Страницы

11.11.2011

Göyərçinlər uçub getdi...

Böyükxan Bağırlı. Hekayə

Dünən günorta çağı uşağa iynə vuranda, vallah, Saroğlan həkim düz deyirdi. Bu bekara dünyanın urvatsız çağında Allahın bu nadinc bəndəsi –bu qırışmal gədə, Səlimbala oturduğu yerdə atası Əsəd müəllimi işə salmışdı. Bu evin çardağına çıxıb canından çox istədiyi xəstələnmiş qaraquyruq anac göyərçinə ayrıca dən tökərkən damdan yıxılıb yorğan-döşəyə düşəndən bəri benava Əsəd müəllim kənd aptekinin yolunu yağır eləyib, ayağının şatırı çıxıb. İndi bəyəm dava-dərmana yaxın düşməli vaxtdı? Vallah, billah, yox. Özü də ola müəllim, quruca maaşa göz dikən bir adam. Odu ki, söz burada qalsın, yazıq kişi itdən də bir qurud boşdudu. Uşaq da ki, heç irəli gələnə oxşamır, ayağını verib yerə.

Bir həftədir ki, özündə, sözündə deyil, qızdırmadan dil-damağı yanıb, pöş-dənib. Dünən axşamüstü gədə qızdır-madan bayıldı, nə bayıldı. Allah gös-tərməsin, iraq olsun, az qaldı ki, uşaq əldən çıxa. Anası Gülzar müəllimə bir dəqiqənin içində üz-gözünü yaman günə qoydu. Səlimbala bir hovur toxtuyub özünə gələndə və handan-hana qan qırmızı gözlərini dolandırıb anasına baxanda, Saroğlan həkimin qırışığı açıldı, zəhmətinin bəhrəsindən həzz alırmış kimi nümayişkəranə bir tərzdə uşağı süzdü, sonra irəli yeriyib əliylə onun alnını oxşadı və elə elədi ki, bu, dünənnən bəri Səlimbalanın üstünə böyük həkim gətrimək fikrinə düşən Əsəd müəllimin gözündən yayınmasın.
Saroğlan həkim Əsəd müəllimin nəzər diqqətinin ona tuşlandığını gö-rüncə və xəstənin bir balaca dirçəlməyi ilə otağın havasının büsbütün yüngül-ləşdiyini hiss edincə ürəkləndi, uşağın qolundan yapışıb onu ərklə səslədi:
- Səlim, ay Səlim, ə, qırışmal,  eşidirsən, de görüm mən kiməm?
Uşaq xam-xam ona sarı çevrildi, bu səsi yuxuda eşidirmiş kimi xeyli qulaq verdi, bir nöqtəyə dikilən gözləri böyüdü, dinib danışmağa incarı olmadı. Atası Əsəd müəllim dil-dodağını çey-niyə-çeyniyə ürəyində dedi ki, sən köpəyoğlunun böyüyüsən, basıb bağ-ladın, qoymadın uşağın üstünə ayrı doxtur gətirək.
Səlimbala yasıtğa söykənib bir balaca dikəldi, dilini uçuqlamış doda-ğında gəzdirdi, əlini uzadıb su istədi, qaraquyruq anac göyərçini soruşdu, sonra yenə su istədi.
Saroğlan həkim tədbirli tər-pəndi:
- Su olmaz, -deyə yavaşca pıçıl-dadı. –Yaş tənziflə dodaqlarını eh-malca silin. Bir stəkan meyvə şirəsi gətirin, qoy həm  yanğını yatırtsın, həm də uşağa qüvvə versin. Üstünü də bir balaca  yüngülləşdirin.
Meyvə şirəsi deyiləndə Gülzar müəllimə özünü itirən təhər oldu, duruxdu, ərinə baxdı, bilmədi neyləsin. Əsəd müəllim gözlərini arvadının qınayıcı baxışlarından yayındırdı, heç nə eşitməyibmiş kimi aşağı əyildi, armudu stəkana çay süzdü, özü uşağa qulluq eləməyə başladı. Bununla da ortaya çökən gərginliyi səngitdi.
Saroğlan həkim tənzif alıb bir də Səlimbalanın dodaqlarına çəkdi, sonra nəbizini yoxladı. Hər şey qayda-sındaydı. Sevindiyindən az qala muştuluq istəyəcəkdi.
- Yaxşıdı, lap yaxşıdı! –bığı atdı. –Beş-altı günün qidasızlığı gör uşağı necə əldən salıb. Odu ki, iştah iynəsi vurdum, ağzı açılacaq, nə istəsə verin yesin. İllah ki, qüvvəli yemək. 
Gülzar müəllimə tərs-tərs ərinə baxıb dodağının altında deyindi: “Bəx-təvərin nəvəsi, -dedi – indi qüvvəli yemək biz qaragünnülərə hardandı?!”
Saroğlan həkim yığışıb gedəndə zarafatından da qalmadı, əlini uşağın ayıb yerinə tərəf aparıb dedi:
- Səlimçik, inşalla, görək toyun-da doxturunu nəyə qonaq eləyəcəksən. –Əslində, bu sözlər elə indinin özünə işarəydi: yəni, balam, uşaq day yaxşıdı, durun məni yola salın.


