Страницы

01.06.2012

Mopassan: "Qan davası"


Paolo Saverini’nin dul həyat yoldaşı, Bonifacio qalasında kiçik və dağınıq bir evdə oğlu ilə birlikdə yalnız yaşıyırdı. Dağın iləri doğru səmaya uzanan yerində, hətta dənizin üzərində asılı kimi duran bu şəhər, ucubiz qayalıqlarla dolu boğazın üzərindən Sardinyanın daha alçaq sahillərinə baxırdı.

Aşağılarda, digər tərəfdə böyük bir dəhlizi xatırladan dik bir sahil, şəhəri haradasa bütünlüklə əhatə edərək liman kimi istifadə edilir ve İtalyaya da Sardinya’nın kiçik balıqçı qayıqlarını və hər on beş gündə bir Ajaccio səfərini edən köhnə tənginəfəs gəmini iki böyük qaya arasında uzun bir fırlanmadan sonra adanın ilk evlərinə çatdırırdı.
Dağın yamacları üzərindəki evlər, ağappaq ləkələr kimi görünürdü. Qayalıqlara asılı kimi duran və yabanı quşların yuvalarını xatırladan evlər, qorxu verən və gəmilərin keçə bilmədiyi bu boğaza baxırdı. Dəyanmadan dənizi və yeni-yeni otlara bürünən çılpaq sahili döyən külək , boğaza baş vurur və sahili gəmirirdi. Dalğaları deşərək yüksələn qayalıqların qapqara biz uclarına taxılıb qalan solğun köpüklərin izləri, suyun üzərində üzən cırıq -mırıq bez parçalarını xatırladırdı.
Bu yüksək sahilin kənarında dul xanım Saverininin evi, bu vəhşi və kədər verici üfüqə baxırdı.
Xanım Saverini, oğlu Antoine və uzun, sərt tüklü, çoban iti Sémillante ilə bu evdə yaşıyırdı. Antoine, bu iti ilə ova çıxardı.
Bir axşam, Antoine Saverini, dalaşdığı Nicolas Ravolati tərəfindən bıçaqlanaraq öldürüldü. Ravolati, daha o gecə Sardinyaya qaçmıştı .
Yoldan keçənlər oğlunun cəsədini gətirdiyində yaşlı ana, heç ağlamadı. Amma uzun-uzun oğlunun cansız bədəninə baxaraq, eləcə hərəkətsiz qaldı. Sonra dərisi qırışmış əlləriylə ölünü oxşadı və oğlunun qisasını alacağına söz verdi. Heç kəsin özü ilə birlikdə qalmasını istəmdi. Uluyan köpək və oğlunun ölüsüylə evə qapandı. Heyvan, quyruğunu qıçalarının arasına sıxışdırmış, yatağın ayaqucunda, başını sahibinə uzadaraq, dayanmadan uluyurdu. Uzun müddət sonra köpək artıq tərpənməz oldu. Yaşlı ana isə, cansız bədənin üzərinə əyilmiş, ölüyü seyr ederək iri və səssiz gözyaşları ilə ağlıyırdı.
Gənc adam, sinə hisəəsi parçalanmış yunla hörülmüş jaketi ilə, belüstü yatırmış kimi görünürdü. Hər yeri qan içindəydi. İlk yardım edilə bilməsi üçün cırılan köynəyində, qısa şalvarında, üz və əllərində qan var idi. Qan izləri , saqqalında, saçlarının içində donmuşdu.
Yaşlı ana, oğlu ilə danışmağa başladı. Səsin gürültüsünə görə köpək, ulamasını kəsdi.
- Get, get balam ,qisasın alınacaq yazıq oğlum. Yat, rahat yat. Qisasın alınacaq, məni eşidirsənmi ? Anan söz verir. Bilirsən, anan həmişə sözünü tutubdur!
Yaşlı qadın, ağır-ağır oğluna əyilərək soyuq dodaqlarıyla ölü dodaqları öpdü. Həmin vaxt, köpək inildəməyə başladı. Birdəfəlik və ürək parçalayan uzun bir inilti çəkdi.
Xanım Saverini və iti, sabaha qədər orada eləcə qaldılar. Antoine-ı Saverin sabahı gün toprağa verdi ve bir daha Bonifacioda heç vaxt onun haqqında danışılmadı.
