Страницы

04.06.2012

«AYB-dən kənarda çox sayda istedadlı əsərlər yaranır»

Alik Nağıoğlu: «Fəxri ad yazıçını digər peşə adamları kimi ələbaxım, dili qısa edir»

«Ədəbiyyat da müqəddəs bir şeydir və ona haram qatanda həm istadad sönür, həm də mənasız dartışmalara rəvac verir»

Alik Nağıoğlu 12 sentyabr 1957-ci ildə Masallı rayonunda anadan olub. Rusiyanın Krasnodar Texniki Universitetinin məzunudur. İxtisasca mühəndis-texnoloqdur. Bədii yaradıcılıqla uşaq yaşlarından məşğul olur.

- Xalq yazıçısı Anar AYB-in sədri olmasa, sizcə, Azərbaycan ədəbiyyatında nə dəyişəcək?
- Yeni sədrdən o halda dəyişiklik gözləmək olar ki, yeni qüvvələrlə, yeni istedadlarla birbaşa təmasa girməklə iş qursun, ayrılan büdcənin tam şəffaflığını təmin etsin, ədəbi mühitdə müsabiqələrin təşkilinə nail olmaqla ədəbi aləmi canlandırsın, seyrçi mövqedə durmasın.
İndiki halda AYB çevrəsindən kənarda çox sayda istedadlı əsərlər yaranır, yarışmalar baş tutur, amma qısqanclıqdanmı, yaxud başqa səbəblərdən sükut hökm sürür. Bütün bunlar və digər qayğılar, problemləri çözə bilən cəsarət sahibi olmayınca, Azərbaycan ədəbiyyatı çabalamaqda davam edəcək.

- Yazıçının, ümumiyyətlə qələm adamının yazıdan uzaqlaşıb başqa sahələrə yönəlməsinə necə baxırsınız? Yazıçı oturub yazısını yazsa daha yaxşı olmazmı? Həyinə lazımdı onun hər hansı bir qurumun başına keçməsi?
- Hansısa bir zümrənin, qrupun əlində alətə çevrilməyəcək, gözəl idarəetmə qabiliyyətinə yiyələnmiş qeyri-ədəbiyyat adamının bu sayda yazarlar ordusunun başına gətirilməsində qəbahət ola bilməz, ən azından onun sahələr üzrə işlərini aparacaq katibləri olacaq. Belə adam istər-istəməz uzun müddət yeni ideyalara laqeydçilik nümayiş etdirən böyük ədəbi məkanın ab-havasını təmizləməyə məcbur olacaq. Hətta naşı, qeyri-peşəkar addımlar olmuş olsa belə indiki dondurulmuş, biganə münasibətdən ümidli olardı. Əslində, indi nə baş verir? AYB-in ətrafında bir para maaşlı-vəzifəli-ağsaqqallı-təminatlı köhnə yazarlar, əks qütbdə fədakarlıqla yazı əzabına qatlaşan, adi iş yeri olmayan, qayğıdan uzaq orta nəsil içərisində gənc istadadların olduğu insanlar… Bütün iqtisadi çətinliklərə, dolanışıq üzüntülərinə rəğmən buraxılan kitablar, xaricə dəvətlərini gerçəkləşdirə bilən yazarların inadı bütün pessimistik əhval-ruhiyyəni darmadağın edir. Baxmayaraq AYB ətrafında olan yazıçılar imtiyazlardan yararlanır. Məsələn, bu yaxınlarda Elçin Hüseynbəyliyə, Varis və digərlərinə yaradılan imkanlar elə rayonlarda min cür əzab-əziyyətlə yazıb yaradanlara niyə göstərilməsin?! Hər kəsə bəllidir ki, belə tədbirlər AYB rəhbərliyinin və yerli icra hakimiyyətinin razılığı və xeyir-duası olmadan mümkün ola bilməz.

