Страницы

07.05.2012

YYSQ tanınmış yazıçı Yusif Əhmədovun məzarını ziyarət etdi

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kitabxana.net portalının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), eləcə də təşkilatın bir qrup üzvü tanınmış yazıçı-jurnalist, ziyalı-həkim, şair-publisist, bu yaxınlarda dünyasını dəyişmiş Yusif Əhmədovun qırx mərasimindən əvvəl Yasamal qəbristanlığındakı məzarını ziyarət etmiş, xatirəsini yad etmiş, daha sonra anım məclisinində iştirak etdilər. Ruhu şad olsun!
Aşağıda Aydın Xanın Yusif Əhmədovla bağlı essesi verilir...



Ölümlə 40 gün, yaxud o dünyadakı çağalığın mübarək!..

Əziz dostum, tanınmış ziyalı-həkim, yazıçı-publisist, gözəl insan Yusif Əhmədovun dünyasını dəyişməsindən 40 gün nə tez keçdi, aman...
Yusif müəllim, bu gündən etibarən sizə sən deyə müraciət edəcəyəm: o dünya üçün 40 gündür doğulmusuz, deməli çiləniz çıxıb və saf bir körpəsiz, məndən düz 40 il balaca bir varlıq...

Sən gedəni bu boz dünya heç dəyişməyib: vallahi, insanların əksəriyyəti həmənki kimi soyuq, yalançı və mənasız - sevgisiz; Bakıda yenə tündlük və tıxaclar, bu qlobal çal-çağır da bitmədi ki, pul yığan məmurlarla, - aclıq olsun kef olsun söyləyən, - xalqın baş-qulağı dinc olsun; havalar da heç əməlli-başlı açmır - yazın sanki canını alıblar, hərarətindən bir xəbər-ətər yox; qocaların sırası seyrəlir, həyatdan küskünlərinsə sayı durmadan artır yenə; kitaba və sözə fikir verənlərin sayı da buxarlanır yaman...
Sən istiqanlı idin, yəqin o dünyanın soyuq cənnətini qəlbinin alovu - ruhunun atəşi ilə çoxdan isitmisən...
Yaxşı ki Feysbuk var, orada sənə həsr olunmuş səhifə mövcuddur, eləcə də mənim e-albomlarımda sənə həsr olunmuş iki bölümdə 200-ə qədər şəklin, eyni zamanda kitabxanaşnet portalinda 4 kitabın var - onlara baxıb sənli günlərimi xoşluqla xatırlayıram...
Sözlərinə qəribsəmişəm, gülüşünə tamarzıyam, dost sevginə ehtiyacım var, ziyalı mövqeyini görmək istəyirəm, yazıçı üslubunu axtarıram, lirik şeirlərini, kəskin romanlarını, incə hekayələrini, kəsərli publisitik məqalələrini görmürəm və çox, lap çox darıxıram...
Oğlanlarım hərdən sual verir: bəs niyə bizi Yusif babanın yanına aparmırsan? Mən onlara kədərimi və ölümü necə izah edim? Hamı öləcək, kimsə durub həyatın sonunu gözləməyəcək ki, amma heç də hər kəsin ruhu ölmür - bax sənin də ruhun diridir...
Xeyirxahlıqların, sevgilərin, əsərlərin, ailə üzvlərin, dostların, qələm yoldaşların, həmkarların, yaddaşlardakı xoş xatirələrin elə sənin ölməz saf ruhundur da, ay Yusif ata! Bilirəm, indi orada asan deyil - səni sevənlərin hamısı ruhunun başına dolaşıb - anan, atan, doğmaların, sevdiklərin, hətta əsərlərinin qəhrəmanları da...
Təkcə çöhrəndəki gülüşün əksikdir, ona qəti əminəm...
Sənə kədər heç yaraşmırdı - nə bu tərəfdə, nə də o tərəfdə dünyanın...
O dünyaya qaranlıq aləm deyirlər, əslində o tərəf bu işıqlı cahanın kölgəsi, ya da gecəsi deyil, əksinə, orada məkan ilə zamanın insan ruhunda birləşdiyi - dincəldiyi bir yer... Ruhuna ağırlıq gətirməz, nə məkan, nə də zaman - sən ruhuna sevgidən qanad düzəltmişdin axı...
Səssizlik hökm sürür indi ürəyimdə - insan ən böyük dostunu itirəndə, ruhunun bir hissəsi ölür, sənin yerini könlümdə dolduranı mən indi haradan tapım? Yusif müəllim, sən axı fəvasız deyildin, - nə tez bizi atdın, ruhun uçdu bu dünyadan? Sən axı müdrik idin və gözəl bilirdin ki, ruh təkcə bircə dəfə bədəndən ayrılıb son uçuşunu edər - o da ölümün qanadlarında...
İndi mənim uğurlarıma sənin qədər sevinən və onları daima izləyən bəs kim olsun? Sənin yazılarını maraqla gözləyən, redaktədən sonra yanına tələsən və az qala öz əsərlərim kimi əzizlədiyim yazıları oxuyan kim olacaq?
İndi o dünyada böyüyəcəksən, uşaq, yeniyetmə, gənc, cavan, qoca olacaqsan, sonra yəqin biz - sevənlərin də yanına gələndə, üçüncü bir dünyaya tələsəcəksən və burada olduğu kimi orada da bizi tək - özünsüz qoyacaqsan məgər? Darıxıram, Yusif müəllim, yaman sənsizləmişəm e!
Bura yaman darıxdırıcı olub!
Həyat yaman maraqsız gəlir mənə - əgər hamımızın sonu ÖLÜMdürsə, nə mənası yaşamağın?..

Sənin mənəvi oğlun və şıltaq dostun Aydın Xan! (((

05 may 2012, Bakı...

Комментариев нет:

Отправить комментарий