Страницы

02.10.2011

Quran hardan gəlibdir?


İlahə Ucaruhun tərcümələri


Con Qilkrist

1. Quran mətnində xarici elementlər

Quranda dəfələrlə vurğulanır ki, bu Kitab məhz ərəb Quranı kimi göndərilib (Surə 12.2, 13. 37, 42.7), bu səbəbdən də onu dinləyən hər kəsə təlimləri  anlaşılan olacaq. Bütün islam ölkələrində ərəb dilinə Allahın dili sayıldığına görə böyük rəğbət bəslənilir, Quranın başqa dillərə tərcümələri də keyfiyyət etibarı ilə ərəb orijinalından aşağı sayılır. Bir ərəb əfsanəsi isə ərəb dilini yüksəldib hətta səma dili adlandırır.
Quran kitabı Allah tərəfindən Məhəmmədə göndərilmiş vəyh sayıldığına görə mütləq iradə və biliklərə əsaslanan Müqəddəs kamil Yazı kimi qəbul edilir. İddia var ki, əsər nə insan tərəfindən yaradılıb, nə də burada başqa mənbələrdən istifadə  edilibdir.
Lakin Quranın böyük bir hissəsinin qədim yəhudi, zərdüştlük və buddizm mənbələrindən qidalandığının ciddi sübutları var. Lap əvvəldən bir faktı qeyd etmək gərəkdir ki, kitabda keçən bir çox söz ərəb mənşəlli deyil, müsəlmanlar üçün əsil müqəddəs kəlamlara çevrilən bəzi sözlər başqa dillərdən alınma sözlərdir. Hər halda, hesab edildiyi kimi, Quran mətnləri VII əsrin bütpərəst Ərəbistanı ilə deyil, qədim yəhudi-xristian vəhyləri ilə bağlıdır və guman ki, bir çox sözlərin mənası ərəblərə yox, başqa millətlərə daha aydındır.
Kitabda 70 dəfə rast gələn və “mütaliə” mənasını daşıyan “Quran” sözü ərəb dilindən əmələ gəlməyib. Bu da qeyd edilməlidir ki, “qaraa” söz forması dörd dəfə Məhəmmədin vəhyi üçün material mənasında işlədilməyib. Belə ki, bir dəfə o Qurandan öncə mövcud olan Müqəddəs Kitabın mütaliəsinə (Surə 10.94), digər yerdə - müxaliflərin tələb etdiyi və oxuya biləcəkləri kitaba aid olduğu (Surə 17.93), son iki yerdə isə bu söz Axirət günündə imanlıların da, imansızların da məcburən tale kitablarını oxumasına aid işlədilibdir (Surə 17.71, 69.19). Tamamilə aydındır ki, bu söz hər dəfə dini kontekstdə məhz səmavi kitabların mütaliəsi mənasında gedibdir.
“Qaraa” sözü qeyri-ərəb mənşəllidir və “mütaliə etmək” deyil. Feldən əmələ gələn “quran” isminə Qurandan öncəki yazılı ərəb əsərlərində rast gəlinmir. Belə çıxır ki, bu söz kitabda orijinal olmasa da, kitabla həmdövr idi. Çox guman ki, Suriyalı xristianlarının işlətdiyi “kiryani” sözündəndir və “mütaliə” (kilsə kafedralarında oxunulan müqəddəs ibrətlər) deməkdir. Quranda bu söz daha dərin məna qazanır və xristian mənşəlli olduğuna heç bir şübhə qalmır.
Quranda bir çox söz və adların kökü başqa dillərdən alınmadır. Kitabın 6.85 və 37.123 surələrində üç dəfə İlia peyğəmbəri İlyas kimi, 37.130 surəsində də İlyasin kimi keçir. Ola bilsin, ikinci forma — İlyasin — “al-muslimin” kəlməsiylə bitən şeirin qafiəsininə dəstək kimi işlədilmiş.  Maraqlıdır ki, bu adın əsil yəhudi peyğəmbərinin adıyla heçbir əlaqəsi yoxdur; İlia  adı Yunan və Suriya dillərinə İlyasin kimi tərcümə edilibdir, Qurandakı ad da, çox guman, elə həmin mənbələrdən gəlib. Bu qənaət  Quranda  adı dörd dəfə Yunus kimi keçən  (Surə 4.163) Yon peyğəmbərə də aiddir. Orijinal yəhudi sözü Yonah Yunan kilsəsində və İncildə Yunas kimi keçir. Qurandakı, yəqin ki, Yunan dilindən Suriya dilinə keçmiş sözdən əmələ gəlib. Maraqlıdır ki, yəhudi və ərəb dilləri çox yaxın olsa da  (hər ikisi semit dil qrupuna aiddir), yəhudi peyğəmbərlərinin adı əsil mənbədən deyil, Yunan və Suriya qaynaqlarından götürülüb.
“Təmiz ərəb məhsulu”olan  Quranda belə əcnəbi söz örnəklərinin sayı-hesabı yoxdur.  
           
Quranda Allah, tərəzi və yəhudi ravvinləri    
                         
“Allah” sözünün də başqa dildən alınmasını biləndə müsəlmanlar həddindən artıq təəcüblənəcək. Ərəb dilində Tanrı mənasında işlənən  söz “İlah” kimi səslənir, “Allah” isə kainat Sahibini bildirən unikal termindir. Belə fərziyyələr var ki, “Al-İlah” (“Tanrı”) ifadəsi bəzi ilkin ərəb mətnlərində rastlanır. Lakin bu terminlərin şəxsi ad kimi birləşdirilməsinin kifayət qədər sübutu-dəlili yoxdur. Dəqiq bilinən budur ki, bu ad başqa yazılı ərəb mənbələrində, məsələn, Məhəmmədin doğumundan bir az  öncə toplanılmış yeddi məşhur “Müəlləkət” poemalarında keçir. “Allah” sözü Suriyanın “Alaha” adıyla həmahəngdir, ərəb forması  da, görünür, elə bundan əmələ gəlmiş. Suriya dilinin transkripsiyasında bu ad əvvəldən xristian tanrısına məxsusdur.  Təktanrılıq konsepsiyası ərəb inancına Məhəmmədin israrıyla daxil olmağa başladı. Ad ərəbləşdirildi.
Quranda “tərəzi” anlayışını müəyyənləşdirən iki söz var: ”mizan” və “qistas”. Bunların hər ikisi olduqca nadir hallarda istifadə edilir. “Qistas” sözü  malı çəkən zaman tacirin özünə rəhbər tutduğu  tarazlılıq, doğruluq və ədalətlilik, tərəfsizlik ölçüsünü bildirmək üçün işlənilir (Surə 17.35). Bu sözün alınma söz olduğunu, ərəb köklü olmadığını müsəlman təfsirçilər çox tez anladı. Əs-Suyuti, Ət-Thəələbi və Əs-Sicistani kimi alimlər bu sözün soyağacının dəqiq müəyyənləşdirilməsində çətinlik çəksələr də, Yunan dilindən götürüldüyünü guman edirdilər. Bəlkə də yunan yox, arami ya da Suriya sözüdür, amma başqa dildən alınmasına qətiyyən şübhə yoxdur.
Qurandakı “mizan” sözü əsil tərəzi gözünü ifadə edir. Bu tərəzidə axirət günü insan əməlləri çəkilib sonuncu ta´le qərarı veriləcək. Quran Məhəmmədə göndərildiyi kimi, bu tərəzi də göydən göndərilib:

Bu da Allahdır, Kitabda sənə həqiqət gətirəndir, onunla birgə  tərəzi də verilir (xeyir və şəri ölçmək üçün), Axirət Gününün yaxınlaşdığını anlaman üçün! (Surə 42.17). 

