Страницы

06.09.2011

TARİXƏ ÇEVRİLƏN ÜÇ GÜN

Rövşən Yerfi

Hörmətli oxucular, 20 il əvvəl – 1991-ci ilin 19 avgustunda bütün ölkəni sarsıdan dövlət çevrilişi  – “QKÇP” deyilən hadisə baş verdi. Ömrü üç gün çəkən bu siyasi katakalizmin unudulmaz xatirəsini bir ay sonra isti-isti  xatırlayıb o zaman nəşr edilən   «7 GÜN” qezetinin 21 sentyabr tarixli nömrəsində aşağıdakı yazı ilə yad etmişdim. Üstündən illər keçməsinə baxmayaraq həmin yazının hələ də maraqlı olmasını nəzərə alıb onu yenidən Sizlərə təqdim edirəm.
                                          *          *        *
Düz bir ay əvvəl. Q gün otuz yeddinci ilin kölgəsi düşmüşdü üzlərə. Hamı susurdu. Elə bil danışmağa ehtiyatlanmağa başlamışdılar. Əksəriyyət güman edirdi ki, vəssalam, qara günlərimiz gəlir. Hər kəs ürəyində öz fəalyyətinin gələcəyini götür-qoy edirdi. Buqələmunlar yenə oz sadiqliklərini nümayiş etdirmək əzmindəydilər. Camaat sadəlövhcəsinə tezliklə Qarabağ probleminin həll olunacağına sevinirdi. Amma bu sevinclə yanaşı başa düşürdü ki, onu yenə təzə “silis”lər, sürgünlər, qırğınlar gözləyir və özü də qardaşlıq ailəsində yenə birincilik, “vətənə raport” səviyyəsində...
Yuxarı dairələrdə isə toy-bayram idi. Səfərləri, görüləsi işləri yarımçıq qoyub böyük təmtəraqla qeyd edirdilər. Hətta bəzi yerlərdə pulsuz pivə verilirdi...
O gün “Kommunist” nəşriyyatının (indiki “Azərbaycan”) mətbəəsində sevincəklər bizə deyirdilər:
-Az qalıb, sizinlə qurtarmağa...
Heç yadımdan çıxmaz, “Kommunist”in əməkdaşlarından biri yanıq verə-verə söyləyirdi:
-Demokratiya bitdi. Bu gündən bizim dövran başlayır. Çoxdan gözləyirdik bu günü. Axır ki, gəlib çatdı. Qurtardıq sizinlə...
Mən dözmədim:
-Haqsızlıq eləmə, nə vaxt sizin bostanınıza daş atmışıq?
-Nə fərqi, daş atmasanız da arada xoruz buraxırdınız.
Bütün rəhbərlər tam yəqin etmişdilər ki, fövqəladə vəziyyət komitəsinin qələbəsi şəkksizdir. Alma-ata, Tiflis, Bakı, Vilnüs hadisələrindəki müvəffəqiyyətlər onlara ümid verirdi. Yeltsinin tutulması xəbərini səbirsizliklə gözləyirdilər. Xeyr, yalnız şadlıq      etmirdilər, həm də hazırlıq görürdülər: tapşırılmışdı özlərini demokrat sayanların siyahları tutulsun, haqq-hesab çürütmək üçün...
Stalin dövrünə həsrət qalan veteranlar da sevinirdilər. Yenə hörmətlərinin güzəştlərinin, medallarının artacagına ümidli idilər, yığışıb dəstəkləmək –“odobryat” etmək istəyirdilər. Pensiyaçılar da sevinirdilər – pensiyalar artmalı idi. Malların ucuzlaşacağına, maaşların artacağına xalq inanıb sevinirdi. Zavodlardan “zəhnətkeşlər adından” “odobryat” teleqramları gedirdi Moskvaya.
Üç gün...Sonra hər şey dəyişdi birdən. Hətta yüz səksən dərəcəlik...Avqustun iyirni ikisi  günortadan bir az keçmiş  mətbəədə təcili surətdə hazır bəyənatlar, çıxışlar yığışdırılıb məhv edildi. Riyakarlıq edib: olmayıb, yalandır, demək üçün... Bir-neçə saat əvvəl isə gülən gözlərə bulud çökdü. Göz qırpımında hamı dönüb oldu “anadangəlmə” demokrat. Nəşriyyat “Azərbaycan”a, “Kommunist” “Xalq qəzeti”nə çevrildi. “Azərinform” and-aman etdi ki, bizdə hamı demokratdı. Teleqramlar öz istiqamətini Yeltsinə tərəf dəyişdi...
Daim alçalanlar bir daha alçaldılar, Allahın istehzasına tuş gəldilər.
Aradan bir ay keçməsinə baxmayaraq, hələ də o unudulmaz günlərə qiymət vermək çətindir. Təkcə onu bilirəm ki, Allahın yüzlərlə xalqın, milyonların taleyinə yazığı gəldi. Və fələyin çarxını öz yoluna qaytardı...

Комментариев нет:

Отправить комментарий