Страницы

27.03.2012

“Gədəbəydə almanlardan evlər, körpü qalıqları və ruhlar qalıb”


Kamal Əli


Bu gün təsəvvür etmək nə qədər çətin olsa da, əgər Stalin olmasaydı, bu gün Azərbaycanın mərkəzində almanlar azərbaycanlılarla birgə dinc və mehriban icma kimi yaşardılar.
Bəziləri bunu bilməyə bilər, amma II Dünya Müharibəsi başlayanadək Gəncədə, Tovuzda, Gədəbəydə və Bakıda almanlar yaşayırdılar. Göygöl və Şəmkir isə az qala, alman şəhərləri sayılırdı. Yelenendorf  və Annenfel – bu, Göygöl və Şəmkirdə alman kolonistlərinin saldığı şəhərlərdir. Şvablar – almanları belə adlandırırdılar – o zaman aclıq və feodal müharibələri yaşayan doğma torpaqlarından Rusiyanın ucqar əyaləti olan Azərbaycana köçmüşdülər.


Şvabiyadan almanların Azərbaycana köçməsi əsasən 1819-cu ilə təsadüf edirdi. Həmin ilin yazında almanlar iki koloniyanın – Yelenendorf  və Annenfelin əsasını qoydular. Bir müddət sonra daha altı koloniya – Qrinfeld, Traubenfeld, Yelizavetinka, Eyqenfeld, Georqfeld və Alekseyevka yaradıldı. Ümumdünya Ensiklopediyasının məlumatına görə, Azərbaycandakı koloniyalar iqtisadi və mədəni baxımdan biri-biri ilə bağlı idilər, qeyri-rəsmi mərkəz isə, Qafqazdakı ən böyük alman koloniyası olan Yelenendorf idi.
Almanlar Azərbaycanda zorla çıxarıldılar. Stalin qorxurdu ki, Almaniya ilə SSRİ arasında müharibə başlayarkən ittifaq ərazisində yaşayan almanlar Hitlerin tərəfinə keçə bilər. Bu səbəbdən də, NKVD-yə onları ölkədən çıxarmaq tapşırığı verildi. Bir gecə ərzində almanları öz evlərini tərk etməyə məcbur etdilər. Bədbəxtləri dəmiryol vaqonlarına doldurub Orta Asiyaya sürgün etdilər.
Almanların həyat tarixinin görkəmli araşdırmaçısı, şərabçı Nazim İbrahimov Azərbaycan almanlarına həsr olunan araşdırma və kitabların müəllifidir. Almaniyada isə, Azərbaycan almanlarının tarixi ilə görkəmli alim Yeva-Mariya Aux məşğul olur. Bu sırada Gədəbəy şəhərinin sakini Etibar Əliyev də var, mən onunla Bakıda görüşdüm.
Etibar Əliyev Gədəbəydə mədəniyyət evinin direktorudur. O, 2011-ci ildə nəşr olunan Azərbaycan almanları barədə “Bizim həyatımızda Simensin izləri” adlı kitabın müəllifidir.
E.Əliyev xatırlayır: “Gədəbəy sakinləri üçün Simens familiyası həmişə doğmadır, çünki biz doğulduğumuzdan bəri Gədəbəydə “Simens” beynəlxalq şirkəti barədə eşitmişik, babalarımız Simensin müəssisəsində çalışıblar və ona minnətdar olublar.
Simensin əməyi nəticəsində rayonumuz yay istirahəti üçün əlverişli məkan, rus-alman məktəbinin, tipik alman arxitekturasının və əlbəttə ki, Gədəbəy yataqlarından çıxarılan qədim mis istehsalı zavodunun olduğu yer kimi tanınıb”.
1864-cü ildə Simens qardaşları (Verner, Valter, Karl, Fridrix) Gədəbəydə yerli xammal əsasında fəaliyyət göstərən misəritmə zavodunu və Qalakənd kəndində dünyada üçüncü hidroelektrik stansiyanı açdılar. Bu barədə çox az adam bilir. Qalakənd XIX-XX əsrlərin qovşağında alman mətbuatında “cənnətməkan” adlandırılırdı. Verner Simens eyni zamanda öz kəşfləri ilə tanınırdı. Onun Gədəbəydə tikdiyi zavod Simenslərin müəssisələri arasında ən böyüyü idi. Burada əvvəl 3 yüz, sonra 7 və hətta 10 min (müxtəlif mənbələrə görə) yerli sakin fəhlə kimi çalışırdı. Mühəndislər və rəhbərlər isə, alman və digər xalqların təmsilçiləri idilər.
Maraqlıdır ki, Azərbaycanın almanlar hər yerdə məskunlaşdıqları qəsəbələri alman toponimləri ilə adlandırırdılar və yalnız Gədəbəy rayonunda almanlar yerli adları dəyişməmişdilər.
E.Əliyev deyir: “Bizim atalarımız almanları qeyri-adi dərəcədə dəqiq adamlar kimi tanıyırlar. “Alman kimi dəqiq” ifadəsi də o illərdən yaddaşımızda qalıb”.
