Страницы

07.10.2012

“Göllər diyarı“nın kommunizmi

“Finlandiya öz insanlarına ana bətninə düşəndən sahib çıxan ölkədir”

İlahə Ucaruh: “Ölkəmiz yalnız “Eurovizion”a qatılandan sonra Finlandiyada tanındı”

“Ordan görünən Azərbaycan” rubrikasının bu dəfəki qonağı Finlandiyanın böyük sənaye şəhərində, Tamperede yaşayan soydaşımız, tərcüməçi İlahə Ucaruhdur.

- Finlandiyanı və yaşadığınız şəhəri oxucularımıza necə təqdim edə bilərsiz?
- “Finland” sözünü qonşu ölkə sakinləri isveçlilər qoyub, tərcümədə “sonuncu diyar, torpaq, ölkə” deməkdir. Finlilər özlərinə suomi, dillərinə suomi və ölkələrinə Suomi deyir. “Suo” bataqlıq, göl deməkdir, “mi” isə əski dillərindən qalmış “min” deməkdir: min göl ölkəsi...

Ölkədə 187 888 göl var. Finlandiyanı və yaşadığım şəhəri keçmiş bataqlıq və ormanlar üzərində qurulan cənnətməkan adlandırardım. Dövlətin öz vətəndaşlarına və sakinlərinə hər mənada sahib çıxan diyar! Dünyada ən saf suyu və havası ilə qürur duyan Suomi. Burada yaşayan ruslar Finlandiya haqda yarı kədərlə, yarı zarafatla belə deyir: “Leninin kommunizm vədlərini həyata keçirmiş ölkə...”
“Finlandiya” deyəndə ağlımıza ilk gələn Laplandiya maralları, bol qar, Nokia telefonlarıdır, amma bu yurdun əsil sərvəti vicdanlı insanlarıdır. “Bəyaz Zambaqlar Ölkəsində (Finlandiyada)” Kamal Atatürkün ən çox sevdiyi kitab idi. Bu 1923-cü ildə Qriqori Petrovun rusca qələmə aldığı “Finləndiə - strana belıx liliy” kitabdır. Q.Petrov Finlandiyanı çox sevmiş, bu ölkəni qarış-qarış gəzmiş, buraya olan marağını, rəğbətini oxucularla bölüşmüşdür. Əsər XIX yüzilliyin sonlarında Finlandiya xalqının durumunu, cəhalətdən qurtulmaq üçün bu ölkədəki bir ovuc aydının verdiyi mücadiləsini anladır, bataqlıqlar içində yerləşən, neft, qaz kimi təbii sərvətləri olmayan kiçik bir ölkənin nöqsansız bir iqtisadiyyat, siyasi, mədəni bir intizam, cəmiyyət qurduğundan bəhs edir.
Əsər bolqar dilindən türkcəyə ilk dəfə 1928-ci ildə çevrilib və “həyatı yeniləşdirmə” təlimatı kimi həm adi, həm də hərbi məktəblərin tədris proqramlarına salınmasına Atatürk tərəfindən əmr verilmişdi. Maraqlıdır ki, suomilər bu kitabı ilk dəfə 1978-ci ildə türk dilindən çevirib oxuyublar. Əsərin ərəbcə və kürdcə nəşrləri də mövcuddur! Gerçəkdən də, Suomidə getmiş və gedən siyasi, mədəni, iqtisadi gəlişmələr hər bir dövlət və xalq üçün örnəkdir.

- Finlandiyaya necə getdiniz? Ümumiyyətlə, bu ölkədə həm dövlətin, həm yerli əhalinin miqrantlara münasibəti necədir?
- Suomiyə Birləşmiş Millətlər Təşkilatının Ailə birləşdirilməsi qərarına uyğun olaraq gəlmişəm. Yerli əhali miqrantlarla dostluq və tolerantlıq içində yaşayır, çiyin-çiyinə işləyir. İşçi ehtiyatlarının azalması təhlükəsi qarşısında da Avropa yüz illər sonrakı durumunu göz önünə alıb yabançılara sığınacaq verir. Buranın qatı milliyyətçi partiyası var, Perussuomalaiset (tərcümədə: Kökənli, əsas suomilər). Keçən il onlar dövlət başına gəlmək istəsələr də, uduzdular. Son zamanlar kütləvi informasiya vasitələrində irqçiliyə, xalqlar və dinlərarası ixtilaflara qarşı senzura və yasaqların daha da gücləndirilməsi gərəkliliyindən çox danışılır.

