Страницы

22.12.2011

MƏN DƏ OLMASAM, CƏSƏDİM 100 FAİZ GƏLƏCƏK!

Mühacirətdəki bloqqer Həbib Müntəzir: "Facebook-da mənimlə dost olduğuna görə Vergilər Nazirliyində bir nəfəri işdən çıxarıblar"

“Facebook sosial şəbəkəsindəki ən fəal azərbaycanlı kimdir” deyə soruşsalar, ilk yada düşən adlardan biri də Həbib Müntəzir olacaq. Xüsusən də son illər demokratik düşərgədə bu adı tanımayan çox az adam tapılar. Sosial şəbəkədə ondan çox link paylaşan, telekanallarda, radiolarda diqqətini cəlb edən məqamları şəbəkə dostlarına çatdıran birindən danışırıq. Hakimiyyətin sevmədiyi bu gənc barədə isə bilgilərimiz çox azdır. Elə yazdığımız kimi: bloqqerdir, Almaniyada mühacirətdədir. Sonra? Sonrasını öyrənmək üçün “Yeni Müsavat” bloqqerdən müsahibə aldı.

- Bilənlər və bilməyənlər üçün Həbib Müntəzir kimdir? Özünüz barəsində dolğun məlumat vermənizi xahiş edirəm.

- Həbib 1983-cü ildə Bakının bir vaxtlar dəliqanlı və bir o qədər öz dar çərçivəli qanunlarına sahib olan köhnə dağlı məhəlləsində, müəllim ailəsində dünyaya gələn, daha sonra gənc yaşlarında vətəni tərk etmək məcburiyyətində qalaraq Berlində yaşayan siyasi mühacirdir. 20 nömrəli məktəbdə birtəhər oxuyub.

