Страницы

31.07.2012

Hər uşaq bezində bir stəkan neft var

Kirli uşaq bezinin çürüməsi əsrlər tələb edir 


O gün çoxmərtəbəli binanın həyətindən üzüyuxarı baxırdım. Binanın qarşısındakı ağaclar “bəzədilmişdi.”Ağaclarda salofan torbalar, istifadə edilmiş uşaq bezləri hər nə desən vardı. Uşaq bezləri sallana-sallana qalmışdı, yerə düşmək üçün güclü küləyi gözləyirdi. Kirli uşaq bezini yuxarı mərtəbədən tullayan haqqında yalnız bir söz demək olar.Bez dəyişdirməkdən bezmiş və məişət tullantısını atmaq mədəniyyətsizliyinə sahib insan. Bu ən yüngül qiymətdir.
Bu gün gündəlik uşaq bezlərindən demək olar ki, bütün analar istifadə edir. Bezi almaq və dəyişdirmək isə ən asan işdir. İndi nənələr, babalar da hər bezli uşağ görəndə, müasir analara bəxtəvərlik verirlər, “bezli uşağı saxlamağa nə var ki”, deyirlər.

Uşaq bezi “möcüzəsi” necə yarandı?


Uşaq bezlərini icad edən əlbəttə ki, xanım olub. Yalnız xanım özünün rahatlığını fikirləşib belə kəşf edə bilərdi. 1949-cu ildə yaranan ilk uşaq bezlərinin müəllifi amerikalı Marion Donoyandır. Yenicə ana olmuş Marion sabun qıtlığı zamanında körpənin altını dəyişməkdən və onun paltarlarını yumaqdan yorulmuşdu. Əvvəllər də geyimdə 20-dən çox kəşfə imza atan Marion həm körpəsinin, həm də özünün rahatlığı üçün “baş sındırmağa” başlayır. Əvvəlcə duş pərdəsinin bir hissəsini kəsir, ikitərəfli müsir bezlərə bənzər formada altlıq tikir. Sonra bu materialın uşağı bişirdiyini və hava keçirmədiyini yəqin edib, paraşüt neylonundan istifadə etmək qərarına gəlir. Bezin orta qatına isə pambıqdan xüsusi qat hazırlayır. Beləcə, yeni uşaq bezləri meydana gəlir. Marion bu bezlərin istehsalını genişləndirmək və getdikcə təkminləşdirmək qərarına gəlir. Nüfuzlu fabriklər bez “möcüzəsi”nə inanmır, amma getdikcə tələbatın artdığını görən Keko.Corp. adlı şirkət kütləvi istehsala başlayır.
Bu gün istifadə olunan gündəlik uşaq bezləri çox müasirləşdirilib və uşaqların rahatlığı üçün daha quru saxlayan tərkibə malikdir. Amma uzun illərdir, bezlərin üstünlükləri və zərərləri barədə mübahisələr də səngimir. Bu yaxında əlimə keçən bəzi yenilikləri paylaşmaq qərarına gəldim.


Oğlan uşaqlarına zərəri nədir?


