Страницы

07.12.2011

SÖNDÜRÜN ŞƏHƏRİN İŞIQLARIN!


Pərviz Sadıqov (Pero)


Söndürün şəhərin işıqların.
Hər işıqlanan simada dost axtarıram.
Söndürün şəhərin işıqların,
Onu tapmayanda qıcıqlanıram.
Söndürün, qaranlıqlarıma qaçıram.
Arxamca baxmayın, elə baxışlarınızdan qorxuram.

Qorxuram ki, yenə inanaram.
Söndürün şəhərin işıqların. Küçələrdə qoşa insan görəndə içimdə üsyan edirəm. Darıxıram.
Söndürün şəhərin işıqların.
Utanıram. Birazdan dəlilər kimi qışqıracam.
Göyün görünməyəninə tərəf hayqıracam.
Aya baxışlarımı sancıb qısqanclıqla baxacam.
Söndürün şəhərin işıqların.
Qəlbiniz kimi simanız da,
Niyyətiniz kimi ətrafınız da, zülmətə bürünsün.
Ayın işığı kürəyimə düşsün.
Üstünüzə kölgə salım,
saatlarla elə qalım. Kölgəmdə fikirləşin.
Söndürün şəhərin işıqların.
Süni kölgələr itsin. Mənim kölgəmə sığının.
Söndürün şəhərin işıqların
Hər işıqlanan simada dost axtarıram.
Onu tapmayanda qıcıqlanıram,
parçalanıram.
Söndürün, ehtirasınızı da,
Əlinizdəki alışqanı da.
Bircə dəqiqə zülmət olsun. Hər kəs yerində durub gözləsin, gözləsin.
Söndürün, tapa bilmirəm. Dost deyəcək kimsə tapa bilmirəm.
Söndürün şəhərin işıqların. İşıqlardan qorxuram.
Qaranlığa qaçıram.
Sevgisiz küçələrə,
ləpəsiz sahillərə,
sözsüz vərəqlərə qaçıram.
İtirdiyim "öz"ümün arxasıyca qaçıram.
O isə qaranlıqda...
Sünilər itəndə, Kölgələr dizin-dizin sürünəndə görünür.

Комментариев нет:

Отправить комментарий