Страницы

27.12.2011

Varlı hambal, erməni xəncəri və bir ömürlük nisgil...

Moskvalı rejissor heyrətə gəlir: “Bunu deyirsiniz? Belə də hambal olar?!”


Əhməd Əhmədov. Bu ad yəqin çoxlarına heç nə demir. Onu əsasən kino, teatr aləminin nümayəndələri tanıyır. Adi tamaşaçılar isə kim olduğunu bilmir. Ancaq adı çoxuna tanış olmayan bu insan cəmi bir epizodik obrazı ilə Azərbaycan kinosunda özünə əbədi iz qoydu. Söhbət “O olmasın, bu olsun” filmində Məşədi İbadın hambalı obrazından gedir. Hambal filmdə yalnız iki-üç epizodda görünsə də, bənzərsizliyi, ifası və bircə cümləsi ilə tamaşaçıların yaddaşına əbədi həkk olundu. Aktyor bu obrazın daxili aləmini, psixologiyasını o qədər gözəl açmışdı ki, izləyicilər aktyorun özünün də həqiqətən ən yoxsul, kasıb təbəqənin nümayəndəsi olduğunu düşünürdü.


Bəlkə elə indi də çoxları bu fikirdədir. Amma hamının bir abbasıya görə Məşədi İbadın ayaqlarının altına uzanan hambal kimi tanıdığı insan əslində ticarətlə məşğul olan imkanlı bir şəxs, aktyor, dramaturq, Rumlu təxəllüsü ilə qəzəllər yazan şair Əhməd Əhmədov idi. 

Ruhanilikdən aktyorluğa... 

XIX əsrin II yarısında Məmmədqulu bəy İrandan Azərbaycana mühacirət edir. İmkanı əl verdiyindən tezliklə Bakının mərkəzində, sonradan Sovetski adlanan küçədə böyük bir sahə alır və orada neft, kömür, ərzaq dükanı açaraq ticarətlə məşğul olmağa başlayır. Az sonra Bakının Digah kəndindən olan Xanım adlı qızla ailə qurur. 1902-ci ildə ailənin ilki Əhməd dünyaya gəlir. Sonra Bikə, Mahmud və Məmməd doğulur. İllər bir-birini qovur, uşaqların yaşının üstünə yaş gəlir. Mahmud Böyük Vətən Müharibəsinə, Məmməd Finlandiyaya əsgərliyə yola düşür. Ancaq iki qardaşın heç biri sağ-salamat geri dönmür. Vətənə, doğmalarına qayıdan yalnız cəsədləri olur. Bu ağır, sarsıdıcı hadisədən sonra evin bütün yükü böyük övladın – Əhmədin üzərinə düşür...

