Страницы

23.12.2011

Kriminalla məmurların eynilikləri


Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevin menyusuna
Azərbaycan çox maraqlı ölkədir. Özünəməxsus mədəniyyəti, ənənələri və yazılmamış qanunları var. Bu, təkcə idarəolunan və olunmayanları deyil, hakimiyyəti, idarəetmə sistemini də əhatə edir. Yazılmamış qanunların öz sərhədi, təsir dairəsi və keçərliliyi mövcuddur. Bu “qanun”ların icad yeri cinayət aləmi, bir də “həcmindən” asılı olmayaraq hakimyyət ağacında oturan bəzi məmurlar toplusu, keçərliliyi isə sadə insanlardır. Hər iki zümrədə yazılmamış qanunlar idarəetmə üsuludur və haqsız “qazancı” hədəfləyir. Maraqlıdır ki, bu cür “qazanca” cinayət aləmi ilə bəzi məmurların baxış bucağı və bunu əldə etmək metodikası eyniliklər təşkil edir. Hər iki halda qorxu, zor və qanunsuz yollar əsas alət olaraq istifadə edilir. Aralarındakı fərq birinin rəsmi, formal, institutlaşmış, digərinin qeyri-rəsmi, qeyri-formal dəyərlər sisteminin nəticəsi olmasıdır.

