Страницы

26.12.2011

Deyəsən zirvəni aşmışıq


Lalə Ramizqızı
"Millətim" qəzeti

Adama elə gəlir ki, “bəh-bəhlərin” ən yaxşı günlərini arxada qoymuşuq. Yəni millətin öz təbii sərvətləri sayəsində nail olduğu ən yaxşı günlərlə vidalaşırıq. Bu qənaəti söyləməyə ona görə əsas var ki, artıq Azərbaycanın başlıca sərvəti və onun gəlirlərinin əsas hissəsi olan neft istehsalı azalmağa doğru gedir.
Əgər onun ən çox olan vaxtında biz bu günkü həyat tərzinə sahib olmuşuqsa, təbii ki, azalmağa doğru getdiyi mərhələdə də bizim yaşayışımız ən yaxşı halda olduğu yerdə qala bilər.

Nə qədər hüznlü olsa da belə anlamaq olar ki, yaşam üçün bütün ümidlərimizin bağlandığı neft sərvətindən millətin payına çox az düşdü. Hətta bu payı millətin hiss eləmədiyini desək, bu da ciddi bir yanlışlıq hesab oluna bilməz. Axı nə qədər acı olsa da, keçmiş postsovet məkanında ən bol təbii sərvəti olan Azərbaycan, eləcə də keçmiş postsovet məkanında yeganə ölkə oldu ki, əhalinin sovet dövründən banklarda qalan əmanəti hələ də qaytarılmayıb.
Dünya iqtisadi böhranına rəğmən Azərbayacanda iqtisadi inkişafın qorunması hər hansı bir xüsusi qabiliyyətin nəticəsi deyil, sadəcə olaraq Azərbaycan neftinin satışı ilə bağlıdır. Həm də ona görə ki, axı Azərbaycanın neft satışı xaricində daha hansı gəliri var ki, o da böhran girdabına düşə bilsin? Amma ölkəyə gələn bu gəlirdən xalqın sosial durumunun normallaşması üçün o qədər az iş görüldü ki, bunu hiss etməmək də olar. Nə ölkədə işsizlik problemi həll olundu, nə də sadə camaatın dövlət büdcəsindən ayrılan gəliri bir əhəmiyyətli artıma malik oldu. Doğrudur, pensiyaların və məvaciblərin müəyyən faizlə artımı həyata keçirildi. Lakin bu ölkədəki qiymət artımları ilə müqayisədə o dərəcədə azdır ki, bu artımın sadə xalqın həyat tərzinin yaxşılaşmasına təsirini düşünmək belə olmaz. Son iki ildə təkcə “qara camaat” üçün nəzərdə tutulmuş metroda gediş haqqının dörd dəfə artırılması bir arqument kimi çox şeyi özündə ifadə edir.
Xalqın əsas hissəsinin neft gəlirlərindən faydalanmaması, heç də neft gəlirlərinin hiss olunmaması anlayışına gəlmir. Belə ki, ölkədə həyata keçirilən möhtəşəm layihələr fonunda bizim həşəmətli məmurlarımız kifayət qədər neft gəlirlərindən öz “yüklərini” tuta bildilər. Bir də bu gəlirlərdən “seçilmişlərin” faydalanması müşahidə olundu. Bu “seçilmişlər” hökumətin etimad göstərdiyi ayrı-ayrı qurumu təmsil edən dövlət qulluqçuları, bir də saray şairləri və müğənniləri hesab olunan mədəniyyət işçiləri oldu. Sadə camaatın aldığı əmək haqqı və pensiyaların öz həcminə görə həqarət səviyyəsində olmasını dövlətin öz məmurları söyləsə də belə nəticə dəyişmədi.
Neftdə üzgüçülükTəhsil naziri Misir Mərdanovun yüksək tribunadan 200 manat əmək haqqı alan müəllimdən bu maaş müqabilində iş tələb olunmasını əbəs hesab etməsi deyəsən kimisə narahat etmədi.
Neft gəlirlərinin kəllə çarxa vurduğu müddətdə nəinki ölkə əhalisinin böyük kütləsinin əmək haqqı və pensiyaları norma tələbləri daxilində artırıldı, habelə digər sosial problemlər də olduğu kimi qaldı. Bu gün Azərbaycanın artıq enerji ixracatçısına çevrilməsi ilə bağlı hay-küylü bəyanatlar gülüş doğurur. Havaların azacıq soyuması ilə ölkənin paytaxtında vaxtaşırı enerji kəsilmələri bir daha onu təsdiqləyir ki, belə bəyanatlar yalandan başqa bir şey deyil.
Yeri gəlmişkən, Azərbaycan bu gün dünyada enerjinin fasilələrlə verildiyinə görə barmaqla sayılan ölkələr sırasındadır.
Hər halda nikbinliyini itirməyən məmurlarımız ölkənin qaz ehtiyatları ilə bağlı təmtəraqlı bəyanatlar səsləndirməkdədir. Ancaq xalq elə qaz satışından gələn gəlirlərdən də bir şey gözləməkdə o qədər ümidli görünmür. Çünki bu məmur ordusu yerində qaldıqca ölkəyə gələn hər hansı bir gəlirin həcmi özünü xalqın yaşamında göstərə bilməyəcəkdir.

Комментариев нет:

Отправить комментарий