Tərəzisi ağır gələn qazanacaq və Cənnətə göndəriləcək, tərəzisi yüngül gələnlərin canı isə cəhənnəmin dibində qalacaq (Surə 7.8-9). Buradakı “mizan” əsil ərəb sözüdür, ancaq nəhəng tərəzi konsepsiyası, şübhəsiz, xarici mənbələrdən mənimsənilibdir. “Raşnu” kimi tanınan və Qurandan öncə pəhləvi dilində yazılmış qədim fars kitabında deyilir ki, haqq məleykəsi ilə ölülər dünyasının üç hakimindən biri əlində tərəzi tutub, ölənlərin həyatda tutduğu əmələrini çəkəcək, heç kəsə də güzəşt edilməyəcək.
Buna bənzər mövzuya  “İbrahimin vəsiyyətləri ” adlı ilkin apokrifik kitabda da rast gəlinir. Bu kitab  Yunan alimi və teoloqu Oriqenə də tanış imiş və İsa peyğəmbərdən iki əsr sonra Misirdə xristianlığı qəbul etmiş bir yəhudi tərəfindən yazıldığı guman edilir. Kitab iki Yunan nəşrində və əski ərəb versiyasında günümüzə çatıb. Quran və adı çəkilən bu kitab arasındakı paralellər tamamilə aydın görünməkdədir. Rəvayətə görə, İbrahim peyğəmbər əlində tərəzi tutmuş bir məleykə görmüşmüş. Məleykənin yanındakı başqa məleykələr də adamların yaxşı və pis əməllərini yazırmış. Bundan başqa, orda İbrahim yaxşı və pis əməlləri eyni qədər olanları da görüb, onlar həm möminlərdən, həm də  günaha batmışlardan ayrı durublarmış. Quranda da qeyd edilir ki, bir dəstə adam nə pak, nə də suçlulara aid deyil; onlar Əl-Cənnətə (“Bağ”a) girə bilməsələr də, ora keçəcəklərinə tə´minat alacaq (Surə 7.46). Buna oxşar mövzuya  Misirlilərin “Ölülər Kitabı”nda da yer var. Görünür, bəşər övladının xeyir və bəd əməllərininin ölümdən sonra tərəzidə çəkiləcəyi, onun müqabilində də Axirət günündə son aqibətinin müəyyənləşdiriləcəyi konsepsiyası hələ Qurandan öncə yazılmış müxtəlif apokrifik və mifik əsərlərdə də rastlanan populyar bir əfsanəyə əsaslanır.           
Nəhayət, Quranda geniş istifadə edilən, “Hökmdar” anlamını verən və Tanrının şəxssiz adı kimi işlədilən “Rəbb” sözünü də qeyd etmək gərəkdir. İslamdan öncəki dönəmlərdə arami dilində bazarları idarə edənlərə, ordu başçılarına və hərbi düşərgə komendantlarına “rəbb” deyilirmiş. Sözün ilahi mənasında işlədilməsi olduqca nadir hal idi. Yəhudi liderlər, daha dəqiq olsaq, dini müəllimlər adətən “rəbbis” adlandırılırdı. Bu insanlar öz icmalarında böyük nüfuz və təsirə malik idi. Yəhudi və arami dillərində “rəbb” sözünün adi mənası budur. Lakin Məhəmmədin zamanı “böyüklük” tərifi Allaha aid edilməyə başladı və “Rəbb-əl-ələmiin”, “Aləmlər Hökmdarı” adı ortaya çıxdı (Surə 1.2.)
Yəqin Məhəmməd bu sözün əsl və ilkin mənasını bilmədiyi üçün və yəhudilərin öz ravvinlərinə (Quranda o keşişlər “əhbərahum” kimi keçir) necə ehtiram etdiklərini eşidib öz liderlərini ərbabaan (hökmdar) kimi qəbul etmələrini, Allahın böyüklüyünü alçaltdıqlarına görə isə yəhudiləri suçlayırdı (Surə 9.31). “Rəbbis” “rəbb” sözünün cəm şəklidir. Görünür, xalqının ağsaqqalına, böyüyünə müəlliminə, öyrədəninə,  başçısına bu sözün deyildiyini Məhəmməd bilmirmiş. Çox sonralar bu söz Allahın adı kimi keçməyə başlayır. Yəqin, sözlərin mənasını qarışdıran Məhəmmədə görə, yəhudilər öz keşişlərinə “rəbbis” çağıraraq onları ilahiləşdirirmiş.
Quranda saysız-hesabsız xarici elementlərin mövcudluğu bəllidir. Bu fakt Quranın təmiz ərəb dilində Allah vəhyi kimi göndərildiyinə güclü şübhə yaratmaqdadır. Quranla yəhudi və xristian apokrifik mənbələr arasında olan açıq-aydın parallellər aparmaq olur; bu da Quranın böyük hissəsinin  Qurandan çox-çox öncələr yazılı qaynaqlardakı əfsanə və əsatirlərə əsaslanmasının ən yaxşı sübutudur. 

2. Quranda yəhudi folkloru

Xain və Habilin hekayəsi

İslamdan öncəki dönəmə aid edilə bilən Quranın böyük hissəsi birbaşa yəhudi folkloru və Tövratda yer alan diğər  rəvayətlərə söykənməkdədir. Mişna və Mindraşdan bir çox material götürüldüyündən  bəziləri Quranı “Tövrat üzrə qısa təlimatnamə” adlandırırdı. Yaxşı bəllidir ki, Məhəmməd nə yəhudilərin Müqəddəs Kitabını, nə onların folklorunu oxuya bilməzdi, lakin o, bazar meydanlarında və başqa ictimai yerlərdə qədim yəhudi əfsanələrini eşidirdi. Gerçək olayları uydurmalardan ayıra bilmədiyi üçün onların hamısını öz müqəddəs kitabına daxil edirdi. Bir sürü dəlil-sübutlar Quranın vəhylərdən ibarət olduğunu və Məhəmmədə göylərdən göndərilməsi iddiasını inkar edir. Kitabda müxtəlif  materialların Ərəbistan yəhudilərinin söhbət və rəvayətlərindən bəhrələnməsi qənaətinə qarşı heç nə qoymaq olmaz.
Quranda keçən Habilin Xain qardaşı tərəfindən öldürülməsi İncil, Midraş və Mişnadan götürülmüş elementlərin səciyyəvi  qarışığıdır. 5.30-35 surələrində verilmiş hadisə iki qardaşın Tanrıya hədiyyələr gətirməsiylə başlayır. Qurbanlardan yalnız biri qəbul olunur. Bura qədərki hadisələr İncildə də var (Yaradılış Kitabı  4.4), ancaq sonra (adları çəkilməyən) qardaşlar arasındakı dialoq gəlir. Qurbanı qəbul olunmayan qardaş diğərini öldürməklə hədələyir. Xeyirxah qardaş Tanrıya sevgisindən danışır, cavab olaraq qətlə əl atmayacağını bəyan edir (Surə 5.30-32).  Hekayənin bu hissəsində İncillə parallel yoxdur, amma iman gətirənlərlə imansızlar arasında söbhətlər Qurana xasdır, xüsusilə də bir adam o birisini öldürməklə hədələyirsə (belə hallarla Məhəmmədin özü də Məkkədə yaşayarkən rastlanmışdı.) Fağır qardaşın cavabına baxmayaraq zəlil qardaş onu öldürür. Qətlin ardınca gələn başqa bir hadisə də İncildəkindən fərqlənir:

Allah ona bir qarğa yollayır. Meyidi basdırmağı öyrətməyə göndərilən  qarğa torpağı qazmağa başlayır...” Surə 5.31

Hadisənin bu cür verilməsi  Midraşın Zəbur  yazılarında keçən, məşhur ilahiyyatçı Pirke Rəbbi Eliəzərin  qədim yəhudi əfsanələri və əsatirlərinin analoqudur. Bunlar Qurandan bir neçə əsr öncə olmuş. Kitabda deyilir ki, Habilin meyidini tapan Adəmlə Həvva ağlayır, nə edəcəklərini bilmir, çünki ölünün  torpağa basdırılma adətiylə hələ tanış deyildilər. Sonra onlar ölmüş yoldaşını özü ilə gətirən bir qarğa görür. Qarğa quşun meyidini torpağa basdırır. Adəm də oğlunu beləcə torpağa tapşırır.
Midraş və Qurandakı hadisələrin yeganə fərqi ondadır ki, Midraşda Habili Adəm basdırır, Quranda idə Xain. Yəhudi  kitablarını oxuya bilməyən bir adamın əhvalatları  yalnız rəvayətçilərdən  eşitdiyi, yadda saxladığı qədər istifadə edə bilməsi tipik və gözləniləndir. Amma Qurandakı təsvirlərinin yəhudi folklorundan əxz edilməsi tamamilə göz qabağındadır. 