Antoine, geridə nə qardaş, nə də yaxın bir qohum buraxmışdı. Qan davası güdəcək heç bir kişi nəsildə yox idi. Qan güdməyi düşünən yalnızca yaşlı anasıydı.
Xanım Saverini, boğazın qarşı sahilində, sabahdan axşama qədər bəyaz bir nöqtəyə baxırdı . Bu, çox yaxından izlənən Korsikalı quldurıarın sığındığı Longosardo adında kiçik bir Sardinya kəndiydi.Quldurlar, yurdlarının qarşı sahilində olan bu kənddə yalnız başlarına yaşıyırlar və geri dönmək üçün uyğun zamanı orada gözləyirlərdi. Yaşlı ana, Nicolas Ravolatinin də o kəndə sığındığından əmin idi.
Gün boyunca, tək başına pəncərənin yanında oturdu. Qisas almağı düşünərək qarşıdakı kəndə baxıb dayanırdı eləcə. Heç kimsəsi yox ikən , ölümə bu qədər yaxın və gücsüz ikən necə qisas alacaqdı? Amma söz verib, oğlunun ölüsü üzərinə and içmişdi. Nə andını unuda bilər, nə də gözləyə bilərdi. Nə edəcəkdi? Gecələri artıq yatmır, rahatlıq üzü görmür , ürəyi heç cürə dayana bilmirdi. Ayağını yorğana görə uzatmaq istəyirdi. Ayaqlarının dibində yatan it isə, arada bir başını qaldırır, uzaqlara tərəf uluyurdu.İt, sahibinin ölümündən bəri, sanki onu çağırırmışcasına, dayanmadan uluyurdu.
Bir gecə, Sémillante yenidən inildəməyə başlayanda, qəflətən yaşlı qadının ağlına vəhşi və yırtıcı bir qisas almaq düşüncəsi gəldi. Sabaha qədər bunu düşündü. Sonra, günün ilk işıqları ilə birlikdə qalxıb kilsəyə getdi. Yerlərə qapanaraq Tanrının hüzurunda dua etdi ki, oğlunun qisasını almaq üçün yaşlı bədəsinə güc verməsi, özünə yardım etməsi və dəstəkləməsi üçün yalvardı.
Sonra evə qayıtdı.Evin girişində,tavandakı deşikdən damlayan suları toplamağa kömək edən köhnə, dibi tutulmuş bir çəllək var idi. Çəlləyi yerə aşırdı, içini boşaltdı, daş və payalarla toprağa yaxşıca bərkitdi. Sonra da Sémillante bu yuvanın içinə zəncirleyib evə qayıtdı.
Yaşlı qadın, artıq otağında dayanmadan gəzir ,gözünü heç ayırmadan Sardiniya sahilinə baxırdı . Oğlunun qatili, o gədə orada idi.
Köpək bütün gün, bütün gecə uladu. Yaşlı qadın, səhər olunca itə bir qab su götürdü, ancaq nə çörək, nə də başqa bir yemək, heçbir şey vermədi.
Gün belə keçdi. Bitgin düşən köpək yatırdı. Ertəsi gün, gözləri parlayıb, tükləri biz-biz olmuşdu. Zəncirini çılğınca dartışdırırdı.
Qoca qadın, yenə sudan başqa heç nə vermədi. Getdikcə qudurğunlaşan heyvan, boğuq bir səslə hürürdü. Gecə beləcə keçdi.
Xanım Saverini, səhər olduğunda qonşusuna getdi və özünə iki dəstə saman verməsini istədi.Əvvəllər ərinin geyindiyi köhnə-kürüş paltarları çıxartdı və içini samanla dolduraraq, qarğaları qorxuzmaq üçün düzəldilən ağacdan adam düzəltdi. Sémillantenin yuvasının önünə yerə bir dirək basdırıb ağacdan adamı onun üzərinə bağladı ve köhnə parçalarından ağacdan adama bir dənə də baş düzəltdi.
İt, təəccüb içində, bu samandan adama baxırdı, aclıqdan qıvırılmasına baxmayaraq, səsini çıxartmırdı. Qoca qadın, qəssaba gedərək uzun bir parça donuz kolbasası aldı. Evə qayıdınca, girişdə, köpeyin yuvasının yanında manqal qalayıb əti kızartdı. Çaşmışa dönən Sémillante dayanmadan sıçırlayır, dumanı burnuna qədər gələn ət parçasına gözlərini tikib ağzından köpüklər axırdı.