Yazının məqsədi
Yazını Lənkəranın Nərimanabad və digər balıqçılıqla məşğul olan, haqqı tapdanmış və buna potensial namizəd insanların diləyi ilə yazmağa qərar verdim. Bu yazını yazmaqda digər məqsəd bir tərəfdən qlobal dəyişikliklər fonunda Azərbaycanda idaretmə davranış etika sistemlərində də dəyişiklik zərurətinin olmasını göstərmək, həm də son günlər Lənkəranın Nərimanabad kəndində baş verən faciəvi durumu yaddaşlara nəqş etmək və aydınlatmağa cəhd etməkdir.
Nərimanabad hadisəsinin arxa planı
Nərimanabadda nə baş verib? Bu sualın cavabı yazının girişində gizlənib, baş verənlər də sadəcə yazılmamış qanunların təzahürləridir. Beləliklə, hər şey çox sadədən başlayır və mürəkkəbə doğru ziqzaqlı hərəkət alır. Əvvəlcə, dövlət hakimiyyətində – günəş altında mühüm yer tutursan. Sonra yumşaq kresloda fırlanmanın baş gicəllənməsi ilə hesab edirsən ki, sənin əhatə dairəndəki günəş altındakı yerin və dənizin təki, eləcə də üstü sənə məxsusdur və bundan istənilən formada istifadəyə görə “xərac” verilməlidir. Xəraclar toplandıqca ötür-ötür oyunu ilə “xərclər” də artır və bu da ödəyicilərin qabırğasından çıxarılır. Eynən Sərhəd Qoşunlarının Lənkəranın Nərimanabad kəndində keçirdiyi  “I” əməliyyatı kimi.
Nərimanabadda 4 mindən çox əhali yaşayır. 500-ə yaxın balıqçı var ki, onlar da çörəyini dənizdən çıxarırlar. Ancaq bu günəş altındakı yeri Sərhəd Qoşunlarının komandanı general Elçin Quliyev özününkü saydığından buradan “xəracsız” balıq tutmaq mümkünsüz hala gəlib. Belə ki, balıq tutmaq istəyirsənsə, qurşağa qədər suda olmalı və ayda 150 manat “xərac” verməlisən. Hər cür zəhmətə qatlanmağa hazır olan kənd camaatı çörək ağacını tutmaq üçün qurşağa kimi suya girmək kimi fədakarlığa hazırdır, amma bunu çətinləşdirən ayıq-sayıq sərhədçilərin qoyduğu “xərac”dır. Bu da azmış kimi, qiymət artımı və inflyasiya nəzərə alınaraq xəracın miqyasını 150 manatdan 200 manata qaldırıblar. Əsil narazılıq da bundan sonra başlayıb. Balıqçılar hər şeyin köhnə qaydada qaldığı halda “xəracın” miqyasının at belinə minməsini anlamır və etiraz edirlər. Yəni tutulan balıqların sayında getdikcə azalma müşahidə olunduğu, motorlu qayıqlarda istifadə üçün benzinin miqdarının minimuma – 20 litrə endirildiyi halda, “xəracın” 25 faiz qaldırılması balıqçı ailələrin büdcəsini vurur ki, bu da haqlı narazılıq yaradır.
Balıqçılardan alınan “xərac”ın aylıq və illik miqyası
Təkcə Nərimanabad kəndindəki 500 balıqçının hər nəfəri adına 200 manat şərtilə sərhəd qoşunlarının rəhbərliyinə verilən “xərac”ın miqyası ayda 100 min manat təşkil edir. Ancaq bu son deyil. Çünki çörəyi balıqçılıqdan çıxan kənd təkcə Nərimanabadla məhdudlaşmır. Bu siyahıya Nərimanabad-2 Liman şəhəri, Göyşaban, Sutəmurdov Vel, Siyavar, Kənarmeşə, Qumbaşı, Şirinsu və bu kimi digər 10-a yaxın yaşayış məntəqəsi aiddir. Bunların toplamının Sərhəd Qoşunlarının rəhbərliyinə verdiyi “xərac”ı nəzərə alanda ortaya bu kəndlərin əhalisinin heç yuxuda belə görmədiyi məbləğ çıxır. Ortalığa çıxan gerçək həm də ondan ibarətdir ki, bir tikə çörəyi xatirinə dənizlə mücadilədə kəfənini boğazlarına sarıyan bu insanlar hər ay Sərhəd Qoşunlarının bosslarına 2 milyon manatdan artıq “xərac” göndərirlər. Bu rəqəm ildə toplam 24 milyon manat edər. İnsanlar bu “xərac”ı verməyə razı olmayanda isə nəsibləri avtomat, pulemyot, zirehli maşınlar, dubinka, döyülmək, təhqir olunmaq, həbs, ölümlə təhdid kimi kötək alətləri olur.
