04.10.2012

MƏN ÖZÜM-ÖZÜMƏ SÖZ VERDİM


Şirinxanım Kərimbəyli Şadiman

On gün bundan qabağın sözüdür, Türkiyənin Adana şəhərindən mənim elektron ünvanıma bir məktub gəlmişdi. Məktubda şair-araşdırmaçı Münəvvər Düvər bir dəstə Türkiyənin yaradıcı insanları ilə Azərbaycana gəlmələri barədə məni məlumatlandırırdı. O, hətta bizim ölkəmizə gəlməmişdən öncə Gürcüstanda olacaqları, sonra Gəncəyə və Bakıya gələcəkləri barədə mənə yazdığı məktubunda açıqlanma verirdi. Bakıda olarkən Yazıçılar Birliyində görüş keçiriləcəyi və məni ilə görüşməyi cani-dildən arzuladığını yazırdı. Münəvvər Düverlə biz internet portallarından tanış olmuşuq. O, mənim «Həqiqət nə qədər acı olsa da» məqaləmi Yalquzaq.com saytından götürüb yayımlamışdı. Beləliklə, adanalı şair Münəvvər xanım əfəndi ilə yaradıcılıq əlaqələrimiz belə başladı. O, mənim şeirlərimi, publisist yazılarımı öz sayıtında  yayımlayır. Bu üzdən interneti dünyanın ixtiyarına verən ABŞ höküməti minnətdarlığa layiqdir.
Nə yaxşı ki, internet öz qapısını insanların üzünə açdı, mənəvi sərhədlər götürüldü, adamlar bir-birini tanıdı. Hər sahadə öz istedadlarını üzə çıxarmağa nail oldular. Nə qədər internetin ziyanlı tərəflərindən danışsalar da bu heç də insan yaradıcılığının üzə çıxması ilə müqayisəyə gələ bilməz. O üzdən dünyanın hegemon dövləti olan ABŞ-a vallah, billah, çox sağ ol düşür. 
Əlqərəz, qardaş ölkənin yaradıcı insanları böyük bir heyətlə ölkəmizə təşrif gətirdilər. Mən Münəvvər xanımla telefon əlaqəsi yaratdım. Səhəri biz Qafqaz ötelinin qarşısında görüşüb onlarla birlikdə şəhəri gəzməyə çıxmalı idik. Yolum uzaq olduğu üçün onların görüşünə Şirvanşahlar sarayını ziyarət etdikləri vaxt yetişdim. Yolustü yaradıcı həmkarıma hədiyyə olaraq çiçəklər aldım. Onlar çiçəkləri görəndə o qədər sevindilər ki… Bu insanların çoxusu birinci dəfə idi Azərbaycana qədəm basırdılar, əllərində kiçikcik kisələr var idi. Onlar bu kisələrdə bir ovuc torpaq aparcaqlarını deyirdilər. Bu illərlə həsrətində olduqları Azərbaycan sevgisi idi. Yolboyu mən onlarda bir-birinə hədsiz ülfət, hörmət hissi gördüm, tutduğu vəzifədən asılı olmayaraq, türklər bir-birlərinə abi, abla, xocam deyə müraciət edirdilər. Biz Şirvanşahlar sarayından çıxıb,qonaqları gəzdirən mehmanxanaya məxsus, avtobusla Nizami muzeyinə üz qoyduq, lakin muzeyə daxil olma qiyməti xaricilər üçün 7 manat, yerli vətəndaşlar üçün isə 5 manat dəyərindədir dedilər. Türkiyəli qardaş-bacılarımız bu ayrı-seçkiklikdən bir qədər inciyən kimi də oldular. Muzeyə giriş qiymətinin baha olması onları çox təəccübləndirdi. Deyirdilər, əfədim, bu qiymətlə muzeylərə kim gələr? Əvvəlcədən müəyyənləşdirildiyi kimi Yazçılar Birliyinə yola düşdük. Yazıçılar Birliyinin rəhbəri Anar müəllim gələn qonaqları, öncə öz iş otağında, sonra Natəvan kulubunda isti ürəklə qəbul etdi. Onun masasında baş-başa vermiş Türkiyə-Azərbaycan bayraqları türk müsafirləri əməlli başlı həyəcanlandırdı və qürurlandırdı. Əsil hadisələr isə görüşün Nətəvan kulubunda davamı ilə başladı. Görüşə aparıcılıq edən AYB-nin gənclər üzrə katibi Rəşad Məcid idi. O, bir-bir həm gələn qonaqlara, həm də əvvəlcədən dəvət edilən adamlara söz verməyə başladı. Mən də bir neçə ay öncə Münəvver Düverə yazdığım «Münəvvər» adlı şeiri deməyi qərara aldım. Şeir