Страницы

01.08.2012

Elmin səmimiliyinə niyə inanmıram?

Elçin Bayramlı


Tez-tez mətbuatda ziddiyyətli informasiyalarla yayılır ki, bəs “filan şey insana xeyirlidir, filan şey zərərlidir...”
Əksər hallarda “alimlər sübut ediblər ki...” qəbilindən olan antipod məlumatların da sayı-hesabı bilinmir. Hansısa mərkəzlərdən məqsədli məlumatlar yayılır və bizim media da ya bilərəkdən, ya da bilməyərəkdən bunu yayıb qlobal hadisəyə çevirir.
Təsəvvür edin ki, qəzetlərin birində belə bir informasiya gedir: “Sən demə, şokalad insan sağlamlığının ən yaxın dostu imiş, alimlər sübut ediblər ki, hər gün 2-3 dəfə şokalad yeyən adam daim şən əhvalda olur, qan dövranı yaxşı işləyir, əsəbiləşmir, həzm prosesi normal gedir...”
İnsanların yaralı yerindən yapışıblar. Soruşan da yoxdur ki, hansı ölkənin alimləri, hansı institut, hansı elmi mərkəz?  Mənbə haradır, nə vaxt sübut olunub..? Cavab yoxdur. İnformasiya və ya qonorar xatirinə informasiya.

Aydındır ki, bu kimi xəbərlər məqsədli şəkildə bəzi şirkətlər tərəfindən ortaya atılır, amma bizim mətbuatda diletantlar üstünlük təşkil etdiyindən mahiyyətinə varmırlar. Lakin ədalət naminə deyək ki, bəziləri hərif deyil, məqsədli şəkildə belə məlumatları yayır.
Doğrudan da, ziddiyyətli informasiyalardır; bir gün deyirlər, filan şey xeyirlidir, bir həftə sonra deyirlər ki, zərərlidir. Burda informasiya savaşı getdiyini bilməyə nə var? Bir transmilli şirkət öz məhsulunu satmaq üçün alimlərə pul verib saxta rəy alır, rəqibi isə pulla başqa alimləri “kirayə” tutub bunu elmi şəkildə araşdırıb əksini dedizdirir. Hələ bir çox hallarda bunu xeyli şişirdirlər də.
Genetik modifikasiyanın isə bəşəriyyətin və təbiətin əsas məbədinə həyasızcasına təcavüz olduğunu bilmirlərmi, guya? Son illərdə bitki, heyvan aləminə müdaxilə insanın genetik strukturunu dağıtmaq və bioloji sistemin darmadağın edilməsinədək irəliləyib. GMO əkinlər dünyanı başına götürür, təbii sortlar yoxa çıxarılır, torpaq təbii təyinatını dəyişir, ekoloji faciə yaranır, insan qidası süniləşir və orqanizm təbiətdən almağa məcbur oldugu elementləri ala bilmir. Nəticələri isə göz qabağındadır...
Son kəşflərin birmənalı və istisnasız olaraq hamısı insan sağlamlığına, təbiətə ciddi zərər verir. Məsələn, mobil rabitə, nüvə obyektləri, GMO, kimyəvi istehsalın əhatə dairəsinin genişlənməsi, LSD, kompyuter, 3-5-7...D filmlərin psixikaya dağıdıcı təsiri kimi saysız problemlər də məhz elmin “nailiyyətləridir”.
Soyuducu sistemlərin hətta ozon qatını belə dağıtdığını söyləmək isə artıqdır.
Qısası, hazırkı elm sürəkli olaraq insanlara və təbiətə zərər verən texnologiyalar kəşf etməklə məşğuldur. Çünki elmi mərkəzlər konkret olaraq qlobal dairələrin əlində alətdir. Məhz bu üzdən bizim bir özəl televiziyada əvvəl deyirlər ki, “alimlər sübut ediblər ki, ana südü zərərli imiş”.
Ardınca da deyilir: “Alimlərin son araşdırmalarına görə, alkoqollu içkilər insana xeyrlidir”...
Mobil telefonların dəhşətli zərərlərini ortaya çıxaran alimlərin iri mobil telefon istehsalçıları tərəfindən pulla ələ alınması və ciddi rüşvət müqabilində bunu gizlətməsi rəzaləti ortaya çıxandan sonra artıq heç nəyə inanmağa dəyməz. Özü də bunun ÜST-də baş verməsi lap təəccüblü idi.
Sizi bilmirəm, şəxsən mən daha elmə inanmıram, daha doğrusu elmə inanıram, onun səmimiliyinə inanmıram. Ziddiyyətli informasiya axını içində başımız itəndə bütün bu məlumatları bir kənara qoyub, dədə-babadan sınaqdan çıxmış ənənəvi sağlam həyat tərzini, qidalanma, təbii geyim, təbii ev quruluşunu...  xatırlayıram. Və heç bir maddi marağı olmayan sovet alimlərinin dediklərilə indiki pula satılan Qərb “alimlərinin” dediklərini tutuşdururam.
SSRİ-də elmin nailiyyətləri, alimlərin fəaliyyət məqsədləri ancaq xalqın, ölkənin inkişafı üçün səmimi olaraq ortaya qoyulurdu. Sovet alimlərinin kəşfləri insanların sağlam həyatını və düzgün inkişafını təmin etməyə yönəlirdi. Çünki sosializm cəmiyyətində alimlərin biznes maraqları naminə saxta elm yaratması üçün heç bir imkan və şərait  yox idi.
Kapitalist dünyasında isə hər şey biznes maraqları naminə qurban verilir. Əsas məsələ mümkün qədər tez və sürətlə, daha çox pul qazanmaqdan ibarətdir. Loru dildə desək, Qərb elmi mərkəzləri böyük korporasiyaların əlində alətdir. Qərb alimlərinin böyük əksəriyyəti ələ alınmış və qlobal maqnatların biznes maraqlarına tabe etdirilib.
Hansısa bir dərman preparatı uzun onilliklər insanların qarnına doldurulur və sonra məlum olur ki, bunun çox dəhşətli zərərləri var imiş. Kofenin, çayın, şokaladın, çörəyin, şəkərin, ətin, duzun... xeyiri və zərəri haqda uzun sürən elmi informasiya müharibələri gedir. Əmilər, xalalar, bir qərara gəlin, bunlar zəhərlidir, yoxsa xeyirli?
İnsan “moşennik”lərinə inanmayın, yalnız təbii, müdaxilə olunmamış qidalara, təbii geyimlərə, təhlükəsiz texnologiyalara üstünlük verin. Məsələn, mikrodalğalı sobada yeməyi qızdırmaq kimi dəhşətli cinayətə yol verməyin. Mobil telefonu beyninizə sıxıb uzun-uzadı qeybət eləməyin. Süni qidalardan, GMO-dan aralı durun, saxta dərmanların əvəzinə təbii müalicə üsullarına üstünlük verin. “Televizorda deyiblər” söhbətini qurtarın. Yoxsa, vəziyyət yaxşı olmayacaq...


elçin.bayramli@hotmail.com                 teleqraf.com

Комментариев нет:

Отправить комментарий