Daha sonra Qərb universitetinin “Kompyuter elmləri” fakultəsinə daxil olmuşam, ikinci kursu başa vurduqdan sonra, mühacirətimdən dolayı təhsilimi yarımçıq saxlamağa məcbur qaldım. Bəlkə də bunu çox adam bilmir, uşaqlıq çağlarımda güləşlə, vaterpol və akrobatika ilə məşğul olmuşam. Müxtəlif türnirlərdə mükafatlarım var. Hətta akrobatika üzrə Azərbaycan çempionuyam. Amma artıq idmanla bir o qədər məşğul ola bilmirəm və buna görə özümü və rejimi qınayıram (gülümsəyir).
Azərbaycan internet məkanında ilk siyasi-satirik elektron jurnalın yaradıcılarındanam. E-jurnal “tinsohbeti.com” domaini ilə 2005-ci ildən fəaliyyətə başlayıb. Müxtəlif karikaturalar, real və montaj olunmuş şəkillər, video-audio materiallarla yanaşı, həmçinin ciddi materialların toplandığı bloq saytını bir növ, o illərin “WikiLeaks”i adlandırmaq olardı. Sərt siyasi-satirik tərzdə olduğu üçün hakimiyyət tərəfindən dəfələrlə Azərbaycan sərhədləri daxilində e-jurnal qadağan olundu. Bir neçə dəfə hakerlər tərəfindən sayt çökdürüldü, e-maillərim qırıldı. Hətta rejim “Yahoo” şirkətinə şikayət edərək “tinsohbeti.com” domeininin əlimdən alınmasına nail oldu. 2008-ə qədər davam edən sayt sonda müəyyən səbəblərə görə, əsasən də sosial şəbəkələrin meydana çıxması və daha çox insanları cəlb etməsi, yeni qaynar platforma baxımından effektiv olması nəticəsində tamam dayandırıldı. Həmçinin sosial şəbəkələrdə hər hansı bir qadağa və blokdan söhbət gedə bilməz. Ona görə də mən fəaliyyətimi müxtəlif sosial şəbəkələrdə eyni materialların davamını yaymaqla davam etdirirəm.
Həmçinin Azərbaycan internet məkanında ilk olaraq, canlı televiziya olan online “Fərq tv” (www.ferq.tv) qurucularından biriyəm. Hazırda həmin layihə dondurulsa da, tezliklə işlək hala salmağı düşünürəm, yeni ideyalar və layihələr gözlənilir.
- Almaniyadan siyasi sığınacağı nə zaman almısınız? Və mühacirət qərarı hansı zərurətdən doğdu?
- Siyasi sığınacağı təxminən Almaniyaya gələndən 8 il sonra, yəni keçən il almışam. Mühacirətim ilk öncə atamın siyasi fəaliyyətinə görə olub. Atam idman müəllimi olmaqla yanaşı, 1988-ci ildən, yəni meydan hərəkatı illərindən ta 1998-ci ilə qədər aktiv siyasətlə məşğul olan, iki dəfə siyasi məhbus həyatı sürən və daha sonra da Azərbaycanı məcburi tərk edənlərdəndir. Həbs müddəti başa çatmadan vətəni tərk etdiyinə görə mən və ailəm təhdidlərə məruz qalmışıq. Atama görə hakimiyyət tərəfindən təhdid edildiyim üçün atamdan 2 il sonra mən də vətəni tərk etməyə məcbur oldum. Bakıda olduğum müddət ərzində, bütün aksiyalara, mitinqlərə qatılırdım və siyasətlə yaxından maraqlanırdım. Heç bir partiyanın, təşkilatın, qurumun üzvü olmamışam. İndi isə sadəcə FACE (Avropadakı Azərbaycanlı Vətəndaşlar Forumu) təşkilatının üzvüyəm.
- Hazırda Almaniyada nə işlə məşğulsunuz?
- Burada özümün şəxsi gəlir əldə edə biləcəyim saytlarım var. Web dizaynerliklə, saytlar qurmaqla, sifarişlər almaqla məşğulam. Və bir də digital satalit antenalar vasitəsilə kompüterdə müxtəlif kanalların DVB-S sistemi sayəsində qeyd olunması (buna virtual məkanda RIP deyirlər) ilə də məşğulam. Bir sözlə ripperəm. Bunun vasitəsiylə çörəyimi PC-dən çıxaranlardanam. Məhz ona görədir ki, günümün əksər hissəsini kompyuterin qarşısında keçirirəm. Bloggerlik, vidloggerlik və siyasi satirayla məşğulam. Arada bir ədəbi sahədə də cızma-qaralarım var. İlham gələndə müxtəlif esselər, şeirlər yazıb-pozuram.