- Hər bir xalqın gəncliyi onun gələcəyidir. Finlandiyanın gələcəyini necə görürsünüz? Bu ölkədə dövlət gənclərə necə qayğı göstərir?
- Finlandiya öz insanlarına ana bətninə düşəndən sahib çıxır. Hamilə qadınlar hər ay pulsuz tibbi nəzarətdən keçirilir. Hamiləliyin son aylarında gələcək ata-analara uşağa qulluq qaydaları öyrədilir. Bundan başqa, hər hamilə qadın üçün evə poçtla hədiyyə qutusu göndərilir: körpə paltarları, əmzik, oyuncaq, yorğan, bez (pampers), uşaq dərisi üçün yağ, toz, uşağa qulluq haqda kitab, nağıl kitabçası və s. Bu hədiyyə dünyaya yeni gələcək insana dövlətin diqqətinin göstəricisidir.
Aztəminatlı və işsiz ailələrin uşaqları xüsusi qayğı ilə əhatə olunur. Onlar üçün doğum evindən başlayaraq tibbi xidmətlər, uşaq bağçaları, yay istirahət düşərgələri, hobbilər (məsələn, idman, musiqi və s. dərnəklər) pulsuzdur!
Uşaq haqlarının qorunmasına Suomi olduqca həssasdır. Nə ailədə, nə də məktəbdə uşağı incitmək olmaz. Olarsa, günahkar şəxs qanun qarşısında cavab verər. Qəddar, səhlənkar və ya aşırı tələbkar valideynlər xəbərdar edilir, cəzalandırılır, tibbi-psixoloji müayinə və müalicəyə göndərilir. Üsullar müxtəlifdir. Suomidə uşaq evlərində daimi yaşamazlar, çox olsa bir neçə ay. Valideynlərdən məhkəmə yolu ilə müvəqqəti və ya həmişəlik alınan uşaq dövlət əli ilə başqa ailəyə, başqa qəyyuma verilir. Əvəzedici ailələr dövlətdən yaxşı maaş və imtiyazlar alır, ona görə də övladlığa uşaq götürmək istəyənlər az deyil.
Hamiləliyin son aylarından başlayan analıq məzuniyyəti 3 il davam edə bilər. İş yeri olan valideynlərin analıq (atalıq) məzuniyyətində aldığı pul maaşlarına bağlıdır. Uşağın atası da istəsə atalıq məzuniyyəti ala bilər. Bəzi atalar 3 il atalıq məzuniyyəti götürür, xanımı isə işə gedir.
Valideynlik pulu deyilən məvacib evdə qalıb uşağa baxan valideynə verilir və günlük minimum, yəni ən azı 22 avro 96 sent təşkil edir.
Uşaq bağçası xidmətlərinin ödəniş məbləği valideynlərin illik gəlirindən asılıdır. Aztəminatlı və işsizlər üçün bağça pulunu dövlət ödəyir.
Uşaq doğulandan 17 yaşına çatana qədər hər ay 104 avro 19 sent kompensasiya alır. Ailədə doğulan hər yeni körpə üçün 10 avro artırılır. Aliment pulu maaşa bağlıdır, minimum məbləğ 147 avro 92 sentdir. Aztəminatlı və işsiz valideynin aliment xərclərini dövlət yüz faiz öz üzərinə götürür.
Aztəminatlı və işsizlərin ev kirayəsi, elektrik və tibbi yardım xərcləri dövlət tərəfindən kompensasiya edilir, yəni xərclənən pullar vətəndaşın bank hesabına geri qaytarılır. Aylıq işsizlik pulu - əsil adı yaşayış üçün minimum məvacib - gündə 31 avro 36 sentdir. Həftə sonlarına pul verilmir.

- Bu ölkənin səhiyyə sistemi haqqında nə deyə bilərsiniz? İndiyə qədər Finlandiyanın səhiyyəsindən yararlanmısızmı?
- Finlandiyanın əsas səhiyyə prinsipi xəstəliklərin profilaktikasıdır, yəni sağlıq problemlərinin yaranmasının qarşısını öncədən alma. Məsələn, diş xəstəliklərinin qarşısını almaq məqsədilə körpələrin dişi çıxmağa başlayandan 1 il sonra diş həkiminə dəvət edilir, valideynə körpənin dişlərinə qulluq öyrədilir, uşağa diş fırçası hədiyyə edilir. Bir yaşına qədər körpə ayda bir dəfə, üç yaşından başlayaraq ildə 1-2 dəfə ümumi həkim yoxlamasından keçirilir. Peyvəndlərin vurulmasının vacibliyi valideynlərə anladılır, amma məcburi deyil. Məktəblərdə adi tibb yardımı otağından başqa diş həkimi kabineti şagirdlər üçün pulsuz fəaliyyət göstərir. İldə bir dəfə məktəblilərin dişləri yoxlanılır.
Doğum evləri elə memarlıqla tikilib, doğan qadının əri və ya yaxın adamı da doğuşda iştirak edə bilsin. Yəni bina tikiləndə otaqlar bir nəfərin doğuşu üçün nəzərdə tutulur. Bakıda doğum evində eyni böyük zalda bir neçə qadın doğur. Şaxtalı qış günündə Bakının mərkəzi doğum evində soyuqdan necə titrəyərək ilk övladımı dünyaya gətirdiyimi unudammaram. Körpə uşaq anası ilə bir otaqda, kiçik beşikdə yatır. Tibb bacıları uşağa qulluqda anaya yardım edir, təcrübəsiz ananı da öyrədir. Ana istədiyi zaman yanındakı divar düyməsini basıb köməkçi çağıra bilər. Uşaq çox ağlayırsa, köməkçilər uşağı müvəqqəti öz otaqlarına aparır.
Xəstəxanalar müasir avadanlıqlarla təmin olunub. Hamilənin doğum sancılarını da kompüterlə izləyirlər. Xəstələrə təmiz paltar, yaxşı qida və s. verilir. Aztəminatlı və işsizlərin tibbi yardım xərcləri dövlətin boynunda olur. Hər bir tibb xidmətinin ödənişi üçün evə poçtla zərfdə kağız gəlir. Nağd pul xəstəxanalarda götürülmür.
Ölkədə 40 yaşı tamam olan kimi və sonra hər beş ildən bir bütün qadınlara məktubla pulsuz həkim dəvəti gəlir, xərçəng xəstəliyinin olub-olmaması araşdırılır, analizlər götürülür.
Yenicə doğulan körpələrdən doğum evindəcə alınan qan analizləri əsasında uşağın hansı xəstəliklərə malik olduğu və ya gələcəkdə nəyə məruz qala biləcəyi haqda məlumat toplanılır. Aşkar edilən xəstəlik və ya xəstəliyə meylin olub-olmaması müəyyənləşdikdən sonra uşaq müntəzəm olaraq həkim nəzarətində saxlanılır: ildə 1-2 dəfə analizlər üçün laboratoriyalara dəvət edilir.
Poliklinikaya həkimə getmək üçün ya telefonla zəng edib, ya internetlə məktub göndərib, ya da özün gəlib öncədən həkim qəbuluna vaxt almalısan. Bütün idarələrdə və tibb ocaqlarında yardımçı işçilər gərək olduğunda əcnəbilərə tərcüməçi sifariş edir. Dil xidmətlərini dövlət öz üstünə götürür.

