Страницы

21.05.2012

“Bu gün Mədinə və Xeybər yəhudilərinin intiqamını aldıq!”

ЦАХАЛ задержал генерального директора «Канала палестинских заключенных»Avropa və ABŞ-da islama xoş münasibət bəsləmirlər. Onlar müsəlmanların problemlərini böyüdüb, haqlarını tapdamaqda əsla “qüsur”a yol verməzlər! Mətanətli dinimizin üzləşdiyi nifrət yarışında Fransa öz canfəşanlığı ilə seçilir. Fəndgir missionerlik, pis niyyətli şərqşünaslıq və qənimkəsilmə siyasəti – bu üç istiqamət fransız “canfəşanlığ”ını səciyyələndirir.
Birinci Dünya müharibəsində İskəndərun əyaləti Suriyadan qoparılaraq, dünyəviliyi qarşılığında yeni Türkiyəyə hədiyyə edildi. Suriyanın cənubundan daha iki əyalət kiçik Livana ilhaq edildi ki, diqqətlə seçilmiş hakimiyyətin nəzarətində saxlanılacaq böyük Livan əmələ gəlsin. Məqsəd ərəb deyilən nə varsa hər şeyi, o cümlədən islam mədəniyyətini bu torpaqlardan süpürüb atmaq idi. Qərara alınmışdı ki, müsəlman çoxluq cüzi və cılız hala salınsın...

Milyon yarım insanın ölümü ilə yanaşı, həm də ölkənin varının talanmasına səbəb olmuş müharibədən sonra müsəlman Əlcəzair istiqlaliyyət qazandı...
Buna baxmayaraq, Fransada bəzi siyasətçilər istəyirlər ki, savaş yenidən başlansın, çəkişmələr baş versin...
Fransada üç nəfər gənc qız müsəlman tərzində geyindiyi üçün mərəkə qopdu: islama və müsəlmanlara qarşı qəzəb dalğası yenidən xortladı. Bir çox dövlət adamları iddia etdilər ki, fransız mədəniyyəti təhlükə altındadır!
İctimaiyyətin qaynaması da çox təəccüblü idi. Roje Qarodi* yazır:
“Baş verənlər, fikrimcə, kütləvi dəlilikdir! Bunu bir marslı görsəydi, dəhşətə gələrdi! Hətta İspaniya Baş naziri Filip Qonzales televiziya ilə açıqlama vermişdi ki, Fransada hicabla bağlı baş verənlər onda dəhşət oyadıb. Hicablı üç gənc qız fransız mədəni identikliyinə necə təhlükə yarada bilər axı?! (Qarodi sözünə davam edir:) Həqiqət budur ki, fransız mədəniyyəti üçün əsil təhlükə ABŞ-dan gətirilmiş filmlərdir!”
Öz-özümə deyirəm: “Müsəlman hicabı ilə rahibə geyiminin oxşar cəhətləri çoxdur. Elə isə bu təlaş, bu qorxu haradandır? Şagird qızların ləyaqət və Allah qorxusunu üstün tutub, xain və həris nəzərlərdən qoruyan hicabı geyinmələrimi fransız cəmiyyətini vəlvələyə salıb?”
İslama, ayinləri və mədəniyyətinə üz tutan hər kəsə qarşı cəmiyyətdə narahatlıq hökm sürür...
Fransada missionerliklə məşğul olan bir neçə radio fəaliyyət göstərir. Bu radioların yayım tezlikləri Şimali Afrikanın əksər hissəsinə yayılır. İslamı öz “səngər”ində vurmaq üçün böyük işlər görülür!
Şimali-qərbi Afrikanı cənginə almış mədəni qəsbkarlıq iki şeyə əsaslanır: hər şeydən əvvəl, islama əngəl törədib, müsəlman oyanışının qarşısını almaq üçün bərbərlik zehniyyətini xortlatmaq istəyirlər. İkincisi, “Aralıq dənizi mədəniyyəti” adlandırılan şeyi aktuallaşdırıb həyata keçirməyi düşünürlər. Bununla da, həmin dənizə açılan xalqları Müsəlman dünyasından təcrid etmək, islamla olan tarixi və sosial əlaqələrini kəsmək məqsədi güdürlər....
Bütün bunlar Aralıq dənizinin qərb hissəsində baş verir. Şərq hissəsində isə başqa hadisələr cərəyan edir. Məşəqqətli, cansıxıcı hadisələr!
Böyük və güclü dövlət qurmaq yəhudilər və xristianların ortaq hədəfidir. Yəhudilər dünyaya hakim olub, seçilmiş xalqın dövlətini – müqəddəs krallığı qurmaq üçün öz “məsih”lərini gözləyirlər.
Xristianlar da inanırlar ki, yəhudilər Fələstində toplandıqdan sonra Məryəmoğlu İsa gələcək. Bəli, onlar inanırlar ki, İsa gələcək, insanları dinə qaytaracaq, yəhudiləri də xristianlaşdıracaq, Tanrının yanında əyləşib dünyanı idarə edəcək!!!*
Xristian fundamentalistlər buna inanırlar. ABŞ prezidentləri Riçard Reyqan, Cimmi Karter və ata Buş da onlardandır...
“Vəd edilmiş torpaqlar”a yəhudilər axışdıqca müsəlmanlar görürdülər ki, İsrail savaşlarda kommunist ölkələrindən gəlmiş əsgərlərdən, kapitalist dövlətlərinin də silahlarından istifadə edir.
Vəziyyət indi də keçmişdə olduğu kimidir: insan qüvvəsi Rusiya və Şərqi Avropadan, silah və pul isə səlibçi Qərbdən axıb gəlir.
Vaxtı ilə hamı üstümüzə tökülüşmüşdü. İstəyirdilər ki, xarabalıqlarımız üzərində onların hakimiyyətini bərqərar etsinlər...
1967-ci ildə İsrail ordusu Misir ordusunu məğlub etdiyi ərəfədə Moşe Dayan** keçmişi yada salaraq demişdi: “Bu gün Mədinə və Xeybər yəhudilərinin intiqamını aldıq!”
İngilis ordusu 1918-ci ildə Qüdsə daxil olduğunda marşal Edmund Allenbi (1861-1936) demişdi: “Səlib müharibələri indi başa çatdı...”.
Uilyam Ceyfor Belgraf bu müharibələrin məqsədini yığcam şəkildə aşağıdakı kimi ifadə etmişdi:
“Quran yox olduğunda, Məkkə (Kə`bəni nəzərdə tutur) ərəb ölkələri üçün bir əhəmiyyət kəsb etmədikdə ərəb insanı Məhəmməd və kitabının yaxın buraxmadığı mədəniyyət yolu ilə addımlayacaqdır”.
Uilyam hansı mədəniyyəti nəzərdə tuturdu? QİÇS***, homoseksuallıq, lezbiyanlıq və nifrət mədəniyyətinimi?!
Mən bütün bunlardan qorxmuram. Ehtiyatlandığım şey budur ki, başqaları öz yalanlarını haqq kimi göstərsinlər, biz isə haqqımızı, tarix və missiyamızı unudaq; onlarda olduğu kimi lüks həyat tərzinə can ataq, onlar isə öz mədəniyyətlərini bizə sırısınlar...
Tərcümə etdi: Elvüsal Məmmədov            azerimuslims

