Страницы

10.10.2012

Müəmmər Qəddafi parlamentlər haqqında

Parlamentlər dünyada hökm sürməkdə olan ənənəvi müasir demokratiyanın sütunudur, halbuki parlamentlərdə xalqın nümayəndəliyi aldadıcı nümayəndəlikdir, parlament sistemləri isə demokratiya probleminin uydurma həllidir.
Parlament əsasən xalq adından fəaliyyət göstərir, halbuki bu özü qeyri-demokratikdir, çünki demokratiya xalqın özünün hakimiyyətini nəzərdə tutur. Parlamentin mövcüdluğu özü sadecə o deməkdir ki, xalq hakimiyyətdə iştirak etmir. Həqiqi demokratiya isə xalqın əvəzinə onun nümayəndələrinin deyil, xalqın özünün iştirakı ilə mümkündür.
Parlamentlər xalqlara öz hakimiyyətini həyata keçirməyə əngəl törədən qanuniləşdirilmiş maneə olmuşdur, belə ki, kütlələr siyasətdə iştirak etməkdən uzaqlaşdırılmış və hakimiyyəti onların adından inhisara alınmışdır. Xalqlara isə demokratiyanın bülletenlər seçki məntəqələrindəki qutulara salmaq uzun-uzadı növbələrdə durmaq kimi saxta təzəhüründən başqa bir şey qalmamışdır. Parlamentin həqiqi mahiyyətini açıb göstərmək üçün onun haradan meydana çıxdığını araşdırmalıyıq. Parlament ya seçki dairələrində əhali tərəfindən, yaxud bir partiya və partiyalar koalisiyası tərəfindən seçilir, ya da təyin edilir.
Bütün bu yollar demokratik yollar deyildir, çünki əhalinin seçki dairələrə bölünməsi o deməkdir ki, bir deputat seçicilərin sayına uyğun olaraq, minlərlə, hətta yüz milyonlarla insanı təmsil edir. Bu o deməkdir ki, deputat seçicilərə hər bir xalq təşkilatı əlaqəsi ilə bağlı deyildir, belə ki, o da, başqa deputatlar kimi, bütün xalqın nümayəndəsi sayılır. Hökm sürməkdə olan ənənəvi demokratiyanın tələb etdiyi şey budur. Bunun nəticəsi xalq kütlələri tamamilə deputatdan ayrı düşür, deputat da tamamilə kütlələrdən ayrı düşür. O kütlələrin səsini qazanan kimi onların hakimiyyətini inhisara almış olur və onların işlərini onların əvəzinə həll etməyi səlahiyyətli olur.
Beləliklə görürük ki, hazırda dünyada hökm sürməkdə olan ənənəvi demokratiya parlamentin üzvünü müqəddəsləşdirilir, onun toxunulmazlığını təmin edir, amma sadə adamlara münasibətdə bunu iqrar etmir. Bu o deməkdir ki, parlamentlər xalq hakimiyyətini qəsb etmək, onu öz inhisarına almaq aləti olmuşdur və bugün xalqların haqqı var ki, xalq inqilabı yolu ilə kütlələrin azad iradəsinə qəsd edən və parlament adlanan demokratiya hakimiyyəti inhisara almaq alətlərin dağıtmaq uğrunda mübarizə aparsın və var səsi ilə - XALQ ADINDAN NÜMAYƏNDƏLİK YOXDUR! prinsipini elan etsin. Əgər parlament seçkilərində qalib gəlmiş bir partiya tərəfindən təşkil edilmişsə, bu halda da o, xalq parlamenti deyil, partiya parlamenti olur və xalqın nümayəndəsi yox, həmin partiyanın nümayəndəsi olur. Bu parlamentin təyin etdiyi icraedici hakimiyyət organları xalqın deyil, qalib gəlmiş partiyanın hakimiyyətini təmsil edir.
Bu hal o parlamentlərə də aiddir ki, orada hər partiya müəyyən qədər yer qazanır. Bu yerlərə sahib olanlar xalqı deyil, öz partiyalarını təmsil edir. Bu partiyaların koalisiyasının hakimiyyət organları isə xalqın hakimiyyəti deyil, koalisiyaya daxil olan partiyaların hakimiyyəti deməkdir.
Həmin rejimlər şəraitində xalq ara mübarizələrinin qurbanı olur. Hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələr xalqın qəflətindən istifadə edir, onu istismar edir ki, seçki bületenlərini, kağız-küğuzu zibil qutularına necə atırsa eləcə, səsvermə qutularına salsın. Bütün dünyada hökm sürən istər birpartiyalı, ya ikipartiyalı, yaxud çoxpartiyalı, istərsə də ümumiyyətlə partiyasız sistemlərlə təmsil olunmuş ənənəvi demokratiyanın mahiyyəti budur. Beləliklə aydın olur ki, PARLAMENTDƏ NÜMAYƏNDƏLİK ALDATMADIR. Deputatların təyin edilməsi yolu ilə, yaxud deputat yerlərin varislik hüququ əsasında təşkil olunmuş parlamentlərə gəlincə, onlar ümumiyyətlə demokratiyanın heç bir formasına uyğun gəlmir.

Tərcümə etdi: Asim Məmmədov

Комментариев нет:

Отправить комментарий