- Virtual dünyada, xüsusən də facebook sosial şəbəkəsində fırtına kimi əsirsiniz. Ən yeni xəbərlər, linklər, roliklər, çıxışlar...la sizin lövhənizdə tanış olmaq mümkündür. Bəzən bizlər Azərbaycanda olduğumuz halda bəzi yeniliklərdən sizin vasitənizlə tanış oluruq. Burada da informasiya mənbələriniz var, yoxsa bütün həyatınızı bu işə həsr etmisiniz?
- İnformasiya mənbələrim sizlərsiniz, jurnalistlər, yazarlar, bloggerlər. Azərbaycan internet məkanında aktiv fəaliyyət göstərən qəzetlər, informasiya agentlikləri, forumlar, saytlar, portallardan tapıram bir çox şeyi. Yəni əlavə bir qüvvə, ya kanal yoxdur ki, mənə hansısa informasiyanı və ya materialı ötürsün. O cür hallar da olur, anonim kimlərsə nəsə göndərir, amma bu istisna haldır. Sadəcə bir çox adamın, bir çox vaxt ötəri keçdiyi, görməzdən gəldiyi məqamda mən o materialdan maksimum şəkildə faydalanmağa çalışıb onu məni təqib edənlərə çatdırmağı bacarıram. Yəni burda bir o qədər də şişirdiləcək bir şey yoxdur. Diqqət, davamlılıq və bir az bacarıq burda əsas effekti büruzə verir. Bütün həyatımı olmasa da, həyatımın bir hissəsi Azərbaycanımızın azad, ədalətli bir cəmiyyət kimi formalaşması üçün həsr olunub desəm yanılmaram.
- Hazırda Azərbaycan hökuməti tərəfindən sizə hansısa formada təzyiqlər varmı?
- Təzyiqlər həmişə olur və müxtəlif vasitələrlə davam edir. Amma sizə deyim ki, hazırda çox ciddi bir təzyiq yoxdur. Arada bəzi məmur və ya deputat səviyyəsində xəbərdarlıqlar, barmaq silkələmək istəyənlər olur ki, onların da arzu və istəklərini əfsus ki, elə arzu və istək olaraq da saxlayıram.  Bir vaxtlar tinsohbeti.com saytıyla əlaqədar ciddi təzyiq olmuşdu. Onu da biz çox yüksək səviyyəli insanlarla ortaq məxrəcə gələrək aradan qaldırmağa çalışdıq. Azərbaycan hakimiyyəti ermənilərlə danışıqlara gedir, biz indi öz rejimimizlə razılığa gələ bilməyəcəyik ki? Amma təbii ki, razılıq da mənim və mübarizəmizin xeyrinə nəticələndi və mən yenə də fəaliyyətimi davam etdirirəm. Tinsohbeti.com layihəsinin davam etməməsinə səbəb təkcə mənim şəxsimə olunan təzyiqlərdən yox, həmçinin texniki imkanlara yaradılan maneələr və təzyiqlərdən də ibarət oldu.
- Almanların sizə münasibəti və bir azərbaycanlı üçün bu ölkədə yaşamağın çətinliyi nələrdir?
- Almanların bütün mühacirlərə münasibəti necədirsə, bizlərə də münasibət eyniylə davam edir. Yəni heç bir ayrı-seçklik müşahidə olunmur. Demirəm mənfi münasibət var. Əsla. Amma müsbət münsibət də gözləmirəm. Bir sözlə, normaldır hər şey, öz axarında davam edir. Çətinlik qürbətdə yaşamaq baxımından var. Yəni vətəndən məcburi ayrı qalmaq, qohumlardan, dostlardan, ordakı mühutdən uzaq qalıb da gedə bilməmək çətinliyi var. Sənin birgə mübarizə apardığın dostlarını həbsxanalara salırlar, sındırmağa cəhd edirlər. Bəzən elə birbaşa mənim özümün, kobud desək, “zibilimə düşən” onlayn yoldaşlarım olub ki, hec cür kömək etmək imkanı olmayanda vəziyyət ağırlaşır. Mənən, vicdanən sarsılırsan istər-istəməz. Hər bir halda qürbətdə illərdir yaşamayan onun ağrı-acısını duya, dərk edə bilməz.
- Hökumət mühacirət edən və onunla mübarizə aparan şəxslərin Bakıda yaşayan qohumlarından bunun heyfini çıxmağa çalışır. Sizinlə bağlı durum necədir? Ailənizə hansısa təzyiqlər varmı?
