Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
Страницы
▼
06.11.2010
Şərq nağılları
İbrahim Sel “Çərçivəsiz” ədəbi qrupu
Hekayələr
Bir qanqalla sevinməyi
dəvədən öyrənməli.
Həyata gülməyi
dişlərini ağardan skeletdən.
Və beləcə xoşbəxt olmalıymışam…
Alov
1. Karyerə gedən yol -Ata, hara gedirik?- deyə oğlan böyürdə gedən atasına baxaraq soruşdu. -Baban bizi aparır,- atası cavab verdi. -Baba, hara gedirik?- bu dəfə başını döndərib sağ tərəfində gedən babasından soruşdu. -Yaxşı bir yerə gedirik,- baba qırıq-qırıq dilləndi, barmağını qatlayaraq alnının tərini sildi və yerə tolazladı. -Hara? Axı hara gedirik?- oğlan əl çəkmədi. -Pul qazanmağa,- baba üzə dirəşən nəvəsini sakitləşdirmək istədi və inadla susan atanın üzünə baxdı. Onda oğlan sakitləşərək böyüklərinin arasında aramsız əsən küləyin toz qaldırdığı yolla irəliləməkdə davam etdi. Baba və ata oğlanı heç vaxt yaşadıqları yerdən kənara çıxarmamışdılar. Odur ki, ətrafda hər şey onun üçün təzə idi. İstər bir az aralıda görünən daş üzlü dağlar, istər qurumuş tikanlı kolları qopardaraq qabağına qatan vıyıltılı külək, istərsə də bomboz çölün ortasıyla uzanan bu tozlu yol onda maraq doğururdu. Bir azdan uçub dağılmış köhnə bir dükanın yanına çatdılar. Tikili yüz min illərcə öncə təpəsinə daş yağmış ərazinin ortasında təbiətin sərt qovğalarına güclə tab gətirirdi, adam izi görünməyən çöllükdə qədim döyüşçülər tək yorğun, lakin məğrur görünüşlə dayanmışdı. Uçulub dağılsa da, vitrinlərinə düzülmüş amerikan siqaretlərindən burada həyat olduğu anlaşılırdı. Dükanın çöl divarları Ana İqtidar Vətən Partiyasının reklam plakatları ilə bəzədilmişdi. Üçlük gəlib dükanın qapısının ağzını kəsdirəndə oğlan tinə vurulmuş şəkilddəki Partiya öndərinin gülümsəyən simasını maraqla seyr etməyə başladı. O, lövhədəki xırda bir detalı belə gözdən qoymaq istəmirdi. Qoca cibini eşələyərək siqaret almaq üçün dükana girdi. Birdən yenidən oğlanın səsi eşidildi: -Ata, mən acmışam, yemək istəyirəm! Ata üzünü istiqamət götürdükləri dağlara tərəf tutaraq fikirli halda dedi: -Zalım balası, pul var çörək yeməyə? Uşaq atasının səsindəki danlağı duydu. Utanaraq səhv etdiyini düşündü. Atasına yazığı gəldi. Get-gedə kütləşən mədə ağrılarını unutmağa çalışaraq dodağını dişlədi. Üz-gözünü büzüşdürərək baxışlarını yenidən reklam lövhəsinə tərəf çevirdi. -Uşağı yedizdirmək lazımdır, yazıq acdır,- deyə ata damağında siqaret tüstülədərək dükandan çıxan babaya yaxınlaşdı. Qoca kobud, tüklü əlləriylə ağ çatma qaşlarını yuxarı sığallamağa başladı.