Страницы

23.12.2011

“5 ildi yazdığım ssenarini çəkə bilmirəm”

Həmidə Ömərova : “Türk seriallarına həsəd aparıram”


Həmidə Ömərova Azərbaycan kinosunda oynadığı rollarla yeni səhifə açıb. Çəkildiyi filmlərlə Azərbaycan xalqının böyük sevgi və hörmətini qazanıb. Onun “Qorxma mən səninləyəm” filmindəki Telli, ”Yol əhvalatı” filmindəki Zümrüd, ”Anlamaq istəyirəm”filmindəki Çinarə , “Şirbalanın məhəbbəti”filmindəki Nazlı və adını çəkmədiyim bir çox rolları bu baxımdan seçilir.

Həmidə xanım həmçinin dublyaj sahəsində də xeyli işlər görüb. ”Kleopatra”filmində Kleopatra, ”Küləklə sovrulanlar”filmində Skarlet, “Evita”filmində Evita ,”Maqdalina”filmindəki Maqdalina obrazlarının və 500 –dən çox film və serialın səsləndirilməsində iştirak edib. Dublyaj sahəsində son uğurlu işi “Həzrəti Yusif”serialinda Züleyxa obrazının səsləndirilməsi olub.



- Həmidə xanım, necəsiniz? 

- Çox sağ olun, yaxşıyam.

- Suallara hazırsınız? 

- Buyur.

- Necə oldu ki, bu sənəti seçdiniz, məhz aktrisalığı? 

- Bu sənəti seçməyim təsadüf olub. Filologiya fakültəsində oxuyurdum. Bir gün Həsən Seyidbəylinin televiziyada çıxışını gördüm. Deyirdi ki, Moskva Kinomotoqrafiya İnstitutunun aktyorluq şöbəsinə 15 qəbul oluna bilər. Müsabiqədə iştirak etdim və 15 nəfərin içərisindən seçildim. Qohumlarımız, anam istəmirdi aktrisa olmağımı. Çünki anam məni həkim kimi görürdü. Amma razı sala bildim. Moskva Kinomotoqrafiya İnstitutunun akyorluq şöbəsində təhsil alıb, Cəfər Cabbarlı kinostudiyasına təyinat aldım.

- İndiyə kimi çox filmlərə çəkilmisiniz, ən xoşladığınız tərəf müqabiliniz kim olub? 

- Birinin adını çəksəm o biriləri inciyər. Amma bir nəfərin adını çəkməyə bilmərəm. ”Nizami” filmindəki Nizami rolunun yaradıcısı Müslüm Maqomayev böyük şəxsiyyət idi. O, həyatda çox sadə və xeyirxah , nəcib insan idi. Özünün kimsədən yuksək olduğunu göstərməzdi. Allah ona rəhmət eləsin.

- İlk dəfə filmə çəkildiyiniz vaxt nə hisslər keçirirdiniz? 

- İlk dəfə iki filmə çəkilmişəm: ”Anlamaq istəyirəm” və “Qızıl uçurum”. Həm həyəcanlanmışam, həm də sevinmişəm, çünki Məmmədrza Şeyxzamanov, Hüseynağa Sadıqov, Hamlet Xanızadə, Əliabbas Qədirov, Həsən Məmmədov, Həsənağa Turabov, Leyla Bədirbəyli kimi peşəkar sənətkarlarla çalışırdım. Onlarla işləmək məndən böyük məsuliyyət tələb edirdi. Həm də onlarla bir filmə çəkildiyimə görə fəxr edirdim.

- Son çəkildiyiniz filmlər haqqında nə deyə bilərsiz? 

- Ayaz Salayevin “Arı” filmində çəkildim, bu vaxta qədər oynadığım rollar içərisində fərqli bir obrazdır. Ona heç obraz da demək olmaz, çünki həcmi çox kiçikdir. Amma oynamışam, ürəyimcə olub. Yuli Qusmanın “Qorxma mən səninləyəm”filmində rol aldım, amma bu filmdəki rolumdan çox narazıyam, çünki birinci filmdəki əsərin qəhrəmanı Telli bu filmdə epizod yox, kütləvi ekran obrazı qədər kiçildilmişdi. Yəqin Qusmanın fantaziyası çatmayıb ki, ana rolu üçün maraqlı səhnələr fikirləşsin. Amma bilirəm ki, tamaşaçılarımız Tellinin sonrakı taleyi ilə maraqlanacaqlar və onu ekranda ani, 1-2,dəqiqə görəndə təəccüblənəcəklər. Gənc rejissor Nicat Qafuroğlunun “Ultionis” filmində direktor obrazını yaratmışam, bu da çox maraqlı obrazdır, filmin özündən çox şey gözləyirəm və gənc rejissorun istedadına bələd oldum.