Ona görə də Biz İsrail övladlarına dedik: kimsə bir canlını torpağa görə yox, öldürməyin xətrinə öldürürsə, bütün insanları öldürmüş sayılacaq. Amma bir canı qorumuş olan kəs bütün insanları ölümdən qurtarmış sanılacaq... Surə 5.32

Göründüyü kimi, bu beytin öncəki  hekayəyə heç bir dəxli yoxdur. Bir adamın həyatı ya da ölümünün bütün bəşəriyyətin xilası və ya məhvi sayılmasının səbəbi qətiyyən anlaşılmaz qalır. Mişnada yuxarıdakı parçanın qaynağını müəyyən edən  və bunların əlaqəsini açan maraqlı bir hissə  var:

Biz bu ifadəni Xainin öz qardaşını qətlə yetirdiyi səhnədən çıxarmışıq: “Sənin qardaşının qanı mənim içimdə bağırır” (Yaradılış Kitabı 4:10) “Qan” sözü cəm şəkildə yazılmış, onun öz qanı və toxumunun qanı mənasını verir. Hər insan ona görə yalnız tək nüsxədə yaradılmış ki, bir adamın öldürülməsiylə bir xalqın məhv olduğunu, bir insanın xilasıyla da bir bütün xalqın xilası göstərilsin. Mişna Sənhədrin 4.5

Bir xalqın məhvi və xilası prinsipinin Qurana haradan gəlməsi yuxarıdakı parçadan aydınlaşır. Yaradılış Kitabı 4:10-da “qan” sözü cəm şəkildə olduğunda fərasətli ravvin belə fərz edib ki, Habilin evladları onunla birgə öldürülmüşdü. Bununla da hər bir qətlin və xilasın arxasında  dünya miqyasında önəmi olduğu sübut edilir. Aydındır ki, Məhəmməd bu nəzəriyyədən qətiyyən xəbərsiz imiş, sadəcə kimlərdənsə ravvinin fərziyyəsini eşidib onu Allah əmri kimi təqdim edib!

İbrahim və bütlərin məhv edilməsi

Quranın başqa bir hekayəsi —  İbrahim və bütlər əhvalatı — İncil mətninin ravvin təfsirinə əsaslanan yəhudi rəvayətindən qaynaqlanır. İbrahim peyğəmbər  bütlərə səcdə qılmağın doğru olmadığını öz xalqına başa salır. Amma adamlar ona qulaq asmır. İbrahim sual verib cavab almır ki, bütlərə gətirilən yeməklər niyə yeyilmir. Cavab gəlmir (Surə 37.91-92). Sonra İbrahim ən böyük bütdən savayı bütün bütləri qırıb dağıdır. Camaat bu “kafirliyin” səbəbini öyrənmək istəyəndə İbrahim deyir ki, bunları o yox, böyük büt məhv etdi. Bundan sonra İbrahim camaata “sağ-salamat” qalmış bütlərdən onları kim qırdığını öyrənməyi təklif edir. Qəzəblənmiş kütlə bütlərin danışa bilməməyini İbrahimə deyəndə, o, nə pislik, nə də yaxşılıq edə bilməyən, dilsiz-ağızsız heykəlciklərə baş əydiklərinə görə adamları qınayır. Onda hiddətlənmiş kütlə İbrahimi tonqala atmaq istəyir (Surə 21.62-68). Lakin Allah onlara deyir:

Biz də dedik: “Ey atəş! Soyuq ol! İbrahimə xətər yetirmə!” Bunu görcək adamlar başqa fənlərə əl atmaq istədi, amma elə etdik ki, onlar böyük itgi verdi. Surə 21.69-70

İbrahim sağ-salamat oddan çıxır. Bu nağıl İncildə olmasa da, Midraş Rəbbahın əsərlərində rast gələn hekayənin təkrarı olaraq yəhudi folklorunun Quranda növbəti örnəyidir. Quranı bir neçə əsr qabaqlamış bu kitabda bənzər hadisə təsvir edilib. İbrahimin atası Tərah büt düzəldən usta idi, İbrahimə də onların keşiyini çəkmək tapşırılmışdı. Günlərin bir günü bura bir qadın gəlib əlindəki buğda unuyla dolu sinini bütlərin qabağına qoymağı xahiş edir. İbrahim çomağı götürüb ən böyük bütdən savayı bütün bütləri qırıb dağıdır, sonra da çomağı ən böyük bütün əlinə qoyur. Qəzəblənmiş ata oğlundan izahat tələb edir. O da cavab verir ki, unu bütlərin qabağına qoyanda hər büt özü birinci yemək istədi. Ən böyük büt də qalxıb çomaqla onların hamısını darmadağın etdi. Bütlərin şüursuz olduğunu söyləyən Tərah oğlundan belə cavab alır: “Görəsən sənin ağzın danışdığını qulağın eşidirmi?”
Quranın bir qisminin ilahi mənbədən yox, yəhudi folklorundan götürüldüyünü anlamaq üçün o qədər də dərin təxəyyül lazım yoxdur. Bu rəvayətin haradan götürülüb hansı bisavad təhriflərlə Quranda verildiyini İncil mətni əsasında göstərmək olar.
Conatan Ben Ueziel adlı yəhudi xəttat köçürdüyü “Tərqum” əsərində Yaradılış Kitabı 15.7-də “Kildanilərin Urundan səni çıxaran Rəbb mənəm” cümləsində yanlışlığa yol verib. “Ur” İbrahimin çıxdığı şəhərin Babilcə deyilişidir. Yaradılış Kitabı 11.31-də bu ad bir daha qeyd edilir. Həmçinin İsrailin  müqəddəs şəhəri Yəruşəlim də “Ur” adlandırılır. İlk dönəmlərdə bu şəhər “Ur-Şalim”— yəni Sülh Şəhəri —  adlanırmış. Lakin mətni köçürən şəxs bu  adı  “od, alov”  mənasını verən yəhudi sözü “or” ilə dəyişik saldığına görə şeir bu şəkilə düşmüşdü:  ”Kildanilərin odundan səni çıxaran Rəbb mənəm.” Bu beyti izah edən həmin xəttat yazır ki, bu hadisə Nimrodun hakimliyi zamanında baş verib, İbrahimi də bütlərə baş əymək istəmədiyi üçün ocağa atıblar, lakin od İbrahimə xətər verməyib.
Bu hadisənin xəttat tərəfindən uydurulması inandırıcı deyil. Çox guman ki, sadəcə  xəttat o zamanki yəhudi folklorundan çox populyar bir rəvayəti təkrarlayıb. Tövratda keçən  gerçək hadisəni yəhudilərin folklor əfsanəsinə çevirməkləri ağıla batan deyil. Yəhudiləri suçlayan Quran bəyan edir ki, onun rəvayətləri ilahi vəhylərdir. (Surə 2.79). Lakin öz Müqəddəs Kitablarının folklora döndərilməsində onları suçlamaq qətiyyən olmaz. Öncə deyildiyi kimi, bu əhvalatın mənşəyi əsil İncil mətninin yanlış tərcüməsinə gedib çıxır. Quranın yəhudi hekayə və əfsanələrinin növbəti təkrarlanması qənaətinə gəlməmək mümkün deyil.
Yəhudi rəvayətlərinin Məhəmməd tərəfindən çoxsaylı yanlışlıqlarla istifadəsinin sübutu kimi İbrahimin atasının Quranda adını göstərmək olar. Bu adamın əsil adı Tərahdır, Quranda isə o Azər adlanır.  Görünür, Tərahı İncildə adı keçən İbrahimin qulluqçusu əl-Azərlə səhv salıblar. Evlad sahibi olmadığına gileylənən İbrahim  deyir ki, varisi qulluqçusu Şamlı Əliəzər olacaq (Yaradılış Kitabı 15.2). Bütün bu örnəklər sübut edir ki, islam peyğəmbərinin ikinci əldən aldığı məlumatları çaşıb qarışdırdığına görə Quranı yaradarkən bu və ya digər tarixi səhvlərdən qaça bilməzdi. 

