Bu haqda fikirləşən yoxdur hələ, əsası toydur. Amma
hər dəfə “Toy olsun!” sözünü eşidəndə yadıma Emin Sabitoğlunun “Hicran”
tamaşası düşür. Tamaşada korifey sənətkarımız Nəsibə Zeynalovanın yaratdığı alverçi
qadının obrazını indiki telekanalların siması seçmək çox yerinə düşərdi. Alverçi
qadının bircə amalı var: “Bəyi başdan-ayağa geyindirmək”. İndiki
telekanallarımızın dili ilə desək, “Gəlini başdan-ayağa nakolkalamaq” kimi
səslənər bu fikir.
Braziliya ilə Hindistan bir araya
gələndə...
Telekanallarımız səhərdən-axşama
bişirir-düşürür, yuyur-silir, geyindirib-keçindirir, bəzəyir, ərə verir,
evləndirir. Hətta toy üçün palatka müğənnilərinin də reklamını qabaqcadan
edirlər ki, “toyumda kim oxusun” sualı yeni qoşalaşacaq cütlüyün nəslini-kökünü
çox narahat etməsin. Belə telekanaldan kim küsər?
Arada dincəlmək zamanı gələndə kara hind
filmləri və Meksika, Braziliya serialları gəlir. Amma bu yaxınlarda
telekanallardan biri Braziliya ilə Hindistanın birgə istehsalı olan “Zara”
serialını yayımlayır. Deyir, yəni tamaşaçıya hər cür zövq vermək gərəkdir. Bu,
artıq tamaşaçıya diqqətin pik həddidir.
Amma ən yaxşısı telekanallarda bəzəmə
yarışmasıdır. Yəni gəlin bəzəyi. İnanın ki, vaxtım olanda ancaq bu verilişlərə
baxıram. Bilirsiniz, nəyə görə? Adətən belə verilişlər şənbə-bazar günü daha
çox olur. O zaman televizorun qarşısında bu “təlxək qrimlərinə” doyunca gülürəm
və həftəlik yorğunluğumu bununla çıxarıram.
Bu verilişlərdə qrimlənməyə məruz qalan
zavallının, yəni gəlinin qabaqkı və sonrakı fotolarına baxmaq xüsusilə
ləzzətlidir. Deməli, sadə bir qızın təmiz, məsum üzlü şəklini göstərirlər. Guya
ki, bu zavallı bu qədər “çirkin” imiş. Sonra bu zavallının qrimlənmiş halını
göstərirlər.
Az qala
qulaqlarına çatan, qara gözlər, gellə şişirdilmiş, inək dodağı boyda dodaqlar,
qıp-qırmızı, Beyləqan pomidoruna oxşayan yanaqlar, hələ üzdəki qoşa xallar,
qolun üstündəki nakolkalar, sinənin lap intim yerinə çataçatda, əllərdən düz dirsəyə
qədər xına ilə işlənmiş gül-ürək təsvirləri və s. Ən dəhşətlisi odur ki,
telekanallarda bu hallara salınanlara gəlinlik donu geyindirirlər. Bu isə
“Gəlin kimi həyalı-abırlı” deyiminin üstündən qara bir xətt çəkir.
Onsuz da
yerli telekanallardan qazancımız bu qara xətlərdir.
“Nə səs-küydür bu gün sizdə?”
Bizdə hər
gün səs-küydür. Hər gün çalıb,oxuyub -oynamaqdır. Bütün telekanallarda belədir.
Bap-balaca, darısqal studiyada gedən verilişdə azacıq dınqıltı olan kimi bütün
iştirakçılar tökülüb ortalığa başlayırlar oynamağa. Kişi də qadın kimi, qadın
da kişi kimi oynayır.
Elə ki,
intellektual söhbət gəlir araya, (əgər şeytanın qıçını sındırıb, belə söhbətlər
edirlərsə...) o zaman, elə bil, qurbağa gölünə daş atırsan. Hələ aparıcıların
bayağı, şit hərəkətləri, geyimləri, yeri gəldi-gəlmədi sərgilədikləri dayaz
dünyagörüşləri...
Ötən gün hər
həftə kanallardan birində müəllif verilişiylə çıxış edən palatka
müğənnilərindən birinin verilişinə baxmaq istədim. Bu, ancaq iki dəqiqə çəkdi.
