Страницы

10.08.2011

“Bu adam sayənizdə həyata vida etdi”

Uşaq yazıçısı Aygün Bünyadzadə “Ələkbər əmi”dən danışır  
    Ələkbər əmini mərd, qeyrətli və həyat eşqi ilə dopdolu insan kimi xatırlayıram. Bir də ölümün gözünün içinə dik baxmağı bacaran bu əsl İNSAN öləcəyini bilirdi. Amma qorxmurdu ölümdən və qalan qısa ömründə ətrafındakı hər kəsə çox böyük həyat eşqi bəxş edir və çətinliklərlə mübarizə dərsi keçirdi. 2004–cü ildə tanış olmuşuq. Mən Ələkbər əminin xəstəliyini eşidib onunla daha yaxından maraqlanmağa başladım və onun haqqında bir nağıl yazdım. Günlərin bir günü isə ona zəng etdim. O da məni tamaşaya dəvət etdi.  Getdim. Xəstəliklə bağlı verdiyi uzunmüddətli fasilədən sonra ilk tamaşası idi. Mən də ilk dəfə idi ki, Kukla Teatrında olurdum və təbii ki, Ələkbər əminin tamaşasını da ilk dəfə görürdüm. Inan ki, Oktay, səhnədəki Ələkbərə baxırdım və gözlərimdən yaş axırdı. Içimdən isə bir səs mənə deyirdi ki, “bu adamı ölməyə qoyma, mubarizə apar”. Və tamaşa bitdi. Mən Ələkbərə yaxınlaşdım. Tanış olduq və mən ona dedim ki, Ələkbər, biz telefonda tanış olmuşuq öz yerində. Ikimiz də uşaqlar üçün çalışırıq, bu da öz yerində. Amma mənim bura gəlişimin məqsədi var. Bilirəm ki, sənə qaraciyər lazımdır. Mən bura sənə oz qara ciyərimi təklif etməyə gəlmişəm. İnan ki, gözləri yaşardı. Dedi: “Bəs sən necə olacaqsan?” Dedim: “Sən mənim fikrimi çəkmə, mənim qara ciyərimdən kiçik bir parça kəsib sənə köçürəcəklər, vəssalam!” Yoxlatdıq, məsləhət etdik həkimlərlə. Olmadı. Sən demə mən sarılıq xəstəliyi keçirdiyim üçün qara ciyərim zədəli imiş. Beləcə olduq “qara ciyər bacı–qardaşı”! Sonra ömrünün sonuna qədər mənimlə zarafat edirdi ki, sən öz “brakovannı” qara ciyərini mənə soxuşdurmaq istəyirdin?  Xəstəliyi ona diş həkimi olan bir dostu "hədiyyə etmişdi". Eşitdiyimə görə sonra həmin həkim özü də bu xəstəliyə yoluxmuşdu. Müalicəsi Almaniyada mümkün idi. Ona da pul tapılmadı. Heç kim kömək etmədi. Ələkbər ölməmişdən 1 gün əvvəl müraciət etdiyimiz yerlərə zəng edib bir-bir hamısına dedim ki, etdiyiniz yardım üçün təşəkkür edirəm. Bu adam sayənizdə həyata vida edir və ağlayaraq dəstəyi asdım. Bu sözsüzdür ki, Ələkbər əmi o dövrdəki uşaqların hamısına böyük təsir edib. Təəssüf ki, hazırda onun yolunu davam etdirən heç kim yoxdur. Onun kimiləri az-az gəlir yer üzünə. Bizdə bir Hüseynağa Sadiqov vardı - Xoruz baba, bir də Ələkbər əmi yetişdi. Onlardan sonra kim olacaq, Allah bilir. Ən faciəlisi odur ki, bizim məmləkətdə uşaqlarla məşğul olan, həyatını onlara həsr edən insanlara "barmaqarası" münasibət bəsləyir, qeyri-ciddi yanaşırlar. Mən Ələkbərə, özümə və ətrafımda uşaqlarla çalışmaq istəyənlərə münasibətin canlı şahidiyəm. Xarici ölkələrdə isə bizimkilərdən fərqli olaraq uşaqlarla çalışmaq ən çətin iş hesab olunduğundan məhz həmin insanların işi digər sənətlərdən daha yüksək dəyərləndirilir. Belə olmasaydı, mən və mənim kimi həyatını uşaqlara həsr etməyə qərarlı olan bəlkə də onlarla şəxs bu gün Azərbaycanda və eyni zamanda aktiv fəaliyyətdə olardıq. Belə olmasaydı, bu gün bizim teleradio məkanında dəyərli uşaq verilişləri olardı, kitab mağazalarında əlvan şəkilləri olan boş və mənasız deyil, çox maraqlı uşaq kitabları satılardı, teatrlarda gözəl tamaşalar qoyular, üstəlik, rejissorlarımız tərəindən əla uşaq filmləri çəkilərdi... Necə deyərlər, meydanı boş görüb, kim gəldi ortalığa atılmazdı... Allah rəhmət etsin Ələkbər əmiyə... Ona da dəfələrlə çox yüksek qonorarla xarici ölkələrdə qalmaq təklif edilmişdi... Amma Vətənini hər yerdən üstün tutdu...   Qələmə aldı: Oktay HACIMUSALI                               24saat.az

Комментариев нет:

Отправить комментарий