İstənilən uşaq bezi üç qatdan ibarət olur. Körpənin yumşaq yerini quru saxlayan daxili, hidrofil(suçəkən) təbəqə, ardınca uşağın sidiyini kütləyə çevirən sellioz və geldən ibarət qat, sonuncu qat, uşağın ifrazatının bayıra çıxmasını ənğəlləyən plyonka təbəqədir. Vaxtiylə 150-200 qram olan bezin çəkisi bu gün 50 qrama çatıb, qalınlıqda da xeyli fərq var. Artıq illərdir, bütün dünya uşaq bezlərindən istifadə etməkdə davam edir. Hətta yenicə doğulan uşaq bezə bükülür. Bir bezin qiyməti bizdə 15-20 qəpikdən (yenidoğulmuşlar üçün) başlamasına baxmayaraq hamı istifadəyə çalışır. Həkimlərin özü də uşaqların rahatlığı naminə bezdən seyrək istifadə etməyi məsləhət görürlər.Uşaqların dərisi həssas olduğundan analar düzgün bezlərdən istifadə etməli, gigiyenik sertifikatı olan məhsulları almalıdırlar. Xüsusən, uşaqların yaş məsələsindən çox, çəkisinə uyğun bez seçilməlidir. Çünki körpələr müxtəlif çəkilərdə dünyaya gəldiyindən, çox vaxt yaşına uyğun olmayaraq ya kilolu, ya az çəkili olurlar. Bezlər körpənin əyninə dar olmamalıdır. Gündəlik bezlər uşağın cinsinə görə seçilməlidir. Pediatr Lalə xanımın sözlərinə görə, körpə günboyu bezdə qalmamlıdır. Ən azı 3-4 saatdan bir uşağın bezi dəyişdirilməlidir. Elə uşaqlar var ki, onlar 24 saat ərzində bezlə gəzirlər. Arada körpənin açıq saxlanılması lazımdır ki, cinsiyyət orqanı hava alsın. Bəzi analar, körpə bezini kirlətdikdə, onu nəm salfetlə silməklə kifayətlənirlər. Bu düzgün deyil. Xüsusən yay aylarında hər dəfə də olmasa körpə tez-tez ilıq suyla yuyulmalııdr. Körpələrin dərisi 2-3 yaşlarında tam formalaşır və qalınlaşır. Buna qədər dəri həssas olur, dermatitlər meydana gələ bilər. Körpə dərisi zədələnməsin deyə, xüsusi pudralardan istifadə etmək olar. Yay vaxtı kremdən istifadə məsləhət görülmür. Bişməcə, dərisi qızarmış körpələrin həmin nahiyyəsinə günəbaxan yağı və ya kartof kraxmalından istifadə etmək olar. Bu halda körpənin bezsiz saxlanılması tövsiyyə olunur. Sintetik materiladan hazırlanmış bezlər də körpələri qıcıqlandıra bilər. Bu bezlər zərərlidir. Diğər pediatr Validə xanım isə xüsusən, oğlan uşaqlarına bezin adət üzrə geyindirilməsinin əleyhinədir. Həkimə görə, oğlan uşaqlarının cinsiyyət üzvü bütün bədənin ən az hərarətli yeridir. Elə xalq arasında da belə deyim var. “Oğlan uşaqlarının cinsiyyət orqanı sərini sevir.” Doğrudan da, tibb də belə halda bezin istilikyaradan, hava keçirməyən xüsusiyyətini nəzərə alaraq oğlan uşaqlarına daha az bezdən istifadəni tövsiyyə edir. Hətta, uzun müddətli araşdırmaların nəticəsi göstərir ki, uzun müddət bezdə gəzən oğlan uşaqlarının cinsiyyət orqanı formalaşmadan geri qalır, və ya gələcəkdə qısırlıq əlamətləri meydana gəlir.
Bezin istifadəsinin tərəfində olmayanlar bir məsələni də qeyd edirlər. Bezdən davamlı istifadə edən uşaqlar böyük yaşlara gəldiyi halda tualet vərdişinə yiyələnmir. Əvvəllər bez olmadığı zamanlarda yaş yarım, iki yaşlı uşaqlar güvəcə( rus dilində bildiyimiz- qarşok) otururdularsa, indi 3-4 yaşlı uşaqlar belə mütamadi olmasalar belə bezdə gəzirlər. Psixoloq Zenfira xanıma görə, bu halda analar da istəkli olmalıdırlar. Axı bezdən davamlı istifadə ailə büdcəsinə də ziyan vurur. Uşaqlar daim quru qaldığından onlarda nəmliyi hiss etmək qavrayışı olmur. Analar çox vaxt tənbəlliyi uçbatından uşaqların güvəclə tanışlığına imkan yaratmırlar. Halbuki tədricən yalnız gecələr bezdən istifadə etməklə, heç bez geydirməməklə,` uşaqları utandırmaqla onları tualet tərbiyyəsinə yiyələndirmək mümkündür.
Bu arada qeyd edim ki, enurez-sidiyi saxlaya bilməmək xəstəliyinin yaranmasında mütamadi bezdən istifadənin rolu olduğu fikri də var.


