Страницы

24.07.2011

Əli Həsənovun mətbuat prospekti!


Şöbə müdiri «Azərbaycan» nəşriyyatınınərazisini qarış-qarış inhisarına keçirir vənəşriyyatı bitirir!..
Azərbaycanda hər bir məmurun özünün böyük bir iqtisadi imperiyası var. Mərhum prezident Heydər Əliyev iqtidara gələndən sonra Azərbaycanda inzibati bölgülərin həyata keçirilməsi prossesi başlandı. Bir nazir qardaşlarını millət vəkili, icra başçısı təyin etdirməyə başladı. Ölkə kiçik bir ailə konsepsiyası ilə idarə edilməyə doğru istiqamət götürdü. Xüsusilə də regional idarəetmə prinsiplərinə xüsusi önəm verilməyə başlandı. 
Bununla da ölkədə birbaşa ailə-üsul idarəçiliyi bərqərar edildi. Yuxarıdan aşağı idarəetmə prinsipləri demək olar ki, əsas prioritet oldu. Və bu tendensiya İlham Əliyev iqtidara gələndən sonra daha da sürətləndi. Polis rəisləri, icra başçıları, mütləq mənada hansısa yüksək çinli məmurun yaxın qohumu, ən pis halda tələbə yoldaşı və ya uzaq qohumu olmalı idi. Bu məmurlar arasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov uzun müddət sadəcə ictimai-siyasi statusunu möhkəmləndirməyə başladı. Təkcə sıravi azərbaycanlılar deyil, iqtidarın elitasında da bu ad və soyadı qəbul etməyə başladılar. Əli Həsənov markaya çevrildi. İllərlə markaya işləyəndən sonra, öz markasını özünə işlətməyə başladı. Bununla da təmsil olunduğtu sektordan pullar qazanmaq amacına və daha dəqiq ifadə etsək, vərdişlərinə yiyələnməyə başladı.
Beləliklə, media, mətbəəçilik sektoru böyük anlamda Əli Həsənovun kurasiyasına, gəlir mənbəyinə çevrilirdi. Burada əlbəttə ki, ilk hədəf dövlət büdcəsindən maliyyələşən, dövlət pulları hesabına mövcud olan qurumlara sahiblənmək vacib hədəf idi. Əli Həsənov ilk olaraq dövlət qəzetlərinə, daha sonra illərlə yaratdığı növbətçi qəzetlərə sahibliyini bərqərar etdi. Məsələn, «Kaspi», «Palitra» kimi qəzetlər üçün Heydər Əliyevin dönəmində konkret olaraq aylıq pullar alan Əli Həsənov sonradan onların pullarını özü verirmiş kimi statusa sahib olmaq uğrunda mübarizəyə başladı və qalib çıxdı. Daha sonra dövlət başçısını inandırmağa nail oldu ki, Mətbuat Şurası yaratmaq lazımdır. Təbii ki, bu qurumun mövcudluğu həm də Əli Həsənov üçün müdafiə qalası funksiyasını həyata keçirəcəkdi. Şöbə müdiri özünün həm də ictimai-siyasi varlığını möhkəmləndirmək üçün Mətbuat Şurasının himayəçisinə çevrildi. Bundan sonra da Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Və yenə də əlbəttə ki, Əli Həsənov bu təşkilatda tək söz sahibi olmalıydı və oldu da.
