Страницы

11.11.2011

İlahə Ucaruh. ”Yad Dildə” – Atasızlıq Fəryadı

Oğuz ellərinin qara günləri qabaqdaymış…


Yeddi qıfıl altında, açarları isə başqa əsərlərdə olan postmodern mətnlərin mütaliəsi bir qayda olaraq tapmaca tapmağa dönür. Bu, Pərviz Cəbrayılın “Yad dildə” adlı siyasi-fəlsəfi romanına da aiddir (Bakı, “Qanun”, 2009).
Əsas cəhətləri qeyri-müəyyənlik, fraqmentarlıq, ağla gətirilməzlik, ironiya, janrların dəyişimə uğradılması, “qeyri-bədii roman”, karnavalizasiya, perfomans və s. olan  postmodernizm XXI əsrin əvvəlində konseptualizm və neobarokkoya ayrıldı. İncəsənət və ideologiya arasında duran konseptualizmdə nüfuzlu mədəni işarələrin və bütöv dillərin dekonstruksiyası və əsatirsizləşdirilməsi (demifoloqizasiyası) baş verir, neobarokkoda isə əksinə – məqsəd mədəni xarabalıqların və fraqmentlərin, əsatirlərin bərpasına (remifologiyasına) yönəlir (Omar Kalabreze).

“Yad dildə” romanında konseptualizm və neobarokkonun qarışığıyla rastlaşırıq. “Dədə Qorqud” motivləri, hürufi metafizikası, su çeşməsinin qarşısını kəsən əjdaha nağılının modern versiyası, Azərbaycanın siyasi-mənəvi vəziyyəti üzərində refleksiyalar yazarın çağdaş dünya ədəbiyyatı tendensiyalarını yaxından izlədiyini və qlobal fəlsəfi qənaətlərə yaxşı mənada iddialı olduğunu aşkarlayır.
Bədiilik
Romanla bağlı tənqidçilərin fikir ayrılığı əsasən bədiilik problemi ilə bağlıdı. Müasir ədəbi proses o qədər mürəkkəb və birmənalı qiymətləndirilməsi mümkün olmayan hadisədir ki, bəzi ədəbiyyatşünaslar bədiiliyə verilən bütün qiymətləri subyektiv sayır. Dünya ədəbiyyatı “ulduzlarının” bir-birinin yaradıcılıq “bostanına” “daş“ atmaları da subyektivliyə ən parlaq nümunədir. (http://www.azadliq.org/content/article/2211459.html)
Bədiiliyin tarixi klassik ölçülərindən biri qaldırılan problem və mövzuları birləşdirən süjet xəttinin bütövlüyüdü. (Bu prinsip hətta hər klassik əsərdə də həmişə öz məqsədinə çatmır, Ç.Berrouz kimi yazarlar isə bu prinsipi kökündən laxladır. Belə ki, Berrouz öz əsərlərinin hissələrini qayçılayıb təsadüfi ardıcıllıqla düzməyi sevir.)  Digər ölçülər—gözəllik, bənzərsizlik, xüsusi ifadə priyomlarının geniş işlədilməsi prinsipidir (məsələn, metafora — müqayisəli sözlər istifadə etmədən yığcam müqayisə, epitet — sözə parlaqlıq verən təyin, qrotesk — acı istehza) və başqaları.
Bədiiliyin digər şərti məzmunun mənaya bərabər olmamasıdır. Mütəxəssislərin fikrincə, əsil incəsənətdə birbaşa deyilənlərdən, təsvir edilənlərdən daha artıq bir şeylər olur. Saxtalarda isə (örnəyin, belletristikada) hər şey üzdə, göz qabağında olduğu üçün “dərin qazmağa” ehtiyac olmur. Gizli mənanı açmaq oxucudan müəyyən mənayaratma gücü tələb edir. Klassik ədəbiyyatdan fərqli olaraq modern ədəbiyyat sətiraltı mətnlərə daha çox üstünlük verir, burada işlədilən sözlərin, ifadələrin lüğəti izahından doğan mənadan başqa əlavə mənaları, gizli qatları “istehsal etmək” oxucunun boynuna düşür. Modern tekstlərdə müəllifi tapmaq çətin olur, burada Oxucu aktivləşdirilir, o, həmyaradıcı kimi geniş sahəyə buraxılır, yorulmadan çalışdırılır, ona “yuxuya getmək” imkanı verilmir.
Mənanın bədii hadisə olmaqdan başqa çoxməcralı, çoxaspektli, kommunikativ, praqmatik, psixiki planları olduğu fikri də irəli sürülür. Oxucu əsərdə neçə qat aşkar edə bilirsə, onu bir o qədər də anlayıb dəyər verir. Bu yanaşma nəinki ədəbiyyata, bütün incəsənət növlərinə aiddi. Elə bu üzdən də incəsənətə yanaşma, onu daxilən qəbul edib-etməmə həmişə subyektivdir. Əsərin müxtəlif təfsir və qiymətləndirilmələri də məhz bu səbəbdən baş verir. Mətni başa düşmək mətn yaradıcısının mənəvi aləminə daxil olmaq, onun “doğuş” aktını təkrarlamaq və beləliklə, passiv oxucudan müəllifin həmkarına çevrilmək deməkdi. (F.Şleyyermaxer).
