Страницы

09.11.2011

Əşrəf Pirşağılı. Qəzəllər


Əşrəf Pirşağılı 1959 – cu ildə anadan olub. 1985 – ci ildə Neft Akademiyasını bitirib. Şeirləri, qəzəlləri mütəmadi olaraq dövrü mətbuatda çap olunur.
****
Getmə, ömrüm – günüm, imdadə gəlib, getməginən.
Bax ki, könlüm necə necə fəryadə gəlib, getməginən

Dilbərim, busən ilə öylə görüb zövqü – səfa,
Dilim – ağzım təzədən dadə gəlib, getməginən.

Gəlişinnən məni qaytardın ötən çağlarıma.
O gözəl günlərimiz yadə gəlib, getməginən.

Qorx ki, bədxahların qarə yaxarlar adına,
Xəlq içindən belə azadə gəlib getnəginən.

Mən gedən yolda azarsan, yorularsan, qafil,
Var bu yolda nə çox üftadə, gəlib getməginən.

Istədim mən də gedim bərrü – biyabanə tərəf,
Dedilər ki, o pəri – zadə gəlib, getməginən.

Dəri – meyxanəni açdım ki, çıxım səslədilər,
Əşrəfa, ortalığa badə gəlib, getməginən.

***
Əsiri – zülf olan könlüm, de gəlsin şanədən zaddan,
Camaat ad qoyar axır bizə divanədən zaddan.

Yanardıq atəşi – şəmə, olardıq qəmdən asudə,
Heyif ki, olmadıq dünyadə bir pərvanədən zaddan.

Çağır hər ləhzə imdadə, səni Tanrım salar yadə,
Kömək umma ey üftadə, daha biganədən zaddan.

Demə Fərhadü Məcnundan, olardan artığam bəlkə,
Tapıb bir özgə həmsöhbət, danış əfsanədən zaddan.

Nə cürdür badənin zövqü, bunu hardan bilir zahid,
Bu dünya ləzzətin sən get soruş məstanədən zaddan.

Təbibdə çarə yox, Əşrəf, nə pirdə bir kəramət var,
Özün qıl başıva çarə, tapıb meyxanədən zaddan.

Комментариев нет:

Отправить комментарий