Страницы

08.05.2012

“Bunu təsəvvür etməyə fantaziyam çatmır”

“İyirmi sual”a  idmançı və yazar Laçın Məmişov cavab verir

Özünüzü necə təqdim etməyi sevirsiz?
Bir Allah bəndəsi olaraq, öz adımla, Laçın. Amma özümü özümə təqdim etməyə bəzən çətinlik çəkirəm. Mən kiməm?

Uşaqlıq arzunuz?
Uşaqkən ən böyük arzum prokuror olmaq idi. “Qanun naminə” filminə yorulmadan baxırdım. Mehman mənim qəhrəmanım idi. Valideyinlərimsə məni stomotoloq görmək istəyirdilər. Hətta onların istəyi ilə 2 saylı Bakı Tibb Məktəbinin “Ortopedik Stomotologiya” fakultəsini də bitirdim.

Çünki Tibb Universtetinə qəbul olsaydım bu eksperimentə çox vaxt sərf etməliydim. Odur ki, uzun mübahisədən sonra başlanğıc üçün oranı seçdim. İlk dəfə çıxan protez üçün ölçü götürəndə xəstənin ağzında qalan yeganə dişi ölçünü çıxararkən qırdım.Praktika müəllimim Kamal Əmiroviç az qalmışdı məni öldürsün. Amma məndə diş qırmaq, diş düzəltməkdən daha yaxşı alınırdı. Rinqə olan məhəbbətim məni stomotoloji kabinetdən çıxartdı. Diplomumu düz 17 il sonra aldım. Sonra hüqüq fakultəsinə daxil oldum. Daha sonra isə prokuror olmaq, qanun keşiyində dayanmağı düşünürdüm. Amma 1996-cı ildə prokurorların Atama qarşı etdiyi haqsızlıqlar məni bu yoldan daşındırdı. Atam vəzifəli şəxs idi və sadə vətəndaşların özəlləşmə paylarının mənimsənilməsinə yol vermədiyinə görə ona şər ataraq cinayət işi qaldırıldı. Amma Allah haqqın Allahıdır yalan ayaq tutdu, lakin yerimədi. O gündən sonra prokuror olmaq istəmədim.

Ən çox sevdiyiniz yazıçı və ya şair.
Şairlər və yazıçılar olsaydı cavab vermək daha asan olardı. Şairlərdən İmadəddin Nəsimi, Seyid Əzim Şirvani,Nizami Gəncəvi və zaman üçün aktual olan Mirzə Ələkbər Sabir, Səməd Vurğun və ən nəhayət həmişə sitat gətirdiyim Baba Pünhan.

İtim gəl dur önümdə, gəl başına dönüm də
Sən Pünhanın günündə, Pünhan da it günündə
.

Yazıçılara gəldikdə isə Cəlil Məmməduguladə və Əzizə Cəfərzadə. Ümumiyyətlə çoxdur sevdiyim yazıçılar. Amma özümü çox savadlı göstərib avropa və qərb yazıçılarının adlarını sadalamayacam. Müasir şair və yazarlarımız inciməsinlər heç birinin adını çəkmirəm. Çünki mən Azərbaycanlıyam. Yuxarıda sadaladıqlarımın hamısını itirdikdən sonra sevdik və qədrini bildik. Nəsiminin dərisini soydurduq, Seyid Əzimi cümə namazından çıxarkən basdırığa salıb ölümcül xəsarət yetirdik. Sabirin gününü qara, əbbəyini para etdik və ən yeni tariximiz olan Baba Pünhanı yerin altına saldıq. Metroda olması ilə ürəyimiz soyumadı yerin altındakı yeraltı lyukda naqillərlə başını qatdıq. Odur ki, Siz də fikir etməyin, gün gələr Sizin də qəbrinizin üstündə göz yaşı tökərik və Bakıda möhtəşəm heykəllərinizi ucaldarıq.