Bədiilik ölçüləri və şərtləri, aşağıda göstərəcəyimiz kimi, “Yad dildə” əsərində öz yerini tamamilə tapır.
Atasızlıq
“Yad dildə” ierarxikdir. Üzdə görünən qat amansız, qeyri-insani hərbi rejim və onunla mübarizəyə qalxmış ugursuz çarəsizlər haqdadı. Alt qatlar isə o qədər çox və elə ustalıqla bir-birinə dolaşdırılmış ki, romanı polifonik roman adlandırmamaq olmur. (Bədii mətnin təhlilinə musiqi termini “polifoniya”nı ilk dəfə M. Baxtin gətirib. Onun fikrincə, F.M. Dostoyevski polifonik romanın banisidir. Polifoniya elə qurulmuş mətndir ki, orada müəllif səsiylə bərabər başqa səslər (mənalar) də səslənir, onlar müəllif səsinə girir və öz aralarında mürəkkəb dialoji münasibətlər yaradır.)
Romanda qəhrəmanlara və hadisələrin cərəyan etdiyi məkanlara verilən gözlənilməz adlardan tutmuş mistik-mifik situasiyalar “qavramanın avtomatikliyini dağıdandan sonra adət edilmiş, amma mühitdən kənara çıxarılmış predmetə yeni nəzərlə baxmaq üçün” (V.Şklovski) edilib.
Əsərdə “Dədə Qorqud” dastanındakı adlar heç də “Dədə Qorqud” qəhrəmanları indi də yaşayır populist şüarını (T. Əlişanoğlu) söyləmək üçün verilməyib. Məsələ daha da dərindi. Xunta müxalifləri arasında Banuçiçək, Aruz, Qazan, Qanturalı, Burlaxatun, Beyrək, Selcan, Basat və başqaları olduğu halda Dədə Qorqud adlı əsas obrazın gözə dəyməməsi oxucunu düşündürməlidi. Analitik psixologiya nağıllardakı, dastanlardakı müdrik qoca obrazını ağıl, idrak, bilik, obyektivlik, məntiqilik simvolu kimi təhlil edir. Bu nəzəriyyəyə əsaslanaraq romanda təsvir edilən müasir oğuz elinin qara günlərinin səbəbini xalqın ağsaqqalının, başbiləninin, müdrikinin, yolgöstərəninin, öndərinin olmamasıyla izah etmək doğru olar. Belə bənzərsiz üsulla müəllif elini sevən və elinə hayan olan Müdrikin yoxluğunu hayqırır: ara qarışıb, məzhəb itib, oğuz eli yeni Təpəgözün əlinə keçib! Şəxsiyyəti haçalanmış bu monstr ikibaşlı əjdahanı xatırladır: bir başı əhalini susuzluqdan (su həyat rəmzidir) qıran Polkovnikdir, o biri başı isə acınacaqlı duruma düşən camaatı üsyana səsləyən, solçuluq donuna girib, gizlində məzələnən Çe-dir. (Kommunist-solçu maskasıyla uzun illər xalqı idarə edənə işarə…) Polkovnikin üsyankar Çe oyunu əslində quduzluq xəstəliyinin simptomundan başqa bir şey deyil. Monstr (Təpəgöz, əjdaha) azadlıq hərəkatını, fədakarların inqilabi ruhunu ustalıqla istədiyi səmtə yönəldib, mübarizlərin passionar enerjisini göyə sovurur. Bu cür qəddar oyunlar bütün totalitar rejimlərə xas hiyləgərlikdi. Polkovnikin hiddətlə “Bax, necə imkan vermirlər də inqilabımızın bədii tərtibatıyla rahat-rahat məşğul olaq!” (s.344) deməsi insan faciəsinin zirvəsi, romanınsa kulminasiya nöqtəsidi. Nəticədə həyat eşqiylə dolub-daşan mitinqçilər su içəmməyən, amma cavanların qanına susayan əjdahaya yem olur — meydanda ot kimi biçilir, palaz kimi döyəclənir, sarsıdılır, öldürülür.
“Atalıq”, “ağsaqqallıq” kəlmələri həqiqi mənada el-obasının böyüyü və müdriki ola bilməyən, sadəcə, fiziksəl yaşlanmışlar timsalında o qədər gözdən salınmış ki, bu sözlər toplumda haqlı olaraq qıcıq yaradır. Bunu əsərin Xan adlı qəhrəmanı belə dilə gətirir: “Bioloji ata və ağsaqqal olmaqdan, allahsızlığa göz yummaqdan, bizi “nə qədər ki, dövran belədi “hə” de, dünya düzələndə “yox”unu deyərsən”ə yönəltməkdən başqa bir şeyə yaramırlar. Onlarla bir yerdə oturmaq Şeytanla bir yerdə oturmağa tən olmasa da, adamın əxlaqını pozur, adamı allahsızlıqla barışdırır… Ata sözümüzdəki o “ağsaqqal” deyilən məxluq isə bir ərən, ərdəmli-mürşid, öndə gedən, toplumu arxasınca aparıb işığa-azadlığa qovuşdura bilən, bu yolda çarpışan, savaşan, savaşları yönləndirə bilən Ər-dir. Ki… bu gün bizdə Ər-Ağsaqqal gözə dəymir.”(s.217)
Bəlkə də “Yad dildə”yə bir qədər oxşar romanlar var. İncəsənətdə bənzər fabulalı, süjetli əsərlərə rast gəlinir. Bu, təsadüf nəticəsində, zəmanənın dəbi, tələbi, eləcə də mövzunun aktuallığından və b. səbəblərdən də irəli gələ bilər. Məsələn, Şekspirin “Romeo və Cülyetta” poeması “Leyli və Məcnun”u xatırladır. Ərəb dastanı “Leyli və Məcnun”u yüzlərcə şair qələmə alıb. Bunlardan bizə daha çox tanışları Rudaki, Nəvai, Cami, Nizami, Füzulidir. Füzuli Məcnunu ilə Nizaminin Məcnununun fərqi şairlərin mövzuya başqa yönlərdən yanaşmasında, hadisələrin mahiyyətini fərqli görmələrində idi. Bu fərq tənqidçi-filosof Asif Əfəndiyev (Asif Ata) tərəfindən dolğun araşdırılıb. ( A. Əfəndiyev “İnam və Şübhə”).