- Əslində elə mən də, -ata sakit səslə əlavə etdi. -Yaxşı. Get dükandan bir şey al yeyək. -Nə alım? -Kolbasadan-çörəkdən,- dönüb kənara çəkilmək istəsə də, ayaq saxlayıb astadan əlavə etdi: -Hə, bir də soruş, gör karyerə gedən yol burdan keçir? Oğlan cəld dönüb babasına baxdı. Ata onun baxışlarındakı qəzəbi duydu, bir anlıq duruxdu, anladı ki, oğlu karyer sözünü eşidib. Ancaq uşağı duyuq salmamaq üçün özünü bilməməzliyə vurdu. Sakit addımlarla dükandan içəri girdi. Ata kolbasa-çörək aldığı müddətdə baba hoppana-hoppana bir qırağa qaçdı, enli şalvarının zamokunu kobud bir hərəkətlə aşağı dartaraq yaxınlıqdakı kolun dibinə peşov etməyə başladı. Oğlan dükana yaxınlaşaraq başını toz basmış pəncərə şüşəsinə söykədi. Ata asta səslə satıcıdan karyerə gedən yolu soruşdu. Oğlan atasının karyer sözünü necə əziyyətlə tələffüz etdiyini duydu. Satıcı qollarını ölçə-ölçə yolun istiqamətini izah etdi. Sonra pəncərəyə tərəf boylanaraq soruşdu: -Uşağı da aparırsınız? Ata əlindəki kolbasanı atıb tutaraq fikirli-fikirli başını tərpətdi. Lakin başa düşmək olmurdu, o bununla təsdiqləyir, yoxsa inkar edir. -Neçə yaşı var?- satıcı soruşdu. -On dörd,- ata cavab verdi və ürkək baxışlarla pəncərəyə tərəf döndü. Uşaq atasının dükandan çıxacağını hiss edib başını pəncərədən ayırdı, cəld addımlarla reklam plakatına yaxınlaşdı və altdan yuxarı gülümsəyən öndərin ağ yaxalığına və ağaran dişlərinə tamaşa etməyə başladı. Ata dükandan çıxdı, dirəyə söykənərək damağında siqaret tüstülədən babaya yaxınlaşdı. -Bəlkə uşağı nahaq özümüzlə götürmüşük,- gileyləndi. Qoca qaşqabağını sallayaraq dodağını qabağa uzatdı: -İndi nə deyirsən, acımızdan ölək?! -Sənə hələ səhər dedim gəl uşağı nənəsinin yanında qoyaq,- atanın acıqlı səsi eşidildi.- Onun heç sümükləri də bərkiməyib. Birdən uşaq qəzəb dolu baxışlarını onlara tərəf çevirdi. Bu qəfil hərəkətdən ata diksindi. Gözlərini qıyıb diqqətini cəmlədi. Uşağın yanaqlarından yaş süzülürdü, əsəblərinin gərildiyini duymaq çətin deyildi. Baba da əlindəki siqareti çırtmayla kənara tullayıb nəvəsinə tərəf çöndü. Uşaq köynəyinin qoluyla yanağını silərək nəsə demək istədi. Ata uşağa yaxınlaşıb boynunu qucaqladı, möhkəmcə özünə sıxdı. Bir az keçəndən sonra uşağın dodaqları üfüqi vəziyyətdə səkkiz şəklini aldı və o, ağlamağa başladı. Yaxşı-yaxşı süzə bilmək üçün ata onu yüngülcə kənara itələdi. Sonra birdən əlini sərt bir hərəkətlə arxadan onun şalvarının kəmərinə saldı, -uşaq hətta qorxdu da,- ancaq onu nə vurdu, nə də həmişəki kimi çimdiklədi, sadəcə, səliqəylə köynəyinin ətəklərini şalvarının içinə saldı. Uşaq, görünür, bu hərəkətdən xoşlanmadı, əllərinin içiylə atasınn çiynindən vurub geri itələdi: -Yox, mən karyerdə işləməyəcəyəm! Mən daş atan deyiləm! Uşaq yoldan kənara çıxaraq dağların əksi istiqamətində çöl boyunca yüyürməyə başladı. Ata fikirli halda barmağının mayasnı dişlədi. Baba çətinliklə siqaret alışdırdı, çünki şimaldan yüngülcə meh əsməyə başlamışdı.