- Finlandiyanın təhsil sistemi necədir?
- Finlandiyanın təhsil sistemi də dünyanın qabaqcıl sistemlərindən biridir. Təhsil pulsuzdur. 6 yaşdan 7 yaşa kimi uşaqlar hazırlıq sinfinə gedir. 7 yaşdan 16 yaşadək orta məktəbdə oxuyurlar (9 sinif). 16 yaşdan sonra yekun testlərdə toplanan ballara və şagirdlərin öz istəklərinə uyğun liseylərdə (2-3 il) və ya peşə məktəblərində təhsil davam etdirilir. Orta məktəblərdə valideynlərin maddi durumundan asılı olmayaraq bütün şagirdlərə dərsliklər və məktəb ləvazimatları, eləcə də, gündəlik nahar yeməyi pulsuz verilir. Məktəb naharında uşaqlar 2-3 cür isti yemək, çeşidli salatlar, meyvələr, şirələr, süd, desert ilə təmin olunur. Tənəffüslərdə sinifləri tərk edib məktəb həyətinə çıxmaq məcburidir, hətta ən soyuq havada belə! Beynin yaxşı çalışması üçün düzgün müntəzəm sağlam qida və oksigenlə bol təmiz hava çox önəmlidir. Nə liseyə, nə də peşə məktəbinə tələb olunan balları toplaya bilməyənlər əlavə bir il də orta məktəb proqramı ilə oxuyur. Yalnız onlar 10-cu sinifdə oxuyur. Lisey və peşə məktəblərini uğurla bitirəndən sonra universitet təhsili və ya iş yeri tapmaq haqda düşünmək olur. Ölkənin bütün sahələrində olduğu kimi, təhsildə də rüşvət, tanışlıq, tapşırılmaq kimi ayıb şeylər yoxdur. Olarsa, yaxalanan şəxslər qanun qarşısında cavab verər.
Bakıda gələcək müəllimlər orta məktəbə praktikaya 1 aylıq göndərilirsə, Avropada ən azı 1 illikdir. Tibb universitetində 12 ildən az olmayan mürəkkəb tədris sistemi var. Həkim diplomu almaq burada olduqca çətindir, bu da ölkədə həkim kadrlarının çatışmazlığına gətirib çıxarır. Təcili yardım stansiyalarında saatlarla “təcili yardım” xidmətini gözləməli olursan…

- Finlandiyadan baxanda Azərbaycan necə görünür?
- Burada Azərbaycanı demək olar tanımırlar. Azərbaycan musiqisindən kitabxanada yalnız Alim Qasımovun muğam ifalarını cd-lərdə tapdıq, vəssalam. Azərbaycan haqda nə fincə, nə ingiliscə kitaba rast gəlmədim. Axı niyə “Minbir gecə”, “Yeddi gözəl” baletlərimiz, “Leyli və Məcnun” və b. operalarımız dvd-lərdə olmasın, Avropada baxılmasın, dinlənməsin?
Bakının neft şirkətlərində çalışmış və ya dini missionerlik fəaliyyəti ilə bağlı hərdənbir Güney Qafqaza pənah gətirənləri, eləcə də, tək-tük cəsarətli turistləri saymasaq, finlandların Azərbaycan haqda təsəvvürləri olduqca dumanlıdır. Ölkəmiz yalnız “Eurovizion” musiqi yarışmasına qatılandan sonra Finlandiyada tanındı.

Arzu Abdulla                        teleqraf.com

Комментариев нет:

Отправить комментарий