Страницы

05.06.2012

Aparaq bu ömrü payıza qədər

Qalib Şəfahət    

İÇİMİ SƏRDİM KÜLƏYƏ

Bu qış mənə sitəm olub,
İçimi sərdim küləyə.
Gözüm islanıb, nəm olub.
İçimi sərdim küləyə.
Çıxarıb asdım bezini,
Günəş qızdırsın üzünü,
Toparladım mən özümü
İçimi sərdim küləyə.

Başqa cür yoxdur yozumu,
Çəkdim içimin nazını.
Külək aparsın tozunu,
İçimi sərdim küləyə.
Qoy gözümün qəmi getsin,
Qoy dərdimin dəmi getsin,
Qoy içimin nəmi getsin,
İçimi sərdim küləyə.

SƏNƏ
SAXLAYACAM ƏKSİNİ

Sən yoxsan,
heç olmayacaqsan,
sənin əksin qalıb
gözlərimdə.
Başqa heç nəyin,
Səni görmək üçün
Hər gün gözlərimi
Güzgüyə dikirəm
Səndən bir işartı
tapmaq üçün.
Üstünü toz basmış
şəkil kimi,
hər gün gözlərimi
silirəm,
gözlərimdən əksini
sənə saxlayacam,
sən yoxsan deyə.

APARAQ BU ÖMRÜ PAYIZA QƏDƏR
 

Bahardan keçmişik, yaydan keçmişik,
Aparaq bu ömrü payıza qədər.
Günəşli, gündüzlü aydan keçmişik,
Aparaq bu ömrü payıza qədər.

Şirin öpüşləri dodaqdan qalan,
Hələ dərilməyib budaqda qalan.
Məndən kənaz gəzib, uzaqda qalan,
Aparaq bu ömrü payıza qədər.

Ağzında dünyanın tamı qaçanda,
Rəngi saralanda, qanı qaçanda,
Səndən uzalaşıb hamı qaçanda,
Aparaq bu ömrü payıza qədər.

Arzular zirvədən enib qalanda,
Ümidlər gözündə sönüb qalanda.
Yollarım payıza dönüb qalanda,
Aparaq bu ömrü payıza qədər.

Ömür yollarında sən demə qısa,
Əsən xəzan yeli batmasın yasa.
Gözlərində eynək, əlində əsa,
Aparaq bu ömrü payıza qədər

Səni də, məni də bax, üzdən keçir,
Nəyin var, nəyin yox, bir gözdən keçir.
Onsuz da bu ömür payızdan keçir,
Aparaq bu ömrü payıza qədər.

Комментариев нет:

Отправить комментарий