Əli Həsənov «Azərbaycan» nəşriyyatını sıradan çıxarır
İndi isə əldə etdiyi bu ictimai-siyasi statuslarının pula çevrilməsi mərhələlərinə diqqət yetirək. İlk iş «Azərbaycan» Dövlət Nəşriyyatı ilə bağlı həyata keçirilməyə başladı. Çöldən baxanda Bakının mərkəzində nəhəng bir bina və böyük bir torpaq sahəsi var. Təqdim etdiyimiz bina Bakı şəhəri Mətbuat proespetində yerləşən nəşriyyatın binasıdır. İlk baxışdan o qədər də böyük gəlir mənbəyi təsirini bağışlamasa da, içinə girəndə və bir qədər araşdırma aparanda məlum olur ki, əslində bu binanın balansında olan milyonlarla manat həcmində torpaq sahələri var. Biz apardığımız araşdırmalar nəticəsində «Azərbaycan» nəşriyyatının içində şok faktlarla üzləşdik. Həm də bu araşdırmanı aparmaqda bizə nəşriyyatın mətbəəsində işləyən dostlar sevə-sevə yardımçı oldular. Səbəb çox sadə idi – Əli Həsənov mətbəənin şüurlu şəkildə sıradan çıxarılması üçün işə başlayıb. Fotolarda gördüyünüz çap maşınları bilərəkdən nasaz hala salınır. Kiçik bir vinti qırılan və rəhbərlik tərəfindən təmiri qadağan olunmuş bu maşınların qara bazar qiyməti 300 min manatdan aşağı deyil. Bu çap avadanlıqlarının, kəsmə maşınlarının, montaj aparatlarının işlək hala gətirilməməsinin səbəbi odur ki, yaxınlıqda Əli Həsənovun qeyri-qanuni olaraq «Azərbaycan» Nəşriyyatının binasının balansında olan və bu binaya bitişik böyük bir mətbəə kopleksi tikilir. Bu mətbəə kompleksinin binası birmənalı olaraq nəşriyyatın binasında yerləşir və həmin ərazinin kim tərəfindən Əli Həsənovun ailə üzvlərindən birinə satılması böyük bir sirr olaraq saxlanılır. Daha dəqiqi sorğular apararaq nəşriyyatın başbilənlərindən belə soruşanda binanın kim tərəfindən inşa edildiyi, nə üçün inşa edildiyi heç kəs bilmir. Yəqin ki, yalnız bircə Ağabəy Əsgərov bilər ki, o da sualımızın məzmunu ilə tanış olanda yoxa çıxırdı. Çapını dayandıran bu maşınları da ona görə təmir etmirlər ki, sifarişçilər məcbur olub Əli Həsənovun istifadəyə verəcəyi mətbəəyə müraciət etsinlər. Hələlik bu qədər və arxa qapıdan prospektə keçək…
103.000 manat necə mənimsənilir?
Yazının adını təsadüyən  «Əli Həsənovun mətbuat prospekti» qoymamışıq. Prospektin başladığı köhnə «Əzizbəyov» dairəsindən, Musabəyov heykəlinə qədər olan ərazilərdə yolun sağı və solundakı bütün obyektlərin sahibi də məhz PA-nın bu şöbə müdiridir. Nəşriyyatdan sonra sıra böyük avtotəmir sexləri olan binalara gəlir. Bu sexlərin rəsmi olaraq sahibi də Əli Həsənovdur. Ondan sonra 5 mərtəbəli «Mətbuat evi» var. Bu mətbuat evinin binasının rəsmi sahibi Əli Həsənovun həyat yoldaşıdır. Bu binada isə kirayənişin kimi KİVDF oturur. Həm də kifayət qədər baha qiymətə. KİVDF-nin kirayə pulunu da dövlət büdcəsindən ödəyirlər. Yığılan bu böyük məbləğdə kirayə pulu da Həsənovlar ailəsinin şəxsi büdcəsinə köçürülür. Aşağı-yuxarı illik kirayə müqaviləsi 103 min manata bərabərdir.
Azay Quliyev niyə BMM-də tədbir keçirir?
Amma Əli Həsənovun «Mətbuat evi»nin gəlirləri bununla yekunlaşmır. Azərbaycan Respublikasının Prezidentinin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası birmənalı olaraq bütün tədbirlərini burada keçirir. Həm zallar bir neçə saatlıq kirayə veriləndə kifayət qədər yüksək olur. Məsələn, 300 nəfərlik zalın kirayəsi üçün imzalanan müqavilə 2700 manatdır. Deməli, QHT Şurası burada Əli Həsənovun göstərişi ilə tədbir keçirməli və bu tədbirlərə görə də büdcədən ayrılan pullar şöbə müdirinin şəxsi büdcəsinə daxil olmalıdır.