Quran təlimində digər yəhudi qaynaqları

Quran mətnlərində bir çox başqa qədim yəhudi əfsanələri tapmaq mümkündür. Aşağıdakı şeir qədim yəhudi hekayəsiylə olan əlaqəni aydınca göstərir:

Bu Quranı biz dağa çıxarsaydıq, dağ itaət edib baş əyər, qorxudan Tanrı qarşısında ikiyə bölünərdi... Surə 59.21

Tərqum əsərinin Hakimlər kitabı 5.5-də (“Dağlar Tanrı qarşısında titrəyir, ey Sina, sən İsrail Tanrısı qarşısındasan”) qədim yəhudi rəvayətinə görə, təkəbbürlü Favor, Ərmon və Karmil dağlarından fərqli olaraq Sina dağı Tövratı almağa hazırlaşarkən özünü alçaltmışdı, yerindən oynadılmışdı.
Quranda da var ki, Musa bir  neçə gün bu dağda qalanda dağın ətəyində onu gözləyən camaat qızıl dana düzəldib ona sitayiş etməyə başlayır. Allah ona dedi:
          
 (Tanrı) dedi: “Sən gedəndən sonra xalqını sınağa çəkdik, Samiri onları yoldan çıxardı. Surə 20.85

Növbəti şeirlərdə deyilir ki, Samiri (əs-Samiri) dana bütünü oddan götürəndə səcdə edənlərə elə gəldi ki, büt diri dana səsi çıxarır. Adı çəkilən Midraşın Pirke Rəbbi Əliəzər mənbəsində deyilir ki, İsraillilər həqiqətən böyürən bir dana görüb. İyequa Rəbbi israr edirdi ki, rəvayətə görə, yəhudilərin ölüm məleykəsi Səmaəl dananın içinə girib adamları aldatmaq məqsədiylə böyürürmüş. Tamamilə aydındır ki, Qurandakı əhvalat yəhudi əfsanəsinə əsaslanır. Sual: Quranda ölüm məleykəsinin adı niyə çəkilmir, adamlardan birinin adı isə niyə əs-Samiridir? Axı “əs-“ artiklinin işlədilməsi bu sözün insan adı olmamasına aydın işarədir. Quranın əksər müsəlman təfsirçiləri bu sözü “samarili” kimi tərcümə edirdi, göründüyü kimi, onlar özləri də  bilmədən haqlı idi. Məsələ orasındadır ki, samaritlər yəhudilərin Misir çıxışından bir qədər sonra müstəqil xalq kimi şəkillənmişdi, qızıl dana əhvalatı da o zamana aiddir.
Şübhə yox ki, bu qarışıqlığın kökü İerovoamın Yəruşəlimdə bəzi İsrail tayfalarını həqiqi İsrail Tanrısına səcdə qılmaqdan yayındıran zamana gedib çıxır və Süleymanın yerini Rovoam tutandan sonra baş vermişdi. İerovoam İudey şəhərindəki səcdəgaha müxalif Samariyənin Dan və Vəfil bölgələrində iki qızıl dana bütü ucaltmışdı. Sonralar bunun əleyhinə elçilərinin birinin vasitəsiylə Tanrı öz fikrini belə bildirmişdi:
             
Samariya, danan səni atdı! Qəzəbim onları tutdu; bunlar nə vaxta qədər  təmizlənməyəcək? Axı bu da İsrailin işidir. O, tanrı deyil, çünki onu rəssam yaradıb.  Samariya danası tikə-tikə olacaq! Osiya 8.5-6

Çox guman ki, öz problemlərinə görə iudeylər qumsallıqdakı  qızıl dana əhvalatının bu hissəsini qəsdən qarışdırıb samariyalıları günahkar çıxarmışdı. Ya da ki Məhəmməd Samariyalıların qızıl dana hekayətini Ərəbistanda yaşayan  iudeylərdən  eşidib Musanın qumsallıqda  məhv etdiyi qızıl dana əhvalatıyla bilməyərəkdən qarışdırıb. Məhəmməd Quranda büt düzəltmiş dəmirçiyə verdiyi əs-Samiri adını da  ölüm məleykəsi Səmaəl ilə qarışdıra bilərdi. Yəhudilərin Misir çıxışından bir neçə əsr sonra samarilərin müstəqil xalq olmasını da Məhəmməd bilməyə bilərdi.
Yuxarıdakı məlumatlar Quranın Məhəmmədə göndərilən  ilahi vəhy olmamasını yetərincə sübut edir. Burada yerli yəhudi folklorundan plaqiat həddindən artıqdır. Məhəmməd öz kitabı üçün materialı onu əhatə edənlərin söhbətlərindən topladığını nəzərə aldıqda nəticələr heç də gözlənilməz olmur. Bir xronoloji yanlışlıq da var: Quran Misir əsirliyi dövründə yaşamış və firon ordusunun başçılarından biri olan  Amana istinad edir. Əslində isə Aman bir neçə əsir sonra yaşamış və Persiya şahı Artakserksin baş naziri olaraq yəhudiləri məhv etməyə çalışan birisi idi (Esfir Kitabı  3.1).
Səba kraliçasının Süleymana qonaq gəlməsini İncildən fərqli olaraq Quran tamamilə başqa cür qələmə verib. Quranda deyilir ki, quşlar arasında hüdhüd quşunu tapmayan Süleyman onu cəzalandıracağını söyləyir. Lakin bir azdan Süleymanın yanına qayıdan hüdhüd izah edir ki, ölkədən uzaqda idi. Orada Səba ölkəsini idarə edən bir qadın görmüş; o gözəl nəhəng kürsüdə oturur, amma günəşə sitayiş edir. Süleyman o qadına quş vasitəsiylə məktub göndərir. Məktubu alan kraliça Süleymana hədiyyə yollamaq, sonra isə özü də qonaq gəlmək istəyir (Surə 27.20-42). Buna bənzər hadisə əfsanəvi yəhudi zəbur ədəbiyyatı olan “Esfir” kitabının  İkinci Tərqum bölümündə təsfir edilib. Bircə fərq var, o da budur ki, Qurandakı hüdüdün yerini xoruz  tutur. Ən əsası isə budur ki, rəvayətin uzunluğuna baxmayaraq onun hansı məqsədlə söylənildiyi Quranda verilmir. Əslində isə “dünyanın o biri tərəfindən gələn qonaq-xanım Süleyman müdrikliyini dinləməyə gəlmişdi” (Luka 11.31). 

