Mahitəvan. Hekayə
Birdən-birə qaranquşların səsi aləmi diksindirdi. Mən onların təbii səfini pozmamaq üçün astaca eşiyə çıxdım. Ciyəyə qonub , söhbət edirdilər sanki. Nə danışırdılar, görəsən? Bəlkə də , seçim qarşısında idilər...
Həmişə onlara tamaşa etməkdən həzz alıram. Toxunulmazlıq məni cəlb edir. Səliqə və təmizliklərinə heyranam. Elə bil , daxili işığın rəngidir sinələrinə yayılmış ağlıq. Bütün qanadlılardan fərqli , bəzək-düzəksiz bir elitarlıq var onlarda. Başqalarının malında gözləri yox...Çox qəribə, çox maraqlı, çox sevimlidirlər...
Ah, necə də düz bilmişdim: seçim məsələsi imiş. Quraqlığın tavanı altında dövrə vurub, dirəyin yuxarı hissəsindəki küncə qondular. Bura sərfəli yer idi; yağış, qar, külək tutmurdu, gün döymürdü...
Bir qədər uzaqda oturub onların tamaşasına daldım. Yalnız iki qaranquş qaldı. Necə həyəcanla, necə işgüzarcasına təməl qoyuluşuna girişdilər. Biri gedir, o biri gəlir... palçıq,.. ot,.. palçıq,.. ot,...ələklər də döşəndi...
Nə gözəl!.. Diş-diş naxışlı , quyraq bir yuva alındı...Xudmani...
Günlərin birində artıq yuvada balaların peyda olduğunu hiss etdim. Onları görməyə çalışır, rəqqasə kimi barmaqlarım ucunda dartınaraq, çox ucada olan yuvaya boylanırdım.Valideyn qaranquşlar köməyimə çatırdı: dimdiklərində yem gətirir, həmin andaca yuvanın kənarlarından acgözlüklə açılmış dörd-beş dənə , sarıdimdikli yekə ağız görünürdü: --Yem,..yem,..- deyə çığıran
... Həyəcanlı çığırtılar bir gün məni çölə atdı. İlahi, bu qədər sərçə bir yerə necə toplaşıb? Necə olur ki, onlar eyni vaxtda, eyni yerə cəm olur, eyni ünvana hücum edir, eyni hiddətlə cikkildəyirdilər? Anladım ki, mənfurlar elə dilsiz də dil tapa, birləşə bilirlər.
Yuvalarına təcavüzdən qorxuya düşmüş qoşa qaranquş isə özlərini az qala daşa-divara vurur, sərçələri qovmağa çalışırdı. Əməlli-başlı döyüş gedirdi.
Sərçələri hürküdüb uzaqlaşdırsam da, onların təcavüzkarlığı məndə qorxu yaratdı. Yoxsa sərçələrin də ermənisi varmı ?..
Quldur sərçələr həyətin ucqarında bir ağaca yığışdılar, mərəkə qopartdılar. Mənim müdaxiləm xoşlarına gəlməmişdi...
Axşamtərəfi qaranquşların fəryadına yüyürdüm. Heç yanda sərçə -mərçə yox idi. Bəs nə olmuşdu axı?.. Yuva səmtinə dönəndə heyrətdən içimi çəkdim: bir sarı pişik dirəyə dırmaşmışdı və artıq pəncəsi yuvada idi.
Mən çomağı hardan tapdım, bilmədim. Pişiyi qomarmağa, qaranquş balalarını qorumağa cəhd göstərdim. Lakin hər şey tərsinə oldu: pişik tullanıb qaçmaq istərkən
pəncəsi yuvanı yarı böldü. Ətcə balaların hərəsi bir yana düşdü. Cəld onları yığmağa başladım. Elə zərblə dəymişdilər ki yerə... Hamısı ovcumda can verdi. Göz yaşlarımı saxlaya bilmirdim . Düşünürdüm ki, gərək heç qarışmayaydım. Özümü günahkar bildiyimdən qeyzli idim. Qaranquşlar isə təlatümlə havada vurnuxub çığır-bağırla gözdən itdilər.
Yuvanın yarısı yerdə--- ətrafa səpələnmiş torpaq qırıntılarının arasında yanıüstə qalmışdı. Onu əlimə alıb, nəzərdən keçirdim. Yerdəki qırıntılara su vurub, yuvadan qopduqları hissələrə yapışdırmaq istədim, ancaq heç nə alınmadı.
Anam yaxınlaşıb məni gözüyaşlı görəndə dedi:
--- Ağlama. Daha olan olub... Hər şeyin bir qənimi var... Onları gözləmə. Bir də gələn bahar qayıdarlar. Başqasının da düzəltdiyi yuvada qalan deyillər. Öz yuvalarını özləri qursun gərək...
Gözlənilmədən bir dəstə qaranquş quraqlığa doluşdu. Ağladılar, sızladılar və gəldikləri kimi də getdilər. Aylarla qaranquş səsi eşidilmədi bizim həyətdən.
Arabir sərçələrin , xaraba qoyduqları yuvaya qonaraq, özgə malına sahib olmaq keyfini çıxardıqlarını görürdüm. Qarabağ göynərtisi bağrımı dəlirdi. Əlimə keçəni onlara sarı atırdım. Belə-belə uzaq dolanmalarına ,quş beyinlərindən yuvanı silməyə nail oldum. Amma o sarı pişik, bəlkə də, sərçələrlə işbirliyində olmuşdu , uzun zamanlar ara-çörədən əl çəkmədi.
Özümsə baharı gözləyirdim...
Anamın dedikləri oldu: baharda qaranquşlar qayıtdılar. Ən qəribəsi bu idi ki, onlar başqa yerdə yuva qurmadılar. Məhz həmin yuvanın ikinci yarısını hördülər, bütöv yuvanı bərpa etdilər , bala uçurtdular doğma yuvadan səmanın ənginliklərinə doğru.
Mən sevindim, fəqət içimdən o ağrı getmədi.
Комментариев нет:
Отправить комментарий