İndi isə yenidən qayıdaq «Azərbaycan» nəşriyyatına…
Burada kifayət qədər böyük pulların mənimsənildiyini başqa fotofaktlarla da təsbit etmək asandır. Məsələn, nəşriyyatın binasının ventilyasiya sistemlərinin sıradan çıxması və onun təmir edilməməsi. Qəzetlərin çap olunduğu mətbəədə deyirlər ki, bu sistemlərin bərpası ilə bağlı 2008-ci ildə guya tender də keçirilib. Tenderi udan şirkət də Prezident Aparatında işləyən yüksək vəzifəli məmurlardan biri olub. Maraqlıdır ki, sonradan sistemin yenilənməsi baş verməyib. Bu istiqamətdə apardığımız araşdırmalar davam etdiyindən hələ ki, həmin şirkətin kimlərə məxsus olması, kimlər tərəfindən himayə edilməsi barədə yaza bilmirik. İddialı məlumatları gələn saylarımızda dərc edəcəyik.
Rəngli çap mətbəəsinin 4 seksiyası niyə işləmir?
Amma nəşriyyatın binasında diqqətimizi çəkən bir məqam da oldu ki, 2008-ci ildə nəşriyyatın ərazisində inşa edilən rəngli çap mətbəəsinin artıq 4 seksiyası işə yaramır. Burada yalnız dövlət qəzetlərini nəşr edirlər. Həmsöhbətlərimiz deyirlər ki, bu mətbəəyə bahalı kağız və digər əyani vəsaitləri dövlət tərəfindən öydəyirlər. Lakin kağız üzərində göstərilən rəng məhsulları belə həddindən çox şişirdilir.
Həm də 2 milyon manata başa gəlmiş bu mətbəənin seksiyalarının niyə işləməməsi ilə maraqlındıq. Şok bir fakt bizi heyrətləndirdi. Həmin maşınlar Əli Həsənovun olduğu deyilən və yeni tikilməkdə olan mətbəəyə gətiriləcəkmiş. Deməli, bu maşınlar əvvəlcədən işə yararsız kimi sənədləşdirilir və sonradan onlar dövlət nəşriyyatının ərazisindəki özəl və qanunsuz bir mətbəəyə yenidən satılır. Burada hər iki tərəf qazınr, silən, satan (bir adam), alan tərəf. Deməli, büdcənin pulları eyni formada ciblərə gedir və həm də kimlərinsə şəxsi mülkiyyətinə çevrilir.
Kirli Heydər Əliyev güşəsi
«Azərbaycan» Nəşriyyatında rastlaşdığımız neqativ hallar bununla da yekunlaşmırdı. Binaya ilk daxil olarkən burada qəzetçilik ənənələrindən əsər-əlamət qalmadığı aydın olur. Girişdəki Heydər Əliyevin xatirə guşəsi sanki illərdir təmizlənmir. Toz-torpaqlı bir xalça üzərində hətta siqaret kötüklərinə də rast gəlmək olur. Nəşriyyatın binasının arxasında isə yeni-yeni istehsal sexləri inşa edilir. Məsələn, 4-cü mərtəbədən keçid olan ərazidə mərtəbənin biri təmamilə sökülüb. Ora giriş qapadılıb. Araşdırmalar da göstərdi ki, burada böyük bir istehsal sexi üçün təmir-bərpa işləri həyata keçirilir. Lakin elə anlamayın ki, bu istehsal sexində qəzet istehsal olunacaq və ya hansısa zəruri xammalın hazırlanması baş verəcək. Tam bir mərtəbə və gözəyarı hesablama ilə müəyyən etmək olurdu ki, 700 kvadratmetrə qədər ərazi demək olar ki, ayaqqabı istehsalı üçün hazırlanırdı.