Bu gün Lənkəranın Xəzər dənizilə əlaqəli olan bütün kəndlərinin əhalisini Sərhəd qoşunlarının təhkimliləri kimi qəbul etmək olar. Ancaq 21-ci əsrin təhkimlilərinin bu məsələdə də bəxti gətirməyib. Təhkimçilik quruluşunda kəndlilər feodalların şəxsi torpaqlarında çalışıb, məhsulun yalnız 70 faizini ağalarına verirdilərsə, bugünkü balıqçıların çörək ağacı olan dəniz kimsənin şəxsi mülkiyyətinə verilməyib və sərhədçilərin bu suların təkinə nə qədər haqqı çatırsa, bu nemətin həqiqi sahibləri olan sadə kəndlilərin də o qədər haqqı çatır və buradan qida tapdıqları üçün kimsəyə “töycü” verməməlidirlər. Bu dəniz sərhəd generallarına onu və ətrafındakı insanları qorumaq üçün əmanət verilib, daha qul olaraq istismar, qazanc mənbəyi deyil. Nə qədər qüsürlu olsa da da daha bir paralel: feodal təhkimliləri onların şəxsi torpaqlarını becərərkən feodallara məxsus qoşqu aparatlarından və alətlərindən istifadə edirdilər. Sərhədçilərin müasir təhkimlilər isə “xərac”ı verə bilmək üçün borcla alınmlş öz qayıqlarını istismar edirlər.
Daha bir acınacaqlı gerçək ondan ibarətdir ki, istismar aləti olan, döyülüb, təhqir olunan bu insanların əksəriyyəti birinci Qarabağ savaşında qəhrəmanlıq, şücaət simvolu olmuş insanlardır. Bu qəhrəman insanlardan bugünkü əsgərlərə örnək düzəltmək və gərəyini yapmaq əvəzinə qanını bu vətənə halal etmiş fədakar insanlara Sərhədçilər təbii və elementar haqq belə tanımırlar.
Sərhədçilər xeyriyyəçi belə ola bilmirlər
Dünyada belə bir praktika var ki, əcnəbi şirkətlər çalışdıqları ölkələrdə qazandıqları pulların bir hissəsini xeyriyyəçiliyə sərf edirlər. Xəstələrin müalicəsinə, tələbələrin təhsil xərclərinə, yoxsullara bayram hədiyyələrinin paylanmasına, mədəniyyət və incəsənət tədbirlərinin keçirilməsinə, səhiyyə və təhsil müəssisələrinin inşa olunmasına sponsorluq edirlər. Ancaq bu sözləri Sərhəd Qoşunlarının “təbəələri” haqda demək olmaz. Kiçik araşdırma aparsanız bu insanların yaşadıqları yerlərdə sosial, məişət və kommunal vəziyyətin heç də ürəkaçan olmadığını görərsiniz. Daha bir reallıq odur ki, sərhədçilər sərhəddən keçənlər qədər comərd deyillər. Daha çox al rəsuldurlar, paylaşmaq kimi səxavətli deyillər. Sərhədlərin şəffaf və keçilməz olduğunu iddia etsələr də, ciblərinə gedən “sərhədlər” isə keçilməz deyil.
Süni üsyanlara şərait yaradırlar
Ərəb baharının dalğası artıq postsovet məkanına daxil olub. Bu dalğaların rezonansı artıq Azərbaycanın şimaldan, cənubdan və dənizdən qapılarını döyür. Belə bir həssas dönəmdə Azərbaycan prezidenti ölkədə müsbət yöndə dəyişikliklər haqda cəmiyyətə siqnallar verir. Azərbaycanın bu qlobal prosesdən qansız-qadasız, az itkilərlə, örnək ölkə olaraq çıxma iradəsini nümayiş etdirir. Digər tərəfdə isə hakimiyyət içində Sərhəd Qoşunları kimi bir çox strukturlar Nərimanabaddakı təxribat hadisələr ilə süni potensial üsyançılar ordusu yaradır, inqilabi zəmin hazırlamaqla prezidentin iradəsinə, siyasətinə və dövlətə qarşı gəlirlər. Bu gün Azərbaycan əleyhində bir çox layihələr icraatdadır. Bu layihələrdən biri də Azərbaycanda yeni separatizm dalğası yaratmaqdır. İndi siz deyin, hazırkı həssas məqamda etnik qrupların daha çox yaşadığı cənub bölgəsində belə bir təxribatın yaradılması Azərbaycanda separatizm dalğasını başlatmaq istəyənlərin dəyirmanına su tökmək deyilsə, bəs nədir? Belə süni hadisələr, lüzumsuz həbslər, mülkiyyətlərin zorla alınması, insanlara qarşı şiddətin total xarakter alması müqabilində demokratik qərbi üstümüzə qaldırmaq, hakimiyyət içindəki fətva ilə Rəsul Quliyevin Amerikada oturmaqla Azərbaycanda Müqavimət Hərəkatı yaratması və birbaşa prezidenti hədəf alması ölkə başçısına xəyanət deyilsə, bəs nədir? Sizin sürüklədiyiniz gəmi alver obyekti etdiyiniz dənizin dibinə doğru gedir, cənablar. Nə qədər gec deyil, daşı ətəyinizdən tökün və prezidentin apardığı siyasətin tərkib hissəsi olun.  O ki qaldı bu cür davranışların adını qoymağa, mən onu edə bilmədim və bu görəvi aləhəzrət oxucunun vicdanına buraxıram…
http://hurriyyet.net/                 Elşan Nağıyev

Комментариев нет:

Отправить комментарий