X hissə: Oxuyun, oxuyun bu yazıları, gözləriniz türk sözlərinə öyrəşsin
Oğuzlar (doqquz oğuz-uyğur) Göktürk dövlətini yıxıb, onların yerinə keçəndən (745) az bir müddət sonra, üçüncü xaqanları Bugu xan Mani dinini qəbul etdi, onu öz dövlət dini elan etdi (763). Bundan sonra Mani yazısı türklər arasında da yayıldı.
*****
MANİÇİ ƏDƏBİYYAT. Maniçi ədəbiyyat mənzum və mənsur olaraq iki qismə ayrılır. Maniçi şeirlər daha çox ilahilərdir və dördlük şəklində olub, misrabaşı qafiyəlidir (Altay alterasyonu). Bundan başqa ahəng ünsürü də vardır. Bəzən iç qafiyə və ya iç alterasyona da rast gəlinir. Misralarda heca sayı həmişə bir deyil, üçdən on beşə qədər dəyişir.
Bu dövrün ən mühüm şairi Aprinçurdur. Ədəbiyyatımızda müəllifi bəlli olan ilk şeirlər ona aiddir. Aprinçurdan iki şeir qalmışdır. Biri ilahi xüsusiyyətlidir. Sevgili şeiri isə türk ədəbiyyatında ilk lirik şeirdr. Beləliklə, qədim türk şeiri ilə tanış olun:
Bizim tenqrimiz edqusi redni tiyor
Rednidə yig mening edqu
tenqrim, alpım, begrəqim,
Belegüsuz yiti vajir tiyor.
Belegüsuz yiti vajir tiyor
Vajirda ötüy bilikligim, tüzünüm yarukum
Vajirda ötüy bilikligim, bilgəm, yanqam.
Gün tenqri yaruğin tək köküzlügüm, bilgəm
Gün tenqri yaruğin tək köküzlügüm, bilgəm
Körtə tüzün tənqrim, külügüm, küzünçüm,
Körtə tüzün tənqrim, burkanım, bulunçuzum.
Bugünkü türkcəmizdə:
Bizim tanrımızın yaxşılığı cövhərdir, deyirlər,
Cövhərdən daha üstün mənim yaxşı
tanrım, qəhrəmanım, bayrağım
Bülöv söz iti almazdır.
Bülöv söz iti almazdır.
Almazdan daha iti biliklim, əsilim, işığım,
Almazdan daha iti biliklim, həkimim, filim
Gün tanrı tək göyüzlüyüm, həkimim
Gün tanrı tək göyüzlüyüm, həkimim
Gözəl üzlü tanrım, şöhrətim, qoruyucum,
Gözəl üzlü tanrım, adım, tapılmazım.
Bu isə Aprinçur Tekinin sevgilisinə yazdığı şeirindən bir parçadır (bugünkü türkcəmizdə şeirin hamısını dərc edirik, tərbiyəsiz ifadələrin yerinə üç nöqtələr qoymaqla):
Kadkurduqça
Kaşı körtləm
Kavışıksayurmən.
Öz amrakımın öyürmən
Öyür evirürmən ödü…
Öz amrakımın
Öpüksəyürmən.
Bugünkü türkcəmizdə:
Qancığımı düşünüb dərdlənirəm.
Dərdləndikcə
Qaşı gözəlim
Qovuşub s…..k istəyirəm.
Öz sevgilimi düşünürəm
Düşünüb dururam…
Öz sevgilimi öpüb …… istəyirəm.
Gedib desəm
Gözəl sevgilim
Gedə bilməm yenə mən
Sadiq yarım.
Girim desəm
Kiçigim
Girə bilməm yenə mən
Ənbər müşk qoxulum.
Parlaq tanrılar
Buyruğu ilə.
Yavaş qılıqlım ilə
Birləşib ayrılmayaq.
Güclü mülklərin
Güc verməsilə
Gözü qarəm ilə
Gülüşüb oturaq.
Qədim türk şeirlərinin çoxu tərbiyəsiz ifadələrlə bol olduğundan burada verə bilmirik.
İndi oxuyacağınız şeir isə tanrının mədhinə yazılmışdır və müəllifi məlum deyildir:
Tanq Tenqri özi kəlti
Turunqlar kamaq bəqlər, kadaşlar
Tanq tenqrik ögəlim
Körüqmə kün Tenqri,
Siz bizni küzədinq.
Görünüqmə Ay Tenqri,
Siz bizim kurtarinq.
Bugünkü türkcəmizdə:
Dan Tanrı gəldi
Dan Tanrı özü gəldi
Durun hamı, bəylər, qardaşlar.