Kirli uşaq bezinin çürüməsi 500 ilə başa gəlir


Uşaq bezləri nə qədər rahat olsa da, o kirləndikdən sonra mütləq atılmalıdır. Zibilxanalarda səliqəli bükülmüş və ya açıqca atılan saysız uşaq bezləri gözə dəyir. Bir uşağa gün ərzində ən azı 5-6 bez istifadə olunursa, onda bu rəqəmin bir və bir neçə ilə nə qədər bez olmasını təsəvvür etmək olar. Bu da o deməkdir ki, kirli uşaq bezləri məişət tullantıları arasında böyük kütləni tutur. Bu yaxında İngiltərədə maraqlı araşdırma aparılıb. Həmin araşdırmaya görə, atılan bezlər ətraf mühütə hesablanandan da çox zərər vurur. Ən əvvəl ona görə ki, bu bezlərin hazırlanmasında çox vaxt sintetik materiallardan istifadə olunduğu üçün onların çürüməsi də uzun zaman tələb edir. Bezlərin çoxunun istehsalında poliestr materialdan istifadə olunur. Bu təəccüb də doğursa, çürümə 20 ildən 500 ilədək bir zamanı əhatə edir. Onda belə çıxır ki, bir neçə əsr sonra insan öz əcdadının bezlərini torpaqdan qazıb çıxaracaq. Hər halda adı çəkilən araşdırmada belə qeyd olunur. Yaxud gündəlik uşaq bezlərinin hazırlanması üçün bir ildə 7 milyon ağac kəsilir. Başqa bir hesabata görə, istehsal prosesində xlorla ağardılan(bütün kağıza bənzər məhsullarda bu proses tətbiq olunur) uşaq bezində dioksin adlı toksik maddə meydana gəlir ki, bu maddə də körpənin sağlamlığını təhlükədə qoya bilər. Eləcə də, tullandıqdan sonra da ətraf mühütə ciddi zərər verə bilər. Nəzərə alaq ki, ABŞ-ın Ətraf Mühütün Qoruma Departamenti dioksini kanserogen maddələrin siyasına daxil edib. Dünya Səhiyyə Təşkilatı da istehsal olunan uşaq bezlərinə zərərli maddələrin hopduğunu bəyan edir. Artıq Avropada ağ kağız məmulatlarının hazırlanmasında xlorun əvəzedicilərindən(peroksid,sodiyum-hidroksid kimi) istifadə olunmağa başlanılıb. Bəzi istehsalçılar körpələrin sağlamlığını heçə sayaraq polietilen tərkibli bez istehsal etməkdən də çəkinmir. Bundan başqa, hər uşaq bezinin hazırlanmasında neft tullantılarından istifadə olunması da qeyd olunur. Bəzi uşaq bezlərində tərkibi yazılmasa da, Procter &Gamble şirkətinə məxsus olan məşhur “Pampers” bezlərinin qutularında yazılana diqqət etmək olar. Orada bezin istifadə olunmasında petrolatum maddəsi qeyd olunur ki, bu da tərkibində parafin olan maddədir. Bəzən bu maddənin adı vazelin kimi də çəkilir. Hətta bu maddədən kosmetika sahəsində geniş istifadə olunur. Mütəxəsislər bunun körpə dərisini çox halda zərərsiz olduğunu desələr də, ziyanlı tərəfini də bildirirlər. Uşaq bezinin gel təbəqəsinin isə poliakrelat natriumdan(sodium poliacrylate) hazırlandığı bildirilir. Bu maddə sidiklə kontakta girdikdə həssas körpə dərisində toksik şok deyilən fəsada gətirib çıxara bilər.
Bu arada qeyd edim ki, milli uşaq bezi istehsal edən yeni fakrikimiz də var. Yerli istehsalın tərəfdarı kimi bu bezlərin necə və nədən hazırlanması ilə tanış olmaq üçün ora müraciət etdim. “Leylək” yerli uşaq bezi fabrikinin rəhbərliyini təmsil edən Fərrux İbrahimovun sözlərinə görə, son texnologiya ilə istehsal olunan bezlərdə tam təbbi xamaaldan istifadə edirlər. Rəsmi nümayəndə artıq ilkin məhsulların şəhərin apteklərində satışda olduğunu dedi. “Bizim xamaal ABŞ-dan sifariş olunur, tam keyfiyyətlidir. Sentyabrda istehsal artırılacaq və respublikanı əhatə edəcək. “Leylək”uşaq bezlərini istifadə edən analar qiyməti özləri verə bilərlər. Çünki keyfiyyətinə təminat verdiyimiz bu bezlərdən biz də uşaqlarımıza tətbiq edirik.”


