Страницы

25.12.2011

Yazıçı-publisist Rövşən Yerfi ilə müsahibə


“Özün özünü təbliğ etməsən, yaymasan kitabının varlığı heç kimə sərf edən deyil”

“Natəvan klubunda yazıçıların söz davasını, “atışmasını” seyr edəndə bütün təsəvvürlərim çilik-çilik oldu”

-Düşüncənizdəki yazar məfhumu ilə reallıqdakı yazarın fərqi varmı?
-Mən 21 yaşımadək elə güman edirdim ki, şairlər, yazıçılar Allahın ən sevimli bəndələri, ən mənəviyyatlı, ədalətli, haqqı sevən yaratdıqlarıdır. İnanmazdım ki, yazıçı qərəzkar, paxıl, qəlbi qara olsun. Əgər beləsi olarsa, onun həqiqi yazıçılığına, şairliyinə şübhəm oyanardı. Represiya illərində olanları zamanın ayağına yazırdım. 1986-cı ildə ilk dəfə Natəvan klubunda o dövrün yazarlarının söz davasını, “atışmasını” seyr edəndə bütün təsəvvürlərim çilik-çilik oldu.

Ayıldım ki, heç demə onlar da başqalarından seçilmirlərmiş. Milislər, ya da “obexeislər” kimi adi insanlarmış, sadəcə, səlahiyyətləri quru sözə çatırmış. Bu hələ harasıdır, məlum oldu ki, bu “ədəbi davalar” ayrı-ayrı adamlar arasında yox, dəstələr arasında gedirmiş. Əsasən də regionlara bölünmüş dəstələr arasında... Amma, yaxşı ki vaxtında onların qarşısı bir qədər alındı. Kurslarını dəyişən o dəstələrin xeylisi hələ də qalmaqdadır. Yazarlar var ki bir deyil, eyni anda iki-üç dəstənin təəssübünü çəkirlər. Diqqətlə nəzər yetirəndə ədəbi aləm demək olar ki az qala bütünlüklə “qeyri-formal” dəstələrdən ibarətdir. Bu dəstələr arasında isə əslində ədəbiyyat mübarizəsindən çox şöhrət, mənsəb və vəzifə mübarizəsi gedir. Cəmiyyətimizin əksər sahəsində adiləşmiş bir vəziyyətin onun “mənəvi güzgüsündə” də əks olunması, ola bilsin adi təbii qanunauyğunluqdur.

-Siz hansı dəstəyə aidsiniz?
-Özümə gəldikdə mən heç vaxt, heç bir dəstəyə qatılmamışam. Buna hələlik ehtiyac və zərurət hiss etməmişəm. Region baxımından şimal zonasından elə də çox yazıçı yoxdur. Bu diyarın yazarlarında, ümumiyyətlə adamlarında müəyyən səbəblər üzündən yerliçilik hissi yox dərəcəsindədir. İkincisi, yazıçılıq etsəm də, başqa sahədə xidmət edirəm, yaradıcı aləmdən bir az kənardayam. Ola bilsin ki elə bunlara görə də həmin mühitdə yetərincə tanınmıram.

-“Qadin düşərgəsi”ni ədəbi ictimaiyyət necə qarşıladı?
-“Qadın düşərgəsi”mnim üçüncü kitabımdır. Əvvəlki kitablarda aldığım acı təcrübəmdən bilirdim ki, indi kimsə kiminsə “kitabını oxumur”. Özün özünü təbliğ etməsən, yaymasan kitabının varlığı heç kimə sərf edən deyil. Yazdığımın oxunmasını umduğum adamlardan, özüm verməsəm kitab alanı olmayacaq. Odur ki Yazıçılar Birliyində müəyyən şəxslərə, bir neçə ədəbi orqana, həmişə çıxışlarında kitaba dəyər verən bir neçə tanınmış millət vəkilinə, dövlət qurumlarına kitablar göndərdim. Bilirsiniz, belə etməyəndə söz düşəndə müəllifi qınayırlar ki, biz haradan bilək sənin yeni kitabın çıxıb? İntizarla gözlədim ki, görək münasibətləri necə olacaq. Çünki hələ 2006-cı ildə povesti yazanda düşünürdüm ki, əsər bu sahədə- qadın cəza evinin həyatına dair ilk nümunə olduğu üçün oxucuların hamısının olmasa da, yarısının marağına səbəb olacaq. Təəssüf ki gözlədiyim alınmadı. Göndərdiyim kitablar sanki, “səssiz quyuya” qərq olurdu. Verilişində həmişə yeni kitabları təbliğ etməyə guya hazır olan məşhur aparıcıya da məktub yazdım, səmimiyyətsizliyi ucbatından cavab vermədi. Bilirdim ki, ədəbi saytlara da müraciətimin faydası olmayacaqdı. Şəxsən tanımadıqları, münasibətləri olmayan yazıçı nə yazır yazsın, onlara dəxli yox idi.

