Страницы

04.03.2012

Hoqqabazlıq məkanları


Ülvi Məmmədli
Professional Oxucu Liqası

Gör dünyanın harasıdı ki, adamlar daha öz həmcinslərinə etibar eləmir

 Oturub internetdən dünyanın türlü-türlü dərdlərini çəkməklə məşğul idim. Axırıncı dərdim çex dilənçilərinin dərdi idi. Deyir, Çexiya Respublikasının paytaxtı Praqada dilənçilik etmək istəyənlər vəzifəli şəxslərdən sertifikat almaq məcburiyyətində qalacaqlar. Pah atonnan, dilənməyin də ləzzəti qaçdı ki. Lisenziya cəhənnəm, dövlət dilənən şəxslərdən kostyum geyinməyi, kostyum almağa imkanı olmayanlardan isə yerə uzanaraq dilənməyi tələb edir. Lənət sənə kor şeytan! Zibilə düşmədik?!


 Bunu şərh eləyib başa çıxmamışdım ki, məşhurdan da məşhur Bill Qeyts haqda ürək ağrıdan bir xəbər oxudum. Deyir, "Microsoft" şirkətinin qurucusu Bill Qeyts xeyriyyə işlərinə 28 milyard dollar xərcləməklə özünü Yer kürəsinin ən varlı şəxsi statusundan məhrum edib. Düz 28 milyard dollar kasıblayan Qeytsin indii cəmi 49 milyardı var. İndi siyahıda meksikalı milyarder, 60 milyard dollar sərvətə malik Karlos Slim onu qabaqlayacaq. Maraqlanırsınızsa deyim ki, milyarderlərin sıralamasında ilk üçlükdə 47 milyard dollar sərvəti olan amerikalı investor Uorren Baffet də qərarlaşıb. 
 Liviyaya indi də müxtəlif bəhanələrlə bomba yağdırılır. SSRİ sağ olsaydı, belə şeylərə yol verilərdi? Gör dünyanın harasıdı ki, adamlar daha öz həmcinslərinə etibar eləmir, iti bələdiyyə sədri seçirlər. Gülməyin, xəbərdə deyilir ki, ABŞ paytaxtı Vaşinqtonun həndəvərindəki qəsəbənin sakinləri yerli bələdiyyəyə sədr seçiblər.Yerli sakinlərin toplantısında keçirilmiş səsvermədə səslərin hamısı yekdilliklə yaraşıqlı bir köpəyə verilib. İnternetdən bu itin şəklini skaçat edib götürmüşəm. Gələn bələdiyyə seçkilərində qəzet səhifələrinə çıxaracam.
 Sən bir işə bax ki, "bələdiyyə" adlandırılan, əslində isə bir binanın idarəetmə şurası olan bu quruma itdən başqa, heç bir namizəd olmadığından yaraşıqlı köpək "bələdiyyə başçısı" seçilib. Sonucda teryer cinsli bu it vəzifə sahibi, onun sahibi Krouford isə itin "müavini" olub.Ölkə deyil ey, hoqqabazlıq məkanıdı, kimin ağlına nə gəlir, onu da eləyir.
 Bir xəbər oxudum, özümü axtarılan vəzifəyə çox layiqli namizəd saydım. Amma bu bizim kadrları düzgün seçdiyimiz halda mümkün olardı. İndi Allah bilir bu vəzifə kimə qismət olacaq. Hər ehtimala qarşı xəbəri söyləyim, sonra deməyin ki xəbəriniz olmayıb, əliniz belə vəzifədən çıxıb. Deyir, Bukinhem sarayının mətbəxinin qabyuyana ehtiyacı var.
 Kraliça II Yelizavetanın ailəsi "dəqiq, etibarlı, komandada işləyə biləcək, yaxşı düşüncəli və tərbiyəli" adam arayır. Qabyuyan əsasən Bukinhem sarayında çalışacaqsa da, ayda bir dəfə kral ailəsinin başqa iqamətgahlarında işləməli olacaq.
 Qabyuyanın maaşı 23 min dollardır (burda məni öskürək tutdu). Üstəlik, kral qabyuyanı rəsmi vəzifədir.
 Qardaş, siz özünüz bilərsiniz, mən həmişə Avropaya inteqrasiyanın tərəfdarı olmuşam. İngilislərin şərq siyasətini isə həmişə bəyənmişəm. Bu dəfə mən lap BMT-ni də dəstəkləyirəm. Düz deyirlər, düzgün rəftar olunan planetdə belə hoqqalar olmaz. Qoy yazıb bir rulon da göndərsinlər, bəlkə nəyəsə lazım oldu.

Комментариев нет:

Отправить комментарий