Meşədə armudun yaxşısını ayı yediyinin, yetimə “gəl-gəl” deyənin çox, amma çörək verənin az olmasının səbəbi yiyəsizlik olduğu kimi, millətin başına gətirilən min cür oyun və müsibətlərin səbəbinin də sahibsizlik, mənəvi yetimlik olduğunu quş dili ilə, yad dillə, dilə gətirir Pərviz Cəbrayıl. Əsərin baş ideyası, sözünün canı məhz budur… Bir adın-kodun çəkilməməsiylə oxucuya belə önəmli mesajın ötürülməsi, məncə, əsərin ən uğurlu tapıntılarındandı. Azərbaycanın yaşadığı siyasi-ruhsal böhranını kor olmaqdan qorxmayıb, eli üçün gün ağlayan elçisinin yoxluğuyla izah edən ikinci yazar varmı? Bilmirəm…
Allah-İnsan
Mətnin  alt qatında hansısa bir inanc sistemi dayanmırsa,
o, uzun müddət yaşaya bilməz.
Tomas Eliot
Romanın digər gizli qatı Şərqin olduqca cəsarətli dini-fəlsəfi təriqəti hürufizmi hədəf alır. (Əsərdəki hürufi simvolları, kodları haqda: http://www.azadliq.org/content/article/2002822.html)
Bu günümüzə miras qalan insanın allahı içində daşıdığına inam və allahın dinlərə, məzhəblərə bağlı olmadığını Pərviz çoxsaylı yollarla, metaforalarla bizlərə duyurur. Tanrı buludların arasında deyil, o hər kəsin içindədir — Kirvənin də (Meydandakı amansız qırğının şahidi olan Kirvə özünü kəndirlə asandan sonra polis itləri Allahın “izinə” düşüb onun meyidinin üstünə çıxır), İçərişəhərdəki fotokameralı turistin də (şəhərdəki şayiələrə görə, Allah Yerə gəlib baş verənləri kameraya özü çəkir), Şairin də, Yalançığın da… Hətta Polkovnik də güzgüyə baxıb öz üzündə Allahın nişanələrini axtarır… Amma tapmır… Dilimizdəki “allahsız”sözü  vicdansız, insan övladına sevgisi olmayanlara deyilir. Millətin başında duranların allahsız olması allahsızların sayının artmasına, allahsızlığın tüğyanına, millətin isə süqutuna aparan yoldu… Romanda Qanturalı çatda yazır: “Ən faciəli yan budu ki, yer — ölkə həm allahsız ola, həm də ağsaqqalsız…” (s.216)
Aşura günü Allahı (turisti) yezid roluna dəvət edirlər. Turist də razılaşır. Bunun mənası Allahın islamdan ”xəbəri olmadığına” işarədi, o Allah Yezidin islam dünyasında hansı yeri tutduğunu bilmədiyindən “yezid ol” təklifinə həvəslə razlıq verir…
Yazıçı Elçin “nəsrimiz var da, fəlsəfəsi yoxdur; fəlsəfəsini də istəyəndə nəsrin özü olmur”deyib(http://kultaz.com/2010/10/14/tehran-elisanoglu-%E2%80%9Cedebi-hefte%E2%80%9D-qeydleri/).  “Yad dildə” romanında gözəl nəsr və aktuallığını saxlayan hürufi metafizikasıyla birləşir. Bütün həyat acılarının bəşəriyyətin öz cahilliyini, nəfsini ötə bilməməsindən törədiyi xatırlanır. ”Kamilliyə yüksəlişi din, inam saya bilməyən, yüksəlmək istəməyən insan övladı yenə də yerində sayır, Kamillik idealına, yəni Allah ideyasına göstərdiyi münasibəti — səcdəni, heyrəti, həsrəti, sevgini, inamı digər insan övladına bəsləmir. “Heç bir kərə olsun, düşündünüzmü, zəncir vurulmaq üçün deyil, qırılmaq üçündür? Bəlkə o zənciri elə şərə çəkəsiniz?” (s.261); Bükdüz Əmən də hönkürtüylə ağlayırdı. İmam üçün yox, bu insanlar üçün ağlayırdı” (s.263).