-Necə oldu ki, “Oxu zalına” müraciət etdiniz?
-Aydan çox çəkən sükut, biganəlik məni darıxdırdı. Ağlıma gəldi ki, Azadlıq radiosunun oxu zalına da cəhd edim. Sağ olsunlar, nə yaxşı ki onlar var, qəlbən təşəkkürlərimi bildirirəm. Elə o saatdaca heç bir minnətsiz, tanışlıqsız reaksiya verdilər. Hesab etmək olar ki, KİV tərəfindən ictimaiyyət az ya çox, yalnız Azadlıq radiosunun saytının köməyi ilə kitabın çapından, mövcudluğundan xəbər tutdu. Qəribəsi budur ki, laqeydlik, sərfəsizlik tendensiyası “Oxu zalı”nın on üç gün sərgilədiyi tərəqqipərvər mövqedən sonra da davam etdi. Daim “ədəbiyyat cəfakeşləri” olmaqları ilə qürrələnən, yenə heç bir rəsmi, ya qeyri-rəsmi ədəbi qəzetlər və yaxud hər hansı elektron kütləvi informasiya vasitəsi bu faktı nəinki işıqlandırmaq, əhəmiyyət vermək, heç adını çəkmək həvəsinə də düşmədi. (Bir həftə sonra saytdakı materialı təkrarlayan təkcə “edebiyyat.net”i və “Ədəbiyyat naminə” qəzetini istisna etməklə.) Hətta, baş səhifəsində “Oxu zalı”nın reklamı yerləşdirilən (orada günlərlə “Qadın türməsi haqda kitab” sətirləri yayımlanmasına baxmayaraq) tanınmış mədəniyyət portalının da etinasızlıq buzunu sındırmağa gücü çatmadı. Bəzən mənsub olduqları dəstə naminə stəkanda fırtına yaradanlar susmağı üstün tutdular. Görünür, bizdə Azadlıq radiosundan savayı qalanlarla “üzgördüsüz”, şəxsi münasibət qurmadan heç nə mümkün deyil. Ola bilsin bəziləri məni giley etməkdə qınayacaqlar, amma hər iş göz gabağındadır...

-Bu əsnada yaradıcılığınız ərzində sizə dəstək vermiş həmkarlarınızı xatırlamaq yerinə düşərdi.
-Belələri olub. Heç kim özbaşına meydana çıxmır. Mən onların etdiklərini həmişə hörmətlə xatırlayıram. İlk hekayəmin mətbuatda dərc edilməsinin səbəbkarı Səfər Alışarlı olub, “Debüt-89” ədəbi müsabiqəsinin qalibləri sırasına namizədliyimi Mövlud Süleymanlı irəli sürüb. (O zaman Rövşən Həsənli imzası ilə yazırdım). İlk povestim Məmməd Orucun rəyi ilə çap olunub. Bəzən baxışlarımız fərqlənsə də, həmişə Rafiq Tağının dəstəyini hiss etmişəm. Bu adlar çox şeylərdən xəbər verir.Bu yazıçıların ədəbiyyatda, ictimai həyatda mövqeləri hamıya məlumdur.

-Kitabınıza oxucuların dəyər verəcəyinə inamınız varmı?
-Şübhəsiz, əsas söz oxucularındır. “Residivist” adlı kitabım (200 nüsxə) altı aya çəksə də, tamamilə satıldı. Ümidim mənə rəğbəti olan sadə mütaliə həvəskarlarınadır. İnanıram ki, “Qadın düşərgəsi” də eyni müvəffəqiyyəti təkrarlayacaq. 

Комментариев нет:

Отправить комментарий