                                                                   * * *

Əsəd müəllim bütün bunları bu səhər yuxudan qalxanda xatırladı. Gözün açan kimi gecədən bəri sanki onu pusub gözləyən qayğılar aman vermədi, ayaq açıb üstünə yeridi, qarşıdakı uzun yay gününün zəhmi kişini basdı. Qayıdıb təzədən yorğanı başına çəkmək istədi, dünyanın dərd-sərini, “beçə Saroğlan”ın (Cavan vaxt-larında kənddə xəstə, kimsəzis bir qarıdan mülaicəsinə görə beçə aldığına görə adına belə ayama qoşmuşdular) çopur basmış qırmızı sifətini, arvadı Gülzar müəllimənin məzəmmətli ba-xışlarını unutduran dəli bir yuxu arzuladı.
Yox, təzədən yata bilməzdi, axı necə yatsın. Çiban yarası kimi bey-nində sızlayan fikirlər heç onu yat-mağa qoyardımı? Qətiyyən yox? Odur ki, ehmalca geyinib uşaqların yatdığı qonşu otağa qulaq verdi, Səlimbalanın rahat yatdığını görüb toxdadı, ürəyi yerinə gəldi. Bir azdan iş axtarmaq üçün rayon mərkəzindəki qul bazarına gedəcəkdi. Orada  kimdi onu tanıyan? Əşşi, lap qoy tanısınlar. Zəhmətlə pul qazanmaq nə vaxtdan eyib sayılır. Əlindən də ki, namxuda, hər iş gəlir. Əsgərlikdə inşaatçı olub, dülgərliyi bir yana qalsın, yaxşı bənna kimi ad çıxarıb. Belə çörəkli sənəti olan adam da ilin-günün bu qıt çağında qaxılıb evdə qalar? Kimnən yol, kömək gözdəyir? Yay tətilinin pulu elə bir həftə içində aşa-lavaşa xərclənmişdi, evdə də ki, allaha şükür, gözə dəyən bir urvatdı şey qalmamışdı. Hamısının dalınnan dəymişdilər. Daha bir güman yeri-zadı yoxuydu. Buyanan da tərs kimi bu gədənin xəstələnməyi, dava-dərman, beçə Saroğlanın qulac-qulac nüsxələri kişinin kələyini kəsmişdi. Dünənnən evdə çay içməyə bir şey olmadığından arvadının başağrısı tut-muşdu. Hirsdən-hikkədən sifəti qaral-mışdı. Elə hey deyinir, dil boğaza qoymurdu: “Ay başuva dönüm, deyirdi, belə də gün-güzaran olar? Adı it dəftərində olmuyannar indi gəlıib ağalıq edir. Bizsə fətir boyad diplomla  qalmışıq quyunun dibində... Barmağı-mızı soruruq... Deyirəm, ay başıküllü, nə oturmusan evdə, bir tərpən də, yaydı, hindi allahın qarışqası da canını oda atır, özünə zumar yığır, ruzu toplayır”...
Əsəd müəllim neçə gündən bəri qulaqlarını cırmaqlayıb döşən bu allı-güllü sözlərin havasına yuxudan qalxmışdı...
Odur, pəncərənin pərdəsini çəkib çölə boylandı. Hava işıqlanmışdı, dan yeri alışıb yanırdı. İndicə günəş üfüqdən boy verib çıxacaqdı. Gecik-mişdi. Tələsik həyətə düşüb yuyundu. Məhrəba üçün yuxarı, eyvana çıxdı, gözü divar güzgüsünə sataşdı, dayanıb zəndlə baxdı, özünnən xoşu gəlmədi, üzündə səfeh bir ifadə vardı, bu nəydi – annıya bilmədi, güzgünün qabağında ayaq saxlayıb üz-gözünü xeyli ovuş-turdu, hələ bir yalandan gülümsədi də, yenə alınmadı. Bu an səssiz-səmirsiz eyvana çıxan arvadının yuxulu, əzgin çöhrəsini güzgüdə görüncə çiyni üstə geri çevrildi.
Gülzar müəllimə ərinin yol tor-basını nəzərdən keçirib:
- Gedirsən? – dedi. – heç soruş-musan Səlim necədi.
Güzgüdə yenə o bayaqkı səfeh ifadə gözünə dəydi. Tüklü üzünü ovuşdura-ovuşdura:
- Görürəm, - dedi. - rahat yatıb. Gecə sənnən xəbərsiz iki dəfə oyanıb baxmışam.
Gülzar müəllimə nigaran baxışla  qonşu otağa boylandı, ağlamsınan kimi oldu.
- Yaxşıya oxşamır, -dedi. - Elə hey yatır, elə bil dünyanın bütün yuxu-sunu bu gədəyə veriblər. Bayaq iki dəfə bərk səslədim, bir balaca gözünü açdı, sonra genə yatdı.
- Heç nə olmaz, durar, -Əsəd müəllim arvadından çox sanki özünə təskinlik verirdi, çünki uşağın bir belə ağır yatmasından nəsə o da şübhələnən təhər olmuşdu.
