malik olmaq şansından məhrum edirlər.

Amerikan alimlərinin tədqiqatlarınə əsasən həm də müəyyən edilmişdir ki, hamiləlik zamanı siqaret çəkən anaların dünyaya gələn övladları əksər vaxtlar artıq çəkidən əziyyət çəkirlər. 1959-1065-ci illər arasında dünyaya gəlmiş 35 min körpə və onların anaları ilə bağlı verilənləri müqayisə edərək, alimlər nəticəyə gəlmişər ki, həmin uşaqlar arasında 8 yaşa çatınca artıq çəkidən əziyyət çəkmə riski gələcək anaların gün ərzində çəkdikləri siqaretlərin sayı ilə düz mütənasibdir, belə ki, hamilə ananın gün ərzində çəkdiyi hər əlavə 10 siqaret bu riski orta hesabla 17% artırır.

Alimlərin rəyincə bu onunla izah oluna bilər ki, siqaret çəkən anaların körpələri, bir qayda olaraq, az çəki ilə dünyaya gəlir və bu əskikliyi erkən uşaqlıq yaşlarında sürətlənmiş böyümə ilə ödəməyə çalışırlar. Böyümə əlavə kalorilər tələb edir, onların qida rasionunda artması isə öz növbəsində bədən çəkisində öz təsirini qoyur.

Bundan əlavə, istisna olunmur ki, çəki artırmağa meyl siqaret çəkən analardan dünyaya gələn övladlarda doğumdan sonra nikotin qıcolmaları (“lomka”ları) ilə əlaqədardır. Belə ki, onların təsiri altında insan öz iştahası üzərində nəzarət hissini itirir.

Doğrudur, Azərbaycan, məxsusən mömin toplumu üçün qadınların siqaret çəkməsi və bununla bağlı problemlər bir o qədər də aktual görünmür. Buna rəğmən evində övlad gözləyən xanımı olan və onun yanında siqaret çəkməyi özünə qadağan bilməyən Adəm oğullarının olması problemi cameəmizdə hələ də aktuallığını saxlamaqdadır. Bu isə dolayısı ilə, yəni aktiv olmasa da, xanımın passiv şəkildə siqaret çəkməsinə gətirib çıxarır. Və deməli, dünyaya gələcək övladda adıçəkilən problemin yaranması riskini, daha az faizlə olsa belə, saxlayır.

Uca Allahdan hər birimizə canlarımızın və əzizlərimizin əmanət olduğunu düşünmək tofiqatını nəsib etməyi diləyirəm. Amin!

(İstinadlar: HealthDayNews, Softpedia.com, Pravda.ru)

Leyla Abbasova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi 

Комментариев нет:

Отправить комментарий