Ailənin ilki Əhməd olsa da, onu müharibəyə aparmamışdılar. Çünki aktyor kimi cəbhə bölgələrində çıxış edirdi. Əslində atasının Əhmədlə bağlı fikirləri ayrıydı. Böyük övlad olduğundan və yaşıdları arasında öz güclü hafizəsi ilə seçildiyindən atası onu axund görmək istəyirdi. Ona görə də onu mollaxanaya qoymuşdu. Ancaq dini təhsilini Nəcəfdə davam etdirməyinə icazə verməmişdi. Əhmədin də o biri oğulları kimi geri qayıtmayacağından qorxmuşdu. Əhməd mollaxanada ərəb, fars dillərinə mükəmməl yiyələnmişdi. Yaxşı səsi, avazı olduğuna görə Məhərrəmlik aylarında mərsiyələr deyirdi. Amma yaşı artdıqca Əhməd ruhaniliyin ona uyğun olmadığını görür. Bu o zamanlardı ki, artıq xalq teatrları meydana gəlirdi. O da məhəllələrarası teatrlarda, “Qodu-qodu”, “Kosa-kosa” və başqa xalq oyunlarında çıxış etməyə başlayır. Onda elə bir cazibə qüvvəsi vardı ki, oynadığı oyunlara başqa məhəllələrin uşaqları da qoşulurdu. Çox keçmir ki, Əhməd müxtəlif teatr klublarına dəvət olunur. Biləcəridəki teatr klubunda rejissorluq edir. Tezliklə o dövrün tanınmış aktyorları da bu istedadlı gənclə maraqlanırlar. Artıq 18 yaşı olanda Əhməd Gənc Tamaşaçılar Teatrında dövrünün məşhur aktyorları ilə eyni səhnəni paylaşır, epizodik rollar oynayırdı. Amma Əhməd Əhmədov yalnız aktyorluq etmir. O, özünü məhdud saydığı bu çərçivəyə sığdıra bilmir. Ədəbiyyata olan böyük marağını hiss edəndə şeirlər, qəzəllər yazmağa başlayır. Eyni tamaşaların səhnəyə qoyulduğunu görəndə isə kiçik dram əsərləri qələmə alır. Dünyagörüşü, ədəbiyyata marağı və sevgisi artdıqca dram əsərlərinin də həcmi böyüyür. “Səadət uğrunda”, “Qan-qana”, “Humay”, “Seyran” və başqa əsərləri rus dilinə tərcümə olunaraq Moskva, Stavropol, Zaporojets şəhərlərində tamaşaya qoyulur. 5 minə qədər qəzəlin müəllifi, Rumlu təxəllüsü ilə yazıb yaradan Əhməd Əhmədov uşaqlar üçün də xarici ədəbiyyatdan tərcümələr edir. 

16 yaşında evlənir... 

Əhməd Əhmədov Gənc Tamaşaçılar Teatrında işə başlayanda artıq evli idi. Onun Nübar xanımla necə ailə qurduğunu nəvəsi, AzTV-nin “Gənclər və idman” redaksiyasının böyük redaktoru Zərifə Ağahüseynqızı danışır: “Babam 16 yaşında ailə qurub. Nənəm Nübar xanımın isə 12 yaşı vardı. Nübar xanım Balaxanıda o vaxtın tanınmış bəylərindən olan Əli bəyin iki qızından biri idi. Babamın atası ilə Əli bəyin ticari əlaqələri və yaxın münasibətləri vardı. Dostluqları davam etsin deyə babamın atası Nübarı oğlu Əhmədə almaq istəyir. Onda Nübarın 8, Əhmədin 12 yaşı vardı. Bu söhbəti Əli bəyə deyəndə razı olmur, deyir “mən qızımı oxutduracam”. Ancaq bir neçə ildən sonra heç gözləmədikləri bir hadisə baş verir. 1918-ci ildə Əli bəy öz qaynı ilə üç mərtəbəli imarətində oturub nərd oynadıqları yerdə ermənilər içəri girib xəncərlə ikisini də öldürür. Nübar, anası və kiçik bacısı Məryəm tövlədə samanlıqda gizlənirlər. Ermənilər evi qarət edirlər, Əli bəyin bütün var-dövlətini neçə-neçə arabaya yükləyib aparırlar. Bir rus filmi vardı. Nənəm ona baxanda həmişə o günləri xatırlayırdı. Danışırdı ki, həmin vaxt bacısı Məryəmin soyuqdəyməsi vardı, möhkəm öskürürdü. Samanlıqda gizlənəndə ermənilər eşitməsinlər deyə Məryəm öskürəndə anası uşağın ağzını öz ağzına alırdı ki, səsi çıxmasın. Beləcə, bir neçə saatdan sonra ermənilər imarəti talayıb gedirlər. Nənəmgil uzun müddət üstlərindəki qızıl düymələri satıb dolanırlar. O ərəfədə babamın atası Məmmədqulu bəy sözünün üstündə durur. Nübarın anasına deyir ki, “mən sözümün üstündə dururam. Nübarı Əhmədə alacam”. Nübarın 12, babamın 16 yaşı olanda onlar ailə qururlar. İlk övladları Zibeydə 4 ildən sonra anadan olub. 10 ildən sonra isə əkiz övladları Elxan və Əbülfəz dünyaya gəlib. Babamla nənəm 64 il bir yastığa baş qoyublar. Bütün bu illər ərzində babam nənəmə “Nübar xanım” deyə müraciət edirdi. Özü də babam demokrat olub. Hara gedirdisə, nənəmi də özü ilə birlikdə aparırdı. Azərbaycanın bütün rayonlarını qarış-qarış gəziblər. Ona baxıb başqa aktyorlar da səfərə gedəndə həyat yoldaşlarını özlərilə aparırdılar. Mən Zibeydə xanımın qızıyam. İki yaşında atamı itirmişəm. Amma atasızlığı hiss etməmişəm. Babamın himayəsində böyümüşəm və o, mənə həmişə dayaq olub”.

İran müğənnisini dinləyib, ağlayırdı... 

Zərifə xanım deyir ki, babası daha çox xalq yaradıcılığına, folklora, klassik ədəbiyyata bağlı idi. Evində böyük bir kitabxanası vardı. Ömrünün son gününə qədər Füzuli, Seyid Əzim Şirvani, Məhəmməd Hadinin əsərləri onun stolüstü kitabı olub. Bu kitablardakı bütün qəzəlləri səhifəsinədək əzbər bilirdi. Əruzun mahir bilicisiydi. Qəzəlləri öz ahəngilə o qədər gözəl deyir və açırdı ki, hamı heyran qalırdı. Elə bir məclis olmurdu ki, orda babasına söz verməsinlər. O, danışmağa başlayanda məclisə sükut çökürdü. Hamı diqqətlə Əhməd Əhmədovun maraqlı söhbətlərinə qulaq asırdı. Çox müğənnilər ondan qəzəlin açmasını öyrənirdi. Məsələn, Hacıbaba Hüseynovla dostluğu vardı. Rübabə Muradova o evin daimi adamlarından biriydi. Bəzən söhbət zamanı Rübabə Muradova göz yaşlarını saxlaya bilməyib ağlayırdı. Bu əsnada nəvəsi Albalı bağlarında keçirdikləri günləri yada salır. Babası radioda muğam saatlarına diqqətlə qulaq asardı. İran kanalını tutanda Mustafa Payanın ifasını xüsusi yanğıyla dinləyirdi. Mustafa Payanın repertuarının əksəriyyətini Seyid Əzim Şirvanı və Əhməd Əhmədovun qəzəlləri təşkil edirdi. Musiqiyə qulaq asdıqca isə gözləri dolurdu. Nəvələrinin “dədə, sənin qəzəlindi?” sulanın cavabında “hə” kəlməsi ilə yanaşı nənənin ahı də eşidilirdi. O zaman bunun mənasını anlamırdılar. Amma sonradan bildilər ki, bu ah-nalələr, göz yaşları vətən həsrətinin, axtarıb tapa bilmədikləri qohumlarının intizarının təcəssümü idi. Azərbaycanın o tayındakı qohumları isə nə o vaxt tapıldı, nə indi...

Satirik şeir yazır və evini alır

Əhməd Əhmədovun istedadı övladlarından da yan keçməmişdi. Hətta Əbülfəz gənc yaşlarında Siyavuş Aslan, Muxtar Manıyevlə birlikdə kublarda tamaşalar göstərib. Amma atası oğlunun aktyor olmasını istəməyib. “Bu sənətin axırı yoxdu. Mən də gəlmişəm, qayıtmağa yolum yoxdu”, - deyə övladının seçiminə qarşı çıxıb. O, düz 40 il Gənc Tamaşaçılar Teatrında çalışıb, elə oradan da təqaüdə çıxıb. Əslində teatrdan incimişdi Əhməd Əhmədov. Ayrı-seçkilik qoyulduğuna, ona layiqli qiyməti vermədiklərinə görə. 40 il çalışdığı bu teatrda heç fəxri ad da verməmişdilər ona: “O vaxt belə bir kampaniya başlatmışdılar. 50 yaşı olan aktyorları teatrdan uzaqlaşdırırdılar. Guya uzaqlaşsalar, onlara ad veriləcək. Aktyorlardan bir neçəsi o cür ərizə yazıb işdən çıxdı. Eləcə də babam. Sonradan o aktyorlardan bir neçəsi yenidən teatra qayıtdı. Amma babam dedi, “yox, qayıtmaram, kişi tüpürdüyünü yalamaz. Demişəm, təqaüdə çıxıram, deməli çıxıram”. Elə o vaxt teatrdan çıxdı və incidi. Bir də teatra getmədi. Fəxri ad da vermədilər. O vaxtdan özünü sırf ədəbiyyata həsr etdi”. 

