Страницы

13.10.2012

Beşinci kolon

Elçin Bayramlı

bp-nin neft oğurlaması, ölkəyə gətirilən avadanlıqların dəyərindən xeyli baha sənədləşdirməsi, əcnəbi işçilərə onlardan xeyli yüksək səviyyəyə malik yerli mütəxəssislərdən 10 dəfə çox əməkhaqqı verməsi haqda da tez-tez məlumatlar yayılır

Ölkə prezidentinin hökumətin müşavirəsində səsləndirdiyi bəzi fkirlər və ittihamlar cəmiyyətdə maraqla qarşılanıb. Dövlət başçısı açıq bəyan edib ki, neft müqaviləsi üzrə konsorsiumun operatoru olan bp şirkəti proqnozları yerinə yetirmir. Nəticədə neft hasilatı bir neçə ildir davamlı şəkildə və iri həcmdə azalır.

İlham Əliyev bu tendensiya nəticəsində ölkənin zərərinin (daha doğrusu əldə edilə biləcək, amma bp-nin kobud səhvləri üzündən əldə edilməyən gəlirin) 8 milyard dollardan çox olduğunu bildirib. Maraqlı orasıdır ki, neft hasilatının azalması Əsrin kontraktında- Hasilatın Pay Bölgüsü (PSA) üzrə  Azərbaycanın payının artmağa başladığı vaxtdan start götürüb. Yəni, loru dildə desək, xaricilər öz qoyduqları 28 milyard dollar investisiyanın əvəzində 73 milyardlıq nəhəng gəlir götürəndən sonra.
Məsələ burasındadır ki, Azərbaycanın payı 25 faizdən artaraq 75 faizə çatması nəzərdə tutulandan daha tez baş verib. Bu da son illərdə dünya bazarında neftin qiymətinin 90-cı illərdə hazırki dövr üçün ehtimal edildiyindən xeyli yüksək olması sayəsində mümkün olub. Belə məlum olur ki, bunlar öz sərmayələrinə nisbətən 3 qat artıq gəlir götürəndən sonra və bizim payımızın ən yüksək səviyyəyə çatdığı məqamda cığallıq edirlər.
Ekspertlər deyir ki, yaxın dərinlikdəki neft sürətlə çıxarılıb, indi daha dərin qatlardan hasilat əldə etmək üçün texnologiya səviyyəsi artırılmalı, başqa sözlə, əlavə vəsaitlər xərclənməlidir. bp də bu xərci çəkmək istəmir. Çünki bundan sonra çıxarılacaq neftdən müqavilə üzrə Azərbaycanın götürəcəyi pay 75-80 fazi təşkil etməlidir ki, yerdə qalan paya görə bp və onun rəhbərlik etdiyi beynəlxalq konsorsium əlavə sərmayə yatırmaq istəmir.
Oktyabrın 4-də bp “Dərinsulu Günəşli” platformasında hasilatı dayandırıb. Hasilatın dayanması düz 25 gün çəkəcək. Deyirlər ki, təmir aparılır. İlham Şaban demişkən, dünya bazarında neftin qiyməti 115 dollar olduğu halda, əcəb vaxt tapıblar təmir üçün.
Təbii ki, 2012-ci ildən sonra hasilat səviyyəsinin azalacağı ehtimal olunurdu. Lakin prezidentin açıqlamasındakı eyhamlardan və bp-nin proqnoza qarşı hasilat tempinə baxdıqda məlum olur ki, burda süni tendensiyadan söhbət gedir. Çünki PSA elə hazırlanıb ki, bp daha az çıxarmaqla belə bir şey uduzmur, yalnız Azərbaycan daha az qazanır.
bp-nin neft oğurlaması, ölkəyə gətirilən avadanlıqların dəyərindən xeyli baha sənədləşdirməsi, əcnəbi işçilərə onlardan xeyli yüksək səviyyəyə malik yerli mütəxəssislərdən 10 dəfə çox əməkhaqqı verməsi haqda da tez-tez məlumatlar yayılır. Yəni, konkret olaraq bp Azərbaycanı aldatmağa çalışır.
Sözüm onda deyil, tarix boyu çox aldanmışıq. Mənə qəribə gələn o oldu ki, dövlət başçısının ölkənin mənafeyini qoruyan açıqlamasından və vəziyyəti faktlarla ortaya qoymasından sonra gözlədiyimdən xeyli sayda politoloq, jurnalist, iqtisadçı... bp-nin müdafiəsinə qalxdı. Düzdür, çoxları bunu ustufca edirlər, amma açıqlama və yazılara azacıq diqqət yetirəndə hiss olunur.
Neyləmək olar, qrantları Avropadan, Amerikadan gəlir, hər il xarici səfərlərə aparılırlar, mükafatlar və və sair zadlar əldə edirlər. Bunları havayı verərlərmi? Bəs belələrini niyə bəsləyirlər ölkə içində? Lazım gələndə onların mənafeyini müdafiə etmək üçün təbii ki.
Xalqın gözünün içinə  baxa-baxa nağıl danışmaq, mövzunu yayındırmaq nəyə lazımdır? Yəni, böyük siyasi, elmi, mədəni potensialı, ziyalı kontingenti olan bir ölkədə sizin nəyi niyə dediyinizi anlayacaq biriləri yoxdurmu düşünürsünüz?
Uşağa da aydındır ki, bu proses niyə baş verir, nə məqsədlə edilir... Burda qərb şirkətlərinin iqtisadi maraqları qədər də təmsil etdikləri dövlətlərin siyasi maraqları güdülür. Bu iqtisadi diversiyanın arxasında İrana qarşı koalisiyada yer almaqdan imtina dayanmış olmasın?
Bizim bu prosesdən çəkdiyimiz zərər, əldə etmədiyimiz pullar, oğurlanmış vəsaitlər ölkəmizin, xalqımızın həyatında mühüm roy oynayır. Mənim də, sizin də, övladlarımızın da həyatı, gələcəyi bundan asılıdır. Heç olmasa ümummilli məsələlərlə xalqın mənafeyinə, dövlətin maraqlarına zidd getməyin. Bu namərdlikdir, xəyanətdir, gizli düşmənçilikdir. Bu xalq bir vaxt hər şeyin hesabını soracaq. Beşinci kolonun məhkəməsi bütün dövrlərdə və bütün ölkələrdə ağır olur.

elçin.bayramli@hotmail.com                    teleqraf.com

Комментариев нет:

Отправить комментарий