Страницы

14.11.2011

“Noutbuku söndürüb, gedirəm arvad-uşağın yanına”

“Yazıçı labaratoriyası”nın qonağı yazıçı Etimad Başkeçiddir
- Günün hansı vaxtı yazırsınız? 

- Adətən, axşam saat 10-dan gecə 2-yə kimi. Bu məndə şərti refleks kimidir.

- Ardıcıl neçə saat yaza bilirsiniz? 

- İki-üç saat, bundan sonra adamın qafası qarışır.

- Yazı ilə bağlı xüsusi bir vərdişiniz varmı? Misal üçün, bəzi yazıçılar kofe içə-içə yazır, bəziləri isə hay-küydə. 

- Siqaret çəkə-çəkə yazıram. Tərcüməni hay-küydə də eləyə bilərəm, amma öz yazımı yazmaq üçün gərək sakit bir yer olsun .


- Əllə yazırsınız, yoxsa bilgisayarla? 

- Bilgisayarla. Əllə yazmaq mənə multfilm kimi gəlir.

- Yazmamışdan qabaq qeydlər edirsinizmi? 

- Moskva Ədəbiyyat İnstitutunda Rekemçuk adında bir yazıçı işləyirdi. O, təkidlə deyirdi ki, yazıçı olan kəs gərək mütləq əvvəlcə qeydlər aparsın, plan qursun və s. Sonra Fazil İsgəndər gəlirdi: “Qeyd-meyd boş şeylərdir, özünü hazır bilirsənsə, otur yaz, vəssalam”. Mən də səliqəsiz adam olduğum üçün, F.İsgəndərin sözünü rəhbər tuturam.

- Özünüzlə bloknot gəzdirirsinizmi? 

- Özümlə nə bloknot, nə də qələm gəzdirirəm. Qabaqlar gəzdirməyə çalışırdım, amma onları tez-tez itirdiyim üçün daşını atdım getdi.

- Sevmədiyiniz sözlər varmı? 

- Pafoslu sözləri və musiqini sevmirəm.

- İmtina etdiyiniz yazılar varmı? 

- Xoşuma gəlməyən yazıdırsa, ondan asanlıqla imtina eləyirəm. Özü də bir daha onun üstünə qayıdıb ora-burasını düzəltməyə cəhd etmirəm.

- Yazının süjeti haqda əvvəlcədən fikirləşirsiz, yoxsa süjet yazı prosesində yaranır? 

- Süjeti əvvəldən-axıra, adətən, detektiv janrda yazanlar fikirləşir. Burada isə, istiqaməti düzgün götürə bilsən, yol özü səni mənzil başına aparıb çıxarır.

- Obrazlarınızı şəxsən tanıyırsınızmı, ya da onlara rast gəlmisinizmi? 

- Onların hamısını şəxsən tanıyıram. Düzdür, onları stilizə edilmiş formaya salırsan.

- Birinci və sonuncu cümlə sindromunuz varmı? 

-Birinci cümlə sindromu olmayan adam yoxdur, məncə. Sonuncu cümləni isə heç yazmasan da olar.

- Yazı prosesində ilişəndə neynirsiniz? 

- Noutbuku söndürüb, gedirəm arvad-uşağın yanına.


Cəlil Cavanşir           kulis.az

Комментариев нет:

Отправить комментарий