Mövlanə Cəlaləddin Rumi timsalında Türkiyənin dünyaya çıxardığı Eşq fəlsəfəsi “brendi” ilə qürur duyduğu kimi (Avropanın humanizm və pozitivizm fəlsəfəsini neçə əsrlər qabaqladığı üçün), Azərbaycanın da İmadəddin Nəsimi timsalında hürufi fəlsəfəsiylə fəxr etməyə haqqı var. Çünki XX əsrdə ekzistensialistlərin insanın ruhani mahiyyətilə bağlı qənaətlərə hürufilər hələ orta əsrlərdə gəlib çatmışdı (Asif Ata).
Qlobal sosial, siyasi, hərbi, psixoloji, ekoloji və s.  fəlakətlərinin başında insan, insanlıq probleminin durduğu çoxlarına aydın olsa da, Pərvizin ədəbi refleksiyasında bu ideya olduqca qabarıq görsənir.
Hüseyn Əlioğlu
İnsanların eşitmək istəmədiyi mövzulara baş vurun.
Həyatın astar üzünü göstərin.
Diqqəti xəstəliklərə, eybəcərliklərə yönəldin.
Ölüm haqda danışın. Ölüm haqda, biganəlik,
xəyalqırıqlığı haqda danışın.
İyrənc olun, onda həqiqi olacaqsız.
Mişel Uelbek
Oxuduğumuz kitablarda sevdiyimiz qəhrəmanlar, abzaslar, səhnələr, səhifələr olur. Adətən mütaliə zamanı heyrətləndirən, həyacanlandıran hadisələr, fikirlər yaddaşda ilişib daha uzun müddət qalır. ”Yad dildə”dəki rəssam Hüseyn Əlioğlu obrazı (bu adda neçə və necə hermenevtik işarələr gizlənir!) və onun yarımçıq qalan Günəş dənizi tablosu mənə olduqca əziz gəldi. Əqidəsinə sadiq qalan rəssam, Polkovnikin portretini çəkmək sifarişindən imtina edir, nəticədə kasıblıqdan, aclıqdan-susuzluqdan ölür. Bu qürurlu sənətkar obrazı yazarın təxəyyül məhsuludu. Amma diktator portretini Hüseyn Əlioğlu kimi çəkmək istəməyən gerçək Azərbaycan rəssamını mən şəxsən tanıyıram. Doğrudur, o hələ acından ölməyib, amma əqidəsinə görə çox gəlirli bir sifarişdən imtina edib, istedadını itə atsa da, yada satmadı. Millətini sevməyən adam millətə doğma olmaz ki, yad olar…
Rəssama imam Hüseynin adı təsadüfi verilməyib. Öləndən sonra onun morqa gətirilməsi ilə orada ölü sayı 72-yə çatır və müasir Kərbəla şəhadəti tamam olur. Bununla müəllif oxucusuna daha bir əhəmiyyətli mesaj ötürür: 14 əsr bundan öncə Kərbəlada 72 nəfərin qətli ilə bağlı hər il Aşura zamanı 50 gün yas tutan azərbaycanlılar üçün neçə illərdi meydanlarda amansızca döyülən, şikəst edilən, öldürülən azadlıq və ədalət aşıqləri niyə şəhid sayılmasın ki? Oğul-qızlarının (hürufi diliylə desək, allahların, imamların) qanı meydanlarda axıdılan Bakı niyə Kərbəla hesab edilməsin ki?! Halallığı və mərdliyi ilə imam övladından seçilməyən rəssam Hüseyn Əlioğlunun müqəddəslərdən nəyi əksik ki?! Öz müqəddəslərimizi yaratmaq və öz ölülərimizə ağlamaq zamanı çatmadımı?!
Kirvəni çıxmaqla qalan mübarizlərin tam həyatı romanda verilməyib. Çünki onların hamısı bir yerdə bir qəhrəmandı — Şəhiddi. Bu günün Kərbəla şəhidləridi Haqq davasına qalxanlar. (O vaxtlar imamın dəstəsindən də ayrılıb gedənlər olmuşdu. Romandakı Yalancıq məhz onların simvoludu.)
Hüseyn Əlioğlunun Günəş tablosu əslində Aydınlıq, Paklıq həsrətini ifadə edir: “…bir dəniz kimi rəsm edilmiş günəş görünürdü; rəssam günəşi çəkəcəkdi, adamlar ovuclarını doldurub bu günəşdən içəcəkdilər, fonda yağış yerinə günəş yağacaqdı, kranlardan günəş axacaqdı, samovarları günəşlə dolduracaqılar, bulaqlardan günəş süzüləcəkdi…(s.305)”.
Qrotesk
İtalyan mənşəlli “qrotesk” termini ədəbiyyatda dəhşət və gülünc, eybəcər və ülvi olanları fantastik şəkildə özündə birləşdirən komik üslublardan biridir. Qrotesk həm də uzağı yaxın, irrealı real, uyğun olmayanı uyğun edə bilir, indini gələcəyə dolaşdırır, gerçəkliyin təzadlarını üzə çıxarır. Komik forma kimi qroteski yumor və ironiyadan fərqləndirən cəhət gülməli, əyləncəli durumun qorxunc və məşum durumdan ayrılmaz olmasıdır. Qroteskli obrazlar hər zaman özündə bir faciəvilik daşıyır. Bu bədii üsulun zahiri uydurma, fantastik şəraiti arxasında həyat hadisələrinin dərin bədii ümumiləşdirməsi gizlənir.
