Günay Ümid
Gəl bir oyun oynayaq
Mən sayım, sən gizlən
Axtarım səni.
Mən axtarmağa öyrəşmişəm balaca.
Amma qaranlıqda gizlənmə
Qaranlığın gözləri baxdıqca
Kölgə salar taleyinə.
Ömrüm boyu axtarmışam!
Axtarmışam insanlarda insanlığı,
Gündüzlərin işığını,
Ümidin yalın ayağına düşməyə,
Mən günəşin istisində üşüməyə
Öyrəşmişəm balaca…
Gəl bir oyun oynayaq
Mən qaçım, sən qov!
Addım-addım,
Sürüm-sürüm
Öz içimdə ovulmağa öyrəşmişəm.
Bu günümdən sabahıma qovulmağa
Öyrəşmişəm balaca…
Gəl bir oyun oynayaq.
Yeddi şüşə.
Çəmbərdən çıxan şüşə
Sənin olsun balaca.
Çərçivəmdən çıxmamağa öyrəşmişəm.
Qırılmışam.
Çiliklərim içimdəki çəmbərimi kəsə bilmir,
Yorulmuşam balaca…
Gəl bir oyun oynayaq
Ovuclarımda gizlədim
Son arzumu.
“Ya bundadı, ya bunda”
Deyərək axtar balaca.
və tap,
Ovuclarımın içində sıxışan diləyimi..
Körpə əllərinlə azad elə sən balaca.
Getməliyəm balaca!
Əslində getməkdən də qorxuram…
Belə möhkəm görsənməyimə baxma
İnanma qürurumun yalançı mətinliyinə,
Getməliyəm !
Əslində getməkdəndə qorxuram
Əməl dəftərimə yazılan
Oyunların çətinliyinə
Qorxuram balaca…
Daha oynamaq istəmirəm,
Susdum!
Susdum balaca.
Daha oynamaq istəmirəm
Mən uduzdum balaca.
Комментариев нет:
Отправить комментарий