Ən çox sevdiyiniz kitab.
Çox oxumaq istəyirəm, daima mütaliyəni sevirəm.Amma son zamanlar alınmır, oxuya bilmirəm.
Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim” mənə ən doğma kitabdır. Mən Azərbaycanın qədim paytaxtı, mədəniyyət beşiyi Şamaxıda dünyaya göz açmmışam. O kitabı oxuyanda Şamaxının keçmişinə, Seyidin keçdiyi həyat yoluna, Bəzzazbazarına, Mahmudağa məclislərinə xəyalən səyahət edirəm. Özüm üçün vaxtki molla Qurbanquluların, qaçaq Alışların müasir dövrümüzdəki prototipləri ilə müqayisəli təhlilini edirəm.

Ən çox sevdiyiniz film.
Son illər filmlərə az baxıram çünki həyatımız başdan ayağa mistik və qorxulu filmlərə çevirilib. Eldar Quliyevin “Babək” , Frensis Ford Koppolanın “Xaç Atası” , Georqi Daneliyanın “Mimino” filmi.

Ən çox sevdiyiniz musiqi, ifaçı və bəstəkar.
Ən çox sevdiyim ifaçı balaban ustası və əziz dostum Şirzad Fətəliyevdir.Onu ancaq məclislərdə dinləyə bilirəm. Özünə albom yazdırmağa vaxtı yoxdur. Vaxtının çox hissəsi dövlət tədbirlərində çıxışa və yollarda keçir. Amma təəsüf hissi ilə qeyd etməliyəm ki, o bu gün diqqət və qayğıdan kənarda qalıb.  Ən çox sevdiyim musiqi muğamdır. Çünki muğam ilahi bir musiqidir . Alim Qasımovun ifasının o qədər vurğunuyam ki, bunu sözlə heç cür ifadə edə bilmərəm. Ən çox sevdiyim bəstəkar Üzeyir Hacıbəyovdur. Amma ki, avropa klassiklərini də dinləməyi xoşlayıram.

Ən çox sevdiyiniz ədəbi və ya tarixi qəhrəman.
Ən sevimli ədəbi qəhrəmanım Kefli İskəndərdir. Tarixi qəhrəmanım isə Babək Xürrəmidir. Allah mənə istəyimə görə dünyaya gəlmək fürsəti versəydi onunla bir dövrdə dünyaya gələrdim. Onun ən yaxın silahdaşı olardım. Dostlarımdan biri söhbətimiz zamanı bildirdi ki, amma mən isə istəyərdim Babək bizim müasirimiz olsun. Onun bu fikri ilə qətiyyən razılaşmadım. Çünki Babək o dövrdə yaşadığı üçün Babək oldu. Məncə biz də susmamalıyıq, yazmalıyıq. Gördüklərimizə öz rəyimizi bildirməliyik. Çünki biz vətəndaşıq, bu Vətən bizim hamımızındır. Mənim yazılarım əsasən gündəmimizlə bağlı olur. Problemlərə qabarıq şəkildə lakin ironiya ilə toxunmağa çalışıram. Bəlkə də bir az sərt yazdığım yazılarım olub, amma bunu çalışmışam elə bir tərzdə edim ki, heç kimin şəxsiyyətinə toxunmadan olsun. Əksinə oxuduqda öz nöqsanlarını görüb və bu tənqiddən nəticə çıxartsınlar. Bir problem mənə çox toxunduqda və içimdən buna etiraz qaynadıqda mütləq yazıram.

İnsanlarda hansı cəhəti yüksək qiymətləndirirsiz?
Ən qiymətləndirdiyim cəhət insanlardakı səmimiyyət və yumor hissidir. Səmimiyyət olmayan yerdən uzaq durmağa çalışıram. İncə yumor hissi olmayan insanlar isə robot kimidirlər. Elə insanlara yazığım gəlir, həyatda çox şeydən məhrumdurlar.

