Страницы

01.03.2011

Oktay Şamil

Şamilov Oktay İmanqulu oğlu - şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988)



Oktay Şamil (Oktay İmanqulu oğlu Şamilov) el arasında soyadı Süleymanlı! 17 fevral 1944-cü ildə Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. İlk təhsilini Bico kənd orta məktəbində almış, 1960-cı ildə həmin orta məktəbi bitirmişdir. Ədəbiyyata marağı orta məktəb illərindən başlanır. Dil-ədəbiyyat müəllimi Səbzalı Mirzəliyev və əmisi oğlu Fəzail Şirməmmədov onda özünə inam hissi yaratmışdır. Universitet illəri Oktay Şamilin yaradıcılığına yeni məzmun gətirmişdir. İctimai məzmunlu ilk ciddi yazısı “Şamaxı” adlanır (1963). Şeir o zamankı ədəbi ictimaiyyətin, xüsusilə də böyük xalq şairi Rəsul Rzanın diqqətini cəlb etmiş, ona münasibət bildirmiş (Azərbaycan Radiosu 1965), digər şeirləri ilə birgə “Gənclik” nəşriyyatına təqdim etmişdir (1969). “İstək” adlı ilk kitabçası həmin basım ocağında işıq üzü görmüşdür (1970). Kitabça ədəbi ictimaiyyət tərəfindən isti qarşılanmış, haqqında resenziyalar yazılmışdır.

Oktay Şamilin yazıları Rusiyanın, Türkiyənin, İranın çeşidli mətbuat orqan-larında (qəzet, jurnal, dərgi və almanaxlarda) yayımlanmışdır. Tehrandakı “Yol” məcəlləsi 1989-cu ildə şairə xüsusi səhifə ayırmışdır. Moskva şairi Dmitri Çeselçukun tərtib etdiyi kitaba («Молодая поэзия Азербайджана», «Язычы», 1986) Oktay Şamilin poetik nümunələri də daxil edilmiş, bu yazılara tanınmış rus şairi Yakov Kozlovski fikir bildirmişdir.

Oktay Şamil 23 yaşında Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir (1967). Bir müddət Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində dil-ədəbiyyat müəllimi (1967), “Yeni Şirvan” qəzetində əməkdaş (1968), daha sonra Rəsul Rzanın başçılıq etdiyi Ensiklopediyanın (ASE) incəsənət şöbəsində redaktor işləmişdir (1968). 1970-1997-ci illərdə Dövlət Televiziya və Radio verilişləri Komitəsində (indiki qapalı tipli səhmdar cəmiyyəti!) müxtəlif vəzifələrdə çalışmışdır. Oktay Şamil 1988-ci ildən SSRİ Yazıçılar İttifaqının (indiki Azərbaycan Yazıçılar Birliyi) üzvüdür. Respublika Yazıçılar Birliyində 2 il Şirvan bölgəsinə rəhbərlik etmişdir (2003-2004). Bir il Yazıçılar Birliyi bədii tərcümə mərkəzində tərcüməçi işləmişdir (2005).

Oktay Şamilin mahnı yaradıcılığı da var. Sözlərinə tanınmış bəstəkarlardan Elza İbrahimova, Eldar Mansurov, Tofiq Babayev, Ruhangiz Qasımova populyar mahnılar bəstələmişlər (“Sevgimiz elə bu qədərmiş”, “Qayıt ana”, “Yox, mən səni görməmişəm”, “Bağışla”, “Narıncı dünya”, “Suraxanı”, “Sevgi nədir bilərsən”, “Bəyaz gecələr” və s.). Bu mahnıları xalq artistləri Flora Kərimova, İlhamə Quliyeva, Yalçın Rzazadə, Azər Zeynalov, “Qaya” vokal kvarteti, Səməd Səmədov, Türkiyəli müğənni Hayfı, bolqar müğənnisi Lili İvanova və başqaları ifa etmişlər. Oktay Şamilin mahnıları, eləcə də şeirlərindən ibarət poeziya buketi Respublika radiosunun qızıl fondunda saxlanılır. “Sevgimiz elə bu qədərmiş” mahnısı Flora Kərimovanın ifasında qramofon valına yazılmışdır (1984).