Hələ layiqincə qiymətini almayan “Yad dildə” romanında o qədər ironik və qrotesk məqamlar var ki, sadalamaqla qurtarmaz.
Bunların bir hissəsi din, Allah mövzusuyla bağlıdı. Məsələn, xunta başçısı Polkovnik güzgünü əli alıb sifətində Allahın adını axtarır (s.19); Polkovnikə satılandan sonra Yalancıq namaza başlayır, anası da: “Bala, axır ki Allahın yoluna gəldin”,—deyir. (səh.366); Yalancıq “fəlsəfi” düşüncələrə dalır: “Nə bilirsən, bəlkə elə o dünyada oğurluğa görə cəza yox, mükafat-filan düşür… Bu varlılar, bu hacılar, məşədilər bizdən az bilmir ki!” (s.197); Bamsı Beyrək kənddə Seyid adıyla çağrılır; “Fədakarlıq belə dəyərlidirsə, görəsən, nədən Allah özü fədakarlığı öz simasında sınaqdan keçirib ölmür?”, “Allahsız deyilən yer elə bizim bu məmləkətdi (s.216); “…biri Allahın, biri Avropanın evi olan iki pənah yerinin ikisinin də baxdığı darvazanın bağlı olduğunu gördü” (s.295); Nə qoyunu qandırmaq olur, nə Tanrını öz haqsızlığına inandırmaq (s.314); Allah insan rolunda olsaydı necə olardı, Nəsiminin bu məşəqqətinə dözərdimi, gözləri kədərdən solmuş, üzləri aclıqdan kül rənginə düşmüş balalarının xətrinə bir tikə çörəyə satılardımı? (s.304); və s. Bu məqamların hər biri özü özlüyündə yeni romanlara təkan verə biləcək ideyalar daşıyır.
Digər qrotesk dolu ifadələr, düşüncələr azadlıq məsələsinə toxunur: ”Səsi günün günorta çağı oğurlanıb qutulara tökülənlər” (s. 258); Aşurada zəncir vurmaqla bağlı Bükdüz Əmən: ”İmamın idealları uğrunda özünüzə vurduğunuz o zəncirlər sizi ağrıtmırsa, İmamın ideyaları yolunda şərə qarşı baş qaldıran zaman sizə dəyən polis zopaları da ağrıtmamalıdı axı! Bəs nədəndi bu qorxu, bu hürkü, bu XOF? Bəlkə özünüz–özünüzü ehmalca vurursuz? Polis qardaş bir balaca ehtiyatsız vurur deyəsən…” (s.261); “İstiqlaliyyət küçəsiylə Əziz Əliyev” küçələrinin arasında qalan meydan minlərlə insanın… ”İlahi komediya” oynanılan cəhənnəm səhnəsinə çevrildi. “Görünür, bizim ömrümüzə də kəsişməyən bu iki küçənin arasında boşu-boşuna vurnuxmaq və yıxılmaq yazılıbmış…” (s.318); ”Həyatda siqaretdən də, içkidən də, qadından da pis alışqanlıq var: biri elə yaşamaqdı!” (s. 223.)
Epitetlərlə, bənzətmələrlə dolu qrotesklərə rast gəlirik: “…meydana xalça kimi sərilmiş insanlar isə bitmək bilmirdi ki, bilmirdi. O xalçaların qanı axmazdı heç vaxt, azacıq rəngi çıxardı — bu xalçalar al qanın içindəydi; cəngavərlər bu xalçanın üstüylə belədən-belə gəzişirdi, qara çəkmələrinin altı qana batırdı, yerdə iz salırdı; anaların xalçaları daş kimi adamın üzünə baxardı, bu xalçalar isə tərpənirdi, qışqırırdı, ilmələrindən qan fışqırırdı, naxışları yerində fırlanırdı, əl-qol atırdı, yerini dəyişirdi, göz yaşı axıdırdı, bəzən aman diləyirdi… ” (s.319); “…yağış zəmini yerə yatırmışdı, biçmək zülm idi” (s.320); “Tapşırıq beləydi: bir sünbül belə dik durmamalıydı—körpə sünbül, saralmış sünbül, sudan göyərmiş sünbül—hamısının başı kəsilməliydi. Hələ ardınca başaq da eləyəcəkdilər…” (s.320).
Dil
Türkiyədə hələ də mənim qramerimi düzəldənlər var… Dili qramerlər deyil— yazarlar yapar, millət yapar. Dil konuşula-konuşula dil olur.
Bədii mətnlərin funksiyalarından biri dil normalarını normallaşdırmaqdısa, digəri — dili qorumaq, realizə etmək və təzədən yaratmaqdı. Hər bir yeni əsər gətirdiyi bədii fikirlə bərabər yazı dilinin imkanlarının genişləndirilməsinə də xidmət edir. Dilimizi lüğət tərkibinə görə yetərsiz sayanlara “Yad dildə” tutarlı cavab verir.  Azərbaycan türkcəsi özünün bütün dil qatlarıyla – ədəbi dili, danışıq dili, qarğışları, söyüşləri, ləhçə və şivələri, arxaikləşmiş (əskimiş), yeni, alınma sözləri, jarqonları, hətta arqoları və s. ilə birlikdə dilimizi təşkil edir. (Finlandiyada Danışıq dili lüğəti var. Bədii əsərlərdə, kütləvi mətbuat səhifələri və televiziya proqramlarında geniş işlənən ”qeyri-rəsmi” dili anlamaq üçün əcnəbilər dil kurslarında bu lüğətlə tanış olur.)
