Страницы

07.09.2012

HƏRDƏN BELƏ DƏ OLUR

 MİRBAĞIR FƏYYAZ

Hicransa hər eşqin tini,
Unudub  nifrəti, kini
Məni  gizli  bir  söz  kimi
Ürəyində  saxlayarsan...

Fərhadam  külüngü  təmiz,
Şirin  yanında  qul, kəniz.
Mən  qumlu  sahil, sən  dəniz
Əsib – coşub  çağlayarsan...

Xəstə  dərdin  həkim  bilir
Gəl, nazını  çəkim  bilim.
Həyatdır, canım, kim  bilir
Bir  gün ölsəm  ağlayarsan...

YOXLUĞUM

Niyə  darıxırsan,  bax  bu  suala
Özün də  bir  cavab  tapa bilmirsən.
Gözünü  çəksən də  şəkillərimdən
Ama, xəyalımdan  qopa bilmirsən.

Şəklimi  özünə  təsəlli  bilmir
Qara gözlərində  açdığım  izlər...
Dağılıb  ruhunun  dərinliyinə
Titrək nəfəsimlə  dediyim  sözlər...

Zülmət  gecələrdə  tutduğun  dilək
Qara  kölgələrdən  ümid  dilənir.
Qara  tellərini  dağıdan  külək
Arıq  əllərimi  əvəz  eləmir...

HƏRDƏN BELƏ DƏ OLUR

Atıb  qürurunu  bu  bayram  günü
Mən  elə  bilirdim,  zəng  edəcəksən.
Hamının  şad  günü, firavan  günü
Məni də  bir  anlıq  yad  edəcəksən...

Gözlədim, həsrətim  çox  uzun oldu,
Zəng  gəldi, telefon  dəstəyi  susdu.
Hisslərin  danışdı, mənsə  dinlədim,
Dilimin  neçə  söz, istəyi  susdu...

Bu  bayram  günündə, bu  yeni  ildə
Köhnə  xatirələr  ilində  qaldım.
Telefon  dəstəyi  sənin  əlində
Sənsə  qürurunun  əlində  qaldın.

mirbagir.feyyaz@mail.ru

Комментариев нет:

Отправить комментарий