Страницы

15.09.2012

Jurnalistlər Araz Quliyevin həbsini pislədi

Əvvəlcə Araz Quliyevin kimliyi barədə qısa araşdırma apardıq
Quliyev Araz Faiq oğlu 1979-cu il Masallı rayonunun M.Əzizbəyov küç.19 da anadan olub 1985-ci il Masallı rayon Rafiq Əlihəsənov adına 1-li orta məktəbinə daxil olub. 1996-cı ildə orta məktəbi bitirib, Azərbaycan Neft Akademiyasına ali məktəbə daxil olub. 2 il orada təhsil alıb. Daha sonra müəyyən səbəblərə görə təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. 1999-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. 2001-ci ilin yanvar ayında hərbi xidməti başa vurub. Araz Quliyev uşaq vaxtlarından Allaha ibadət edib. Masallı rayonunda İslam dinin təbliği ilə də məşğul olub. Masallı rayonunda işlədiyi firmadan namaz vərəqləri payladığı üçün çıxarılmışdı.
 2 ildir jurnalist fəaliyyəti ilə məşğul olan Araz Quliyev bu günə qədər dəfələrlə polis bölməsinə çağırılmış, inzibati cəzalar da almışdı. Son olaraq Masallıda milli folklor festivalı zamanı keçirilən diskotekaya dindarlar etiraz etmişdilər. Məsələni işıqlandıran jurnalist Araz  Quliyev və etirazçılardan daha 3 nəfər saxlanılmış, barələrində xuliqanlıq maddəsi ilə cinayət işi açılmışdır. Jurnalist Araz Quliyev hazırda Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.
İslamazeri.az internet qəzeti jurnalist Araz Quliyevin həbs olunması ilə bağlı media nümayəndələrindən münasibət öyrənib.
“Xebername.org” internet qəzetinin xüsusi müxbiri İlkin Məmmədov Araz Quliyevin həbsini qınıyaraq deyib: “Araz Quliyevin həbsi göstərir ki, hələ də Azərbaycanda azad mətbuat anlayışı yoxdur. Daha doğrusu azad mətbuatın səsinin ucalmasına süni şəkildə maneə törədilir. Qeyd edim ki, Araz Quliyev həbs olunan zaman polis tərəfindən vəhşicəsinə döyülüb, hətta aldığımız məlumatlara əsasən gecə Araz Quliyev və onunla birgə həbs olunanlar polisin işgəncəsindən vəziyyətləri ağırlaşıb və qorxuya düşən polis işçiləri 2 dəfə təcili tibbi yardım çağırıblar. Bu vəhşiliyə ilk öncə bir vətəndaş kimi təssüflənirəm və bir jurnalist olaraq bildirirəm ki, repressiya xarakterli həbslər Araz Quliyev və onun kimi jurnalistləri bu günə qədər qorxuzmayıb və qorxuzada bilməz. Araz Quliyev və onun kimi təzyiqlə həbs olunan bütün jurnalislərin azadlığa çıxmasını tələb edirəm. Sonda qeyd edim ki, bizim rəsmilərdən gözləntimiz budur, jurnalistlərin həbsi dayandırılmalıdır və söz azadlığının pozuntularına yol verilməmlidir.
“İslamazeri.az” internet qəzetinin Baş redaktoru Ramin Bayramovun Araz Quliyevin həbsinə münasibəti: “Azərbaycanda bu ilk hal deyil. Çox təəssüflər olsun ki, bəzi məmurlar jurnalistləri daim qanunsuz olaraq həbsində maraqlıdırlar. Araz Quliyevə gəldikdə isə, o cənub bölgəsində tanınmış jurnalistlərdəndir. Deyə bilərəm,"onlayn" fəaliyyət göstərən 1-2 sayt varsa biri də onun rəhbərlik etdiyi xeber44.com saytıdır. O hicab qadağasına etirazları, rayonda baş verən neqativ halları işıqlandırdığına görə həbs edilib. Arazın məsələsini də işıqlandırmaq lazımdır. Mən onun da, Nicat Əliyevin, həmçinin digər həbs edən jurnalistlərin də "Vicdan məhbusu" kimi tanınacağına inanıram. Bunun üçün ölkəmizdə fəaliyyət göstərən jurnalistlərin hüquqlarını müdafiə edən "RATİ" və onun kimi təşkilatlar, həmçinin ölkə xaricində fəaliyyət göstərən başda "Sərhədsiz Reportyorlar" olmaqla bütün jurnalistləri müdafiə edən təşkilatları bu haqda xəbərdar etmək lazımdır. Əlbəttə ki, mənim işımi işıqlandırdığına görə hər bir təşkilata və nümayəndələrinə də fürsətdən istifadə edib öz təşəkkürümü bildirirəm.
“Azadxeber.org” internet qəzetinin baş redaktor əvəzi Pərvin Zeynalın münasibəti: “Əlbəttə ki, bir jurnalist olaraq Araz Quliyevin həbsini pisləyirəm. Jurnalistin döyülərək həbs olunması bir adət halını alıb. Bu cür hadisələrə isə ictimai qınaq çox azdır. Buna səbəb, bəzi media qurumlarının bu işdə maraqlı olmamasıdır. Həbsxanalarda jurnalistlərin sayının artması gələcəkdə media üçün fəlakətə səbəb ola bilər”.
“Faktxeber.com” internet qəzetinin xüsusi müxbiri Orxan Ələmdarın Araz Quliyevin həbsinə münasibəti: “Bildiyimə görə Araz Quliyev Masallıda jurnalist fəaliyyəti ilə məşğul olub. İstənilən  təqsiri olmayan insanın həbs edilməsi onun dinindən, milliyətindən və peşəsindən asılı olmayaraq qanunsuzdur. Ələxsus da jurnalistlərin həbs edilməsi dözülməz və qəbuledilməzdir. Bu kimi hallar hər-halda ölkəmizdə mövcud olan avtoritarizmdən xəbər verir. Çünki bu günlərdə təkcə Araz deyil, Tofiq Yaqublunun qızı Nigar da həbs olunub. Bundan əlavə öz inanclarına və siyasi fəaliyyətlərinə görə ötən il də kifayət qədər ictimaiyyət nümayəndələrimiz həbs edilib. Nə demək olar, bir jurnalist olaraq cəmiyyətimizdə qanunsuz olaraq baş verən bütün hadisələri pisləyirəm”.

Tural Əli          İslamazeri.az

Комментариев нет:

Отправить комментарий