Pərvizin dilimizin özəlliklərinə, söz oyunlarına, məna çalarlarına yaxşı bələd olması hər cümlədən görünür. Əsərdəki saysız-hesabsız deyimlər (sabit ifadələr, frazeoloji söz birləşmələri, idiomalar), bənzətmələr və s. doğma dilimizin nə qədər zəngin bədii ifadə imkanlarına malik olduğunu yada salır. Az qala hər cümlədə keçən deyimlər sözlə təsvir edilənləri bir film kimi oxucunun gözündə canlandırmaya bilmir: “Selcan bayaqdan Çenin necə əl-ayağa düşdüyündən, onu saxlamaq üçün şeirdən başqa nəyəsə gumanı gəlmədiyindən ləzzət almışdı və səssizcə içində qəşş eləmişdi. Çenin onun üçün belə əldən-ayaqdan getməsi, canfəşanlıq eləməsi, öz sevgisini göstərmək üçün dəridən-qabıqdan çıxması ona çox, ama olduqca xoş gəlirdi”. (İçərişəhər küçələrinin təsvirləri və s. haqda əlavə: http://www.azadliq.org/content/article/2186458.html)
Məmur məruzəsi və ya televiziya xəbərləri loru dillə nə qədər gülünc səslənərsə, adi insan söhbətləri və düşüncələri də rəsmi dillə söyləndiyində o qədər qeyri-təbii, saxta gələr. Ona görə də roman səhifələrində danışıq stilinin də yer alması yazarın nöqsanı yox, üstünlüyü kimi dəyərləndirilməlidi. Məsələn, “burada” əvəzinə “burda”, “-dır”, “-dur” və b. şəkilçilərin yerinə gerçək danışıqdakı “-dı”, “-du”, “-di” işlətməsi (“Mən Vətənin oğlu yox, Vətən mənim oğlumdu” s.154), ”amma” yox, ”ama”, eləcə də bölgə ağzı, çalarları (örnəyin, “son dəfə” yerinə “son kərə” s.96) mətni axınaqlı, hamar, dialoqları təbii və canlı edir.
Bəzən qısa müəllif jestləri uzun mülahizələrdən daha tez məqsədinə çatır. Belə ki, həkimlik və insanlıq ləyaqətini satan Mehin “…yallah, haydı irəli!” ifadəsiylə öz hörmətsizlik payını alır. Söz düşmüşkən, Finlandiyanın cənub-qərb bölgəsi ləhçəsiylə yazan şair xanım Heli Pauliina Laaksonen bu yaxınlarda ölkənin ən nüfuzlu ədəbi mükafatına layiq görüldü (http://fi.wikipedia.org/wiki/Heli_Laaksonen).
Pərviz bəzən deyimlərin özü ilə yox, onlara işarəylə kifayətlənir, deyimləri astar üzünə çevirir. Belə ki, “Bozaran üz qızarmaz” deyimi yerinə “Uzaqbaşı, bəlkə də, ömründə son kərə qızarırsan və..” (s.96); “İgid ölər adı qalar”: “…dəlik-deşik eləməyə, əsil kişi eləməyə…” (s.274); ”Su çirk götürməz”: “Axı bu su onları yuyub aparar” (s.309) və s.
Deməyə sözləri qurtarmışlar və ya sözləri olmayanlar dilimizi bəsit, yetərsiz elan edir ki, öz fikir qısırlıqları ört-basdır olsun. Pərviz isə ən dərin, ən mürəkkəb fəlsəfi-bədii fikirlərin dilə gətirilməsinin, qələmə alınmasının mümkünlüyünü öz yaratdığı mətnlərlə sübut etməkdədi. 3-4 səhifədə, bəlkə də yeni roman mövzusu ola biləcək bəzi fəlsəfi mülahizələr və ya hansısa təsvirlər, qənaətlər bir-iki dəqiq sözlə, cümləylə deyilir: “Aşura günü dindarların özlərinə əzab vermək istəyi və meydana çıxan üsyankarlar Şərə, şeytana vurulası zəncirləri özlərinə vuracaqdılar (s.262); “ Bu, elə Məhəmməd peyğəmbərin: “Haqsızlıq önündə susan dilsiz Şeytandır” fikrinin və bəlli ata sözümüzün qandırmaq istədiyiydi… Babək allahsızlıq eləyən yaddellilərə dözmədiyindən oturmadı və ayağa qalxdı… (s.218); “Əslində, bədbəxtin xəbəri yoxdu ki, bəlkə də, bu atılıb-düşənlər hansısa havanı oynamır, sadəcə, havalanıb oynayır” (s.312); ”Bəzən də İsanın İudadan daha çox satqın olduğunu düşünürəm. İudadan qabaq İsa satqın çıxmışdı. O, İudanı taleyə, qismətə, alın yazısına, nəhayət, Allahın qurduğu plana satmışdı” (s.385); Azərbaycan vətəndaşının “qısabalaqlılığının” səbəbləri (s.334) və s.
