Страницы

06.06.2012

Kişinin malı göz qabağında olar!

Gülnarə Rəfiq

Yaxud böyük səhnəyə aparan yollar haralardan keçir

Necə oldusa, tanışlarımdan birinin yanında bir melodiya mızıldandım. Buna el arasında zümzümə deyərlər. Qayıtdı ki, «Yaxşı səsin var, niyə oxumursan? İndi səhnədə at çapanlardan nəyin əskikdi ki?». Mənsə dilimi dişimin arasında  dinc saxlaya bilməyib: «Boşanmaq fikrim yoxdu, qardaş» dedim. Evli adamın səhnədə nə işi var? Getsin bozbaşını bişirsin, şorbasını qaynatsın. Səhnənin öz bozbaş müğənniləri də, şorba bulayanları da var. Amma ürəkdi də, arzulamasın, neynəsin? Təsadüfən kiminsə ağzından çıxmış söz ürəyimdə yer eləyib. Mənim, həqiqətən də, onlardan nəyim əskikdi? O vaxtdan bəri səhnəyə aparan keşməkeşli yol elə hey gözümün qabağında uzanıb gedir. 
Tutalım, qulaqlara qurğuşun, tam sərbəstəm, əlimə- ayağıma dolaşanım yoxdu. Balağını başına çəkmiş, küçələrdə tüğyan edən 15 yaşlı qızlar mənə rəqib ola bilməzlər. Bu mahnının bir işi var ki, onu sözlə oxuyurlar. Bu «balacalara» məktəb deyəndə əlifba bayramında ağ bantda şer deməyindən başqa heç nə xəyalına gəlmir.
Mahnı oxumaq asan məsələ deyil. Yubkanı qısaltmağı elə mən özüm də bacarıram. Nadir Qafarzadənin sözü olmasın, adama sponsor lazımdı. Qadınlarla dolu səhnəmizə ilk, ürkək addımlarını atanda o, az qala ağlayaraq deyirdi ki, bizdə yalnız qadınlar irəli gedə bilir, bəs kişilər necə olsun?! Fikir verirsiz, son vaxtlar daha şikayət səsi gəlmir. Ürəyimə damıb, ona da sponsor tapıldı, deyəsən. İmkan tapıb onunla məsləhətləşərəm. 
Bir nömrəli problem şlyaqer ola biləcək mahnını tapmaqdı. Keyfiyyətli əsər nüfuzlu şəxs tərəfindən sifariş verilməlidir ki, bəstəkar bu işə məsuliyyətli yanaşsın. Öz aramızdı, musiqi tariximizdə ən yaxşı mahnılar müğənniyə sidq-ürəkdən ithaf və hədiyyə edilmiş musiqilərdi. Aydın məsələdi, bəyəm bəstəkar kişi deyil? Sponsorun gördüyünü o da görmür? Amma musiqi tariximiz bu barədə cinayətkarcasına susur. Məncə, sözləri yazan şairin tapılması da heç problem olmaz. Mürəkkəbi hələ qurumamış şeirlərini əlində tutub ithaf eləməyə adam gəzən bir şair qarşısında əlçatan gözəlliyi görsə, tab gətirə bilər? Mahnı tapıldısa, onu yazdırıb səsləndirmək su içim kimi bir şeydi. Studiyalar, radiostansiyalar, maşallah-namxuda, zığ vurur «spesialist» və «professionallarla». Elə bil bu məsələdə hər şey ölçülüb-biçilib. Lap tənlik kimi səslənir: mahnı yaradan kişilərin sayı onu oxuyan qadın müğənnilərin sayına düz mütənasibdi.
Başqa bir mütənasiblik də odur ki, oxuyan qadınların sayı pullanan kişilərin sayından asılıdı. Atalar məsəli var: «Hər yığan adamın bir dağıdanı olmalıdı». Kişilərimiz də ki, adamı yarı yolda atannardan deyil. Qadın zəhləsini tökdümü, mütləq pullu-paralı bir yerə düzəldəcək ki, başını dolandırsın. Səhnədən yaxşı nə ola bilər? Bir növ həmişə gözünün qabağındadı. Mahnı yazmaq və mahnı oxumaq günün nəbzini tutmaq kimi bir şeydi. 19-cu əsrdə kişilər şeir, romanlar yazar, qadınlarsa hayıl-mayıl olub onlara qulaq asardılar. Peşəsindən asılı olmayaraq,  indi əksəriyyəti mahnı yazır. Mahnını seçib-sevdiyi müğənniyə verir, işbirliyi alınarsa, çoxlu mahnılar yaranarsa, yaradıcılıq gecələri keçirilir. Bu, xalqın rifahının bir növ göstəricisidir.
Qadın oxuyursa, deməli, onun həyatında hər şey yaxşıdı. Fikrinizə səhnədə oxuyanda ağlayan Rubabə Muradova gəlməsin. O vaxtlar demirdilər, indilərdə bilirik ki, nakam, cavabsız məhəbbəti varmış. Mənnən olsaydı, «Nizami» metrosunun yaxınlığındakı çadrasını başından atan qadın heykəlinin yerinə bütün komplekslərini üstündən tullamış mikrofonlu qadın heykəlini qoyardım. Cəmiyyətdə çadrasını atmış qadın haqqında biədəb sözlər də deyənlər var. Guya o dövrdə çadra atmaq alt paltarını başının üstündə yelləmək kimi bir şey idi. Amma elə həmin o cəmiyyətdə oxuyan qadınlara münasibət çox yaxşıydı.
Bu məsələdə bir problem var. Oralar yaman tünnükdü - səhnəni deyirəm - mənimsə tərs kimi uşaqlıqdan bəri kütlədən qorxmaq fobiyam var. Elə bilirəm, ayaq altında qalacam. Allah heç kimi arxasız qoymasın. Odur ki, mənimki başda olmaqnan, kişilər, üzümü hamınıza tuturam: «Arvadlarınızı bərk-bərk tutun!». Bilmirəm, hansı xalqın məsəlidi, amma güclü deyilib: «Əgər qadın bir şey istəyirsə, ona mütləq vermək lazımdı. Yoxsa özü götürəcək».




Gülnarə Rəfiq (Manafova Gülnarə Rafiq qızı) 1970-ci ilin mayın 10-da Bakıda doğulub. Orta təhsilini Bülbül adına orta musiqi məktəbində alıb. 1993-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakultəsini əla qiymətlərlə bitirib. Musiqişünas kimi Cavanşir Quliyevin bioqrafı kimi çalışıb. Bəstəkarın nəşr edilmiş bütün notlarının və disklərnin musiqi redaktorudur. Hazırda 13 saylı musiqi məktəbində solfecio və musiqi ədəbiyyatından dərs deyir.
1995-ci ildən bəri dövrü mətbuatda mütəmadi olaraq yazıları dərc edilir. «Çağ», «Ekspress», «Xalq cəbhəsi», «Avropa» qəzetlərində çalışıb. «Qobustan», «Ulduz», «Miracle» jurnallarında yazıları dərc edilib. Hazırda «Bizim yol» və «Odlar yurdu» qəzetləri ilə əməkdaşlıq edir.
Ailəlidir. 2 oğlu və gələcəyə çoxlu planları var.
Elektron ünvanı: gulnarerefiq@gmail.com

Комментариев нет:

Отправить комментарий