İri, gonbul, qat-qat piyi çıxan bədəninə qırmızı-sarı rənglərin qarışığından
uzun don geyinən aparıcının qrimi bundan da şit idi. Hələ, üstəlik, verilişə
dəvət etdiyi yekəqarın, palatka toylarının mahir ifaçısı olan kişi müğənninin
hər ortaya düşüb, nazlana-nazlana süzməsi ikrah hissindən başqa heç nə vermirdi
tamaşaçıya. Bu aparıcıları kim seçir? Ümumiyyətlə, aparıcılıqda hansı meyarlar
əsas götrülür? Ancaq adamı, pulu olmağmı? Axı bu qırmızı-sarı donlu qadın heç
danışmağı, cümlə qurmağı da bacarmır. O, qonağını, qonağı onu tərifləyir, bəs
tamaşaçı? Bu suallara kim cavab verəcək? Nəzərə alanda ki, bu kimi verilişlərə
yeniyetmələr də yaşlılarla birgə baxır, o zaman gələcəyimizin hansı ideologiya
üzərində qurulduğu dəhşətini anlayırsan.
Maraqlıdır,
bu verilişlər və bu verilişlərin olmayan ideyası nə verir tamaşaçıya? Və ya bu
sualın başqa variantı- kimin üçün maraqlıdır bu “ideologiya?”.
“Aramızda qalsın” el içinə
çıxsa, rüsvay olarıq...
Bu, XəzərTV-də yayımlanan yerli serialdır. Yəni öz
məhsulumuzdur. Amma adı kimi dadı da var. Yəni “Aramızda qalsın” elə aramızda
qalsa yaxşı olar, el içinə çıxsa lap rüsvay olarıq. Türkiyənin “Çocuklar
duymasın” serialının çox zəif və rüsvayçı “kopyasıdır”. Serialda baş rolu
canlandıran Kamilə Babayevanı ABA-dan hamımız yaxşı tanıyırıq. Çox hazırcavab,
xarizmatik aparıcı olan Kamilə Babayeva yaxşı aktrisa ola bilmədi. Çünki bu
serialda bugünkü Azərbaycan ailəsini görmədi tamaşaçı. “Çocuklar duymasın”da
bugünkü türk ailəsi bütün detallarına qədər sərgilənir.
“Aramızda qaslın”ın anası isə mətbəxdə də,
yataq otağında da işdən gəldiyi hündür dabanlı ayaqqabılarda gəzir. Hər bir
film, hər bir iş nəyəsə xidmət etməlidir. Tutaq ki, maarifləndirməyə, vətən
sevgisini artırmağa və s. O zaman sual olunur “Aramızda qalsın” nəyə, hansı
ideologiyaya xidmət edir? Burada, demək olar ki, ideologiyadan söhbət gedə
bilməz.
Biz xarici filmlərdə ayaqqabı ilə evdə
gəzənləri çox görmüşük. Amma nəzərə alanda ki, filmdəki qadın Parisin,
Amsterdamın küçələrində deyil, Bakının küçələrində gəzib o ayaqqabılarla o
zaman dəhşətə gəlirik. Bu gigiyena qaydalarına ziddir.
Və ya ərinin çox sevdiyi bozbaşı bişirərkən,
guya iyrəndiyindən ağzına əleyhqaz, ayaqlarına hündürdaban ayaqqabılar geymiş
evdar qadının üzünün qrimi, ümumilikdə görkəmi tamaşaçıda “bu qadın dəlidir”
fikrindən başqa heç nə yaratmır.
Elzanın
mütaliəsi, Ədalətin tulası...
Bir dəfə kanallardan birində mütaliə ilə
bağlı veriliş gedirdi. Maraqlı mövzu idi “Kim nə oxuyur” sualı aləmi
qarışdırdı. Müğənni Elza Seyidcahan Xudu Şahbazoğlunun müğənnilərimizin bədii
səviyyəsinin aşağılığı haqqında fikrini qəbul edə bilmirdi.
Türk müğənisi Kayahanın sevgi haqqında
mahnılarını oxuyanda sevmək istəyirsən. Çünki bu insan özünü oxuyur, içdən
gəlir bu oxu, bu istək, bu sevgi. Amma yunan, ispan mahnılarına bizim dildə söz
qoşub oxuyan müğənni Ədalətin sevgi serenadalarını dinləyəndə sevgiyə də, bir
gün pəncərənin qarşısına gül qoyacaq ONA da elə bəri başdan “yox” deyirsən. Başqa
cür mümkün deyil. Çünki toxluq saçan sifətin serenadanın ruhundan çox kənar
olması mahnı ilə ifaçı arasında yaranmalı olan bağlılığın altına sanki dinamit
qoyur və...