İslam dininin neçə əsrlərdir Azərbaycanda hökm sürməsinə baxmayaraq xalqın qədim şamançılığa olan meylini, qəlbində və gündəlik yaşantılarında saxladığı inanca vurulan işarələr də dərin məna daşımaqdadı. Doğuş zamanı sancılardan qovrulan və qan aparan qadının başının üstünü kəsdirən bacısı darmacalda doğanın qulağına pıçıldayır ki, “kasıb qardaşı və talesiz bacıları üçün Allaha yalvarsın; deyirlər, doğuşda olan qadının diləyini Allah tez eşidir”(s.84). “Hə, qaba ağacım, belimi sənə bağladım…” (s.296) cümləsi insanların allahdan yox, təbiətdən kömək dilədikləri çağlara işarə edir.
Əsərdə Polkovnik, Yalancıq kimiləri haqda təhqiramiz bir kəlmə işlənməsə də, ”yezid”, ”Yalançıq” kimi metaforik kodlar oxucu təxəyyülündə öz işini görür: qonşu bağlarına suyun axmasını əngəlləyən ”yezid” ana və şəhər əhalisini susuzluqdan qıran ”yezid oğlu”, əfsanəvi Beyrəyi aldadıb arxadan zərbə vuran Yalıncığı xatırladan Yalancıq…
Əsər saysız-hesabsız epitetlərlə doludu: “…qanı axmış günəşin işartıları” (s.307); “Qardaşının Günəşinin batdığını anladı” (s.307); “Qarğa-quzğun kimi bir nəfərin üstünə tökülən Xunta ordusunun əsgərləri…” (s.320); “Üzlərini şüşəylə qapayan dəbilqəli biçinçilər durmadan kərəntilərini çala-çala irəliləməyə çalışdılar; yağış zəmini yerə yatırmışdı, biçmək zülm idi; taxılın gövdəsindən tutub qaldırır, kərəntini hərlədirdilər, sonra döyəcləyirdilər… Zəmi inildədi, zəmi ayağa qalxdı, zəmi bu cür biçilmək görməmişdi, zəmi baş götürüb tarlada hara gəldi qaçmağa başladı, biçinçilər də zəminin ardınca!” (s.320); “…sən Allah deyilsən, qatilsən, qatil!”(s. 324); “Ay işığı süd kimi, Yezid hürür it kimi” (s.328)…
İdeologiya
Publisistik mətnlərdən fərqli olaraq “Yad dildə” oxucuya birbaşa müraciət etmir. Burda, publisistikadan fərqli olaraq, bir yox, bir neçə süjet xətti aparılır.
Pərviz öz ictimai-siyasi-fəlsəfi-ideoloji baxışlarını Şərq dünyagörüşündən və təsəvvürlərindən bəhrələnib kodlaşdırılmış şəkildə ortaya qoyur və ideoloji obrazlar sistemi ilə təsdiqləyir. Yazara “bolşevik”, “propaqandist”, “publisist” damğası vuranlar unutmasın ki, ideologiyasız əsil yazıçı yoxdur.
Mövzunun özü, faktların seçimi, onların verilmə üsulu, ədəbi priyomun fəlsəfi məzmunu, detalların simvolikası, hansı dəyərlərin mərkəzə qoyulması — bunun hamısı ideologiyadır, yəni ədəbi əsərin estetikasından ayrılmaz müəyyən dəyərlər sistemi ierarxiyasıdır. İdeologiya deyəndə söhbət sosializm realizmi dövründə olduğu kimi hakim sinfin sırıdığı normativ estetikadan yox, R. Bartın “dilin etosu”, M.Fukonun “formanın əxlaqı” adlandırdıqları ruhani-mənəvi ierarxik dəyərlər sistemi nəzərdə tutulur.
Hər bir yazarın yaşadığı dini, siyasi, sosial, ekzistensial təcrübəsi əsərində öz əksini tapır. Məsələn, R.Bredberi fantastika çərçivəsində yaşadığı toplumun sosial-fəlsəfi problemlərini, Den Braun “Da Vinçi kodu”nda detektiv hadisələrdə öz fəlsəfi-teoloji-tarixi qənaətlərini nümayiş etdirir. XX əsrdə ən çox oxunan kitablardan olan “Atlant çiyinlərini açmış” romanının müəllifi Ayn Rend həyat mövqeyini göstərmək üçün yalnız iki boyadan istifadə edib – ağ və qara.
Qəhrəmanlarının sosial-siyasi mövqeyini göstərmək üçün bədii obrazlara müraciət edən yazarlar az deyil: bədii-publisistik janrın banisi N.Q. Çernışevski (“Nə etməli?” romanı), M.Bulqakov (“Ağ qvardiya”), A. Soljenisin (“Arxipelaq Qulaq”), V.Yerofeyev (“Rus gözəli”), M.Rid (“Həyat eşqi”) və b. Müəllifin bioqrafiyası, individuallığı da estetik olaraq bədii obrazı doldurur. Dostoyevskinin açıq və qızğın slavyanofil və şovinistliyini, qəddar türk düşmənçiliyini, Tolstoyun öz “dini” olduğunu da unutmayaq. Ümumiyyətlə, mən mövqesiz yazıçı tanımıram…
Qəlizlik
“Qəlizliyə görə C. Coysun qibtə edə biləcəyi” (Ə. Cahangir), Ali Qəmyemədə Kafkanın həsəd apara biləcəyi “Öləngi” və ”Yad dildə” romanlarının müəllifi Pərvizin yaratdığı mətnləri oxumaq asan iş deyil.  Ümumiyyətlə, ciddi ədəbiyyat nadir hallarda yüngül, rahat oxunaqlı olur. Bir qayda olaraq əsərdəki münaqişənin inkişafındakı dramatiklik, həyəcan (ekspressivlik) və mətnin qatılığı, lap simfonik əsərlərdəki kimi, yaşanılan mürəkkəb mənəvi-psixoloji vəziyyəti və sosial-fəlsəfi təzadları ifadə etməyə xidmət edir. “Yad dildə”nin zahirdə və daha dərində olan mənaları arasındakı gərginlik gerçək yaşantılardakı psixoloji-fiziki gərginliyin güzgüsüdür. Gizli mənalar da əsərin bədii dəyərini artırmaqla yanaşı stilistik gərginliyini də artırmaqdadı.