Almanlar isə, azərbaycanlıların vicdanlılığına, verdikləri sözə heç bir sənədsiz əməl etmələrinə təəccüblənirdilər. Onlar azərbaycanlıların qonaqpərvərliklərini və başqa xalqlara xeyirxah münasibətlərini yüksək qiymətləndirirdilər. İndi bu xüsusiyyət tolerantlıq adlanır.
Gədəbəydə həmişə qonaqlara mehribanlıqla yanaşıblar. Burada görünən ilk əcnəbilər ruslar idi, onlar 1820-ci ildə rayona kütləvi axın etdilər. Ruslar yerli adətləri qəbul edir, azərbaycanlılara hörmətlə yanaşır, əvəzində də hörmət görürdülər.
E.Əliyev əlavə edir: “Rus insanı hakim üstünlüyündən sui-istifadə etmirdi”.
Gəlmə ruslar kimi, almanlar da azərbaycanlılarla birgə yazın gəlişini – Novruz bayramını qeyd edirdilər. Almanlar yerli adətlərə hörmət edir, azərbaycanlıların xeyrində-şərində iştirak edirdilər.
Gədəbəydə almanlar öz bizneslərini rəsmən 1914-cü ildə dayandırdılar. Birinci Dünya Müharibəsi illərində Rusiya müharibə apardığı ölkələrdən gələn əcnəbilərin biznesini dayandırmağı qərara aldı. Amma sonda almanların bir qismi Gədəbəyə qayıtdı və 1922-ci ilədək zavod qeyri-rəsmi fəaliyyət göstərdi. 1922-ci ildə zavod Azərbaycan Respublikasının dekreti ilə milliləşdirildi.
E.Əliyev danışır: “Həmin vaxtdan rayonda roman-qotik üslubunda xeyli ev, rayon mərkəzində və kəndlərdə istehsalat binaları və Gədəbəylə Qala kəndi arasındakı dəmiryolunun altında tikilən körpülərin qalıqları və rayonu tərk edən almanların ruhu qalır”.
Təəssüf ki, almanlatın tikdikləri kirxa sovet hakimiyyətinin ilk 10 ilindəcə dağıdıldı. Qocalar danışırlar ki, keşmişdə kirxanın ətrafında alman qəbristanlığı vardı. Bəzən indi də orada qazıntı apararkən, insan sümükləri çıxır.
Almanlar Gədəbəyi 1922-ci ilədək tərk etdilər, halbuki Azərbaycanın digər rayonlarında koloniyaçılar II Dünya Müharibəsi başlayanadək yaşamaqda davam ediblər. E.Əliyev bunu rayonun sərt iqlimi ilə bağlayır. Belə iqlim avropalılara xoş gəlməyib.
Almanların ötən əsrin 40-cı illərinədək yaşadıqları Şəmkirdə və  Göygöldə (uyğun olaraq keçmişdə – Şamxor və Xanlar rayonları) iqlim xeyli mülayimdir.
Bu gün əcdadlarının yaşadıqlarını görmək istəyən  alman diplomatları və Almaniyanın turizm və biznes sahəsində çalışan vətəndaşları Gədəbəyə tez-tez gəlirlər. Yarıuçulmuş alman tikililərinin və körpülərin bərpa layihələri müzakirə olunur.
E.Əliyev dəqiqləşdirir: “Gədəbəydə bu gün də dağ-mədən sənayesi fəaliyyət göstərir, amma yeni zavodun Simenslərə heç bir aidiyyatı yoxdur”.
Mədəniyyətə və təhsilə diqqət Gədəbəydə almanların vaxtından qalıb. E.Əliyev hesab edir ki, alman-rus orta məktəbinin açılması sayəsində Gədəbəydə orta təhsil sistemi həmin zamandan bəri dünyəviləşib.
Bu məktəbin məzunu olan Müseyib Hüseynov -  səhiyyə xalq komissarı və Tibb İnstitutunun rektoru Stalin tərəfindən müharibə illərində repressiyaya məruz qalıb. Onun arvadı alman idi. Hüseynov üç il Almaniyada təhsil almışdı, orada varlı bir qızla tanış olub evlənmişdi. Həmin qadının dözümlülüyü və fədakarlığını Gədəbəy sakinləri bu gün də xatırlayırlar. M.Hüseynov sürgündən iflic olmuş vəziyyətdə qayıdanda belə, qadın vətəninə dönməyib, xəstə ərinə qulluq etməyi üstün tutub.
Onların iki oğlu olub. Preofessor Oskar Hüseynov uzun illər Azərbaycan Tibb Universitetində dərs deyib, indi o, Almaniyada yaşayıb işləyir. İkinci oğul Nazim Hüseynov isə, Bakıda yaşayır, o, həkimdir və uzun illər DİN-in poliklinikasında işləyib.


ann.az 

Комментариев нет:

Отправить комментарий