Oktay Şamil 5 şeir kitabının və 1 seçilmiş əsərlər toplusunun müəllifidir.  

Əsərləri: 

“İstək” (“Gənclik” nəşriyyatı, 1970)

“Girdmandan gələn səs” (“Yazıçı” nəşriyyatı, 1984).

“Tut ağacı” (“Gənclik” nəşriyyatı, 1985)

“Sözün gerçəkliyi” (“Yazıçı” nəşriyyatı, 1989)

“Sevgimiz elə bu qədərmiş” (“Ağrıdağ” nəşriyyatı, 2000)

“Azadlığın quşqonmazında ay haləsi” (“Şirvannəşr”, 2010)



Sözlərinə bəstələnmiş mahnılar:

“Sevgimiz elə bu qədərmiş”,

“Qayıt ana”,

“Yox, mən səni görməmişəm”,

“Bağışla”,

“Narıncı dünya”,

“Suraxanı”,

“Sevgi nədir bilərsən”,

“Bəyaz gecələr”


Şeirləri



                                        MƏNİ DİLLƏNDİRƏN ŞAİRLİYİMDİ



Biz bir cüt əkizi əksliklərin

Məni dilləndirən şairliyimdi!

Aramızda çay var, dənizdən dərin

Səni şullandıran acgözlüyündü!



Sən dollar düşgünü, sırf sərvət soran,

Mən yalxı ürəyə barmağın soran

Sən eyzən teyxa yağ,

mən eyzən şoran

Məni dilləndirən şairliyimdi,

Səni şullandıran acgözlüyündü.



Hər yerə pul kimi axırsan deyə,

Pulun arxasından baxırsan göyə

Göylər də mat qalıb hara söyləyə?!

Məni dilləndirən şairliyimdi,

Səni şullandıran acgözlüyündü!



Yallan, yallanan ol, mənsə aldanan

Şullanar it kimi ələ tullanan

Onunçun pullanır belə pullanan

Məni dilləndirən şairliyimdi,

Səni şullandıran acgözlüyündü!



Dünyadı, qanana dana böyüdür,

Deyirsən onu da ana böyüdür…

Qutsal anaları məna böyüdür

Məni dilləndirən şairliyimdi,

Səni şullandıran acgözlüyündü!



Sən kimsən? Qul! Kölə! Elədən belə,

Cılızsan, cındırsan, “cır-cıp”san, ölə!

Siçantək daşıyıb yığırsan çölə

Məni dilləndirən şairliyimdi,

Səni şullandıran acgözlüyündü!



                                           Əfzələddin Xaqaninin xatirəsi



O min ildən,

minillikdən,

Mina tutub mənalanmış

o “buye-tork” şeirlikdən

Xaqaniymiş

ürəyimə ən yaxını.

Oxuduqca Xaqanini

Dırmanıram zirvələrdə Qaf dağını…

“Qaf” – Qurandı!

“Qafqaz” amma

vuran, qıran,

uçurandı

Tiran şair Xaqanisə

riya bilməyən Turandı.

Min bir ildi

qaranlıqlar dumanlıqdı,

Dumanlıqlar “Turan”lıqdı,

Dörd bir tərəf toranlıqdı.

Qan qusur yer –

Tufanlıqdı!

Dağ deşir dərd –

tüğyanlıqdı!

Qiyya çəkir

zülm içində gülən zülmət.

Qiyam gəzir hələ-həlbət…

Hara getsən

şaxta, sazaq, boran, çovğun!

Dövran yenə həmən dövran,

halı pozğun!

Vaxt yırtıcı,
quduz, quzğun…

Комментариев нет:

Отправить комментарий