Ədalət o müğənnilərdəndir ki, tez-tez
telekanllarda tulasını reklam edir. Tulasına aldığı paltarları və şampunları
sərgiləyir. Qonşumuz Afaq isə 6 aylıq körpəsinə geyindirdiyi pampersi yuyub
qurudur ki, bir neçə dəfə istifadə etsin... çox qəribədir... bu məmləkətin
adını nə qoyaq? –“Tulaların körpələrdən daha yaxşı yaşadığı ölkə”mi?
Toydan sonrakı nağara...
Toydan sonrakı nağara əslində toydan qabaqkı
problemlərin səsini əks etdirir.
Bizim kanallarda “Toy olsun” və “Onun
yarısı” verilişi var. Ötənlərdə qonşu gəlini deyir ki yaxın qohumu da “Toy
olsun”a çıxıb.
Üç uşaq anası ərinin onu döyməsini heç cür
həzm edə bilməyib. Acıq edib atası evinə gedən qadın ordan birbaşa “Toy olsun”a
çıxıb və deyib ki, duldur, özünə münasib, ağıllı, ortayaşlı, arvadını heç vaxt
döyməyən və xəyanət etməyən bir ər axtarır.
Arvadının maraqlı “sürprizi” ilə rastlaşan
ər dözməyib, nə etsə yaxşıdır?
Əşi, həyəcanlanmayın, hər şey yaxşı olacaq! Ər
arvadını evə gətirib və ondan üzr istəyib. Əla, “Toy olsun” nə varsa, səndə
var....
Ötənlərdə tanış bir müəllimə də “Toy olsun”dan
danışırdı. Deyirdi ki, yaxın qohumunun keşmiş kürəkəni də bu verilişə çıxıb,
vur-çatlasındadır, yəni özünə ağıllı, başıaşağı, dilzsiz-ağızsız bir arvad
axtarır. O ki qaldı “keçmiş”in səbəbinə, bu iştirakçı sadəcə olaraq narkotik
vasitələrə meylli olduğundan ailəsi ayrılmaq məcburiyyətində qalıb. İndi
təsəvvür edirsiniz də, bu “keçmiş kürəkənin” axtardığı zavallını qabaqda nələr
gözləyir.
Nələr gözlədiyini toydan sonra biləcəyik. Dedim
axı toydan qabaqkı bütün problemlərin səsini toydan sonrakı nağara əks etdirir.
Bu nağaranı da çalanlar var...
“Ömrüm ah-vayla keçdi dünyada...”
“Ömrüm ah-vayla keçdi dünyada/ Həsrət qaldım
əlim yara yetmədi...” Çox ağrılıdır, həm də gülməli. İnsan bir yara görə
ömrünün axırına qədər ah-vay edir. Guya yatanda da, yuxudan oyananda da. Məgər
həyatda insanı düşündürəcək, marağını çəkəcək başqa bir məqam yoxdurmu? Bax, bu
kimi yanaşmalar bizi çox incitdi, mənlik şüurumuzu azdırdı, dağa-daşa saldı
bizi.
O ki qaldı toydan sonrakı nağaranın
ifaçılarına... Bunlar bu gün yerli telekanllarda ağalıq edirlər. “Bizi
barışdırın”, “Ulduz oldun” verilişlərində “ulduzlarımız” başına döyüb ağlayır,
peraşki, qutab sata-sata, ər dəyişə-dəyişə necə “ulduz” olmalarının çətinliyini
göz yaşları ilə tamaşaçılara bəyan edirlər. “Ulduz oldun” verilişində ən çox
ağlayan qonaq ən çox reklam olunan və aparıcı Nanə tərəfindən ən çox seviləni
olur. Axşam veriliş gedir, sabahı günü işdən evə dönəndə yolboyu bekarçılıqdan
qapılarda oturan gənc gəlinlər, qoca qarıların axşamkı “ulduz”a vaysınmalarını
dinləyirəm. Bu isə tamaşaçı ilə telekanalların vəhdətindən xəbər verir.
Yadımdadır, bir dəfə müğənni Mətanət
İsgəndərli “Ulduz oldun” da şiddətli göz yaşları içində az qalırdı bayılsın. O
anda aparıcı Nanə də bayılmaq həddinə çatmışdı. Amma Nanənin bayılmağı
xoşbəxtliyindən idi. O, Mətanətin bu qədər ağlayacağını qabqcadan gözləmirdi
deyəsən, çünki çox sevinirdi, lap çox. Bax ha, insanın göz yaşları, acıdan,
nalədən tökdüyü göz yaşları bəzən “sevincə” də səbəb olurmuş. Bəziləri buna
manyaklıq desə də, mən deməyə söz tapmıram.
Комментариев нет:
Отправить комментарий