Gülzar müəllimə ərinin yuban-dığını görüb:
- Sən ləngimə, get -dedi, - işinnən olma. – yuxusuzluqdan qı-zarmış gözləri yol çəkdi. – Qurban olum, Əsəd, - dedi - özünnən muğayat ol, təzyiqin var, istidən qorun... İnşalla, əlinə pul gəlsə evə ayın – oyun alarsan, doxtur deyən dərmannarı da yadınna çıxarma. Bir də, şayəd, imkan olsa, Gülcahana ucuzbasar konfet alarsan, uşaq dünən kimdəsə görübmüş, az qala umsunub şişəcəkdi, bir təhər başını qarışdırmışam.
Əsəd müəllim yol torbasını qoltuğuna alanda, gözlərini dolandırıb qonşu otaqda yatan oğluna baxdı, baxışlarıyla bu il birinci sinfə gedəcək Səlimbalanın sivri burnunu, alnına yayılmış buruq saçını, üzünün bənöv-şəyi almacığını oxşadı və bu dəm onun ilıq, tər təmi verən isti nəfəsini üz-gözündə, boyun-boğazında hiss elədi, bütün canında, qanında, sinirlərində hiss elədi və indicə ürəyindən belə fikir keçdi ki, bu məlhəm nəfəsin önündə dünyanın cari qayğıları, maddi sıxıntıları, dərd-səri bir heçdir. O bənövşəyi çöhrəni bir ləhzə göz önünə gətirmək kifayətdir ki, canına qurd kimi daraşan, içini-içalatını yeyib tökən fikirlər, ağrı-acılar pərən-pərən olsun, ürəyinə gürrah işıq gəlsin...
Gülzam müəllimə həyət qapısına qədər onu ötürdü, arxasınca su atdı. Bulanıq, qızarmış gözlərinin yaşını ərindən gizlətməyə çalışdı. Əsəd müəllim nəyisə yaddan çıxarmış kimi geri döndü, sıxıla-sıxıla, utana-utana, doğrusu, lap o dünyanı görə-görə dedi:
- Doğrudan a, Saroğlan doxtur Səlimə qüvvəli yemək demişdi. Deyi-rəm, bəlkə, damdakı göyərçinlərdən... bir-ikisin tutub kəsdirəsən onunçün.
Gülzar müəllimənin üzünün əzələsi səyridi, acı-acı başını bulladı:
- Allah saxlmış, gör nə danışır-san!- dedi – bu hardan ağluva gəldi. Göyərçin allahın məleykəsidi. Səlim qızmadan ayılıb özünə gələn kimi göyərçinlərini soruşur. Deyir onnara dən tökdüz?
Əsəd müəllim nəsə demək istədi, ancaq fikrindən daşındı. Gördü ki, Gülzarın onu dinləmək halı yoxdu, gözü ərində olsa da, beynində ayrı şey vardı, xəyalında dolaşan fikri bir yana çıxarmaq, səngitmək üçün hələ özünü xeyli üzməli olacaqdı, düşünüb daşın-malı olacaqdı. Əsəd müəllimə həm-çinin bu da yüz faiz aydındı ki, Gülzar qayıdıb həyətin bala qapısını örtən kimi gözlərini silə-silə Səlimin göyər-çinlərinə dən tökəcək, oğlunun gözüylə onları oxşayacaq, sonra gün çıxan tərəfdəki qonaq otağına girib fərməşdə gizlətdiyi, indiyə kimi heç kimə göstərmədiyi, pünhan saxladığı, bir vaxtlar nənəsinin ona bağışladığı qano-vuz boxçanı açacaq, nakam deyiklisi Hüseynbalanın bir vaxtlar qonşu qızdan (İndi əriylə İrkutskdə yaşayır, namxuda, xanım-xatun bir zənəndi) ona göndərdiyi, indi qat kəsmiş noxudu kəlağayını, növbənöv, rəng-bərəng  cib dəsmallarını, kələmi şalı, gülməxmər donu, ipək alınnığı... stol-ların üstünə düzüb bunnara doyunca tamaşa edəcəkdi, onnarın göndərildiyi o bəxtəvər illəri, həftələri, saatları göz önünə gətirib zülüm-zülüm ağlayacadı,  ürəyini boşaldanədək bozduyacaqdı. Hüseynbalanın əsgərlikdən göndərdiyi son şəkili (Ölümündən bir ay qabaq Kiyev şəhərində, fəvvarənin qabağında çəkdirmişdi, şəkildə elə hey gülüm-səyirdi) öpüb oxşayacaqdı, heç kim eşitməsin deyə astadan səslənəcəkdi: “Ədə, bağında üzüm qaldı, dərmədim gözüm qaldı, sən getdin, ay dayıoğlu, sinəmdə közün qaldı... Ay Hüseyn, canım qurban, mənə fələk eylədi, tüküm lələk eylədi, belə girdi güllü bağçama, ələk-vələk eylədi...”