Bir xatirə danışır nəvəsi: “Aktyorlara ev verirdilər. Hətta teatra axırıncı gələn ən gənc aktyor da ev almışdı. Babamın adını siyahıdan pozmuşdular deyə, ona ev verməmişdilər. Onda babam ikinci gəlinini gətirirdi. Ev də yox idi. 10 gün sonra gəlin gəlməliydi. Babam tənbəllik etmir, durur Mərkəzi Komitənin birinci katibinə satirik şeir yazıb göndərir. Onda da “O olmasın, bu olsun” filmi artıq 6 il idi ki göstərilirdi və hər yerdə məşhur idi. Yadımdadı, onda evdə hamı qorxu içində gəzirdi ki, bu dəqiqə gəlib babanı aparacaqlar. Məktub birinci katibə çatan kimi babamı yanına çağırdı və öz əlilə ona “Sevil” kinoteatrının arxasında yeni tikilən binaların birindən 3 otaqlı mənzilin açarını verir. Babam təzə gəlinin elə o evə aparır. Babam sovet hökumətini heç vaxt qəbul etməyib. Düzdür, dayılarım vəzifəli şəxslər olub, ona görə ehtiyat edib bu haqda çox danışmırdı. Amma biz hamımız həqiqəti bilirdik”. 

Əhməd Əhmədov həm də yaxşı məclis adamı idi. Onun evində tez-tez şeir məclisləri qurulardı. “Baba ocağı” adlandırırdılar bu ocağı. Tanınmış qəzəlxanlar məhz bu ocağa yığışıb avazla qəzəllər oxuyardılar. Rumlunun ən yaxın dostu Əliağa Vahid idi. Gecə-gündüz bir yerdə olurdular. Evlərindəki iki pəncərə arasında bir metr məsafə vardı. Əliağa Vahid birinci pəncərənin altından keçəndə “Əhməd, tut”, - deyib bir beyt söyləyərdi. İkinci pəncərəyə çatanda isə artıq qafiyənin cavabını eşidirdi. Beləcə, söhbətləri şeir üzərində qurulurdu. İki kəlmədən sonra artıq əruzla, qəzəllə bir-birinə cavab verirdilər.

“Bunlar Allahlıq edir, göydəki məşəl nədir?” 