3. Xristian qaynaqları və onların təsiri
      
İsanın anası Mariya haqda rəvayət     

Quranın bənzərsiz özəlliklərindən biri də onun İsanın anası Mariyaya xüsusi diqqət yetirməsidir. Müsəlmanlar onu Məryəm adlandırır. 19-cu Surə onun adını daşıyır. Məryəm Quranda adı keçən yeganə qadındır. Mətndən anlaşıldığı kimi, bu qadın Allah tərəfindən seçilmiş, təmizlənmiş və dünyada bütün qadınlardan yüksəyə qaldırılmışdı (Surə 3.42). Qurana salınan yəhudi rəvayətlərinin başına gələn yenə təkrarlanır: incil həqiqətləri apokrifik xristian mətnləriylə qarışdırılıb Quranda öz zəif əksini  tapır. Burada Məryəmin həyatı və tarixi rolu ilə bağlı Məhəmmədin gətirdiyi dolaşıqlarla,  eləcə də gün kimi aydın xronoloji səhvlərlə qarşılaşırıq.
İncildə bu qadının doğum günü ilə bağlı heç nə yoxdur, Quranda isə bu haqda bir tarixcə var. Məryəmin doğulmasından bir qədər öncə onun anasının Tanrıya etdiyi duası da verilibdir:

İmranın arvadının Tanrıya üz tutmasını da yada salın: “Ey Tanrı! Qarnımdakını sənə söz vermişəm, fani dünyadan azad, yalnız sənin qulluğunda durmaq üçündür o, vədimi qəbul et, axı sən hər şeyi eşidən və bilənsən!” Surə 3.35            

Sonrakı şeir bu qadının qız doğmasının təəccübünü yaşamaqdan bəhs edir. Qızına Mariya (Məryəm) adı verir və balasını qoruduğuna görə Tanrıya şükur eləyir. Mariya Zahariyyə adlı  bir keşişə tapşırılır. Qızın mehrabına  gələn  keşiş hər dəfə onun yanında cürbəcür yeməklər görür. Bunların haradan olduğunu soruşan Zahariyyə eyni cavab alırmış: Allah hər istəyənə həyatı üçün nə gərəkdirsə, onu verər (Surə 3.37). Mehrab məsçiddə Məkkə səmtinə baxan bir yerdir, Mariyanın mehrabı yəhudi məbədinin lap mərkəzində kiçik bir otaq da ola bilərdi. (İspaniyanın Kordova şəhərindəki məscidin mehrabı kiçik otaq şəklindədir.) Quranda deyildiyi kimi, Zahariyyə Mariyanın yanına girə bilən yeganə insan idi.
Mariyanın anasının adı çəkilməsə də, müsəlman təfsirlərində o Anna adlandırılır.  İş orasındadır ki, Quranda təsvir edilən bu əhvalatın Kiçik İakovun Protoyevanqeliyasıyla ortaq yerləri var. Bu apokrifik xristian əsəri Yeni Andlaşmadan bir qədər sonra yaradılmışdır. Kitabda deyilir ki, Anna tanrıya dua edib doğacağı uşağının — fərq etməz — oğlan ya qız olsun —  bütün ömrünü ona həsr edəcəyinə söz verir. Körpə qız doğulanda, adını Mariya qoyub kilsədə saxlayırlar. Qidasını məleykə gətirərmiş. Bu hekayənin Qurandakı rəvayətlə bənzərliyini və onun hardan gəldiyini  görməmək mümkün deyil.
Məryəmin rəvayəti koptların “Bakirə qız haqda  dastan” kimi kafir sayılan digər əsərlərdə də tapılıb. Bu dastana görə, kilsədə Mariya göyərçinlər yedizdirilən sayağı yedizdirilirmiş, yeməyi də Tanrı məleykələri gətirirmiş. Qız kilsəni heçvaxt tərk etməzmiş, məleykələr də ona səmavi Həyat Ağacının meyvələrindən gətirərmiş.  Bu rəvayətdə tədqiqata ehtiyacı olan bir çox xronoloji yanlışlıqlar var.
Əvvəla qeyd etmək lazımdır ki,  özünü yalnızlığa məhkum edən, çörəyi və əti qarğalar tərəfindən gətirilən İlia adlı peyğəmbərlə Mariya səhv salınıb (3-cü Hakimlər 17.6). Buna baxmayaraq, Mariyanın anasının Anna adı bu hekayətin mənbəyindən xəbər verir. Gerçəkdən də, bir neçə əsr əvvəl Anna Tanrıya üz tutub uşaq diləmişdi, əvəzində evladının Tanrıya xidmət edəcəyini vədd etmişdi (1-ci Hakimlər 1.11). Anna Samuilin anasıydı. Doğumundan sonra bu oğlan Tanrıya verilmişdi (1-ci Hakimlər 1.28), Samuil də Davudun İsrailin şah taxtına oturdulmasında iştirak etmişdi. Bu hekayənin Qurana düşməsi anlaşılan olsa da, xronoloji səhvlərin haradan qaynaqlandığı qaranlıq qalır. Bunun cavabını başqa parçada tapmaq olar:

Burada Anna adında çox yaşlı bir peyğəmbər qadın da var idi.  Aşer soyundan olan Fanuelin qızıydı. Gənc ikən evlənib əri ilə yeddi il yaşadıqdan sonra dul qalmışdı. İndi səksən dörd yaşındaydı. Kilsədən heç ayrılmaz, oruc tutub dua edərək gecə-gündüz Tanrıya tapınardı. Luka 2.36-37

Xronolojı səhvin haradan gəldiyinə indi işıq düşür. Yenidən  yəhudi qadın  Anna peyda olur, gecə-gündüz dua edib  oruc tutan, kilsəni tərk etməyən  də məhz bu qadındır. Görünən budur ki, Mariyanı nəinki İliya və Samuilin anası Anna ilə, qeybdən xəbər verən peyğəmbər qadın Anna ilə də  səhv salıblar. Daha sonra başqa bir oxşarlıq da izlənilir, bu da Tanrı qüdrətiylə hamilə qalan Anna və Mariyanın sevinc alqışlarıdır. Hər iki  alqış  güclüləri taxt-tacdan salıb kasıbları yüksəldən, diləyənlərə verən, zənginləri əliboş buraxan Tanrıya ünvanlanır. (1-ci Hakimlər 2.1-5; Lukadan 1.46-53). Diqqətli oxucu Annanın  Mariyanın modeli, Annanın oğlu Samuil də Mariyanın oğlu İsa Məsihin  modeli olduğunu dərhal sezə bilər.
Bir qədər diqqətsizlər isə iki əhvalatı qarışdıraraq birləşdirib. Nəticədə Əski və Yeni Andlaşmalardakı (başqa variantlarda: Əhdi-ətiq və Əhdi Cədiddəki, yənı Tövrat, Zəbur və İncildəkı—tərcüməçi) iki Anna dəyişik salınıb, İliyanın həyatından xronoji yanlışlıqları da artırıb qəribə apokrifik rəvayət yaradıblar. Ən maraqlısı isə bu rəvayətin əsas hissələrinin Quranda gerçəkdən də baş vermiş hadisə kimi özünə yer tapmasıdır. Şübhə yox ki, Məhəmməd əski əfsanələrdən çox asılı olmuş və İncil həqiqətlərini apokrifik əsatirlərdən ayıra bilməmişdi.
Quranda başqa bir xronoloji yanlışlıq  da Mariya ilə bağlıdır. O, Musa və Aaronun bacısı Miriamla səhv salınıb! Mariyanın adına həsr olunan surədə deyilir ki, Mariya nigahsız olaraq oğlu İsanı doğandan sonra qonşular ona irad tutmuş:

Ey Məryəm! Sən görünməmiş bir iş gördün. Ey Harunun bacısı! Nə atan, nə də anan əxlaqsız deyildilər. Surə 19.27-28

Bu beytdə qadını “uhtə Harun” (Harunun bacısı) adlandırırlar. Musanın da Haruna “Harun aki” (Harun qardaşım) deməsi onların  qardaş olduqlarına təsdiqdir. (Surə 20.30).  Bundan başqa, Harun Quranda adı çəkilən yeganə Harundur, ona görə də Musanın qardaşı olmasına şübhə yoxdur. Məhəmmədin səhvi Anna və Samuil əhvalatındakı kimi apokrifik yazılara aid deyil. Bu dəfə o hər şeyi  özü  qarışdırıb. Maraqlıdır ki, Harun və Musanın əsil bacısı Miriam İncildə gerçəkdən də “Harunun bacısı” adlanır (Çıxış 15.20). Yəhudi dilində  hər bu iki qadının  adı eyni cür səslənir: Miriam (ərəbcə - Məryəm).
Məhəmmədin yaşadığı dövrdə bəzi xristianlar bu səhvə görə onu danlayırmış:

Muqira b. Şuba söylədi: “Nacrana yetişdiyimdə onlar (Nacran xristianları) məndən soruşdu: Sən Quranda belə oxumusan: ”Ey Harunun bacısı (yəni Hadrat Məryəm)”, Musa isə İsadan çox-çox öncələr yaşamış. Allah elçisinin yanına dönəndə (s) bunu soruşdum, o da belə cavab verdi: “(Qədimlərdə) insanlar adətən özlərindən qabaq yaşamış imam və möminlərin adlarını verərdi (öz övladlarına).” Səhih Müslüm, 3-cü Cild, səh.1169

İslam peyğəmbərinə olan hörmətə baxmayaraq onun bu  izahını qəbul  etmək asan deyil. Quranda bu adı daşıyan başqa birisinə rast gəlinmir. Hər halda Quranda bir neçə dəfə keçən “uhtum” sözü  doğma bacı haqda söhbətlərdə işlədilibdir. (Sura 4.12, 23, 176). Məhəmmədin izahlarını yozmağa çalışan müsəlman təfsirçilər deyir ki, bu ifadə “Harunla qohumluq bağlarında olan insan” deməkdir. Bu belə olsa da, dəlillərdə mə´na yoxdur. Musa və Harun müqəddəs Levililər nəslindəndi. Mariya Davud tayfasının İuda boyundan idi (Luka 1.32). Deməli, o, Harunla qətiyyən qohum deyildi, onun nəslinə, kökünə də aidiyyatı yox idi. Maraqlıdır ki, İsanın (deməli anası Mariyanın da) Levililər nəslindən olmaması İncildə çox aydın göstərilir. Yəhudilərə Məktubda deyilir ki, İuda boyuna məxsus olduğu üçün İsa, Harun rütbəsiylə deyil,  Məlhisədək rütbəsiylə əbədi keşişliyə yüksəldi. İsanın keşişliyi “cisim qanunlarına tabe olmayan” idi (Yəhudilərə 7.11-16). Ona görə də Mariya üçün Musa və Harunla Mariyanın atasını Məhəmməd yanlış adlandırır,  bu yanlışlıq Mariyanı Harunun bacısı saymasından görünür. İncildə yazılıb ki, İohaveda “Harunu, Musanı və onların bacısı Miriamı doğdu” (Rəqəmlər 26.59) İsanın anasının atası Quranda İmran adlanır, Amram adının ərəb formasıdır (Avraam adının ərəb şəkli İbrahim olduğu kimi). Maria Məryəmabnata İmran adlanır, yəni “İmranın qızı Məryəm” (Surə 66.12) Beləliklə, bu qadını nəinki Harunun bacısı, hətta İmranın qızı adlandırırlar. Bu bir daha sübüt edir ki, Musa və Harunun əsil bacısı  Miriamla Mariya səhv salınıb. Bu yanlışlığın səbəblərinə işıq sala biləcək əsaslar azdır. “Yəhudilərə məktub”dan  gətirilən sitat da bu səhvin yersiz olduğunu göstərir.

Digər apokrifik xristian mənbələri

Quranda başqa əfsanə və rəvayətlərə rast gəlinir ki, onlar  kafir sayılan xristian mətnlərindən qaynaqlanır. 18.9 - 26 Surədə qəribə bir əhvalat nagıl edilir: Tanrıya urəkdən inanan  gənclər təqiblərdən canlarını qurtarmaq üçün bir mağarada gizlənib  orada bir neçə il yatmış qalırlar. Onları “aşabal-kaf” (mağara yoldaşları) adlandırırlar (Surə 18.9). Rəvayətdə deyilir ki, yuxudan oyanan bu oğlanlar uzun müddət yatdıqlarına çox təəcüblənir. Bu hadisənin “Acta Sanctorum” kimi apokrifik xristian yazılarıyla bir çox paralelləri, bənzərlikləri var. “Acta Sanctorum”u Suriya yazıçısı İakov Saruqski öz ölümündən öncə b.e.  521 ildə tərtib etmişdi. Beləliklə, bu rəvayətin ən ilkin yazılı nümunələri  İsanın doğumundan dörd əsr sonra qeydə alınıb. Bu rəvayət Teodosi və Dionisiya Tel Marski də V əsrin Suriya əlyazmasında da nəql edilir. Xalq arasında bu “yeddi yatmış kişi” hekayəsi olaraq tanınmışdı, çünki müəlliflər məhz yeddi rəqəmində israrlıydı.   
Rəvayətə görə, bu mağara Efes şəhərinin yaxınlığında yerləşirdi, yatmış gənclər isə b.e. 251-ci ildə vəfat edən imperator Desiyin dönəmində təqiblərdən qaçan yeddi xristian imiş. Mağaraya sığındıqdan sonra oranın girəcəyi qapanmış, amma II Teodosinin hökmranlığı dövründə, təxminən 200 il sonra, mağara açılmış, gizlənənlərdən biri oyanıb şəhərə getdiyində xristianlığın zəfər çaldığına heyrətlənib. Sonra gənclər Tanrının onları necə qoruduğunu imperatora söyləyib ölmüşlər. Bu rəvayətin qaynağı məlum deyil, lakin  İncil materialı əsasında yaranmış bir əfsanə olsaydı da, bu yalnız Matveydən 27.52-53 qaynaqlana bilərdi.
Həmin rəvayətin Quranda keçməsi bir daha sübut edir ki, bu kitabın əksər təlimi mifik material üzərində qurulub. Qurandakı əfsanələrin şərh azlığı bu qənaəti təsdiqləyir. Hadisələrin harada və nə zaman baş verdiyi, eləcə də gənclərin xristian olması haqda Quranda məlumat yoxdur. Mağarada gizlənənlərin sayını da Məhəmməd bilmirdi. Quranda deyilir ki, bəziləri oglanların sayını üç, bəziləri beş, digərləri isə yeddi sayır, amma bu haqda Məhəmməd özü heç bir fikir yürütmür (Surə 18.25). Bu qeyri-aydınlıq Quranın əl-Alim, “Hər şey Bilən” Tanrı tərəfindən göndərilməsinə qarşı yönəlir. Bütün bu kiçik yanlışlıqlar Məhəmmədin biliklərinin məhdud olduğunu sübut edir, oğlanların sayının da onun öz fərziyyəsi olduğuna guman verir.
Bir başqa əfsanə də var ki, onun da mənşəyi bəlli deyil. Quranda deyilir ki, İsanın davamçıları ondan soruşur:

Ey Məryəm oğlu İsa! Sənin Tanrın səmalardan bizlərə yemək göndərə bilərmi? Surə 5.112

Bu möcüzənin baş verməsi üçün İsa dua edəndən sonra Allah bütün kafirlərə gələcək aqibətləri haqda qorxunc xəbərdarlıq edən lövhəciklər göndərir. Maraqlı budur ki, Quranda “masa” anlamında keçən maydan sözü bənzər efiop sözündən əmələ gəlib. Bu söz ilə abissin xriastianları xristian kilsəsinin əsas müqəddəs məfhumunu —Tanrı lövhələrini adlandırırdı. Ola bilsin ki, bu süjet Gizli Axşam Yeməyi hekayəsinin təhrif variantından qaynaqlanır. Göylərdən yeməklərlə dolu süfrənin, masanın göndərilməsi istəyi isə, ehtimala görə, Misirdən çıxış zamanı İsrailin xahişlərindən irəli gəlir:

Və Tanrının əleyhinə danışırdılar, deyirdilər: “Tanrı səhrada  bizə yemək verə bilərmi? İlahilər 77.19