- Serialların çəkilməsinə dövlət məvacibi ayrılıb, buna münasibətiniz necədir? 

- Çox istərdim ki, seriallar peşəkarlar tərəfindən çəkilsin. Klassik əsərlərimiz ekranlaşdırılsın. Seriallara peşəkar aktyorlar çəkilsin. Əlbəttə gənclər də. Bəlkə belə serialların nəticəsi ola bilər. Bu baxımdan türk seriallarına həsəd aparıram.

- Müasir dövrdə kinoteatrlara gedənlər azalıb sizcə bu nə ilə əlaqədardır? 

- Tamaşaçıların kinoteatrlardan soyuması prosesi bir ilin yox beş- on ilin işi olub. Kinoteatrlara yenidən tamaşaçı cəlb etmək üçün çox böyük işlər görmək lazımdır. Ən vacib məsələlərdən biri də kinoprokat məsələsini bərpa etməkdir.

- Hansı seriallara baxırsız? 

- “Yer, göy, eşq”, ”Elə bir keçər zaman ki”, ”Möhtəşəm yüz il” və s. seriallara baxıram. Yüksək səviyyədə peşəkarlıqla çəkilən və gözəl rejissor quruluşu, maraqlı aktyor oyunu, güclü dramaturji materialı olan seriallardır. Hər serial bir bədii film kimi baxılır, yaxşı mənada türk kolleqalarıma həsəd aparıram.

- Gənc aktyorların səviyyəsindən razısınız? 

Gənclər o vaxt yaxşı olar ki, istedadlı rejissorlar onları aça bilsin. Onda kinomuz üçün yeni kadrlar yetişə bilər. Bizim istedadlı gənclərimiz çoxdur, sadəcə onlara hər sahədə kömək etmək lazımdır.

- Serial ssenarisi yazmısınız, doğrudur?

- Bu barədə çox danışmışam. Serial aktrisalar haqqındadır. Muxtəlif səbəblərdən sənətdən uzaqlaşmış, amma bütün varlıqları ilə peşələrinə, hətta yaşları 40-50-ni ötəndən sonra da öz sənətinə sadiq qalan qadınlardan bəhs edir. Çox istərdim ki, yaxın zamanlarda həmin ssenarini ekranlaşdıra bilim, çünki haqqında yazdığım aktrisalar özləri məni tələsdirirlər. İllər sürətlə keçir, 5 ildir ki, ssenari hazırdır, amma onu heç cürə həyata keçirə bilmirəm.

- Tamaşada oynamaq istəyərdinizmi?

- Bəzi aktrisalar kənardan teatra kiminsə dəvət olunmasına çox qısqanclıqla yanaşırlar. Akademik Milli Dram Teatrında bir neçə dəfə baş rollara dəvət almışam. Hətta teatr direktorları dəvət etdikləri tamaşadakı baş rollar barədə mənimlə ətraflı danışıblar, razılığa gəlmişik. Amma bir müddətdən sonra rol bölgüsü siyahısında öz adımı görməyəndə bərk təəccüblənmişəm. Belə nəticə cıxarıram kı, bəzi aparıcı rolları ifa edən aktrisalar güclərinə arxayın deyillər, ona görə də dublyor istəmirlər. Amma teatrın qanunu var, dublyor bütün rollarda olmalıdır. Axı aktyor xəstələnə bilər, o zaman onu əvəz edən mütləq başqa bir sənətkar olmalıdır. Mən belə düşünurəm ki, öz gücünə tam arxayın olan aktrisa teatrda özünə dublyor seçilməsindən qorxub çəkinməz. Dəvət alıb sonra uzaqlaşdırıldığım tamaşalara maraq üçün gedib baxıram. Hər dəfə də bu qənaətə gəlirəm ki, böyükdən tutmuş kiçiyə qədər bütün obrazların dublyoru var.

- Hansı tamaşalardan söhbət gedir?

- Son vaxtlarda premyerası olan tamaşalardan biri. Ad çəkməyimin mənası yoxdur, onsuz da bilən bilir.

Əli NOVRUZƏLİYEV               kulis.az

Комментариев нет:

Отправить комментарий