Əhməd Əhmədov Üzeyir Hacıbəyli ilə də dost olub. Onları ilk dəfə bir məclisdə Əbdürrəhim bəy Haqverdiyev tanış edib. Bu tanışlığı Zərifə xanım olduğu kimi nəql edir: “Bir gün Əbdürrəhim bəy Üzeyir bəyə zəng edir. Deyir: “Ay Üzeyir, çox işləyirsən. Gəl bizə, Sənəm xala yaxşı əvəlikli plov bişirib. Kəkotu çayı da var. Uşaqları da çağırmışam. Oturub bir az söhbətləşək, istirahət edək, yorğunluğumuz çıxsın”. Həmin məclisə Əbdürrəhim bəy babamı da dəvət edir. Babam Üzeyir bəylə ilk dəfə məhz o məclisdə tanış olur. Söhbət əsnasında Haqverdiyev deyir ki, “Üzeyir, səni yaxşı bir mövzu üçün çağırmışam”. Üzeyir bəy soruşur: “Xeyir ola?” Deyir: “Eh, Üzeyir, xəbərin yoxdu nə olub. Çıxmışam “Baksovet”dən. Görürəm qabaqdan bir qadın gedir. Çadraya bürünüb. Yol yerişini görüb özümdən asılı olmayaraq düşdüm onun dalınca. Gəlirəm, gəlirəm. Mustafa sübhü küçəsini dönəndən sonra gördüm bu qadın bizə tərəf qalxır. Girdi bizim dalana. Mən də addımlarımı yeyinlətdim ki, ona çatım. Bir də gördüm girdi bizim həyətə. Bu dəm mən də tələsik qapını açıb içəri girdim. Ayağımı içəriyə salmaqla üzümə bir şillə gəldi. Baxıb görəm bu qadın kim ola? Xalam. Çadranı başından götürdü, dedi, “qırışmal, xalanın dalınca düşmüsən?” Sən Allah, Üzeyir, növbəti əsərlərinin birində bu epizodu da salarsan”. “Arşın mal alan”da təxminən ona oxşar bir səhnə var. Həmin məclisdə babam da Üzeyir bəyə bir epizod danışır. Babamın Kömürçü bazarında çörəkbişirmə sexləri vardı. Aktyorların əksəriyyəti dal qapıdan gəlirdi, onlara çörək verirdi. Babam bazarda olduğu günlərin birində qoçular tərəfdən atışma düşür. Dükan sahibləri, satıcılar dərhal mallarını yığışdırmağa başlayırlar. Başı mallarını yığışdırmağa qarışdığı vaxt kimsə babama toxunur. Arxaya dönüb Əliağa Vahidi görür. Dostu soruşur: “Əhməd, atılan toplara, tüfənglərə səbəb nədir?” Babam da əl işarəsi ilə qoçuları göstərib: “Bunlar Allahlıq edir, göydəki məşəl nədir?”, - deyə cavab verir. Bu hadisəni Üzeyir bəy qələmə alır. “O olmasın bu olsun” filmində gördüyümüz bazarda dava səhnəsi ordan götürülüb”.

“Belə də hambal olar?!” 

