Страницы

04.06.2012

Görəsən neyləyərsən

Vahid Aslan


Dağları, yaylaqları qoyub qaçanların arxasınca qoyunlar da Bakıya qaçıb gəlir...

Qəribəlik

Biz azərbaycanlılar
Qəribə adamlarıq,
Vətən nə  olduğunu
Anlamırıq hələ də;
Məsələn Qarabağı
Sevmirik Bakı qədər,
Bakı bizdən ötəri
Həm kənddi, həm də şəhər:
Didərginlər Bakının,
Qaçqınlar Bakınındı,
Neft Bakının,
Neftdən ağır dərd Bakının...
Ormanları, otlaqları,
Dağları, yaylaqları
Qoyub qaçanların
Arxasınca qoyunlar da
Bakıya qaçıb gəlir

(qoyunlar yeyəcək
Bakını bir gün...)

...Bakıda torpaq
Yaman bahadı,
Dünən ölən dostuma
Qəbirstanlıqdan
Yer ala bilmədik,
Dedilər on il əvvəl
Ölsə idi ucuz yer
Tapılardı bəlkə...
Nə isə,..
Biz azərbaycanlılar
Qəribə adamlarıq!
-Elə bilirik ki,
Bakıdan başlayıb,
Bakıda da qurtarır
Bu ölkə.

Anlaşılmazlıq

Dayanmışam
Pəncərənin arxasında,
Qafam elə dumanlanıb,..
Nədən belə
Pəncərənin o üzündə
-göy üzündə qərar tutan
Bir ulduza çox baxıram,
Nədən belə darıxıram...
Mən ki,
Axı qayğılardan
Yorğun düşən
Qadınımı ovutmalı,
Saçı qıvırcıq
Qızımı oynatmalı,
Ya dostuma zəng etməli,..
Evimdəki
Gərginliyi səngitməli...
Mənsə yalnız
Istəyirəm pəncərəmə
Yağış yağa,
Ürəyim partlasa belə
Mən ağlamaq bacarmıram
Istəyirəm pəncərəmdə
Şəkil çəkən
Damlalara baxam yalnız;
Istəyirəm yağış yağa,
Pəncərənin o üzündə
Qərar tutan qaranlığa,
Pəncərənin bu üzündə
Mürgüləyən səssizliyə
Yağış yağa istəyirəm.
...Bir yanımda
Qayğılara əsir düşən
Gənc qadınım,
Bir yanımda
Qayğılardan uzaq olan
Körpə qızım,
Mənsə hələ
Pəncərəmə yağan yağışa baxıram,
Anlamıram,
Nədən ötrü,
Kimdən ötrü
Axı belə darıxıram...

Sözün qalar

Yetiməmsə,..
Bu şəhərdə
Kimin qapısını döyüm?!
Nə kimsəyə gümanım var,
Nə iş yerim, nə də öyüm,
On beş ildi yaşayıram
Vətənimin paytaxtında,
Adı mənim olan şəhər!
Hansı köşənə sığınım,
Könlümün sınıq  vaxtında...
...məmləkətin düsturu bu!
-adı şair olanların
Keyfi, damağı çağ olar,
Özü şair olanların
Sinəsində dağ olar!
...barış, şair könlüm barış!
Bu ağrılı dövranınla,
Keçər qəmlər ötüb keçər,
Ölməz, sözün qalar, amma...

***
Silahın
ən doğru söz olsun,
sevgilim!
Vur məni yanlışlığımdan...

***
Son,..
Hər şeyə son!
Sevgiyə,
Sevən ürəyə son!
Sevənlər vətənində
Yerimiz olmadısa,
Yerimiz “qürbət” olsun!

Görəsən neyləyərsən

Aradan illər ötüb,
Yaş üstə yaş gəlibdi,
Bəlkə də ömrümüzə
əbədi qış gəlibdi;
orda sən mənə həsrət,
burda mən sə nə həsrət,
gözlərim gözlərinə
əlim əlinə həsrət...
nə qədər sualların
cavabı ürəyimdə,
səni atıb getməyin
əzabı ürəyimdə,
bilirəm daha məndən
özgə umacağın yox,
səbəbsiz atılmaqdı
səni öldürən ən çox;
desəm ki,..
sevməyirdim,
inanmazsan bilirəm,
bil ki, indi dha çox
səndən ötrü ölürəm!
Indi səndən uzaqda
Nə düşünürəm, bilsən!
Görəsən neyləyərsən,
Qarşında məni görsən...

Gülməliyik

Nə şəhərimiz şəhərdi,
Nə kəndimiz kənd kimi,..
------------------------------
əsir olan torpaqlar da bir yana...
ölkəni bazar sanırıq,
bazarı dəlixana;
diktatora demokrat,
xalqa qoyun deyirik,
torpaqları uduzuruq,
buna oyun deyirik;
bizə göz nəyə gərəkmiş,
görsək də kor kimiyik,
yarımız quldurbaşı,
yarımız qul kimiyik;
əsgərlər Qarabağa
ağlamalı şeir yazır,
şairlərdə Bakıda
bir-birinə “səngər” qazır,
...həftəbaşı, aybaşı
Çıxardın meyxanəçini
Efirə, şeir deməyə:
- əsgərlərə örnək olsun,

torpağı azad etməkçün
“şeir”i necə “qazmalı”,
Şeiri necə deməli...
----------------------------
Vallah başa bəlayıq,
Gülməliyik, gülməli...

Vahid Aslan 29 sentyabr 1972-ci ildə Gədəbəydə anadan olub.
AYB-nin və AJB-nin üzvüdür.
Hazırda ölkənin təhsil sektorunda çalışır.
“Yaşıl sevgilər”, “Tənhalıq əlində”,  “Məhəbbət
müqəddəsdir”, “Bənövşə ömrü” və”Daşlar çiçəkləyəndə” adlı kitabların müəllifidir.
Jurnalistika sahəsində və ədəbi sahədə uğurlu
fəaliyyətinə görə bir sıra çeşidli ödüllərə layiq görülmüşdür.
“Müəllim sözü” qəzetinin təsisçisi və baş redaktorudur.

Комментариев нет:

Отправить комментарий