 - Sovet dövrü nasirlərimizin dilinə fikir vermisinizsə dilləri çox təmizdir. Bəs bu günkü Azərbaycan nasirinin dili niyə bu qədər qarışıqdı?
- Bu, ədəbiyyatın yaralı yeridir. Görürsən, bir gənc nasir 200 səhifəlik mətn ortaya atır, amma ordan sadə bir cümlənin sintaksis təhlilini istəyəndə, izahını verə bilmir. Görünür, internert saytlarının, qəzet və jurnalların səhifələrində çap olunmağın bolluğundandır ki, quraşdırılan mətn üstündə təkrar-təkrar işlənilmədən tələm-tələsik ötürülür. Nəticədə, sayt səhifəsinə düşəndə bəzi-para orfoqrafik və s. səhvlər göstərilir. Çox vaxt belə hallarda oturuşmuş üslub, yazı texnikası və s. yaranmır, çünki mətn yazılır, müəllif tərəfindən redaktə adı ilə müəyyən məbləğ verilir ki, göstərilənlər qismən də olsa yerini tapsın. Amma bəyənmədiyimiz sovet dönəmində həm çap olunmaq çətinlikləri vardı, gərək sənə xeyir-dua verən olaydı; həm də təkrar- təkrar işləmək-cilalamaq tələb olunurdu. Yadımdadır, 1981- ci ildə «Görüş», «Dumu kişi» hekayələrimi «Ulduz» jurnalına verdim, baş redaktor o vaxtlar mərhum Yusif Səmədoğlu idi. İki ay sonra cavabını öyrənmək üçün yazıçı Seyran Səxavətin otağına girəndə gördüm ki, Saday Budaqlının «Uduş» hekayəsinin üstündə son tamamlama işlərini bitirib, makinada çap üçün harasa yollayır. Mənə də qayıtdı ki, vaxtım olmayıb, baxa bilməmişəm. Təbii ki, mən hekayələri alıb, bu səfər «Azərbaycan» jurnalına verdim, «Uduş»sa «Ulduz»un 1981-ci il 9-cu sayında işıq üzü gördü. Bir aydan sonra «Azərbaycan» jurnalına gələndə sadə insan olan yazıçı Məmməd Oruc məni səmimi qarşılayıb dedi: «Bizə hər gün onlarla hekayə gəlir, içindən cəmi birini seçirik, amma sən birdən- birə ikisini gətirmisən. Sağ ol! Pis deyil, vermək olar». Bəzi düzəlişləri elədim, anketi doldurdum, təkrar makinadan çıxartdırıb verdim nəsr şöbəsinə. O vaxtı çox istəyirdim girəm sevdiyim yazıçı – baş redaktor Əkrəm Əylislinin yanına, amma son anda fikrimdən daşındım. Şirvan şəhərinə qayıdandan sonra istehsalatda yeni ağır sahəyə təyinatım oldu, hekayələrimin taleyi də yarımçıq qaldı. Beləcə, yarı mənim günahımdan, yarı da qarşıma son anda çəkilən «sipər»dən ədəbiyyata gəlişim 1985-ci ilə kimi təxirə salındı. «Günah» adlı hekayəm Şirvanın «İşıq» qəzetində işıq üzü gördü. O vaxtlar Rasim Qaraca Cihazqayırma zavodunda işləyirdi, şəhərdə fəaliyyət göstərən ədəbi dərnəyə rəhbərlik edirdi və məndən xəbərsiz o hekayənin müzakirəsini təşkil etmişdi.

- Rasim Qaraca AYO-nu yaratdı. Bes, AYO nə verdi Azərbaycan ədəbiyyatına?
- Mən əyalətdə yaşamağıma baxmayaraq, mütəmadi olaraq ölkəmizdəki ədəbi prosesi izləyirəm. Bu iş indi texniki şəbəkənin hesabına bir az da asanlaşıb. AYO ən azından ətalətli, ləng manevrli AYB-ə alternativ ocaq idi, təəssüf ki, qeydiyyatdan keçmədi, sıralarında kifayət qədər gənc və istedadlı isimləri topladı. Bu gün heç kəs dana bilməz ki, onlardan bir çoxları ən müxtəlif aparıcı sayt və portallarda uğurla çıxış edirlər və bir an onları götürdükdə yerləri mütləq görünəcəkdir. Onlardan müəyyən qədər əsərlər də gəldi, lakin son zamanlar sanki arxayınçılıq hiss olunmaqdadır. Daha ardıcıl, daha sanballı mətnlər gəlmədikcə ədəbi mübarizə daha çox dedi-qodu, bir-birinə çirkabatma müstəvisinə keçdi. Amma AYO-nun gələcəyini güclü görürəm.

- Ədəbiyyatda qruplaşmalar ədəbiyyata nə verir? Sizcə ədəbiyatımız bu qruplaşmalar vasitəsi ilə inkişaf edir, yoxsa?…
- İstənilən qrupun, qruplaşmanın arxasında xoş niyyət, yaradıcılıq atmosferi olarsa, bunu ancaq alqışlamaq lazımdır. Necə deyərlər, bir-birinin bəhsinə yeni əsərlər ortaya atmağın nəyi pisdir ki?! İstənilən əsər zəhmətin məhsuludur, ancaq indiki halda, hər şeyə qara yaxmaq ki, bu, pisdir, zəifdir, ona görə ki, bu, bizdən deyil, xaosa sürükləyir. İstedad hər zaman yetişmir, ona qayğı göstərmək, gəncliyi yönəltmək, arxa durmaq, lazım olduqda problemini həll etmək Azərbaycan kimi bir ölkə üçün çətin deyil. Vay o gündən ki, bu qurumun bir zəncirinə istedadsız, kütbeyin, ortada mətni olmayan diletant ədəbiyyatçı düşə, sağa-sola da ağıl, istiqamət paylaya, çünki əlində resurslar var… vallah halına acımaqdan başqa çarə qalmır.

- Son zamanlar kitab satışı öncəki dövrlərə görə kifayət qədər artıb. Yaxşı olmazmı ki, yazar bazardan kitabını sataraq pulunu qazansın? Yəni gözləməsin ki, kimsə ona ya fəxri ad, ev, yaxud təqaüd versin…
- Fəxri ad, ev, təqaüd yazıçını da digər peşə adamları kimi ələbaxım, dili qısa edir. Oturub nəsə gözləyənlər, göstərilənlərlə kifayətlənmir axı, sülalə qurmaqda davam edirlər. Ədəbiyyat da müqəddəs bir şeydir və ona haram qatanda həm istadad sönür, qısırlaşır, həm də konfliktlərə, mənasız dartışmalara rəvac verir. Azmı görmüşük ad, təqaüd alandan sonra tükənənləri, cırlaşanları?! Bərabər rəqabət şəraitində indi çox iddialı «ad»lıların kitab bazarında bir aqibətini görsəydik?!

Söhbətləşdi: Oktay Hacımusalı                xalqcebhesi.az

Комментариев нет:

Отправить комментарий