2. Zınqırov (Əmir kişinin dedikləri)
Bir ay içərisində çox götür-qoy elədim, gordüm yox, bu yerlər mənlik deyil. Həmyerlilərimlə sağollaşıb vətənə döndüm. Arvadım Güləndam məni görən kimi soruşdu: -Bir şey gətirə bildin? -Ey evidağılmışın qızı, nə gətirəcəkdim, heç iş tapa bildim ki?- deyib ayaqqabımı çıxartdım. Arvad başına döyə-döyə: -Kişi, allah sənin evini yıxsın, bir danamız vardı, onu da satdın. Dedin pul gətirəcəyəm, bəs uşaqların başını niyə kəsdin?!- dedi. Mən qeyri-ixtiyari dilləndim: -Arvad, bir səbr elə də… …Hər yerdən öz elimiz, öz torpağımız, öz adamlarımız yaxşıdı. Ətini yesələr də, sümüklərini atmırlar. Fikirləşdim ki, qarlı-çovğunlu çöllərə düşüb çörək qazanmaqdansa, kəndimizə gedərəm, xırda-xuruş alver edib, uşaqların başını saxlaram. Məmməd yun alveri, Tarıqulu şor alveri, İbiş də qaz alveri edirlər. Onlardan artıq deyiləm ki! Bəli, həftənin ikinci günü özümü verdim İran bazarına. İkinci və beşinci günlər bu bazar aşıb-daşır. Kimin əlinə nə keçir, bu günlərdə satmağa gətirir. Çindən, Dubaydan, Turkiyədən və İrandan gətirilən mallar ikinci və beşinci günlər ucuz olur. Ona görə də mal almaq üçün alıcılar bu günlərdə daha çox gəlirlər. Həsir zənbili götürüb düşdüm bazarın canına. Daraq, sancaq, uşaq oyuncaqları, saqqız, müxtəlif ölçüdə corablar, şapşap, həna, uşaq ayaqqabısı, dəftər, qələm, şor və başqa şeylər- gözə dəyən nə varsa, yığdım-yığışdırdım. Zənbilləri tutduğum maşına yığıb düz evə sürdürdüm. Güləndam dolu zənbilləri görüb dəli oldu: -Ay kişi, bu nədir, yenə haranı dağıtmısan? Elə ağlayırsan ki, pulum yoxdur, bəs pulu haradan tapmısan? Bir söz deməyib zənbilləri evə daşıdım. Aldığım şeyləri evin ortasına töküb, bir-bir gözdən keçirtdim. Qabaqlarda olduğu kimi, hər bir malın üstünə qiymət etiketi vurub təzədən zənbilə yığdım. Güləndam isə elə bil sirkdə maraqlı bir tamaşaya baxırdı. Hamısını yerbəyer eləyəndən sonra oğlumu çağırdım: -Balaşükür, sabahdan o eşşək arabasını səhmanla, dağ kəndlərinə gedəcəyik. Oğlum soruşdu: -Dədə, xeyir ola? -Alverə başlayırıq. Oğlum güldü, sonra dedi: -Dədə, day alver yoxdu. Camaat alveri buraxır, sən təzədən başlayırsan? Yenə də qabaqkı kimi batırarsan… Qoy oturaq yerimizdə. Hələ mollaobalıların borcundan çıxmamışıq. Gördün də suluçeşməli Abduləlini nə günə qoydular? Axırda evini də satıb borcdan çıxdı. Eləmə, dədə, eləmə. Elə arıq-uruğu saxlayıb dolanırıq, bəsimizdir. Mən od götürdü: -Əə, qırışmal, əlimin üstündə it ağzını açma! …Sübh tezdən durub eşşək arabasını qoşdum. Arvadı səslədim. Dolu zənbilləri eşşək arabasına yığdıq. «Hoşa» deyib tərpəndik. Evlərin arasından keçən yola çıxdıq. Qonşumuz Güləprüz xala qabağımıza çıxdı. Güləndam: -Kişi, gəl qayıdaq bu yoldan,- dedi. -Niyə? Axı niyə? -Qabağımıza Güləprüz çıxdı, işimiz yaxşı olmayacaq. Arvadın sözünə qulaq asmadım. Rəhmətlik babam həmişə deyərdi ki, arvadın dediyinə qulaq as, amma tərsinə et. Əvvəlcə Öğrubulaq və Zubanabad kəndlərini gəzdik. Satacağımız cəhənnəm, küçələrdə bir fərli başlı cinni-bəşərə də rast gəlmədik. Ordan Şatırlıya, Şorbaçıya, Tülkülüyə, Eşşəkçiyə və Ağüzümlüyə getdik. Harada arabanı saxladıq, mal təklif etdik, heç bir alıcı olmadı. Çığır-bağır salandan sonra küçələrə çıxanlar da deyirdi ki, gedə Rusiyətə gedib, pul göndərməyib, göndərəndən sonra ayın-oyun alacağıq. Güləndam kor-peşman olaraq arabanı geri döndərdi. Bir az getmişdik ki əlini dizinə çırpıb dedi: -Aa… bu kəndlərdə kişi qalmayıb ki! Gözümü eşşəyin zınqırovuna zilləyib fikrə getdim. -Eşitmirsən, ay kişi,- o məni dümsüklədi,- bu kəndlərdə kişi qalmayıb e, deyirəm! -Hə? Rusiyətə gediblər də… Təki allah işlərini avand eləsin. -Bəs indi biz neyləyəcəyik? Yol boyu Güləndam əlini ağzına aparıb elə hey deyirdi: -Aaa… bu kəndlərdə heç kişi qalmayıb ki! Mənimsə fikrim eşşəyin zınqırovunun yanında idi.
