Страницы

26.04.2011

«Asadov Capital» kimindir?!


Şirkətin Bəylər Əyyubovun doğmaca əmisi oğluna məxsus olduğu bildirilir…

Emblemində Böyük Kürdüstanın xəritəsi olan bu holdinq Azərbaycanda monopolist şirkətlərdən və soyadlardan birinə çevrilib…
II Yazı
Balıqçılıq
«Asadov Capital»a məxsus Hövsan limanında yerləşən kompleks Xəzər dəniz balıq məhsullarının hər növü üzrə tutulma, yetişdirmə və çatdırılma işlərini əhatə edir. Növbənöv balıq və balıq məhsullarının ölkədə və xaricdə satışını təşkil edən şirkətin əsas gəlir mənbəyi dünya balıqçılıq sənayesində aparıcı xəttə malik qara və qırmızı kürü, nərə balığı, beluqa, kifal, karp və s.-in ixracından əldə edilir. Yüksək texnoloji avadanlıqlar, aqreqatlar vasitəsilə Xəzər dənizindən əldə edilən balıqlar limanda salınan kompleksdə işlənilərək xaricə daşınır. Əldə etdiyimiz məlumata əsasən, balıq və balıq məhsullarının çox az hissəsi ölkə daxilində saxlanılır ki, bunun da səbəbi kimi ölkədə bu məhsullara tələbatın olmadığı göstərilir. Halbuki ölkə daxilində əsas bazarı çay balıqları tutduğundan – dəniz balıqlarından fərqli olaraq çay balıqları fərdi şəkildə asanlıqla əldə edilə bildiyindən ucuz qiymətə satılır – dəniz balıqlarına ehtiyac qalmır. Qərb dövlətlərində isə Xəzər balıqları, qara kürüsü məşhurdur və bu məhsullara tələbat da çoxdur. Bu sahədə rəsmi rəqəmlər məxfi saxlanılsa da, balıqdan gələn gəlirin neft qədər dəyərə malik olduğu söylənilir. Şirkətin bu sahədən əldə etdiyi gəlir də milyonlarla manatı keçir.
Taxıl məhsulları
Əsası 5 il əvvəl Hövsan limanında qoyulmuş Bakı Taxıl Terminalı Azərbaycan və Qazaxıstanın müştərək müəssisəsi hesab olunur. Terminalın açılışını şəxsən prezident İlham Əliyev həyata keçirib. Məqsəd Qazaxıstan taxılının Qafqaz, Qara Dəniz hövzəsi, Yaxın şərq və Şimali Afrika dövlətlərində ixrac bazarının yaradılması, eyni zamanda Azərbaycanın taxıl təminatının ödənilməsi olub. Taxıl Qazaxıstanın Aktau limanından dəniz marşrutu vasitəsilə və dəmiryolu nəqliyyatı ilə daşınır. Terminal ildə 500 min tondan artıq taxıl və taxıl məhsulları saxlamaq gücündədir. «Asadov Capital» terminalda dəyirman və çörək sexi açmaq niyyətindədir. Məlumat üçün bildirək ki, çörək satışı xırda ticarət hesab olunsa da, insanların gündəlik tələbat növü olduğu üçün daha geniş gəlir sahəsinə aid olan məhsullar siyahısında durur. Təkcə xırda sexlərin gündəlik çörək istehsalı 7-10 min ədəd arasında dəyişir. Düzdür, bir müddət əvvəl xırda – heç bir oliqarxa məxsus olmayan sexlərin böyük əksəriyyəti heç bir hüquqi əsas gətirilmədən bağlandı. Bu prosesdən bir qədər sonra isə aydın oldu ki, «Azərsun» şirkəti çörək monopoliyasını ələ keçirmək niyyətində olduğundan onun yuxarı eşalondakı havadarları, ölkənin çörək sexlərinə «əl gəzdirib»lər və bu şirkətə sərbəst ticarət üçün sahə boşaldıblar. Artıq «Asadov Capital»ın da bu sahəyə baş vurması çörəklə bağlı daha ağır yeniliklərin olacağından xəbər verir. Çünki hər belə prosesdən sonra, çörəyin qiymətini qaldırmaq üçün dərhal «oyun» qururlar. «Asadov Capital»la müqayisədə «Azərsun» rəqabətə tab gətirəcək şirkət kimi görünmür. O baxımdan da, ölkənin ən böyük çörək bazarının «Asadov Capital»ın əlinə keçəcəyi şübhəsizdir.