Dan tanrını ögəlim.
Görənməz Gün Tanrı,
Siz bizi gözətləyin.
Görünməz Ay Tanrı,
Siz bizi qurtarın.
MANİÇİ NƏSR. Əsasən dini mətn və dualardan ibarətdir. Bugu xaqanın Mani dininə keçməsi barədə olan mətn maniçi nəsrin ən mühüm nümunələrindədir.
930-cu ildə Göktürk əlifbasilə yazılmış «İrk-bitik» (Fal kitabı) Mani mühitində yazılmış mühüm mətnlərdəndir. Hər biri ayrı bir fal olaraq şərh edilən 65 paraqrafdan ibarətdir.
BUDDAÇI ƏDƏBİYYAT. Buddaçı ədəbiyyat şeirə və nəsrə ayrılır. Şeirlərin təqribən hamısı dini olub dördlük şəklindədir. Bəzən misra sonu qafiyəsi də vardır. Heca sayı müxtəlifdir. 7 hecalıdan 20 hecalıya qədər misralar vardır.
Burada nümunə olaraq «Anıtəg orunlarta» (Elə yerlərdə) adlı şeirdən iki bənd və «Bilgi» şeirini dərc edirik:
Adka şu turur kat-kat tağta
Amıl ağlak Aranyadanta
Artuc cögüt alnınınta
Axa suvlukta
Amrancığın uçdaçi kuşki alar
Tirinlik kuraklıkta
Adkağsızın mənqi təgingülük ol
Anitək orunlarta.
Bugünkü türkcəmizdə:
Sıra-sıra duran qat-qat dağlarda
Sakin və tənha Aranyadanda
Ardıc (dağ sərvi) ağacları altında
Axan sularda
Sevinc içində uçan quşların
Düzülüb yığışacağı yerdə
Hər şeydən uzaq hüzür tapmalı
Elə yerlərdə.
«Bilgi» şeiri:
Bilig biling ya bəgim
Bilig sanqa eş bolur
Bilig bilgən ol ərkə
Bir gün dövlət tuş bolur.
Bugünkü türkcəmizdə:
Bilik bilin, ey bəgim
Bilik sənə iş (yar) olur
Bilik bilən insana
Bir gün dövlət tuş olur.
Turfanda avropalılar tərəfindən aparılan qazıntılarda minlərcə yazı, nəqqaşlıq və digər sənət əsərləri tapılmış və bunların bir qismi nəşr edilmişdir. Bu gün Şərqi Berlindəki Turfan məcmuəsində səkkiz min uyğur mətni vardır. Bunların indiyəcən cəmi iyirmi faizi nəşr edilmişdir.
*****
Türklər müsəlmanlığı dinini qəbul etdikdən sonra, qərbə tərəf böyük köçlər edib güclü islam dövlətləri yaratmışlar. İslam dinini ilk dəfə qəbul edən Orta Asiyada Qaraxanlı dövləti olduğu halda, qərbə köç edən oğuz türkləri (səlcuqlar və osmanlılar) böyük islam dövləti quraraq, islam dinini Bizans diyarı olan Anadolu və sonra Balkanlarda yaymağa müvəffəq olmuşlar. Türklər müsəlman olmaqla yanaşı, islam mədəniyyətini də mənimsəyib inkişaf etdirmişlər. Lakin müxtəlif ölkələrdə birləşib, başqa millətilərlə təmas tapıb və ya qaynayıb-qarışdıqları üçün ayrı-ayrı üsul, mədəniyyət və ədəbiyyatlar meydana gətirmişlər.
İslam ordusunun başında Əməvi komandanı Qüteybə olarkən, Mavərənnəhri VIII əsrin əvvəllərində (710-716) aldılar. Lakin islamın Ceyhun çayı ətrafına qədər ərazidə hakimiyyəti Abbasilər zamanında (751) Ziyad ibn Salahın Çin istila ordusunu Talasda məğlub edib, Qərbi Türküstandan çıxarması ilə mümkün olmuşdu. Türklər bu məntəqədə yaşayan və daha çox ticarətlə məşğul olan soğdların təsirilə islamı qəbul etməyə başladılar.
XIX əsrin ortalarında şərqi türklərin arasında qərbə tərəf bir hərəkət başlandı. Türk qəbilələri yavaş-yavaş Qərbi Türkistanda ərəb əmirləri, tahirilər və samanilər tərəfindən idarə olunan ölkələrə gəldilər, bu ölkələrdə, xüsusən Ceyhun və Zərəfşan hövzəsində birləşərək, islam dinini qəbul etdilər. Bunlar qarluqlar, oğuzlar və qismən də Toxsi qəbilələri idi.
