Страницы

28.03.2012

HƏYATI YEYİLƏN ADAM


Furqan Sadıq

HƏYATI YEYİLƏN ADAM

Ey mənim həyatımı
nuşicanlıqla yeyən kimsələr!
Heç nə olmayıbmış kimi
elə-belə yeyin həyatımı…
Duzu azdırsa duz səpin,
yağı azdırsa yağlayın,
gülə-gülə yeyin həyatımı…
Amma, nə olar, yalvarıram,
mənə də dibində
bir az saxlayın-
aclıqdan ölməyim deyə…

*         *         *
“Sayıqlamalar”dan

-Bax, o başdaşı var ha,
o qəbir var ha,
orda mənim ümidlərim yatır…
-Tez ol barmağını dişlə,
buna bax ee,
qəbrə barmaq uzadır…

*         *         *
Bu gün bir az kədər yedim,
ürəyim çox ağrıyır…
Gəl oturub özümüzə gün ağlayaq,
görək kim çox ağlayır…

XATİRƏ MARŞI

Zamandı, görürsən durmadan axır,
nə illah eləsən saxlamaq olmur...
Həmişə sürüşüb əlindən çıxır,
sonra da neyləsən haqlamaq olmur,
tutub əl-qolunu bağlamaq olmur...
Zamandı, görürsən durmadan axır...

Qalın toz qatı var illərin üstə,
qaldır o illərin tozunu silək...
Orda xatirələr boğulur bəlkə,
kövrəlib, kövrəlib ağlayır bəlkə,
sevinc xatirələr, qəm xatirələr,
kədər xatirələr, şən xatirələr...
“Xatirə marşı”nı oxuyur bəlkə
göz yaşına düşmüş nəm xatirələr...

Qaldır o illərin tozunu silək,
qoy bir az sevinib gülsün illər də...
Yaşanmış illərə bəs necə dönək,
körpümü düzəldək xatirələrdən?!

Zamandı, görürsən durmadan axır,
ötən dəqiqələr verir əl-ələ...
Adlayıb keçmişə qayıtmaq üçün,
mürgülü illəri oyatmaq üçün,
xatirə körpülər qalacaq elə,
o qoca körpələr qalacaq elə...

DƏRD

Emin Piriyə
 
Gözlərindəki ümidsizliyə,
üst-başından tökülən dərdə
və bir də
üzünün saqqalına baxıb
onu zarafatca Nizamiyə,
Füzuliyə bənzədirdi hamı...
Günlərin bir günü
bütün bunlara dözməyib
bayram fişəngi kimi
partladı:
-Cibində bir qəpiyi,
evində
yeməyə çörəyi olmayana necə,
oxşamırammı?!

ÜRƏYİMDƏ YER YOX DAHA

Ürəyimdə yer yox daha,
otaqlar yaman tünlükdü...
Kirayə qalmaq çox baha,
o da ki, üç-beş günlükdü...

Yenə nə tappıltıdı bu,
yenə də nə hay-haraydı?
Qapılar taybatay açıq,
ürəyim karvansaraydı...

Yorulub heydən düşərsən,
getsən bu gedişlə, ürək...
Bə dərdləri hara yığım,
bir azca genişlən, ürək...

Комментариев нет:

Отправить комментарий