Страницы

05.05.2012

MƏNİM DEYİLSƏN...

Xatirə Xatun

Özün çox uzaqdasan, intizarın yanımda,
Bu həsrəti, hicranı daşıyıram canımda,
Nə qədər xatırlayım, yada salım, anım da,
Nə sevincim deyilsən, nə də qəmim deyilsən,
Mənimçün doğulmusan, amma mənim deyilsən.

Səni necə unudum, ay uzaq yadım mənim,
Lal harayım, üsyanım, səssiz fəryadım mənim,
Heç vaxt qoşa çəkilməz adınla adım mənim,
Nə sevgilim deyilsən, nə həmdəmim deyilsən,
Mənimçün doğulmusan, amma mənim deyilsən.


Yastığa üz söykəyib de nə qədər ağlayım,
Sənlə keçən günləri, ayları varaqlayım,
Səni harda axtarım, de, harda soraqlayım,
Köməyimə, dadıma sən yetənim deyilsən,
Mənimçün doğulmusan, amma mənim deyilsən.

Nədir səndən ötəri çəkdiyim bu əziyyət,
Bu məşəqqət, bu zülm, bu intizar, bu həsrət,
Belə sevgi olarmı, de, bu necə məhəbbət?
Mən sənə pərvanəyəm, sənsə şəmim deyilsən,
Mənimçün doğulmusan, amma mənim deyilsən.

Sənsiz keçən gün yalan, ay yalan, yalan zaman...
Kövrələndə, küsəndə, gözlərim dolan zaman,
Ya bu sınıq ürəyim pərişan olan zaman,
,,Heç darıxma, mən varam"-söyləyənim deyilsən.
Mənimçün doğulmusan, amma mənim deyilsən.

Комментариев нет:

Отправить комментарий