920-ci ildə orta Tyan-Şanda (Tanrı dağı) qaraxanlılar, İtil (Volqa) sahəsində bulğarlar, az sonra da Aral dəryaçası və Xəzər dənizi arasında yaşayan, xəzərlərə tabe olan oğuzlar, 940-960-cı illər arasında Çu nəhrindəki Balasağun və İtil hövzəsindəki bulğar şəhərləri arasında yaşayan türklər bütünlüklə islamı qəbul etdilər.
Türklər müsəlman olandan sonra Çin və Hindistan mədəniyyətləri təsirindən ayrılıb islam və İran mədəniyyətinin təsiri altına girdilər.
920-960-cı illər arasında türk xalqlarının bütünlüklə müsəlman olmaları islam və dünya tarixində mühüm bir dönüm nöqtəsi olmuşdur.
Türklərin islama üz tutması hər cəhətdən onların xeyrinə olmuşdur. Bu iş eyni zamanda islam və müsəlmanlar üçün də xeyir və fayda gətirmişdir. Abbasilər zamanın islam ölkəsi Suriya və Anadolunun cənubu bizanslılar tərəfindən təhdid olunurdu. Türklər xəlifə ordusuna daxil olandan sonra bu hüdudların əmniyyətini təmin etdilər.
Səlcuq orduları İranı alandan sonra Toğrul və Alp Arslan zamanında Rum ölkəsinə hücum edib, 20-25 il ərzində Anadolunu istila etdilər və az müddətdə oranı bir müsəlman türk ölkəsinə çevirdilər.
Türklər iki yüz il çəkən səlib yürüşlərinə qarşı çıxıb, xristianların qabağında dayandılar, islam ölkəsi və islamiyyatı qoruyaraq yaydılar.
Türklərin tək dinə mənsub olan eyni mənşəli bir cəmiyyət şəklində əsrlər boyu yaşayan qüvvətli dövlətlər qurmaları islam dövründə mümkün olmuşdur.
QARAXANİLƏR. Qaraxani dövləti müsəlman olan ilk türk dövlətidir. Bu dövlətin xaqanı Satuq Buğra xan X əsrin ilk yarısında (920, ya 940) müsəlman olandan sonra islam dinini öz dövlətinin rəsmi dini elan etdi və ona tabe olan ellər bütünlüklə müsəlman oldular. Qaraxanlılar islam dnini qəbul etməklə yanaşı türk adət və ənənələrinə bağlı qalıb, islami türk əsərlərinin yaranmasına da yardım etdilər. Onların zamanında Kaşğar və ya xaqani türkcəsi rəsmi dil olmuş, «Qutadğu bilgi» və «Divani lüğət ət-türk» kimi türk dil və ədəbiyyatının şah əsərləri yaranmışdır.
Qaraxanilər 999-cu ildə samaniləri məhv edib bütün Mavərənnəhrə hakim oldular. Mavərənnəhr və Şərqi Türküstan ərazisini əhatə edən Böyük xaqanlıq yarandı.
Qaraxanilər Yusif Qadirxanın hakimiyyətindən (1026-1032) sonrakı dövrdə iki hissəyə bölündülər. Şərqi qaraxanilərin mərkəzi Kaşğar olub, 1130-cu ildə qaraxitayilərin hakimiyyəti altına girdilər. Qərbi qaraxanilərin mərkəzi isə Balasağun olub, bir müddət sultan Səncərə və ondan sonra Xarəzm şahlara tabe oldular, nəhayət, 1212-ci ildə məhv oldular.
*****
IX əsrin ortalarında Orta Asiyadakı mühacirətlər səbəbindən türklər özlərinin müxtəlif ellərindən (Qarluq-Xalac, Oğuz) Bağdada gedib, orada Abbasi xəlifələrinin ordusuna girdilər. Bu əsgərlərin sayı Mötəsim, Vasiq və Mütəvəkkil (ərəb xəlifələri) zamanında çoxaldı, xəlifə ordusundakı türklər dövlət idarəsində böyük nüfuz qazandılar.
Bunlardan Tulun oğulları və İkşid oğulları Misirdə hökumət qurdular.
Tulun oğulları Doqquz oğuz elinə mənsub olub 868-905-ci illər arasında, İkşidilər isə 935-969-cu illərdə hökmranlıq etmişlər. İkşidilər və ya İxşidilər Fərqanə məlikləri nəslindəndirlər.
(Ardı var)
Комментариев нет:
Отправить комментарий