3. Əvəz kişinin dedikləri
Mühasibatlıq işi hər bir idarənin, müəssisənin, kolxoz və sovxozların fəaliyyətində ən mühüm sahədir. Mən deyərdim ki, təşkilatın döyünən ürəyi, vuran nəbzi və əks etdirən büllur güzgüsüdür. İstər Sovetlər dövründə, istərsə də hazırki zamanda mühasiblik işi adamdan dərin bilik tələb edir. Onun mahiyyətini və gərəkliyini dərk etmədən, saf, təmiz vicdana sahib olmadan mühasib işləmək çox çətindir. Belə bir ağır sahə kiməsə həvalə edilibsə, deməli həmin şəxs əliəyri olmamamlı, xalqın, dövlətin, sahibkarın əmlakına xəyanət etməməlidir. Əks təqdirdə mühasib işləyən adam çox şey itirə bilər. İnam, etibar, hörmət-izzət, sədaqət sabun köpüyü təki bir anda puç olar. Hətta inzibati orqanlar qarşısında cavab verməli olarsan. İşlədiyim müddətdə belə hallarla çox rastlaşmışam. Bütün fəaliyyətim dövründə həmkarlarıma, iş yoldaşlarıma tövsiyyə etmişəm ki, xətalı işlərdən uzaq olsunlar. Mühasibatlıq işinin sirlərinə dərindən yiyələnsinlər. Qanunçuluğa riayət etməklə, səddi aşmasınlar. Təsəvvür edin, Sovetlər zamanı kolxoz və sovxozların, şərab zavodlarının əhatə dairəsi çox geniş idi. Əmək haqlarının düzgün hesablanması, tikinti işlərinin maliyyələşdirilməsi, onların fəaliyyətinə nəzarət, təftişlər aparmaq, uçot-hesabat işlərinin düzgün qurulması, yoxlamalar zamanı ortaya çıxan əyir-əksikləri nizama salmaq, bankla üzləşmələr aparmaq hər bir mühasibdən gərgin əmək, diqqət tələb edirdi. Bir çox hallarda iş vaxtı başa çatsa da, mühasibat işçiləri gecə yarısına qədər işləməli olurdular. Ümumiyyətlə, bu sahə həm çətin, həm də məsuliyyətli işdir. Rayonlarda Aqrar-Sənaye Birlikləri yaradıldıqdan sonra mühasibat işçilərinin həm məsuliyyəti çoxaldı, həm də işin həcmi artdı. Əvvəllər təsərrüfatlara və sənaye müəssisələrinə kapital qoyuluşunun maliyyələşdirilməsi işi müvafiq nazirliklərə həvalə edilmişdi. 1975-ci ildən isə belə bir mühüm və ağır iş aqrar-sənaye birliklərinə tapşırıldı. Mənə elə gəlir ki, bunun nə demək olduğunu siz də yaxşı başa düşürsünüz. İndiki kimi yadımdadır. O vaxtlar Respublika Aqrar-Sənaye Komitəsinin sədri rəhmətlik Yunus Rzayev idi. O, rayonumuza gəlmişdi və yuxarıda qeyd etdiyim məsələ ilə əlaqədar ictimaiyyətin içərisində üzünü mənə tutub dedi: -“Əvəz kişi, bu gündən etibarən rayonda bu işlərin təşkilinə rəhbərliyi sənə tapşırıram”. Bu, böyük etimad və həm də işimə verilən yüksək qiymət idi. Belə bir etimad məndə olan məsuliyyət hissini birə-beş artırdı. Sonralar məlum oldu ki, mənə göstərilən etimad əbəs deyilmiş… Taleyim elə gətirib ki, bir neçə prokurorla, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə, birinci katiblərlə işləməli olmuşam. Bu adamların arasında ədalətlisi də olub, ədalətsizi də. Mənə