Büt obrazlara, müəlliflərə çevrilmiş F.Dostoyevskini, F.Kafkanı, X.Borxesi, O.Pamuku, H.Hesseni, V.Pelevini və b.-nı birnəfəsə oxuyub anlamaq çətindi. Əlimizi ürəyimizin üstünə qoyub özümüzdən soruşaq: qalaq-qalaq köməkçi peşəkar tənqidi yazılar, ədəbi-linqvistik tədqiqatlar, az qala hər cümləyə, hər səhifəyə verilən şərhlər, təfsirlər olmasaydı, məsələn, M.Bulqakovun “Usta və Marqarita”sını, C.Coysun “Uliss”ini, U.Ekonun “Qızılgülün adı”nı və onlarca bu kimi qəliz, qarmaqarışıq əsərləri, görəsən, neçə oxucu asanlıqla büsbütün anlayardı?
Məşhur “Times” qəzeti dünyada ən tanınmış kitabların ən az və ən çətin oxunulan (və ya sonadək heç oxunulmayan) kitabların adlarını açıqlayıb: C. Coys “Uliss”, Dante “İlahi komediya”, S. Bekket, M. Prust, C. Oruel, F. Dostoyevski və b. Qeyd edim ki, cəmiyyətdə yüksək mədəni və sosial statusa malik olan, lakin çətin oxunulan və əksəriyyətə maraqsız olan kitablar hal-hazırda kültür sosiologiyasının problematikasına dönübdür.
Çoxjanrlılıq
Çoxjanrlı modern əsərlər az deyil. Melodrama, detektiv, psixoloji dram, mistik triller, misteriya, absurd, neoqotika və s. stillərin, janrların qarışdırılması yazıçının şəxsi kaprizi yox, gerçək müasir həyat yollarının mürəkkəbliklərini, qarışıqlığını, nahamarlığını ifadə etməyə yardım edir.
“Yad dildə”yə “çoxkonqlomeratlı olduğu üçün yorucu əsərdi” iradı tutanlar C. Dos Passonun uydurma ilə sənədin sintezinə, K. Vonnequtun nəsrində stillərin əcaib qarışığına, öz stilinə simvolika, şüur axını, qroteski “inteqrasiya” edən Folknerə, ənənəvi roman stilinə qarşı xarakterlərin qeyri-aydınlığı, zaman qatlarının yerlərinin dəyişdirilməsi, “şüur axını” və b. stillərin qarışdırılmasını edən “yeni roman” (və ya “antiroman”) nümayəndələri N. Sarrota, A. Rob-Qriyyeyə, K. Simona və başqalarına gözün üstdə qaşın var deyərdilərmi tənqidçilərimiz? Başqa misal: bulqakovşünaslıq “Usta və Marqarita” roman-pritçaya üç oxunuş konsepsiya təklif edir: tarixi-sosial, bioqrafik və tarixi-siyasi kontekstə qarışmış estetik konsepsiya. Bu romanın janrını hələ də birmənalı təyin etmək çətindi, çünki roman bir neçə janr və janr elementlərinin qarışığından ibarətdir…
Son
Dillərə düşmüş “Yad dildə” romanının indi yox, əlbəttə, gələcəkdə ədəbiyyatşünaslıq və dilçilik araşdırmalarına səbəb olacağı mənim üçün şübhəsizdir. İxtisasca ədəbiyyatçı olmama baxmayaraq, yuxarıda yürütdüyüm fikirlər oxucu təəsuratlarından başqa bir şey deyil. Bütün əsəri hərtərəfli və elmi üsulla incələmə bütöv bir monoqrafiya formatı tələb edir.
Ürəyində və beynində çağlayan bütün təlatümləri, burulğanları bir nəfəsə, bir əsərdə, həm də 25-ci kadr effekti ilə verməyə çalışmış müəllif, zənnimcə, romanın qatılığına səbəb olmuş ciddi ideyalarını ayrı-ayrı romanlarla verə bilərdi.
”Yad dildə” əsəri ilə Pərviz Cəbrayıl cəsarətli olduğu qədər də istedadlı və perspektivli bir yazıçı-mütəfəkkir olduğunu üzə çıxardı. Gələcəkdə Pərvizin bundan da güclü, bundan da maraqlı əsərlər yaradacağına tam əminəm.


Finlandiya                 29.12.2010        

Комментариев нет:

Отправить комментарий