Страницы

08.06.2012

Rus dilinin qrammatikası dəyişməlidir, yoxsa Vasif Talıbov?

XAQANI ƏLIYEV


Kütləvi savadsızlıq fonunda iqtidar dahamı ağıllı görünür?


Təxminən on gün əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bir internet kanalda təxminən 20 saniyə ərzində rus dilində danışdı. Məqsədim bu bir neçə cümlədə buraxılan kobud səhvləri təhlil etmək deyil, Əliyevlər rejiminin öz vətəndaşlarına zorla aşılamaq istədiyi “Vasif Talıbov standart”ından söz açmaqdır...

Vasif Talıbov Naxçıvan Pedaqoji Insititunun tarix-filologiya və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, əmək fəaliyyətinə Naxçıvan alt trikotaj (!) fabrikində, kadrlar şöbəsi inspektoru kimi başlayıb. Daha sonra fabrikin xüsusi şöbəsinə (!) başçılıq edib, müstəqillik dövründə isə, Naxçıvan MR Ali Məclisinin sədr köməkçisi, Nazirlər Kabinetinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini işləyib və on ilə yaxındır ki, Naxçıvanı idarə edir.
Mən təsadüfən onun təhsilini və tutduğu postları  xatırlatmadım, bu karyera sahibi, üstəlik tarix, filologiya, hüquq üzrə ali təhsil almış bir insanın rus dilində iki kəlmə danışa biməməsi, razılaşın ki, fəlakətdir.


Bu fəlakətin adı tayfa-klan hakimiyyətidir


...Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra 20 illik ənənəsi olan yerlibazlığa əsaslanan idarə sistemi yenidən bərqərar olundu. 1969-dan, 1989-cu ilə qədər ölkədəki, bütün mühüm postlar naxçıvanlılar və qərbi azərbaycanlılar tərəfindən tutulmuşdu. Əliyevin siyasətdən kənar qaldığı illərdə, həmin şəxslərin müəyyən hissəsi, Heydər Əliyev erasının bitdiyini zənn edərək Vəzirov və Mütəllibova sığınmışdılar, qalanlar isə vəzifələrini itirsələr də, sədaqətini itirməmişdilər.
Heydər Əliyev gəldi və artıq Kremldən asılı olmayan inzibati sistemi istədiyi kimi formalaşdırmağa başladı. Yerlibazlığın ən yüksək fazası olan tayfa-klan hakimiyyətini formalaşdırılmağa başladı. Ölkənin maliyyə-inzibati rıçaqları nəzarətə götürüldü, Heydər Əliyevin gəlişində müstəsna rol oynamış fiqurlar - Surət Hüseynov, Rəsul Quliyev, Əli Insanov, Əli Nağıyev, Sirus Təbrizli, Nemət Pənahlı, Rza Ibadov, Hüseyn Abdullayaev, eləcə də Fərhad və Rafiq Əliyev qardaşları həbs edildi və ölkədən didərgin salındı, bəziləri isə ən yaxşı halda zərərsizləşdirildi.  
Artıq bu proses başa çatıb, idarəetmədə ailənin nəzarət etmədiyi sahə yox dərəcəsindədir. Ölkə Vasif Talıbov dünyagörüşü, amiranəliyi, savadı ilə idarə olunur. Bu bir eksperimentdir, hələlik cəmiyyətin buna reaksiyası təhlil edilir, narazılıqların hansı miqyas alacağı ölçülüb-biçilir.
Bu idarəetmə Quba hadisələri zamanı iflasa uğradı, əhali icra başçısını devirdi, əmlakını yerlə-yeksan etdi, iqtidar bundan nəticə çıxarmaq əvəzinə güc strukturlarını Qubaya ezam etdi, lakin sual olunur, Azərbaycanın on-on beş bölgəsində, lap elə Naxçıvanda eyni vaxtda belə etirazlar baş qaldırsa, qabağı necə alınacaq? Qubanın keçmiş icra başçısının varidatı ilə Vasif Talıbovun əmlakı heç müqayisəyə gəlməz, Naxçıvanda, demək olar, bütün obyektlər ona məxsusdur.


Vasif Talıbovun 20 saniyəlik çıxışına  20 illik “hazırlıq”


Bəşəriyyət tarixinin ən qəddar diktatorlarından biri olan, Stalinin rus dilində etdiyi hər çıxışdan sonra, o zamankı maarif kommisarı Anatoli Lunaçarski rus dilinin qrammmatikasına ”dəyişikliklər" edirdi(!). Təxminən 90 il sonra oxşar hadisələr Azərbaycanda müşahidə olunur.
Hazırda mətbuatda biz Misir Mərdanov-Məleykə Abbaszadə duelinin şahidiyik. Guya biri o birini işləməyə qoymur. Cəfəngiyyatdır. Əslində onların hər ikisi mənə Lunaçarskini xatırladır. Bu illər ərzində onların hər ikisi yetişən gənc nəsildə Vasif Talıbovun ruscasına, Artur Rasizadə və Tağı Əhmədovun isə türkcəsinə (!) heyranlıq və məhəbbət aşılayıblar və son 20 ildə buna qismən nail olmağı bacarıblar.
Yaddan çıxan qohumlara görə hər il dərsliklərə əl də  “gəzdirirlər”.
Biz bunların fərqindəyik, odur ki, siz də özünüzü aldatmayın...


"Azadlıq"

Комментариев нет:

Отправить комментарий