qarşı tələ qurmaq istəyənlərə də, məni dolaşdırmağa çalışanlara da rast gəlmişəm. Amma bir şey var ki, işlədiyim müddətdə həmin adamların pis əməlləri üçün “əl yeri” qoymamışam. Harada işləmişəmsə, uçot-hesabat və maliyyə işlərini qanuna uyğun aparmışam, tabeliyimdə olan işçilərdən tələb etmişəm ki, əyintiliyə yol verməsinlər. Bir dəfə prokuror Tələt Qənbərov rayon aqrar-sənaye birliyinin rəisi Əvəz Babayevin yanında bildirdi ki, İbişov, SSRİ Ali Məhkəməsinin plenumu belə qərar qəbul edib. Orada göstərilir ki, hətta 200 manata qədər yeyinti və çatışmamazlıq olduğu halda həmin adamlar barədə cinayət işi qaldırılır. Amma sən bu vəzifəyə gələndən sonra prokurorluğa bir dənə də olsun cinayət işi daxil olmayıb. Bu necə olan işdi? Yəni, bu boyda rayonun təsərrüfatlarında, sənaye müəssisələrində heç bir yeyintiliyə, çatışmazlığa yol verilməyib? Cavabında bildirdim ki, hər şey göz qabağındadır. Siz bu boyda rayonun prokurorusunuz. Belə bir faktla üzləşmisinizsə, tədbir görə bilərsiniz. Bu hal, bizim də işimizə müsbət təsir göstərməmiş olmaz. Bu cavabımdan sonra Tələt Qənbərov daha başqa söz demədi. Bir faktı da qeyd etmək yerinə düşər. 1981-85-ci illərdə respublika daxili işlər Nazirliyi tərəfindən bir neçə rayonda ciddi yoxlamalar keçirildi. Yoxlamaların nəticəsi ilə bağlı ayrı-ayrı rayonlardan bir çox adamlar cinayət məsuliyyətinə cəlb olundu. Amma cinayət məsuliyyətinə cəlb olunanların arasında bir nəfər də olsun cəlilabadlı mühasib olmadı. Bu bir daha göstərir ki, adamlarla işləməyi bacarmaq, onları düz səmtə yönəltmək lazımdır. Bir dəf prokuror Ələsgər Rüstəmov mənə belə dedi: -“İbişov, sən bilmirsən ki, yoxlama-təftiş işinə rayonda iki nəfər nəzarət edir? Onlardan biri mənəm, bir də sən”. Prokurorun bu eyhamını yaxşı başa düşürdüm. Rayon partiya komitəsinin birinci katibi İbrahim Quranovun vaxtında istər prokuror olsun, istərsə də qeyri hüquq-mühafizə orqanlarının işçiləri, təkbaşına bir iş görə bilməzdi. Səksəninci illərdə rayon partiya komitəsinin birinci katibi mənə qarşı ədalətsizlik etmişdi. Mənə şiddətli töhmət vermişdi. Səbəbi də guya bu olmuşdu ki, Xanəgah kəndindəki Məmmədyarov adına sovxozda yoxlama aparılarkən direktor Möhsüm Kərimova havadarlıq göstərmişəm və yol verilmiş əyintiləri ört-basdır etmişəm. Bu işdə rayon icraiyyə komitəsinin sədri Aslan Mehdiyev mənə yaxından köməklik göstərdi və heç bir günahın sahibi olmadığımı bildirdi. Bütün bunlarla yanaşı mənə dəstək olan, köməklik göstərən, işimin ağırlığını və məsuliyyətini nəzərə alan, qayğı və diqqət göstərən rəhbər işçilər də az olmamışdır. Rayon partiya komitəsinin birinci katibləri Əli Əliyev, Əbdüləli Mürsəlov, bir sıra mühüm vəzifələrdə işləmiş Əvəz Babayev, aqrar-sənaye