* Roje Qarodi: 1913-cü ildə Marseldə anadan olub. Fransız yazıçısı, filosof və siyasi xadimdir. Mömin xristian olan Qarodi sonralar (1982) islamı qəbul etmişdir – tərcüməçinin qeydi.

* Bu haqda Misirli samişünas-alim M. X. Həsən yazır: “Xüsusilə də ABŞ və Böyük Britaniyada yəhudi fundamentalizminin təsiri altında xristian fundamentalizmi Fələstini fundamentalist mübarizə beşiyinə çevirib. Birləşmiş Ştatlarda İsrailə hamilik edən hərəkatların əksəriyyəti xristian fundamentalistlərinin qurduğu hərəkatlardır. Bu hərəkatlar yəhudi fundamentalizmi ilə birlikdə fundamentalist peyğəmbərlik xəbərdarlıqlarını və qeybi ideyaları reallaşdırmaq məqsədilə Fələstinə bütün yəhudiləri cəm etməyə can atır. Çünki onların etiqadına görə, dağınıq halda olan yəhudilər Fələstində cəm olduqdan sonra İsa Məsih (Ona salam olsun!) ikinci dəfə yer üzünə qayıdacaqdır” Bax: M.X. Həsən. Dialoq mədəniyyəti və metodologiyası / tərcümə edən: Elvüsal Məmmədov. Bakı: “CBS – Polygraphic Production”, 2011, səh. 135, – tərcüməçinin qeydi.

** Moşe Dayan (1915-1981): 1953-58-ci illərdə İsrailin dördüncü Müdafiə naziri olmuşdur – tərcüməçinin qeydi.

*** QİÇS: Qazanılmış immun çatışmazlığı sindromu – AİDS – – tərcüməçinin qeydi.

Комментариев нет:

Отправить комментарий