Nəticə
Tək bir şirkətin fəaliyyət spektrini araşdırarkən, çox maraqlı məlumatlar əldə etdik. Hər bir sahədən şirkətin hesabına gələn gəlir Azərbaycanın illik dövlət büdcəsinin maliyyə vəsaitindən bir qədər azdır.
Girişdə bəhs etdiyimiz mövzu bu yazı ilə birbaşa əlaqəlidir. «Asadov Capital»ın əsas sahiblərini axtarandan və qismən tapandan sonra adamın deməyə sözü qalmır. Mənbə bizi doğru istiqamətdə istiqamətləndirməmişdi. Ona görə də prezident İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun, Milli Məclisin sədri Oqtay Əsədovun, Hesablama Palatasının sədri Heydər Əsədovun isimləri və komandaları üzərində dayandıq. Allaha şükür, Azərbaycanın iri çaplı məmurlarının əksəriyyəti onsuz da ya oliqarxdır, ya da oliqarx olma yolunda addımlayırlar. Tapa bilmədik. Yəni kordinatlar bir türlü uyğun gəlmirdi. Görülən bütün işlər, «Asadov Capital»ın bütün kordinatları sadaladığımız adamlara aid deyildi. Bir də axı nə olsa da, Kürdüstanın xərtiəsi ilə bu məmurların nə işi?!
Kimdir «Asadov Capital»?!
Bir neçə həftə boyu apardığımız gərgin araşdırmalar nəhayət ki, nəticə verdi. Şirkətin sahibi kimi görünən Rafiq Əsədov adlı adamın kimliyini öyrənə bildik. Bu da yetərli olmadı. Amma «axtaran tapar» deyirlər, usanmadan apardığımız axtarışlar və ilkin mənbəyə yaxın adamlardan əldə etdiyimiz bilgilər bizi heyrətə saldı. Sən demə, «Asadov Capital»ın sahibi Rafiq Əsədov prezidentin şəxsi mühafizə idarəsinin rəisi, general Bəylər Əyyubovun doğmaca əmisi oğlu imiş. Məlumatlı mənbənin dediyinə görə, Bəylər Əyyubovun yaxın qohumları bir neçə familiyada birləşir və Əsədov da onların familiyalarından biridir. Yəni araşdırmalarımızın nəticəsi olaraq meydana çıxır ki, «Asadov Capital» əslində Bəylər Əyyubovun şirkətlərindən biridir və onun arxasında birbaşa generalın özü dayanır…
Bəylər Əyyubovun nəyi var, nə yox?!
Azərbaycan oliqarxiyasının ən parlaq simalarından biri olan Bəylər Əyyubov kifayət qədər kapital toplaya bilib və hakimiyyətdəki nüfuzuna və təsir imkanlarına görə hakim siyasi elitada ilk beşlikdə yer alır. Kapital toplamasına və nüfuz dairəsini genişləndirməyə şərait yaradan amillər sırasında sözsüz ki, onun dövlət başçısı mərhum Heydər Əliyevə və onun oğlu, indiki prezident İlham Əliyevlə yaxınlığı az rol oynamayıb. Bu yazıda Azərbaycan Respublikasının prezidentinin şəxsi mühafizəsinə cavabdeh olan şəxsin sahib olduğu çoxsaylı daşınmaz əmlaklar barədə deyil, səhmdar cəmiyyətləri barədə söz açacağıq.
Hakim ailə ilə qohum münasibətdə olan Bəylər Əyyubov dövlət əmlakının özəlləşdirilməsi zamanı əlindəki siyasi rıçaqlardan istifadə etməklə çoxsaylı orta və iri müəssisələri nəzarətinə keçirib. Azərbaycansayağı özəlləşdirmənin xüsusiyyətlərinə xas olan keyfiyyətlərdən biri olaraq Bəylər Əyyubov təbii ki, bu ASC-ləri öz adına rəsmiləşdirə bilməzdi. Bu, təvazökarlıq deyildi, sadəcə olaraq, dövlət qulluğunda çalışan şəxs üçün xoşagəlməz problemlər yarada bilərdi. Bəylər Əyyubova aid olduğu bildirilən səhmdar cəmiyyətləri idarə edən şəxslər adətən üzə çıxmağı xoşlamırlar, kiçik səhm sahibi olan səhmdarlar da bilirlər ki, “Bəylərovun obyektindən nəsə qoparmaq çətin məsələdir”.
Profilinə görə Bəylər Əyyubovun səhmdar cəmiyyətləri müxtəlifdir. Aralarında mehmanxana da var, nəqliyyat, tikinti, sənaye, balıqçılıq, şərabçılıq müəssisələri də. Daim prezidentin böyür-başında olmaqla bu qədər rəngarəng müəssisədən baş çıxarmaq həqiqətən də böyük bacarıq və səriştə tələb edir. Düzdür, bu müəssisələrin bir hissəsi fəaliyyət göstərmir. Amma bu, o demək deyil ki, Bəylər Əyyubov bura boş-boşuna əl qoyub. Məsələn, Qaradağ rayonundakı “Ələt Avtobus Təmiri” ASC, tikintisinə başlanan Beynəlxalq dəniz limanının yaxınlığında yerləşir və Ələt qəsəbəsində Azad İqtidasi zonanın yaradılması nəzərdə tutulduğundan məqsədlərin strateji xarakteri ortaya çıxır. Yəni bu gün bu ASC heç bir gəlir gətirməsə də, əslində böyük perspektivlər vəd edir. Bu səhmdar cəmiyyətinin ərazisində bir neçə sənaye müəssisəsi yerləşə bilər.
«Mərdəkan broyler» fabriki barədə də ciddi planlar var. 1998-ci ildə özəlləşdirildikdən sonra fasiləsiz olaraq fəaliyyət göstərən və istehsal həcmlərini artıran “Mərdəkan Broyler” ASC 2008-ci ildə fəaliyyətini dayandırdı. Müəssisə faktiki olaraq müflislik həddinə gətirildi. 10 il ərzində səhmdarlar bu fabrikdən bir manat nədir, heç bir toyuq budu da görmədilər. Yüzlərlə hektar torpaq sahəsi olan bu fabrik barədə indi yeni planlar qurulur. Ümumi yığıncaqlar keçirilmədiyinə görə, digər səhmdarların bu planların mahiyyətindən xəbərləri yoxdur.
Bəylər Əyyubovun səhmdar cəmiyyətlərinin bir çox özəllikləri var. Onlardan biri odur ki, Bəylər Əyyubov qazancını ilə heç kəslə bölüşməz. Yəni balans üzrə daim zərər ortaya qoyulduğundan, dividentdən söhbət açmaq yasaqdır. Başqa bir xarakterik özəllik odur ki, bu ASC-lərin səhmlərinə münasibətdə Bəylər Əyyubov qərb birjalarında brokerlərin istifadə etdikləri terminlər kimi davranır. Yəni o, səhmləri toplamır, əllərindəki səhmlərdən gəlir götürməyən səhmdarları onlardan yaxa qurtarmağa məcbur edir.
Digər özəllik isə odur ki, Bəylər Əyyubov adətən özəlləşdirmə zamanı səhmlərin 90%-dən çoxunu ələ keçirməyə üstünlük verir. Beləliklə, aşağıda general Bəylər Əyyubovun malik olduğu səhmdar cəmiyyətlərin bir qisminin sıyahısını açıqlayırıq.