- Ən yaxınlarım yanımdadır. Amma Bakıdakı qohumlarıma təhdidlə üzləşmişəm. Halbuki onların heç birinin siyasətlə əlaqəsi belə yoxdur və sözün düzü onları da sizin qəzetiniz vasitəsiylə Azərbaycanda gedən siyasi-ictimai proseslərə biganə qaldıqları üçün ciddi şəkildə qınayıram! Ona görə yox ki, Həbib Müntəzirin qohumlarıdırlar, məhz ona görə ki, bu xalqın övladıdırlar. Dünən “siyasət məndən uzaqdır” deyənlərin bu gün elə uzaq olduqları siyasət qapılarını döyür və evlərini başlarına uçurdur. Ona görə də “məni sancmayan ilan min il yaşasın” psixalogiyası ilə hərəkət etmək mümkünsüz hal alıb. İlanın başını beşikdəcə əzməsən, bir gün özünə saray kimi tikdirdiyin dəmir qapı belə sənin imdadına çatmayacaq.
- Sərkisyana “terrorçu” və “qatil” dediyiniz üçün Almaniya məhkəməsinin sizə kəsdiyi 900 avroluq cəza ləğv edildimi?
- Bəli, mən məhkəməni uddum. Rəsmi sənəd əlimə keçmədiyi üçün bunu mətbuata açıqlamamışam. Amma siz soruşdunuz deyə bu şad xəbəri ilk sizinlə paylaşdım. Məhkəmə mənim xeyrimə qərar verərək həm mənim üzərimdən cinayət işini qaldırdı, həmçinin cəzanı da ləğv etdi. Məncə, bu çox-çox böyük nailiyyət olmasa da, uğurlu bir nəticədir. Hərçənd biz istəyirdik daha üst məhkəmələrə gedərək məsələni geniş şəkildə ictimaliləşdirək və buna da maddiyyatdan savayı hər cür imkan var idi. Amma təəssüf ki, olmadı. Bu işdə mənə hərtərəfli dəstək olan insanlara öz təşəkkürümü bildirirəm. Ümummilli məsələlərdə düşmənə qarşı birlik nümayiş elətdirməyi siyasi kimlikdən aslı olmayaraq daha vacib sayıram.
- Son olaraq bir saat öncə baxmışdım və həmin vaxt sosial şəbəkədə 4255 dostunuz var idi. Dostu çox olanın işi asandır, yoxsa çətin? Onların arasında hökumət məmurları da varmı?
- Əvvəllər daha çox idi və tez-tez, yoxlamadan əlavə edirdim. Sonralar bir az dost siyahısına əl gəzdirdim: saxta hesabları, təkrar hesabları, firma, mağaza, təşkilat, partiya hesablarını sildim. Çünki Facebookda belə bir qayda var ki, 5000 dostun oldu artıq heç kimi əlavə etmək olmur, limitlidir. Bu baxımdan gərək bəzən təmizlik işləri aparasan. Əksinə, mən dostluq siyahımın çox olmasına sevinirəm. Çünki Azərbaycan kimi qapalı, informasiyaların gizlədildiyi cəmiyyətdə yazdıqlarım, yerləşdirdiyim məlumatlar nə qədər çox insan tərəfindən oxunsa bir o qədər effektli olacaq. Mənə dəfələrlə deyiblər ki, internetə girdiyimiz zaman qəzet, jurnal oxumadan ilk sənin profilindən məlumatları alırıq və oxuyuruq. Bu təbii ki, məni qürurlandırır və daha da işimdə dəqiq, məsluliyyətli olmağa sövq edir.
Məmurların olub olmamasına gəldikdə isə mütləq şəkildə var. Məsələn bu yaxında bir xəbər yayıldı ki, mənimlə dost olduğuna görə vergilər nazirliyindən kimlərisə işdən uzaqlaşdırıblar. Və yaxud mənim yerləşdirdiyim hansısa materialı kimsə bəyənibsə, və ya yenidən dostarıyla paylaşıbsa analoji situasiya ilə üzləşib. Bu cür geridə qalmış hadisələrin əfsus ki, şahidi olmuşam və üzülmüşəm. Amma təbii ki, mən dostıuğumda heç bir siyasi ayrıseçkilik etmədən, təşkilat, siyasi ideya fərqi qoymadan hamıya profilimi açıq elan etmişəm. İstəyən dostluq göndərə və yaxud yazılarıma, statuslarıma abunə ola bilər.
- Gününüzün nə qədər hissəsi sosial şəbəkədə keçir?