birliyinin rəhbərləri olmuş Qılınc Nəsirov, Adıgözəl Yarməmmədov, Vəkil Zeynalov, Qüdrət İsmayılov, təsərrüfat rəhbərlərindən Məzahir Süleymanov, Mirzəhüseyn Mirzəyev, Bəhriş Kərimov, Əzizağa Əzizov, Kamran Həsənov, Ağasalah Abdullayev, uşaqlıq dostum Alı Əsgərov, ikinci katib Əlövsət Bəşirov və başqalarını öndəmə çəkmək olar. Bu adamlar işi bilən, haqqı-ədaləti hər şeydən üstün tutan, təsərrüfatda bişən, qayğıkeş, səmimi, təvazökar, təəssübkeş, öz köməyini əsirgəməyən, çörək verən, sözün düzünü deyən olublar. Mən həmişə belə adamların diqqət və qayğısını hiss etmişəm, ağsaqqal kimi hərəkətlərinin canlı şahidi olmuşam. Cahangir Paşayev də xoş xatirələrlə yaddaşıma həkk olunub. Onu təkcə Cəlilabadda yox, eyni zamanda respublikada da yaxşı tanıyırdılar. Uzun illər Ali Məhkəmənin sədri işləmiş İsmayıl İbrahimov və başqa nüfuzlu şəxslər Cahangir Paşayevin adını həmişə hörmətlə çəkərdilər... İnsan həmişə firavan günlər keçirmir. Həyatda yaşayırsansa, deməli çətinliklərlə də üzləşməli olursan. Mənim ən ağrılı, nisgilli günüm 2002-ci il yanvar ayının son günləri olub. Ömür-gün yoldaşım, qəlb sirdaşım Yemən xanım yanvarın 30-da dünyasını dəyişdi. O ağrılı, o acılı və nisgilli günlər bu gün də, ömrümün bu yaşında da məni rahat buraxmır. Kişi üçün həyat yoldaşı, mən deyərdim ki, həyatda hər şeydir. Ona görə həyat yoldaşınızın qədrini, qiymətini bilin. Onu bütün bəlalardan, xətalardan qoruyun, ona sipər olun. Sağlam yaşaması üçün imkanlarınızı əsirgəməyin.
4. Həmrəylik günü
Yeni ili qarşılamaq üçün dekabrın 30-da rayona gedəsi oldum. Yolda hər addımbaşı düzülən yol polisləri bayram əzuqəsi toplamağa çıxmışdılar. Polislərdən biri bizim maşının sürücüsünü saxlayıb Azərbaycan yol polisinin “şücaətini” sərgiləməyə başladı. Sürücüdən təhlükəsizlik kəmərini niyə bağlamadığını soyuşanda sürücü and-aman elədi ki, bəs kəməri bağlayıb. Bu zaman polis kəmərin köhnə olduğunu deyib, “açıq söhbətə” keçdi: “10 manat verməlisən”. Sürücü polisin üstünə çımxırıb dedi ki, 10 manat nə gəzir, kasıb adamam. Onda polis 5 manat endirim edib, qarşıdan gələn bayramda evinə əliboş getmək istəmədiyini bildirdi. Mübahisənin sonu çox yaxşı oldu. Belə ki sürücü polisə 1 manat verib, and-aman elədi ki, gücü buna çatır. Hər ikisinin üzündəki zəhər dağıldı və hər iki müasir azərbaycanlı gülümsəyərək, bir-birlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edib ayrıldılar. Sürücü yoluna davam elədi, polis isə soyğunçuluğuna, yalvara-yalvara pul dilənməyinə. Bu mərəkədən yadımda qalanı və ən çox məni narahat edəni isə şanlı Azərbaycan polisinin yalvarışları idi: “Elə bilirsən səndən aldığımı tək yeyirəm. Bayramdır e, hamısının payı çatmalıdır”.
Комментариев нет:
Отправить комментарий