Saverini ana, sonra bu dumanı qoxan əti, sanki içinə soxacaqmış kimi, ağacdan və samadandan olan adamın boynunun çevrəsinə bağladı. İşi qurtardıqda, itin zincirlərini açdı.
Heyvan, qorxunc bir hoppanmaq ilə ağacdan adamın boynuna çatdı və ayaqlarını çiyinlərinə qoyub ağacdan adamın boğazını parçalamağa başladı. Köpək, ağzında bir ət parçası ilə yerə düşür, sonra yeniden sıçırlayır, iti dişlərini ağacdan adamın boynuna keçirib bir neçə parça daha ət qopararaq təkrar yerə düşür və sonra yenə eyni şəkildə sıçırlayırdı. Heyvan, diş zərbələri ilə ağacdan adamın üzünü qoparıb, boynunu parçalayırdı.
Yaşlı qadın, səssiz və hərəktəsiz, iti izləyir. Gözlərinin içi parıldayırdı. Sonra köpəyi yenə zəncirlədi. Heyvanı yenə iki gün ac buraxdı və bu qəribə öyrənəcəkliyə yenidən başladı.
Xanım Saverini, üç ay boyu köpəyi bu cür mübarizə ilə, yeməyini dişlərinin gücü ilə əldə etməyi alışdırdı. Artıq köpəyi zincirə bağlamırdı amma onu bir əl harəkətiylə ağacdan adama hücum çəkdirə bilirdi.
Yaşlı qadın, köpeyi, ağacdan adamın boğazına ət gizlətmədən də ağacdan adama hücum çəkdirməyi bacarmışdı. Və mükafatında isə manqalda qızartdığı dalı donuz ətini verirdi.
İt,artıq ağacdan adamı görər-görməz titrəməyə başlıyır, gözlərini sahibinə çevirirdi. O da ona barmağıyla işarət verib, “Hücum!” deyə fışqıraq kimi bir səslə bağırırdı.
Saverini ana, artıq vaxtın gəldiyini düşündü və bir bazar səhəri, dərin bir həyəcan içində kilsəyə gedib dua etdi və günah çıxartdı. Evə qayıdıb kişi paltarları geyindi.O belə, yazıq, kasıb bir qocaya bənziyirdi. Sardinyalı bir balıqçı ilə bazarlıq etdi. O da onu, itiylə birlikdə boğazın digər tərəfinə keçirdi.
Yanında daşıdığı torbada böyük bir kolbasa parçası var idi ki, iti iki gündür acdır.Yaşlı qadın, tez-tez torbanı itə iylədib iti əsəbləşdirirdi. İtin gözləri sanki çönmüşdü.
Longosardoya gəldilər. Korsikalı qadın, xəfifcə topal kimi yeriyirdi. Çörək bişirənə Nicolas Ravolatinin harada yaşadığını soruşdu. Ravolati, köhnə işi dülgərliyə başlamışdı. Dükanında,tək başına işləyirdi.
Qoca qadın qapını itələyərək açdı və içəri səsləndi:
- Hey! Nicolas!
Kişi geri döndü. İtini sərbəst buraxan qadın qışqırdı:
- Hücum, hücum, parçala onu!
Dəliyə dönən it, irəli doğru atıldı və kişinin boğazından tutdu. Ravolati, qollarını uzadıb heyvana sarıldı və yerə yıxıldı. Bir neçə saniyə ayaqlarını yer vuraraq qıvrıldı. İt parça-parça etdiyi boyun ətlərini eşələrkən, Ravolati hərəkətsiz qaldı.
Qapılarının önündə oturan iki qonşu, yoxsul bir qocanın , cılız qara bir itlə çıxıb getdiyini və köpəyin gedərkən sahibinin verdiyi qarayanız bir şeyi yediyni gördüklərini çox yaxşı xatırladılar.
Saverini ana, axşam evinə dönmüşdü. O gecə sabaha qədər aramsız bir yuxu çəkdi.


(14 octobre 1883)


Fransız dilindən tərcümə edən: Nicat Kazımov (Nejat Kazım Khatayi)

Комментариев нет:

Отправить комментарий