- Bir çox hissəsi. Demək olar mütəmadi təqib edirəm. Dostlarımın statuslarının əksəriyyətini oxuyuram. Gündəlik Azərbaycan insanının nəbzini tutmaq üçün çox əlverişli metoddur. Bayaq da qeyd etdiyim kimi, işimin çox hissəsi internetdə olduğu üçün mütəmadi sosial şəbəkələri də izləyirəm. Təkcə Facebook deyil, Twitter və Google+ daxil. Twitter bizdə bir o qədər məşhur olmasa da ona üstünlüyü bir az çox verirəm və ciddilik baxımından, məlumatların operativ ötürülməsi baxımından daha əlverişlidir.
- Mühacirətdəki fəalların mübarizəsi barədə Azərbaycanda bəzən birmənalı fikir olmur. Məsələn, burada olsa, bütün bunların heç birini edə bilməz, ağzı isti yerdədir kimi daşlaşmış qənaət var. Buna münasibətinizi bilmək maraqlı olardı.
- Mən bu suala bir az fərqli yanaşaraq, mühacirətdəki həmvətənlərimi tənqid etmək istəyirəm. Yüzlərlə siyasi mühacir adı ilə buralara üz tutan insanlar tanıyıram ki, nəinki hansısa siyasi fəaliyyət göstərmirlər, hətta Azərbaycandakı hakimiyyətin diaspora xülyasına dalaraq onun robotuna çevriliblər. Təsəvvür edin ki, Əliyevlər rejiminin təzyiqləri nəticəsində Avropaya üz tutub, sonradan onların hakimiyyətlərinin möhkəmlənməsi naminə çalışırlar, nəinki Azərbaycanın. Bunların ən pisi budur və sözsüz ki, heç bir fəaliyyət göstərməyən həmvətənlərimə də dəyinmədən keçməyəcəyəm. Azərbaycanda baş verən hadisələr hər birimizi narahat etməli, vicdanımızı silkələməli, ordan çıxdıq deyə qurtulduğumuzu zənn etməməliyik. Bizim orda əzizlərmiz, qohumlarımız, yaxınlarımız və ən vacibi həmvətənlərimiz yaşayır. Bizlər də burda daimi yox, müvəqqətiyik! Adı üstündə mühacirik, geri göndərilə və yaxud özümüz geri qayıda bilmək ehtimalımız çoxdur. O baxımdan çalışmalıyiq ki, Azərbaycanı azad, ədalətli və normal bir cəmiyyət halına salaq. Bunun yolu da müxalifət kimi hazırki hakimiyyətə qarşı sivil, normal mübarizədən keçir.
O ki qaldı ağzımızın isti yerdə olmasına, qətiyyən elə deyil. Bayaq vurğulamaq istəmədim ki, kimisə qorxudaram, ya mənim qorxduğumu zənn edərlər, amma deyim. Buralarda da hətta hakimiyyət mənsublarının kimlərləsə məni hədələmək və ya zərər yetirmək istəkləri var. Amma mən bu təhdidlər, bəlkə də müəyyən mənada bleflər qarşısında geri addım atmağı düşünmürəm və düşünməyəcəyəm də. Azərbaycanda “soyuq yerdə” həbsdə olan məndən də gənc dostlarım var. Onlardan artıq deyiləm ki. Olacağa çarə yoxdur. Əşi uzaqbaşı ölümdür də. Onu da hamımız dadacağıq, ən yuxarıdakından, mənim üzərimə gələn adamından tut, ən aşağısına kimi. Odur ki, isti və ya soyuq necə olursa olsun nahaqqa, zülmə qarşı mübarizə davam etməlidir, edəcək də!
- Nə vaxtsa Azərbaycana qayıdacaqsınız?
- Mütləq qayıtmaq haqqında düşünürəm və ən böyük arzularımdan biridir! Bu rejim dəyişdikdən sonra qayıdacağam. Mən də olmasam, cəsədim 100% gələcək!
Sizə və qəzetinizə gəncləri də yada saldığınıza və yer ayırdığınıza görə təşəkkür edirəm. İcazə verin bir fürsətdən də istifadə edib sizin qəzeti də kiçik tənqid edim. Mən Bakıda olduğum vaxt çox ciddi şəkildə qəzetinizi oxuyur və əhəmiyyətli mənbə kimi qəbul etmişəm. Son illər bir çox hallarda siyasətlə əlaqəsi olmayan, qeyri-ciddi mövzuları, xəbərləri sizin saytdan eşitmək heç də xoş deyil. Ümid edirəm ki, qəzetiniz əvvəl illərdə olduğu kimi yenə operativliyini, dürüstlüyünü qoruyaraq fəaliyyətini uğurlu şəkildə davam etdirəcəkdir.

"Yeni Müsavat"

Комментариев нет:

Отправить комментарий