Əsəd o uzaq sentyabr səhəri, hələ dərs başlamamış Sabir adına Pedoqoji texnikumun həyətində Gül-zarla rastlaşanda, sonralar müxtəlif bəhanələrlə onu dindirəndə, tələbə qızların yanında ona salam verib  keçəndə və bununla da Gülzardan göz çəkməyən, ətrafında dolaşan canavar-lara çox şeyi qandıranda  bu qara gözlü, ağır-səngin qızın bağlı boxça kimi ürəyində gəzdirdiyi o qəmli bayatıdan,  kül içində qor kimi saxladığı, eşilib tərpənəndə,  közərib alışanda can yan-dıran o sözlərdən hələ xəbərsizdi. Neçə-neçə illər ötəcəkdi, sular axa-caqdı, bir gün Əsəd müəllim təsadüfən dərsdən evə tez qayıdacaqdı, qapını açıb bər-bəzəkli qonaq otağında arvadını gözü yaşlı görəcəkdi, onunla diz-dizə, göz-gözə əyləşib öyrənəcəkdi ki, indicə Gülzarın qabağına qoyub oxşadığı, deyib danışdığı qanovuz boxça onun iç dünyasıdı. Bax elə bundan sonra Əsəd Gülzarın iri qara gözlərindəki o sirli-sehirli ifadənin mənasını anlamışdı. Və qanovuz boxçalı qonaq otağından ayağını kəsmişdi...
O vaxtlar Əsəd müəllim bir dəfə də arvadının gözlərini eləcə qan qırmızı görəndə kənara çəkilib siqaret yandırdı, bilmədi ki, ona nə desin, necə desin, onun sınıq könlünü nə təhər ovundursun. Əsədin özünü belə aparması – Gülzarın iç dünyasına üzdə biganəliyi, ürəyində isə dərdindən acıması, düşündüklərini, qəlbindən keçirdiklərini bir kəlmə dilə gətir-məməsi onsuz da hisslərini cilovlaya bilməyən arvadını hövsələdən çıxartdı, sanki onun illərlə sozalayan, hovlanan, yığva yığan yarasını deşdi:
- Əvvəl-axır –dedi –sən deməlisən ki, evində yad adam var. Sən deməlisən ki...
- Gülzar ! –Əsəd müəllim bozar-dı.
- Sən deməlisən ki, bu başı batmışın oğlu...-Gülzar sözünə ara verib kükrədi – onun bu sovxası –boxçanı göstərdi –axrımıza çıxmayınca bizdən əl çəkməyəcək. –Gülzarın boğazının damarları göyərib şişdi. - Sən heç nə demirsən, içində saxla-yırsan, əvəzində isə... aranı xəlvət eləyib müəllimlər otağında o qaçqın gülməşəkərin, Fizzə müəllimənin pal-tosunu tutursan, nədi, bəlkə yalan deyirəm?
- Gülzar! –Əsəd müəllim stola şapalaq vurdu, -sən xəstəsən – dedi get yat.
Əsəd müəllim bu qəfil zərbədən özünü itirən kimi oldu, bir annın içində donub daşlaşmış üzündən qan çəkildi və ilk dəfə olaraq bu evin havasını ağırlaşdıran, kismini qaçıran, şirin tikəsini zəqquma  çevirən qanovuz boxça gözünə sataşdı, əti ürpəşdi.
Gülzar müəllimə bu dəfə bərk hikkələndi, dodaqları səyridi, sol qolu saat kəfkiri kimi əsib bullandı:
- Yoxsa yalan sözdü bu? Müəllimlər otağında bunu eşidəndə bir köynək ət tökdüm.
- Bəsdir! Bəsdir!!! – Əsəd müəl-lim siqaretə əl atdı, alışqan dodağını yandırdı.
Gülzar hirsdən-hikkədən başına əl atdı, əcəri yaylığı cırıb tikə-tikə elədi:
- O mənim sovxa boğçam, -dedi –o da sənin sarıyal, çil Fizzən. Götür qot tərəziyə, gör kiminki ağırdır? Səninki, ya mənimki?! Gör kimin günahı çoxdur. Gör tərəzinin hansı gözü evi-ailəni dağıdır?!
Əsəd müəllim havasından hiss elədi ki, indicə Gülzarın tutması tutacaq, dərmandan ötrü tez özünü o biri otağa atdı, çox çəkmədi ki, içində dərman damcılatdığı bir stəkan su ilə geri qayıtdı, stəkanı arvadına uzatdı:
- İç, - dedi. – Toxta. Bir dəfə diqqətlə baxsan, görərəsn ki, Fizzə müəllimənin sağ qolu protezdir. Minaya düşüb. O ki, qaldı tərəziyə, bilmək istəsən, sənin bir tükünü min Fizzəyə dəyişmərəm!
- Əsəd! – Gülzar müəllimə süstləşdi.
- Heç nə lazım deyil... sakit ol, dərman iç.
Gülzar müəllimə stəkana əl uzadanda Əsəd müəllim ağır, yorğun addımlarla o biri otağa keçdi...

