Страницы

28.07.2012

Saqi, mey ver, genə bir tazə günah istəyirəm...

 Seyid Əzim Şirvani


O gün olsun ki, səni məclisi-səhbadə görüm,
Gənə dəstində qədəh, meylüvi minadə görüm.


O gün olsun ki, səri-kuyivə, düşsün güzərim,
Özümü izzət ilə cənnəti-məvadə görüm.


Gecə baxmaq nə qədər ayinəyə şum isə də,
Tək üzün ayinəsin zülfi-şəb-asadə görüm.


Bu təmənnadəyəm, ey gül ki, şəhidin mən olum,
Ölərəm qeyrini gər mən bu təmənnadə görüm.


Səndən ötrü nə qəmim, düşsə başım qovğayə,
Təki mən sağ olum, öz başımı qovğadə görüm.

Hər kün əğyarə nəsib oldu cəmalın ey mah,
Olmadı bir gecə kim, mən səni röyadə görüm.


Məqsədim, şəşəəyi-mahi cəmalındı sənin,
Xah məsciddə onu, xah kəlisadə görüm.


İki zülfün arasından görünə mehri-rüxün,
Genə ol əxtəri-rəxşəndəni Cövzadə görüm.


Seyidda, doğranı narinc kimi bu dili-zar,
Əgər ol Yusifi mən bəzmi-Züleyxadə görüm.
***


saqi, mey ver, genə bir tazə günah istəyirəm,
qara göz, nameyi-əmalı siyah istəyirəm..


nədi xətdən bu hicabın, götür ol bürqəni kim,
etməgə nameyi-əmalı təbah, istəyirəm..


bikəsü dərbədərəm püştü pənahım yoxdur,
özümə lütfi-xudavəndi pənah istəyirəm..


asitanən itinə istəyirəm həmdəm olam,
maşallah, nə gözəl rütbəvü cah istəyirəm!


qərəzim xaki-dəri-yarə gədalıqdı mənim,
mən gədazadəyə bax, rütbeyi-şah istəyirəm..


mehrim artar sənə rüxsarüvə gəldikcə xətin,
daim ol bağdə mən mehrü giyah istəyirəm..


çağırın Qeys ilə Fərhadı yığılsın başıma,
Seyyidəm, ərseyi-eşq içrə sipah istəyirəm..
***

Kim ki, istər özünü sərvəri-əyyam eləsin,
Dəri-meyxanəni öpsün, tələbi-cam eləsin.


Abi-Kövsərdə mənim hər nə nəsibim varsa,
Döndərib rəbim onu badeyi-gülfam eləsin.


Yar gəldi, hamı öz dərdinə məşğul oldu,
Qalmadı kimsə ki, əhvalıma əncam eləsin.


Sən nə kütahsən, ey şami-visali-dilbər,
Həq mənim ömrümü kəssin sənə ən'am eləsin.


Zülfi xəttin gətirir arizinə cananın,
Kafər istər, əcəba, kafəri islam eləsin?


Olsa nakamlığım gər o pərinin kamı,
Dili-divanəmi həq dəhrdə nakam eləsin.


Seyyid ol zülfü rüxündən ki, hekayət söylər,
İstəyir kim günün ol vəch ilə axşam eləsin.
***

Oldu sənsiz çəmən, ey gul, məni şeydayə qəfəs,
Nə çəmən, cümlə cahandır məni rüsvayə qəfəs.


Aşiq azadə gərəkdir ki, dönər zindanə,
Bərgi-güldən ola gər bülbüli-şeydayə qəfəs.


Ağladı bülbül əgər mən kimi hicran gecəsi,
Nə üçün dönmədi bir mövclü dəryayə qəfəs?


Əndəlibi-çəmənü-güldə olan zati-şərif,
Nə əcəbdir dəyə gər cümleyi-dünyayə qəfəs.


Seyyida, aləmi-surət əgər olsaydı fəna,
Ləfzlər olmaz idi dəhrdə mə'nayə qəfəs.

Комментариев нет:

Отправить комментарий