Страницы

06.10.2012

Mən yazıq adamam

Faiq Balabəyli

İndi hara üz tutum, indi kimi çağırım,
pıçıldayım dərdimi, yoxsa bərkdən çığırım,
istəyirəm üzümü göyə tutub bağırım:
Mən yazıq adamam
bədbəxt adamam!

Tanrım, mənə boy verdin, boyun seçilsin dedin?
Toyumu qara etdin, toyun seçilsin dedin
Sinəmə bir dağ çəkdin, dağın kiçilsin dedin
Mən bədbəxt yazıq adamam!


Balam gəldi dünyaya, adına oğul dedim
Dil açdı “ata” dedi, dilinə noğul dedim.
Sinəmdə düyün olan qübara dağıl dedim
Mən bədbəxt yazıq adamam!

Qəlbim arzuyla dolu, damarımda qara qan
Mən sülhə boyun əydim, mən demədim “qana qan!”
Qara bulud üstümə kölgə saldı hayannan
Mən yazıq adamam,
bədbəxt adamam!

Hirsini yağış edib, bu bulud tökər dedim
Dərdlərimi şah etdim, özümə nökər dedim.
Ağrımı əzizlədim, adına “şəkər” dedim
Mən yazıq adamam
bədbəxt adamam!

Gözlərim yol çəkəndən, siqaretə “yox” dedim
Ah çəkməyə heyim yox, mən dilimlə “ah” dedim
Sən yazdığın yazıdır, dur oxu, Allah dedim,
Mən yazıq adamam bədbəxt adamam!

Alnıma baxtmı yazdın, hərfin tanımaq olmur
Düzün oxumaq olmur, səfin tanımaq olmur.
Elə göydən baxırsan, yəni tanımaq olmur,
Mən yazıq adamam
bədbəxt adamam.

Комментариев нет:

Отправить комментарий