Yorulmuşam...
Bircə anlıq məni dinlə!
Burax məni,
elə özün, öz əlinlə!
Qaranlığı kəsib keçən
fikir kimi
dumanları yara-yara,
sən də çıx get uzaqlara...
Yadındamı?
Bir zamanlar
əllərindən alabəzək kəpənəyi
uçurmuşdun - yaşatmaqçün...
Bax, eləcə, burax məni!
Qumdan saray tikən zaman
barmaqların arasından
süzülən o qumlar kimi
sahildəcə burax məni!
Dönüb baxma keçmişinə,
unut məni birdəfəlik!
Bu şübhələr,
üzüntülər,
qoy, olmasın bir də mənlik!
Sən də olma, nə dünənki,
nə bugünkü!
Yorulmuşam daha çünki...
Əlvida de!
Azad elə!
Baş-başa qoy təkliyimlə!
Çox asanca...
Çox sadəcə...
Get, bu gecə!
Комментариев нет:
Отправить комментарий