Страницы

26.06.2011

BAKIDA NARKOTİKİN SATIŞ QİYMƏTLƏRİ


Heroinin bir qramı 40, kokain isə 80 manatdır; türmələrdə bu “mallar” fantastik qiymətə satılır

BMT-in qərarı ilə 26 iyun dünyada narkotiklərlə mübarizə günü kimi qeyd edilir. Bəşəriyyətin ən dəhşətli bəlası olan xəstəliklərdən biri də narkomaniyadır. İnsanları maddi, mənəvi və fiziki cəhətdən fəlakətə aparan bu sosial bəlaya qarşı mübarizə aparılsa da real nəticələr heç də ürəkaçan deyil.
Əli HəsənovAzərbaycanda narkotik istifadəçilərinin sayı günbəgün artır. Bunu bir neçə gün öncə baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov da etiraf edib. O, ötən il ölkədə narkomanlarının sayının 2500 nəfər artdığını deyib: “Hazırda rəsmi qeydiyyatda 26000-ə yaxın narkotik istifadəçisi var. Azərbaycanda narkomanların sayı faktiki qeydiyyata alınanlardan daha çoxdur”.
Ə.Həsənovun sözlərinə görə, ötən il Daxili İşlər Nazirliyi tərəfindən 2 tona yaxın, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 1 ton 200 kq, Dövlət Sərhəd Xidməti tərəfindən 350 kq-dan çox, Dövlət Gömrük Komitəsi tərəfindən isə 300 kq-a yaxın narkotik müsadirə edilib. 350 tona yaxın təbii yolla yetişdirilən narkotik xassəli bitki aşkar edilərək məhv olunub. Ancaq görünən budur ki, mübarizə tədbirləri müsbət irəliləyişdən xəbər vermir və son 10 ildə dünyada narkotiklərin ümumi istehsalı 78 faiz artıb.
Bəs Azərbaycanda narkotik məhsulları neçəyə satılır? Qiymətlər necə müəyyənləşir? Bununla bağlı araşdırma apardıq və “ağ ölüm”ün neçəyə başa gəldiyini öyrənməyə çalışdıq.
Hazırda ən bahalı narkotik məhsulu kokain hesab olunur. Bu məhsulun 1 qramı 70-80 manata satılır. Nəşəni 10-15 manata satırlar. Nəşənin ən keyfiyyətlisi isə 20 manata tapılır. Damara yeridilən uyuşdurucu maddələrin qiyməti müxtəlifdir. Bu “mal”ın qiyməti 10 manatdan 100 manata qədərdir.
Qeyri-rəsmi mənbələrdən aldığımız məlumata görə, heroinin bir qramı 30-40 manata satılır. Həbsxanalarda isə bu “mal”ın qiyməti 250-300 manat arasında dəyişir. İçəridə bu pulu verib bir qram “mal” alan heroin alverçisi onu birdəfəlik istifadə dozalarına bölür. Böləndən sonra məhsulu 15-20 manata satırlar. Azərbaycan həbsxanalarında ayda orta hesabla 3 kq heroin dövr edilirsə, ümumi dövriyyə ən güzəştli halda 2 milyon manatdan artıq təşkil edir. Bu məbləğdə İrandakı narkobaronlardan tutmuş dustaqlar da daxil olmaqla yüksək vəzifəli məmurlaradək payı olanlar var. Onu da bildirək ki, Lənkəran, Şirvan və Hacıqabul bölgələri narkoticarətçilərin əsas oylağına çevrilib.

Emil SALAMOĞLU                     musavat.com

Комментариев нет:

Отправить комментарий