İsanın anası Mariya Musanın bacısı Miriamla səhv salındığı kimi, bu əfsanədə də İsa yuxarıdakı sözlərin ünvanı olan Musa ilə qarışdırılıb.
Apokrifik xristian yazılarının qeyri-real və ikinci dərəcəli mətnlər olmasına baxmayaraq Quranın böyük hissəsi Məhəmməd  tərəfindən məhz buradan mənimsənilib. Missiyasının lap başlanğıcından bu adam xristianlarla söhbət edərdi. Onun ilk qadını Xədicənin dayısı oğlu Varaka xristian idi. Aşağıda onun haqda bir parça verilir:

Varaka hələ islamdan öncəki dönəmdə xristianlığı qəbul etmiş və ərəb dilində yazmağa vərdiş etmişdi. Allahın istəyi ilə də  ərəb dilində İncili yazmağa alışmışdı. Səhih əl-Buxari, 6-cı Cild, səh.452

Yəqin, onun yazdıqlarının əksər hissəsi İncil yox, çox guman ki, apokrifik xristian yazılarında qalmış və Ərəbistan ərazisində əldən-ələ gəzən mistik əsərlər idi. Bu əlyazmalara bənzər materiallardan Məhəmməd həddindən artıq tez-tez istifadə edirdi. Bir çox bənzərliklər və üst-üstə düşmələr Quranın hər şey bilən Tanrının  deyil, müəyyən məlumatlarla məhdudlaşmış  insan əsəri olmasını sübut edir.

4. Zərdüştlük və buddizm qaynaqları
            
Zərdüşt Avestasına aid konsepsiyalar

Məlumdur ki, Məhəmməd farslarla sıx ünsiyyətdə olmuşdu. Onlardan biri İsfahan ətrafındakı kənddən gəlmiş Salmandır. Ona görə də Quran konsepsiyalarının böyük hissəsinin zərdüştlük nəzəriyyəsiylə, xüsusilə də qədim əfsanə və praktiki biliklər toplusu  Avesta  ideyalarıyla üst-üstə düşməsi təəcüblü deyil. Zərdüştlük müsəlmanların işğalından öncə Persiyanın üstün dini idi. İranın uzaq bölgələrində bu dinə indi də rast gəlinir.
İslamda Allahın doxsan doqquz ismi var. Onlardan yetmiş beşi Avestanın  baş tanrısı Ahura Mazdanın adına bənzəyir (“Hürmüzd Yast” bölümündə). Məsələn, Ahura Mazda da, Allah da həm Quranda, həm də Avestada “Görən” (Əl-Bəsir, Surə 22.75, Hürmüzd Yast 8,12);  “Müdrik” (Əl-Hakim, Surə 4. 158, Hürmüzd Yast 15); “Bilən” (Əl-Alim, Surə 15.25, Hürmüzd Yast 12); “Qüdrətli” (əl-Kavi, Surə 22.40, Hürmüzd Yast 7); “Yaradan” (əl-Xaliq, Surə 6.102, Hürmüzd Yast 8,13); “Tərifə layiq” (əl-Həmid,Surə 34.6, Hürmüzd Yast 12); “Nəzərə alan” (əl-Hisab Surə 5.5, Hürmüzd Yast 8). Bunlar bu kitablarda rast gəlinən və göründüyü kimi, Avestadan Qurana keçən oxşar adların yalnız bir qismidir.
Quranın hər surəsinin başladığı (9-cu Surədən savayı) ənənəvi “Bismillah” düsturu da zərdüştlüyün yazılı qaynağı olan on beş traktatlı“Dasatir və Asmani” ilə paralleldir.  Bu traktatların hər ikinci şeirinin “Verən, Bağışlayan, Rəhmli, Ədalətli Tanrının adıyla” düsturu var. Buna bənzər şey Bundahişnidə də rast gəlirik: “Hürmüzdün, Yaradanın adıyla”.
Yayğın olan “sirat” sözü Quranda qırx beş dəfə rastlanır və Allahın “yolu” anlamını verir. Çox vaxt “sirat” “müstəkim” sözünə bağlıdır və həqiqi dinin doğru yolu deməkdir (Surə 1.6). Bu ərəb sözü deyil. Əs-Suyyuti kimi müsəlman alimlərin fərziyyəsinə görə, bu söz Yunandan keçib və latın sözü “strata”dan əmələ gəlib. Lakin sözün kökündə həmçinin “körpü” mənasını verən fars sözü “çinvat” da ola bilər. İslam rəvayətinin zərdüştlüyə gedib çıxması fars mənşəyi ehtimalını artırır. Hədis ədəbiyyatında Axirət günü cəhənnəmin üzərindən salınacaq  əs-Sirat körpüsü haqda əfsanəvi bir hadisə qələmə alınıb. İstisna olmadan bütün adamlar  mütləq bu körpüdən keçəcəyindən söhbət edilir. Sınaqdan  yalnız möminlər sağ-salamat çıxacaq, kafirlər isə körpüdən cəhənnəmə yuvarlanacaq. Körpü haqda rəvayət belədir:

 (Cəhənnəm) Odunun üzərindən bir Körpü salınacaq. “Allahın rəsulu (s) əlavə etdi: “O körpüdən mən birinci keçəcəyəm. Əshabələrin  yalvarışları da o gün belə olacaq: “Allahumma Sallim, Sallim (Ey Allah, bizi xilas elə, bizi xilas elə!), körpünün altında isə əs-Saadan (tikanlı ağac) tikanlarına bənzər  mizlər olacaq. Səhih əl-Buxari, 8-ci Cild, səh.375

Bu ideya  mazda inancından qaynaqlanır: bütün ölənlər Çinvat adlanan nəhəng körpünün üstündən keçməli olacaq. Avestada  isə bu, “Çinvato-peretus” adlanır (xeyir və şər əməlləri sayanın körpüsü”). Avestada deyilir ki, bu körpü  Alburz dağından Çaqat Deytiyə qədər dibi görünməyən cəhənnəmin üstündədir. Xeyirxahlar cənnətə, bədxahlar isə körpüdən cəhənnəmə yıxılacaq.
Qədim “Dinkart ” kitabında bir xeyirxah adamın duasından danışılır: “Məni cəhənnəmin qəddar cəzalarıyla  qarşılaşdırma, Çinvatı keçib bərəkətli, gözəl ətir və sevinclərlə dolu, daimi o parlaq yerlərə yetişdir” (Dinkart, 2 Hissə, 81-ci fəsil). Avestada Hürmüzd təmiz əməlli kişi və qadınlara vədd edir: “Sizi əmin-amanlıqla çinvat körpüsündən keçirəcəyəm” (Avesta Yasna, 46,10). Qədim fars əlyazmalarında körpüyə istinad edən bir çox başqa mənbələrə də rast gəlinir və əs-Sirat müsəlman konsepsiyası da məhz buradan qaynaqlanır.
Bir başqa Quran  konsepsiyası — haqq dünyasında min cür ləzzətlərin,  gözəl, irigözlü “hurilərin”, cənnət qızlarının möminlərə bəxş edilməsi – heyrətedici dərəcədə zərdüştlük  qaynaqlarına oxşamaqdadır.

Və onlar yan-yana düzülmüş yataqlarda dincələcək. Və onlar üçün irigözlü, nurani köməkçilər verəcəyik... Surə 52.20

Buradakı cənnət təsvirləri otaqlarını heç vaxt tərk etməyən, istənilən an şeyxə ləzzət verməyə hazır olan gözəl, qaragöz kənizlərin saxlanıldığı ərəb hərəmxanalarının təsvirinə olduqca çox bənzəyir. Heç bir şübhə yoxdur ki, bu ideyanın da mənşəyi zərdüştlükdür. Maraqlıdır ki, ərəb sözü “huvr”, guman ki,
pəhləvi ədəbiyyatında cənnət gözəllərini təsvir etmək üçün işlədilən qədim İran sözü “hurust” (“gözəl”) kəlməsindəndir (Arda Viraf, 4.18). Bu kitablardan birində həmin söz səma qızları, ağ əlli, güclü, qeyri-adi sifət və gözəl döşlü qızları təsvir üçün işlədilir (Hadost Nask, 2.23). Zərdüştçülərin inancına görə, bu qızlar havada yaşayan, ulduz və işiqla təmasda olan qadın ruhlarından ibarətdir.
Quranın böyük hissəsi nəinki yəhudi və xristian apokrifik ədəbiyyatdan, eləcə də bir çox zərdüştlük əfsanələrindən gəlir.