                                                             * * *
Ətrafda gözə maşın dəymirdi, rayon mərkəzindəki qul bazarı deyilən yerə pay-piyada gedib çıxanadək gün yağlanacaqdı. Əslində, gərək indi oralarda olaydı. İş gördürən yağlı xozeyinlər adətən səhər erkən qul bazarına gəlir, yığnağın içindən gözləri tutduğu sağlam, saytal-seçmə cavanları götürüb aparır, işləri xoşlarına gələndə, onları yaxşıca yola salırlar.
Kənddən azacıq aralanmışdı ki, arxadan, deyəsən elə onların səmtindən bərk səs gəldi. Dalağı sancdı. Ayaq saxlayıb qulaq verdi. Bu səs nəsə yava səsə oxşayırdı. Yeri-göyü titrədən bu səsdən Səlimbalanın göyərçinləri sanki qorxub perikmişdi, odu, üstü qırmızı kirəmidli evlərinin üstündə dövrə vurub qanad çalırdı. Göyərçinlər qonmağa ürək eləmirdilər. Yəqin ki, qaraquyruq anac göyərçin də onların arasında idi.
Ayaqları bir-birinə dolaşdı, yeriyə bilmədi, çömbəldi, ha istədi ki, özünə toxtaqlıq versin, bacarmadı. Gördü ki bayaqkı o yava səsdən sonra qonum-qonşu onların evinə tərəf qaçır və meşin çantalı “beçə Sarolan” sarmaşıqlı çəpərin böyrü ilə sivişib aradan çıxır... Göyərçinlər isə onun başının üstündə dövrə vururdular. Qaraquyruq anac göyərçin də onların arasındaydı, bəxtəvər-bəxtəvər qanad çalırdı...
O səmtə bir də baxdı, daha heç nə görmədi və yadında  heç nə qalmadı...

                                                                                                                1993-cü il 
 

Комментариев нет:

Отправить комментарий