Əhməd Əhmədov maddi cəhətdən heç vaxt korluq çəkməyib. Ticarətlə məşğul olurdu. İmkanlı adam idi. Səliqəli, gözəl geyinməyi çox sevirdi. Gündə 3 kostyum dəyişirdi. Ancaq heç vaxt heç nədən korluq çəkməyən bu aktyor “O olmasın, bu olsun” filmində hambal obrazını o qədər məharətlə yaradır ki, onun imkanlı biri olduğuna inanmaq belə olmur. Babasının filmə necə çəkildiyini danışır Zərifə xanım. Deyir ki, rollar artıq bölünmüşdü. Bircə hambal obrazı üçün uyğun aktyor tapılmırdı. Bu rolda Əhməd Əhmədovun oynamasını rejissora Əliağa Ağayev təklif edir. Əhmədi də razı salandan sonra gedirlər rejissorun yanına. Aktyor əynində gözəl kostyum, başında şlyapa, əlində də görünüş üçün gəzdirdiyi əsa içəri girəndə moskvalı rejissor heyrətə gəlir: “Bunu deyirsiniz? Belə də hambal olar?!” Əliağa Ağayevin sözündən sonra aktyorun qrimlə qarşılarına çıxmasına icazə verirlər. Çox zirək olan aktyor bir neçə dəqiqəyə geyimini dəyişir, başına parik qoyur, əlindəki əsa ilə qapını itələyib “Məşədi” deyərək içəri daxil olur. Bu, rejissorun fikrini dəyişməsinə kifayət edir. Sınaq çəkilişlərində iştirak edən 50 aktyordan fərqli olaraq, Əhməd Əhmədov dərhal bu rola təsdiq olunur. Filmdə isə aktyorun başına parik qoyulmur. Aktyor saçlarını uzadır, başının ortasını da keçəl qırxdırır. Evdə onu görəndə hamı gülməyə başlayır: “Yadımdadır, məktəbdə oxuyanda hər həftə Gənc Tamaşaçılar Teatrına gedirdik. Sinif yoldaşlarıma babamın aktyor olduğunu demişdim. Bir gün “Əlvida, Hindistan” tamaşasına getmişdik. Uşaqlara babamın orda oynadığını söyləmişdim və təbii ki, göstərəcəkdim də. Amma pərt oldum. Babam dilənçi geyimində səhnəyə çıxmışdı. Bundan utanıb babamın kim olduğunu gizlətdim. Evdə onu roluna və geyiminə görə ittiham etdikdə “sən bu rolun möhtəşəmliyini sonra bilərsən” dedi. Başqa tamaşada babam vəzir obrazını yaratmışdı. Onda onu fəxrlə yoldaşlarına təqdim edə bildim. “O olmasın bu olsun” filmindəki hambal roluna görə də, əvvəllər utanırdıq. Ancaq obrazı dərk etdikdən sonra babamın dediyi fikri yada salıb “kaş, sağ olaydın” deyirdik. 
Babam bizim üçün etalon idi. Onu yerdə Allahımız sanırdıq. Elə gözəl xasiyyəti vardı. Onun üçün insanın yaşı fərq etmirdi. Böyüklə də kiçiklə də tez ünsiyyət qururdu. Ona görə də hamı onu çox istəyirdi. Zarafatı sevirdi. Heç söyüş söyməzdi. Ən ağır sözü “zalım” idi. Əgər onun dilindən bu sözü eşidirdiksə, bildirdik ki, nəyəsə çox hirslənib. Bir xasiyyəti də vardı ki, sözü düz üzə deyirdi. Ona görə bəziləri onu sevmirdi. Bu gün də klassik ədəbiyyatı sevməyimdə, əruzu bilməyimdə babama borcluyam. O mənim fərdi müəllimim idi. Ədəbiyyatı mənə o sevdirib. Radioda qəzəliyyatla bağlı verilişlərə qəzəl ustadlarını dəvət edəndə onlarla bərabər mənim də deməyə sözüm olur. Bunda babamın əməyi var. Bu gün də fəxr edirəm ki, o kişinin ocağında böyümüşəm”. 

“Bir məhəlləli iki oğlan”, “Füzuli” filmlərində də epizodik rollarda çəkilən Əhməd Əhmədov arıq olsa da, çox zirək və sağlam idi. Hələ bəlkə 80 ildən də artıq yaşayardı. Araya Nübar xanımın vəfatı düşməsəydi. Nübar xanım sürüşüb yıxılmış və ayağı sınmışdı. Şəkəri olduğuna görə sümüyü bitişməmişdi: “Babam həmişə deyirdi ki, “darıxma, Nübar xanım, az qalıb, gələcəm yanına”. Nənəmdən 6 ay sonra 1982-ci ildə babam vəfat etdi. Özü də qəfildən, gözləmədiyimiz anda. Əl-üzünü yudu, yatağına uzandı, “Kəlmeyi-şəhadət”ini dedi və sanki quş kimi uçdu. Onu öz vəsiyyəti ilə nənəmin yanında Balaxanı kənd qəbiristanlığında dəfn etdik”.

Bütün ömrü boyu ədəbiyyata, şeirə vurğun olan aktyor, şair, dramaturq, Rumlu təxəllüsü ilə qəzəllər yazan Əhməd Əhmədovun baş daşına öz vəsiyyəti ilə bir beyti yazılıb: 

Köçüb getsən də, Rumlu, dəhridən var xeyli əşarın,
Oxur xanəndələr bu nəzm şerin bisəmər qalmaz. 


Xəyalə MURADLI      lent.az

P.S. Gələn il Əhməd Əhmədovun 110 illik yubileyidir. Ailəsi onun qəzəllərini, əsərlərini kitab halında çap etdirmək fikrindədir. Bu tarixin Gənc Tamaşaçılar Teatrı və ya kino təşkilatları tərəfindən xatırlanacağı isə hələ məlum deyil. Çünki bundan öncəki yubileyləri də yada düşməmişdi.





Комментариев нет:

Отправить комментарий