heç də tək bir insanın tərifindən yox, türkliyimizlə bağlı ağrı-acılardan bəhs edirdi. Münevver xanım təkidlə bu şeiri deməyi məndən rica edirdi, görüşə rəhbərlik edən Rəşad Məcid mən oturduğum sıradan keçəndə eyhamla soruşdu: «Siz də söz istəyirsiz?» Mən başımla hə işarəsi verdim, ancaq məclisin gedişində əvvəldən axıra  qədər o heç cürə mənə söz vermək istəmirdi, gələn müsafirlərin gözü məndə qalmışdı, çıxılmaz vəziyyətə düşmüşdüm, ya gərək zalı tərk edib gedəydim, ya da gələn qonaqların xatirinə bir təhər axıra qədər dözüb oturmalıydım. Çünki Rəşad Məcid məni tanımaq istəmirdi ki, istəmirdi. Məclisin axırına yaxın qəribə bir hal alındı, Münəvvər Düverə söz verildi, o, kürsüyə qalxdı və başının işarəsi ilə məni öz yanına çağırdı. Mən ona gətirdiyim çiçək səbətini əlimə alıb mənə söz verilməmiş Münəvvər xanımın yanına irəlilədim. Ona yazdığım, şeiri dedim, salonda alqış sədaları qopdu, beləliklə, əziz və möhtərəm oxucular, mən gələn qonaqların xatirinə özüm-özümə söz verdim. Bu əslində mənim tərəfimdən etikadan kənara çıxmaq, toplantını aparanın tərəfindən mənə qarşı insafsızlıq, aşağılama idi. Çünki mən icazəsiz çıxış etdim. Rəşad Məcid isə  Şirinxanım Kərimbəyli Şadimanı, 1991-ci ildə “Ürək niyə ağrıyırsan?” kitabı ilə yaradıcılıq aləminə qədəm basmış bir insanı Azərbaycan Yazıçılar Birliyinin üzvü ola-ola  tanımaq istəmədi. Görəsən niyə??? Fikirimcə,  yaradıcı insana dəyər tutduğu vəzifəyə görə yox, yaradıcılığa görə verilməlidir. Vəzifə bu gün var, sabah yoxdur, yaradıcı adamdan  vəzifə yox, onun yaratdığı qalır.
Onu da qeyd etmək istəyirəm ki, mən Yazçılar Birliyinə üzvülük haqqı ödəyəndən-ödəyə gedirəm, çalışıram ki, təqdimat mərasimlərindən də uzaqda durum, bu mənə əsəb sakitliyi, ürək rahatlığı üçün lazımdır. O gün isə görüşə getməyə məcbur idim. Çünki Türkiyəli həmkarım Münəvvər Düvər mənimlə üz-üzə, göz-gözə, dil-dilə görüşmək istəyirdi… 
Görüş bitdikdən sonra Yazıçılar Birliyinin qabağında toplaşan qonaqlar bir xeyli dayandılar və təəccüb dolu nəzərlərlə mənə baxırdılar. Onlar deyirdilər, xanım əfəndi, biz sizin yaradıcılığınızla “Erbil”qəzetindən, “Töredergisi”ndən,  “Münevver.com”dan, “Türkmenhaqq”dan,  “Yalquzaq.com” dan və bir çox başqa saytlardan, www.shirinxanim-shadiman.net şəxsi  saytınızdan  tanışıq. Bu qədər başınız müsibətlər çəkib, sizlər bir-birinizə niyə soyuqsuz? Mən onların 
sorğuları qarşısında susdum. Daxildən bir qədər əhvalım pozulsa da üzümə xoş bir təbəssüm verib, qonaqlarla vidalaşıb ayrıldım.Yolboyu böyük şair Vətən uğrunda oğlunu, həm də canını (mən onu da şəhid sayıram) qurban vermiş Xəlil Rza Ulutürkün:

“Davam edir otuz yeddi, 
Daha qəti, daha ciddi…”

misraları qulaqlarımdan getmirdi.
Bu davam, əlində imkan olan bəzi şəxslərin, törətdikləri fiziki ölümlə yox, ruhun sındırılması, qəlbin ağrıdılması ilə özünü büruzə verməkdədir.Yaradıcı insanları birləşdirən bu yaradıcı məbədgahda belə halların baş verməsi təəssüf hissi doğurur. Onda/, əziz həmkarlar/, adamda belə təsəvvür yaranır ki, bu Azərbaycan Yazıçılar Birliyi yox, Azərbaycan Acıçılar birliyidir. Hərgah, elə olmasaydı, ovqatım təlx evə dönməzdim. Gümanım gözəgörünməzə gəldiyi üçün üzümü ona tuturam, İlahi, biz nə vaxt düzələcəyik?...

Комментариев нет:

Отправить комментарий