Sizi nə əsəbləşdirə bilər?
Bilər yox mən bilir deyərdim, özü də çox pis əsəbləşdirir. Bakı şəhərinin bu günkü mənzərəsi. Ətrafa nəzər yetirin Bakımız gözəlləşir və kor koranə abadlaşır. Bu gün asfatl çəkilən küçə ertəsi gün kanalizasiya xətti üçün qazılır. İnsanlar çox cılızlaşır. Küçədə qızlara söz atanlar, yolun ortasında öz avtomobillərini saxlayıb probka yaradanlar, küçələri zibilləyənlər, hamıya “sən” deyə müraciət edənlər. Sadalamaqla bitən deyil. Çalışıram şəhərə az çıxım

Ən kədərli vaxtınızda hansı xəbər sizi sevindirə bilər?
Son zamanlar bir şablona çevilrilmiş pafos dolu “Qələbə” xəbəri deyil. Qələbəmiz halva deyil və dükanda satılmır ki, onu kimsə bizə hədiyyə etsin.Qələbə üçün qurban verməliyik. Amma nə qədər qəmli olsam Ali Baş Komandanımızın müharibə əmrinə çox sevinərəm. Ya var olmalıyıq, ya yox. Heç kimin alnında yazılmış döyüşü oxumaq istəmirəm. Ümumiyyətlə alnımızda yazılanı oxumağa bəsirət gözü gərəkdir ki, o göz bizdə kordur. Özüm döyüşməliyəm.Çünki bu gün mən döyüşməsəm, sabah əsgər atası Maxaraşvili olmaq istəmirəm.

Harda yaşamaq istərdiniz?
Azərbaycandan kənarda çox yaşamışam. Nə Avropada, Amerika haqqında ümumiyyətlə söhbət gedə bilməz, Bakıdan bir addım belə atmaq istəmirəm. Ola bilsin Allah qismət etsə yaşlanıb qocalmağı, ahıl yaşlarımda bəlkə də Şamaxıda.

İntihar haqqında düşündüyünz olubmu?
Mənim bu haqda düşünməyə qətiyyən haqqım yoxdur. Çünki üç övladım var, qəhrəman atayam. İntihar ilk növbədə günahdır və mən bunu zəiflik əlaməti kimi dəyərləndirirəm. Amma yenə də Allah şeytana lənət eləsin. Allahın verdiyi cana qəsd etməyi şeytandan görürəm. İntihar bir halda edərəm, düşmənə əsir düşməmək üçün. Şəxs olaraq mənim qismimdə bir Azərbaycanlının şəxsiyyətinin tapdanmaması üçün. İntihar edən zaman çalışaram ki, barmağımda ən azından “F-1” qumbarasının halqası olsun. O dünyaya əliboş getməyim.

Sizin təsəvvürünüzdəki Allah necədir?
Allah təkdir və şəriki yoxdur. Allah bizə bizim düşündüyümüzdən də yaxındır. Ürəyimizin şah damarından belə.

Sevgiyə inanırsınızmı?
Təbii ki, insan sevmirsə demək yaşamır. Sevgiyə hərə bir prizmadan yanaşır və hərənin öz sevgisi var. İnsanla heyvanın fərqi tək şüurda deyil həm də sevməkdədir.

Nuhun yerində olsaydınız özünüzlə kimləri və ya nələri götürərdiniz?
Nuhun yerində olsaydım, çox çıxılmaz bir vəziyyətdə qalardım. Yaxşı ki, Nuh Azərbaycanlı olmayıb. Çünki yer kürrəsinin florası və faunası tam başqa bir şəkildə olardı.

20 ildən sonra özünüzü necə təsəvvür edirsiniz?
Bunu təsəvvür etməyə fantaziyam çatmır.

Ulduz falına inanırsınızmı?
Xeyr inanmıram.Nəinki ulduz falına, ümumiyyətlə falçılara, münəccimlərə qətiyyən inanmıram. Kefli İskəndər Şeyx Nəsrullanı necə tanıyırdısa, bu günkü münəccimləri də elə tanıyıram və hamısına Sizin tribunadan səslənirəm – Mən ölüm əl ver lotusan ? Bu şarlatanlıqdan başqa bir şey deyil.

Sizcə ölümdən sonra həyat varmı?
Həyatda məni çox suallar düşündürür və bu suallara cavabı çalışıram müqəddəs Quranda axtarım. Odur ki, ölümdən sonraki həyata inanıram.

İndi ən böyük arzunuz?
Arzularım çoxdur və onlara çatmaq üçün bu haqda heç kimə danışmıram. İnşallah həyata keçdikcə Sizi mütləq xəbərdar edəcəm.

Xoşbəxtsinizmi?
Əlhəmdulillah.


yenilik.az

Комментариев нет:

Отправить комментарий