Geriyə qayıdış....


Bu gün yuxarıda sadalan fikirlərdən sonra inkişaf etmiş ölkələr gündəlik uşaq bezlərini yeni alternativləri ilə əvəz etməyə başlayıblar. İngiltərədə, Almaniyada, Türkiyədə təbii pambıqdan, maxer parçadan yeni, amma daha zərərsiz bezlər hazırlanır. Bu bezlər həm ailə büdcəsinə xeyir verir, həm körpənin sağlamlığını təhlükədə qoymur, həm də atıldıqdan sonra ətraf mühütə zərəri dəymir. Bir neşə dəfə yuyula bilən, ancaq effekti azalmayan, eləcə də körpəni quru saxlayan bu bezlərdən istifadə getdikcə çoxalır. Mütəxəsislər ekologiyanın təmizliyi naminə geriyə dönüşün olmasını vacib hesab edir.


Kirli uşaq bezləri yenidən emal oluna bilməz 


Bu gün ölkədə məişət tullantılarının yenidən emalını həyata keçirəcək bir neçə zavodun tikintisi davam edir. Bu zavodlar respublika prezidentinin 2008-ci ildə müvafik sərəncamına əsasən qurulur. Belə layihələrdən biri də Balaxanı poliqonunda zibilin çeşidlənməsi və yandırılması zavodudur. Zavod “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə həyata keçirilir. Kimya elmləri namizədi, “Ekooyl” Elmi-Ekoloji Cəmiyyətinin sədri Müslüm Qurbanova görə, məişət tullantılarının xüsusi zavodlarda məhv edilməsi dünya təcrübəsində də var. Bu xüsusi texnologiyanın sayəsində aparılır. Ekoloqun fikrincə, bizdə bu sahənin mütəxəsisləri hələ ki yoxdur. Yəqin, ötən zaman ərzində bu məsələ də həll olunacaq. Bu gün məişət tullantıları arasında polietilen və xlor-üzvi birləşməliləri çoxluq təşkil edir. Bu zibilin çeşidlənməsi prosesində seçiləcək. Zərərli tərkibli maddələr emala verilməyəcək. Buna uşaq bezləri də daxildir. Atılmış uşaq bezlərinin tərkibi onun tez zaman ərzində çürüməsinə imkan vermir. Həm də onun tərkibində sünü ağardıcıdan istifadə olunduğundan çürümə zamanı ətraf mühütə zərərli maddə olan dioksin yayılır.”
Qeyd edim ki, hazırda “Təmiz şəhər”ASC-nin monitorinq qrupu zavod tikiləcək yerdə torpağın tərkibini öyrənir. İlkin nəticələrdə bayaqdan adı çəkilən dioksin maddasinin adı çəkilir. Belə ki, götürülən torpaq nümunələrinin analizi zamanı orada dioksin və fuarların vəziyyəti normadan artıq olub.
Bizsə, çirkləndirdiyimiz təbiətdə yaşamağa və onu kirlətməkdə davam edirik...


Raminə Eyvazqızı                      qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий