Страницы

09.12.2011

“Şəxsən mənim üçün kağız kitabın yerini vermir”

Elnaz Eyvazlı imzası ilə tanışlığım bir-neçə il olar. Özünəməxsus yazı tərzinə, fikir yükünə görə ədəbi həmnəsilləri arasında seçilir və sevilir. Oxucularının ona olan diqqətini də hiss etmək o qədər çətin deyil. Beləki, Elnaz xanımın yaradıcılığına olan oxucu və qələm adamlarının münasibətləri bunu deməyə haqq verir. Şairənin qələmindən çıxan hər bir əsər özünün oxucusunu tapmağa çətinlik tapmır. Bu, yazarın uğurudur. Çağdaş ədəbiyyatımızda özünəməxsusluğu ilə seçilən xanım yazarla əlaqə saxlayıb, “Şənbə qonağı” rübrükamıza dəvət etdik. Yazar xanım oxucularımız üçün də maraqlı olacaq suallarımızı cavablandırdı. İlk sualım ədəbi aləmdə brendləşməkdə olan imzasının səbəbi olan yaradıcılığından oldu:


- Elnaz xanım, bu gün sizin imzanın tanınr və oxunursunuz. İmzanınız tanına qədər müəyyən qədər vaxt keçib. Bilmək maraqlı olardı, nə vaxtdan şeir yazırsınız?
- Orta məktəb illərindən. İlk şeirlərimi ibtidai sinifdə oxuyanda yazmışdım. Təbii ki, uşaq şeirləri idi. Mənim aləmimdə Söz, ən gözəl özünüifadə vasitəsidir. Və sözü necə oynatmaq, hansı şəklə salmaq sonranın işidir. Əsas odur ki, səni rahatsız edən, düşündürən nə varsa, yaza biləsən. Söz ilahi vergidir. Birdən elə olur ki, şeirə sığa bilmirəm. Bu zaman mütləq ürəyimi nəsrlə boşaldıram, özümü və özgələri hekayələrə köçürürəm.

Ədəbi yaradıcılığla bağlı oxucularımıza məlumat verdiniz. Bəs ədəbi fəaliyyətdən kənarda, hazırda nə ilə məşğulsunuz?
- İş olaraq, orta məktəbdə dərs deyirəm. Dərs keçmək, dəftər yoxlamaq və sair gündəlik məcburi işimdir. Günortadan sonra da öz yazı-pozumla məşğul oluram. Eyni zamanda, nəşriyyatların biri ilə də əməkdaşlıq edirəm. Belə ki, xarici ədəbiyyat nümunələrini uşaqlar üçün adaptasiya edirəm. Azərbaycan Dövlət Radiosu əməkdaşlıq edirəm.
Hər kəs özünün ədəbi gücünü və yerini bilir, belə də demək olar. Bəs siz özünüzü ədəbiyyatın hansı zirvəsində görürsünüz?
- Sözün adamı olmaq özü bir zirvədir, bu yetər. Onsuz da zaman hər kəsi və hər şeyi yerbəyer edir. Zirvənin harada olduğunu gördünsə, ondan o tərəfə yol yoxdur demək. Özünü zirvədə görmək artıq tükənməyə doğru getməkdir.
Ədəbi tənqidçilərin sizin yaradıcılığınıza münasibəti necədir? Sizin ürəyinizcədirmi, yaradıcılığınıza olan münasibətlər.
- Birinci kitabım 2007-ci ildə çıxdı. Dar çərçivədə təqdim olundu deyə, haqqında da yalnız şəxsi və şifahi fikirlər eşitdim. Ancaq ikinci kitabım gözlədiyimdən daha artıq maraqla qarşılandı. Və kitabın təqdimatından sonra dəyərli tənqidçimiz Tehran Əlişanoğlu “Sevən qadını yazmaq” adlı çox ətraflı bir məqalə yazdı. Bu məqalədə mənim birinci kitabımdakı şeirlərə də toxunaraq, yeni kitabımı çox mükəmməl təhlil etdi. Bir sıra maraqlı və uğurlu məqamlara toxunub ki, özüm üçün də gözlənilməz oldu. Bundan başqa, tənqidçi Mətanət Vahidova “Sevmək üçün doğulan qadın” adlı məqaləsində yeni kitabımdakı şeirlərdən aldığı təəssüratları bölüşüb, şeirləri təhlil etdi. Hər iki tənqdiçiyə təşəkkür edirəm verdikləri dəyərə görə. Əlbəttə, bunlar məni çox sevindirməklə yanaşı, həm də gələcəkdə daha da məsuliyyətlə çalışmağa sövq edir. Bu cür yazılar, fikirlər bundan zəif yazmaq haqqımı əlimdən alır. Eyni zamanda, hekayələrimlə iki müsabiqədə iştirak etdim: Nəsimi Milli Ədəbiyyat müsabiqəsində və Azadlıq Radiosunun təşkil etdiyi müsabiqədə. Hər ikisi də müəyyən qədər uğur gətirdi mənə. Və müxtəlif sevindirici fikirlər eşitdim. Mənim üçün ən yaddaqalanı mərhum Rafiq Tağının hekayələrimlə bağlı bir neçə dəfə bildirdiyi fikirlər və tövsiyələr oldu. Son dəfə Qan Turalının kitabının təqdimatında görüşdük və yenə də hekayələrimlə bağlı məni yazmaqda davam etməyə ruhlandıran fikirlər bildirdi, eyni zamanda, müəyyən məsləhətlərini verdi. Həm də dönə-dönə…
Fikirləşdiyinizi yazırsız, yoxsa duyduğunuzu?
- Bilirsiniz necə, şeir, əlbəttə, müəllifin duyğularının, hisslərinin məhsuludur. Bir də görürsən yazmaq istədiyim qaldı bir yana, tamam başqa bir şey yazdım. Ancaq nəsr, təbii ki, zamanla etdiyim müşahidələrin, götür-qoy etdiyim, uzun-uzadı düşündüklərimin nəticəsidir. Yaradıcılığa şeirlə başlayıb, nəsrlə davam etsəm də, şeirdən qopmaq kimi bir fikrim yoxdur. Ancaq özüm-özümlə hər zaman nəsr dili ilə danışdım, yaşadıqlarımı, şahidi olduqlarımı nəsr dili ilə çözələdim özlüyümdə həmişə. Nəticədə hekayələrim yazıldı.
Bu günün ədəbiyyatını yaradanlardansınız. Bir ədəbiyyat adamı kimi müasir Azərbaycan ədəbiyyatını nesə görürsünüz?
- Yaradan sözü çox böyük çıxır. Ədəbiyyat elə bir məkandır ki, burada heç kimin hansısa öhdəçiliyi yoxdur. Kim nə vaxt istəsə, qələmi yerə qoya bilər, yaxud da yazmağa başlayar. Əsas odur ki, yaza bilsin. Nə yox, necə yazmaq əsasdır. Müasir ədəbiyyat qiymətini gələcəkdə daha obyektiv alacaq. Kimlər qalacaq ədəbiyyatda, hansı əsərlər yaşayacaqsa, qiyməti də onların əsasında verəcəklər.
2011-ci ilin Nəsimi Milli Ədəbiyyat müsabiqəsinin hekayə nominasiyasının qalibi oldunuz. Eyni zamanda, bir hekayəniz Azadlıq Radiosunun keçirdiyi hekayə müsabiqəsində əlliliyə düşdü. Ümumiyyətlə, ədəbi müsabiqələrə münasibətiniz necədir?
- Çox yaxşı. Müsabiqələrin sayı nə qədər çox olsa, bir o qədər hər biri obyektiv olmağa çalışar, məncə. Həm də ədəbiyyat adına görülən işlər hamısı alqışlanmalıdır. Hər kəs bacardığı kimi bu işlərə dəstək olmalıdır.
Siz həm də oxucusunuz. Son zamanlarda kimlərin əsərini oxumusuz?
- Son oxuduğum əsər Bernard Şlinkin“Qiraətçi” romanıdır. Bir də ki, dostların yeni çıxan kitablarını oxumağa çalışıram.
Son vaxtlar gündəmdə olan mövzulardan biri də “Elektron kitab” mövzusudur. Sizcə, Elektron kitablar lazımdırmı?
- Lazımdır ona görə ki, zaman bunu tələb edir. Bu gün texnika dövrüdür. Müasir insan elektron kitablara daha meyillidir. Elektron kitabları hər yerdə hər zaman mütaliə etmək mümkündür, asandır. Bütün bunlara rəğmən, şəxsən mənim üçün kağız kitabın yerini vermir. Düzdür, hərdən lazım olanda elektron variantda mütaliə edirəm, ancaq digər varian daha doğmadır. Bir də elektron kitabın bir üstünlüyü var ki, məsələn, mən bilgisayarımda “Kitabxana” adlı qovluğa yerləşdirdiyim kitablar, rəfə yığılsa, xeyli yer tutar. Ancaq, buna baxmayaraq, evdəki kitab rəfimə baxanda mənəvi zövq alıram. Evdə mənim üçün bu rəfdəki kitablardan qiymətli heç nə yoxdu.
Tural Türk            merkez.az

Комментариев нет:

Отправить комментарий