Nəşriyyat binasında şadlıq evi?!
Qeyd edək ki, qəzetimizin əvvəlki saylarında nəşriyyatın binasında çoxlu sayda çörəkbişirmə, qızıl sexlərinin olması barədə məlumatlar vermişik. Lakin ən dəhşətli fakt bu yeni tikililər arasında «Azərbaycan» nəşriyyatının ərazisində şadlıq evinin inşa edilməsiylə bağlıdır. Konkret olaraq Əli Həsənova məxsusluğu deyilən şadlıq evi nəşriyyatın inzibati binasında inşa edilir. Çıxış Mətbuat prospektinədir və nəşriyyatın əsas girişindən xeyli aralıdır. Qəzetçilərin arasında «QJ» kimi tanınan bu ərazidə nəhəng bir şadlıq evi inşa edilir. İnşa olunan ərazidə sovetlər dövründən qalan qəzet ötürmə boruları da bir neçə aydır ki, istifadəyə yararsız hala salınıb. Artıq rəsmən bu qurğular vasitəsilə qəzetlər «QJ»-nin həyətinə ötürülmür. Həmin şadlıq evinin inşa olunduğu ərazidəki çöl nərdivanlar da bağlanıb. Səbəb kifayət qədər sadədir, buradakı obyektin tam olaraq işləməsi üçün və tikinti işlərini heç kimin görməməsi üçün əvvəlcədən hazırlıq işləri həyata keçirilir.
21 hektardan 2 hektar qalıb!!!
Kiçik bir statistik məlumata diqqət edək:
1987-ci ildə «Azərbaycan» Dövlət Nəşriyyatının inzibati binası 21 hektara yaxın idi. Bu ərazidə ümumi sahəsi 4 min kvadratmetr olan inzibati bina və əlavə qurğularla yanaşı, 7 hektar torpaq sahəsi var idi. İndi mühafizə polislərinin böyük vəchlə qoruduqları arxa həyətə giriş qapısında demək olar ki, 2 hektar ərazi belə qalmayıb. Bu əraziləri alan isə sıradan bir iş adamı deyil, Prezident Administrasiyasında şöbə müdiri işləyən bir şəxsdir. Qəzet satışı ilə məşğul olan həmsöhbətlərimiz deyirlər ki, bu ərazilərə bir zamanlar Dövlət Sosial Müdafiə Fondunun prezidenti Səlim Müslümov da göz dikibmiş. Səlim Müslümov əslən Ağsu rayonundandır və onun xalası oğlu Allahverdi Bağırov da «Azərbaycan» Dövlət Nəşriyyatında Ağabəy Əsgərovun müavinidir. Müavin olan bu adamın nəşriyyatın bütün maliyyə və texniki işlərinə nəzarət etdiyi bildirilir. Ona qəzet kağızı alveri etdiyi üçün mətbuat arasında «Kağız Allahverdi» də deyirlər.
Maraqlıdır ki, Əli Həsənov nəşriyyatın ərazisinə sahiblənmək üçün fond rəhbərini belə yenə bilib. Həm də çox sadə yolla, nəşriyyatda dərc edilən yüzlərlə qəzetə eyni anda komanda verilir ki, Səlim Müslümovu hədəfə alsınlar. Zaman o zaman idi ki, ölkədə antikorrupsiya kampaniyası başlamışdı və bu kampaniya çərçivəsində demək olar ki, Səlim Müslümov tam hədəfdə idi. Səlim Müslümovun nəşriyyatdakı məmur xalası oğlu da sadəcə olaraq binadakı qəzetlərin rəhbərlərinə minnətçi düşməklə məşğul olurdu. Və nəticə etibarilə Əli Həsənov işini Ağabəy Əsgərovla görüb rəsmiləşdirə bilirdi.
“Xural” qəzeti

Комментариев нет:

Отправить комментарий