1. “Bakı Dəniz Balıq Limanı” (“Hövsan Balıq Konserv”, “Bakı Dəniz Balıq Limanı” və “Soyuducu Donanma” ASC-lərin birləşməsi nəticəsində yaranıb);
2. “Xanlar Aqrosənaye”;
3. “Mərdəkan Broyler”;
4. “Ələt Avtobus Təmiri”;
5. “Dərnəgültikintisənaye”;
6. “Bakqazmaş”;
7. “Bakı Yoltexnikatəmir”;
8. “Cənub”;
9. “Aygün”;
10. “Bakı Yol Tikinti-1”;
11. “Ceyranbatan Körpü Konstruksiyaları”;
12. “Qala” (keçmiş “Metallurgiya Nəqliyyat” ASC);
13. “Şirvan Mehmanxana”;
14. “Salyan Taxıl”;
15. “Ekspress İnşaat”.
Qeyd edək ki, bəzi mənbələr siyahıda adı gedən son 3 ASC-nin Bəylər Əyyubova məxsus olmadığını bildirirlər. Azərbaycanda 1500-dən çox səhmdar cəmiyyət özəlləşdirilib. Amma nəzərə alaq ki, ölkədə digər məmurlar da var və onların da mülkiyyt əldə etmək hüququ var.
Bir çoxları iddia edirlər ki, Bəylər Əyyubov və digər oliqarxlar əslində nominal sahiblərdir və bir növ menecerlərdir, idarəetmələrində olan mülklərdən əldə etdikləri gəlir üçün yalnız faiz alırlar. Ölkədə əhalinin əlində olan xırda-para şeylər nəzərə alınmadan bütün əmlakın bir mütləq sahibi var, o da prezidentdir.
Redaksiyadan:
Biz «Asadov Capital» haqqında araşdırma yazılarımızdan sonra müxtəlif təpkilər almaqdayıq. Təbii ki, yazdıqlarımızın mütləq həqiqət olduğunu iddia etmirik. Bu məlumatların ölkənin hüquq-mühafizə orqanları tərəfindən ciddi yoxlanılmasına ehtiyac olduğunu bilirik və bildiririk. Hüquq-mühafizə orqanlara araşdırıb ortaya çıxarmalıdırlar ki, «Asadov Capital» həqiqətən kimindir və oradakı Kürdüstan xəritəsi kimin başının məhsuludur? Eyni zamanda yazıda adı çəkilən hörmətli generalın da münasibətini dərc edə bilərik. Biz yazının hazırlanma mərhələsində bir neçə dəfə suallarımıza cavab almaq istəsək də, buna nail ola bilmədik. Bəylər Əyyubovla görüşmək və ondan suallara cavab almaq həqiqətən müşkül məsələdir!
Bunu bilməyənmi var?!
Düzəliş:
Ötən sayımızda diqqətsizlik ucbatından yazının girişindəki mətndə rusca olan hissə texniki səbəblərdən qarışıq hərflərlə gedib. Əslində isə, ötən yazının girişindən sonrakı abzası bu cürdür:
«İnternet saytlarından birində, «Na odnoy iz vstreç v Baku, odin oliqarx azerbaydjansko-neponətnoqo proisxojdeniə, imeöhiy interesı v Kurdistane i aktivno sponsiruöhiy i universitet i şkolı, obratilsə k naşim promouteram, a nelğzə li orqanizovatğ treninqi dlə Suleymanskoqo universiteta. Lğzə skazali naşi qorəçie parni, po priezdu domoy vışli na nas i çerez 2 nedeli ə s dvumə kolleqami uje speşili na samolёt. Popastğ v Kurdistan na udivlenie prosto…» sözlərilə başlayan bir məqalədə iş adamlarından birinin Bakıda olarkən, azərbaycanlı, lakin əsli, milliyyəti bəlli olmayan oliqarxlardan birinin Kürdüstanla bağlı maraqlarının olduğunu söyləyir.»

“Xural” qəzeti

Комментариев нет:

Отправить комментарий