İsa haqda bəzi Quran mətnlərinin buddizm qaynaqları

Quranda İsa haqda  iki konkret  məsələdən söhbət edilir. Onlar buddizmdən qaynaqlanır, İncillə əlaqəsi yoxdur. Birinci mətn İsanın gerçək doğumu haqdadır. Quranda bu hadisə belə təsvir edilib:

(Məryəm) artıq hamilə oldu və bətnindəki uşaqla uzaq bir yerə xəlvətə çəkildi. Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur elədi, və dedi: “Kaş ki mən bundan əvvəl ölüb qurtaraydım ya da tamamilə unudulardım!” Dərhal (yerin altından) belə bir nida gəlir: “Kədərlənmə, Rəbbin sənin üçün (ayağının altından) bir irmaq axıtdı. Başının üstündəki xurma ağacını da silkələ, təzəcə yetişmiş meyvələr tökülsün, ye, iç, sərinlə...” Surə 19.22-26
        
“Mariyanın Uşaqdoğma tarixi” adlı başqa apokrifik xristian kitabının on ikinci hissəsində Quranda yazılan bu hadisəyə çox bənzər əfsanə var. Bir fərqlə ki, bu kitabdakı olaylar Mariya və İosifin körpə İsayla Misirə qaçdığı zaman baş verir. Mariya uzun yolçuluqda haldan düşüb bir müddət xurma ağacının altında dincəlmək təklif edir. Ağacın başında yetişmiş xurmaları görən Mariya ac olduğunu İosifə deyir. Lakin İosif cavab verir ki, meyvələr çox hündürdədir, onları dərmək olmur. Qəflətən körpə İsa xurma ağacından Mariya üçün budaqlarını aşağı sallamasını xahiş edir. Xurma dərhal budaqlarını aşağı əyir, bundan sevincək Mariya da xurmalardan yeyib özünə gəlir. Sonra İsa ağacdan budaqlarını qaldırıb yerin altındakı irmağı açmasını xahish edir ki, susuzluqdan yanmasınlar. Xurma öz budaqlarını qaldıran kimi, yerdən sərin su çıxmağa başlayır. Yolçular Tanrıya şükürlər oxuyub yollarına davam edir.
Bu hadisə Misir yolunda baş verməsindən savayı Quranda söylənilənlə, demək olar ki, tamamilə eynidir. İncildə analoqu olmadığına görə bu əfsanənin ilkin qaynağını tapmaq  məqsədiylə bir qədər arxaya dönmək gərək.
“Pali” adlı buddizm təlimində Quranda yer alan İsanın doğum rəvayətini çox xatırladan iki hekayə var. Persiyaya və indi Əfqanıstan adlanan əraziyə buddist keşişlərin gəldiyi dəqiq məlumdur (o yerlərdə indi də Buddanın yarımçıq dağıdılmış bütlər var). Bundan dolayı bu rəvayətin xristianların apokrifik əlyazmalarına necə keçdiyini izah eləmək çətin deyil. Buddist Maxa-Vamso iddia edir ki, Vattaqamaninin hakimiyyəti dövründə Seylonda e.ə. 80-ci illərdə“Pali” kitablarını yazmaq qadağan idi.
İlk dəfə bu rəvayət “Nidanakatxa Catakam” da (I Hissə, səh.50-53) üzə çıxır. Məhz burada deyilir ki, Qautama Buddanın anası Mayya  doğmaq vaxtının yaxınlaşdığını hiss edib atası evinə getmək üçün ərindən icazə alır. Qulluqçularıyla birgə Mayya  gözəl bir meşəyə girir. Orada sal ağacının  gözəl güllərini görüb onları dərmək istəyir.  Birdən ağac aşağı əyilir, güllər hamilə qadının əllərinə yaxınlaşır. Buradakı məlumatın Qurandakıyla əlaqəsi onunla təsdiqlənir ki, İncildə uşaq Misirə gedən yolda doğulursa, Budda ağacın altında doğulur. Amma Quranda söhbət Buddanın yox, İsanın doğulmasından gedir. Buna baxmayaraq tamamilə aydındır ki, bu iki hekayə Quranda eyniləşdirilib. İsanın doğumuna Məhəmməd belə detallar daxil edib: xurma ağacı və İsanın tələbiylə anasının doğuş sancılarını azaldan irman. İsanın  doğulma hekayəsinin davamı kimi Quranda apokrifik xristian əlyazmalarına əsaslanan  ikinci parça peyda olur, bu da öz növbəsində buddizmdən qaynaqlanır. Nigahda olmaya-olmaya  uşaq doğmasına təəcüb edənlərə Mariya cavab olaraq beşikdəki İsanı göstərir. Soruşurlar: yenicə doğulmuş uşaqla danışmaqmı olar? Ana cavab verir ki, bu körpə Allahın qulu və gələcəyin peyğəmbəridir, ona hər zaman dua edib zəkat vermək tövsiyə edilib. O, həmçinin anasına və hər kəsə  qarşı olduqca nəvazişkar olacaq (Surə 19.29-32) Bu  hekayədə beşikdə olan İsanın dil açması təkrarlanır, və Allah dedi:

Ya Məryəm oğlu İsa! Sənə və anana ne’mətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın... Surə 5.110

Bu hekayənin mənbəyi səciyyəvi apokrifik xristian yazısı olan, yalnız ərəb mətnindən tanınan və guman ki, kopt mənşəlli olan Uşaqlığın Ərəb İncilidir. Kitabın lap əvvəlində deyilir ki, İsa beşikdə olarkən bəşəriyyətin xilası üçün atası tərəfindən göndərilən Tanrı oğlu olduğunu söyləyirmiş. Məhəmmədin Misir hökmdarından hədiyyə kimi iki qız uşağı alması, onlardan birinin də, Miriamın, Məhəmmədin yaxın silahdaşı və sonralar qadınlarından biri olması yaxşı bəllidir. Bu qadın ona İbrahim adlı bir oğul doğmuş, amma o evladları hələ uşaqkən vəfat etmiş. Misirlə olan bu əlaqə Məhəmmədin apokrifik xristian materialına yol açmışdı.
Lakin bu hadisənin ilkin qaynağı “Budda Karita” (I Kitab, 34 qisim) və “Lalita Vistara”da nağıl edilən Budda haqda bir rəvayətdir. Bu rəvayətə görə, elə doğulan kimi Budda dörd tərəfə yeddi addım atıb, hər yeddinci addımından sonra ayağının altında lotos gülü açılırmış. Güllərə baxıb “Mənəm dünyada ən əsas!” deyirmiş. Sanskrit dilində yazılmış başqa Çin əlyazmasında Buddanın doğulan andan dil açıb danışması ətraflı nəql edilir. Rəvayətə görə, Budda çevrilmələrinin son mərhələsinə çatmış və bəşəriyyəti xilas etmək üçün həyata son dəfə gəlibmiş. 
Quranın müxtəlif əfsanə və əsatirlərdən qaynaqlanmasının bir çox sübut- dəlillərinin mövcudluğu onun Allah izharı, bütün bəşəriyyətə göndərilən sonuncu müqəddəs kitab olması iddialarını kökündən sarsıdır.

Çevirən: İlahə Ucaruh

Комментариев нет:

Отправить комментарий